MÜSAHİBƏ - Doç. Dr. Semih CEYHAN: ŞƏRİƏTSİZ TƏRİQƏT BATİLDİR.

    PDF faylını alÇapE-poçt

      Share

      Doç. Dr. Semih Ceyhan kimdir?

      1973-cü ildə İstanbulun Fatih səmtində anadan olan Semih Ceyhan Mərmərə Üniversiteti İlahiyyat Fakültəsindən məzun olmuşdur. Mərmərə İlahiyyat Universitetində təsəvvüf sahəsində magistraturanı bitirdikdən sonra Bursa İlahiyyat Universitetində doktoranturaya qəbul olmuş və buradan doktor ünvanı almışdır.

       Türkiyə Diyanət Vəqfi İslam Araşdırmalar Mərkəzində araşdırmaçı kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Mərmərə Universiteti İlahiyyat Fakültəsində təsəvvüf sahəsi üzrə müəllim olaraq çalışır.

      İrfan:Təsəvvüf sahəsi mütəxəssisi olaraq İslam təsəvvüfünü necə xülasə edərdiniz?

      Doç. Dr. Semih Ceyhan:Bildiyiniz kimi din üç əsas üzərində sabitdir: İman-İslam-Ehsan. Təsəvvüf işin ehsan tərəfidir. İman və İslamın qayəsi olan ehsan sən Allahı görməsən də Onun hər an səni gördüyünü bilməndir. Ehsan şüuruna yüksəlmək isə bu düşüncənin tələb etdiyi davranışları layiqincə yerinə yetirməklə mümkündür. Bu davranışlar toplusu isə Hz. Peyğəmbər tərəfindən ortaya qoyulmuşdur. Deyə bilərik ki, təsəvvüf sünneyi-səniyyəni həyat tərzi olaraq mənimsəmək, Muhammədi yolda addımlayaraq Hz. Peyğəmbərin bəşəriyyətə bildirdiklərinin həqiqətinə nail olmaq cəhdidir. Bu cəhd üçün məhəbbət və eşq lazımdır. Allah-Təala Rəsulunu sevməmizi əmr edir. Allahın bizi sevməsi yalnız Hz. Peyğəmbərin yoluna eşqlə bağlanmaqdan keçir. Təsəvvüf bu bağlılığın nizam-intizamlı şəklidir. Qeyd etmək lazımdır ki, təsəvvüf bəzilərinin dediyi kimi dindən və Muhammədin şəriətindən çıxaraq fərqli yollara düşmək deyil. Təsəvvüfü dindən kənar görmək istəyənlər dünyəvi ehtirasların ardınca düşənlərdir. Şəriətsiz təriqət batildir. Həqiqəti bilmək yalnız şəriət və təriqətlə mümkündür.

      - Xüsusilə son illərdə Avropa ölkələrində daha çox islami əsər olaraq Mövlana kimi mütəsəvviflərin əsərlərinin oxunduğunu görürük. Sizcə bunun səbəbi nədir?

      - Məsələnin həm mənfi, həm də müsbət tərəfləri var. Birincidən başlasaq, zəmanəmizdə Hz. Mövlananın 25 min beytdən ibarət Məsnəvisi deyil, ondan seçilərək tərcümə edilən bəzi hissələr oxunur. Bu kitabların da lazımi səviyyədə oxunduğunu söyləmək imkansızdır. Bəzi insanlar “Mövlana xoşgörüsü” adı altında öz nəfsaniyyətlərini, dünyəvi istəklərini, boşboğazlıqlarını təsəvvüf, mistisizm, Mövlana pərdəsi altında gizlətməyə çalışırlar. Ya bunun fərqindədirlər, yaxud da deyillər. Bunun böyük vəbalı var. Belələrinin Hz. Mövlananın bu beytini oxuması lazımdır:

      Mən bəndeyi-Quranəm əgər can darəm

      Mən xaki rehi-Muhamməd muxtarəm

      Əğər nəql kunəd cüz in kəs əz güftarəm

      Bizarəm əz ü vəz an süxən bizarəm

      (Ruhum bədənimdə olduğu müddətcə Quranın sadiq quluyam. Mən seçilmiş Hz. Muhammədin yolunun tozuyam. Əgər mənim haqqımda bundan başqa bir söz söyləyən olarsa, o sözdən də, həmin sözü söyləyəndən də şikayətçiyəm)

      Hz. Mövlananın eşq atəşi müasir insanı özünə cəzb edir. Müasir insan itirdiyi məna və ruh gözəlliyini, eşqi, səmimiyyəti, əxlaqı, insanlığı, hikməti, həqiqəti Mövlanada tapdığı üçün ona yönəlir. Bu da məsələnin müsbət tərəfidir. Mövlananı doğru anlamaq üçün İslamı doğru anlamaq lazımdır. Doğru anlamağın da yolu doğru yaşamaqdan keçir. Dini doğru yaşamaqsa əlbəttə ki, Peyğəmbərin həyatını diqqətlə tədqiq etməklə mümkündür.

      -Bildiyimiz kimi təsəvvüf İslamın gülən üzüdür. Bir tərəfdə insanlara sevgi və şəfqət var, digər tərəfdə isə İslamı bir sıra terror qruplaşmalarının əməlləri ilə eyniləşdirməyə çalışanlar var. Bu iki təzad arasında insanımız hadisələri necə dəyərləndirməlidir?

      - Din eynilə medalyonun iki üzü kimi iki tərəflidir: Camal və cəlal. Sizin “gülən üz” dediyiniz camal trəfidir. Bu, əslində Allahın camal və cəlal sifətlərinin aləmdəki təcəllisi ilə əlaqədardır. Din bu təcəlliləri bəyan edər. Dolayısı ilə təsəvvüfün və Allah dostlarının həm camal, həm də cəlal tərəfləri var. Bu ikisi bir-birindən ayrı deyil. 

      Din və ya təsəvvüf insanların özbaşınalığını, pis əməllərini, terror aktlarını xoş görmür. “Qoy etsin, qoy keçsin” məntiqi İslamda yoxdur. Ancaq bu kimi insanların irşadı, doğru yolu tapması, əxlaqlanması üçün müəyyən tərbiyə metodları qoyulmuşdur. Təriqətlər bu üsullarla fəaliyyət göstərir. Bəzən camalla, bəzən cəlalla tərbiyə edər. Ancaq cəlalları da camal üçündür. Eynilə ata-ananın övladına etdiyi pis hərəkətə görə hirslənməsi kimi. Bu hirslənmə ata-ananın övladına zərər vermə düşüncəsindən deyil, ona məhəbbətindən qaynaqlanır. Bir sözlə, cəlal da camal üçündür.

      Uhud döyüşündən sonra yaşananları xatırlasaq, İslamda cihad iki cürdür: böyük və kiçik cihad. Böyük cihad insanın öz nəfsi ilə etdiyi cihaddır. Kiçik cihad isə bildiyimiz müharibə və döyüşdür. İslamda müharibə və savaş əsla məsum insanları öldürmək mənasına gəlmir. Bunun adı yalnız və yalnız terrordur. İslama görə müharibənin də hüququ və əxlaqı var. Cihad işğal və məhv etmək üçün deyil, dini, nəfsi, vətəni, malı, namusu qorumaq və müdafiə üçündür. Bu hüquqdan və əxlaqdan xəbərsiz halda cihad edirəm deyə üsyan etmək nəfsi istəklərə boyun əyməkdən başqa bir şey deyil. Din isə nəfsin razı salındığı sahə deyil, pisliklərdən, ədəbsizlikdən və dünya ehtirasından nəfsin təzkiyə edildiyi sahədir. Nəfsin təzkiyəsi isə İslam mədəniyyəti tarixində təsəvvüf yolu ilə həyata keçirilmişdir. Başqa cür desək, təsəvvüf böyük cihadın həyata keçirildiyi nizam-intizamdır. Bu da ədəb məsələsidir. Ədəbi əskik olanın dini də əskikdir. Böyük cihadı olmayanın kiçik cihadı yoxdur. İnsanlara rəhmət olaraq göndərilən peyğəmbərin ümmətiyik. Peyğəmbər elədirsə, ümmətinin də bu qayəni düstur bilərək hərəkət etməsi və ona görə davranması şərtdir. Hər şeyin əlacı Allah Rəsulundadır. Bu gün bir çox müsəlman toplumlar var ki, hər nə qədər haqlı da olsalar təqib etdikləri üsul Hz. Muhammədin (s.ə.s) üslubu ilə ziddiyyətlidir. Üsul və metod yanlış olduğuna görə də nəticəyə varmaq mümkün deyil. Böyük təsəvvüfçü Hüseyn ən-Nuri həzrətləri belə deyir: “Vüsulsuzluğumuz üsulsuzluğumuzdandır”. Yanlış üslub yanlış nəticəyə gətirib çıxarır. Sadəcə yanlış nəticəyə səbəb olmur, məsələdən bixəbər olanların da İslam haqqında yanlış qənaət sahibi olmalarına zəmin yaradır. Bu da vəbaldır.

      -Bəs İslamı terror dini kimi göstərmə çalışmaları qarşısında biz müsəlmanların üzərinə hansı vəzifələr düşür?

      - Mən müasir dövrün “müəlləfeyi-qulub” dövrü olduğu qənaətindəyəm. Yəni qəlblərin İslama isindirilməsi dövrü. Mömin və müsəlman olmaq sadəcə sözdə qalmamalı, böyük fədakarlıqlar verilməlidir. Qəlblərin imana və dinə isindirilməsi isə ancaq məhəbbətlə mümkündür. Dini həqiqətləri insanlara sevdirərək, rəğbət oyadaraq anlatsaq, daha müsbət nəticələr alınacaq. Bu metod ədəbsizliklərə qapı açmağın da önünü alar.

      İslam dünyasının əsas problemi birlik, yəni tövhid məsələsidir. Tövhid şüurunu idrak etmək ilk növbədə fərddən başlayır. Məhz bundan sonra məsələ ictimailəşir. İnsan öz qapısının qarşısını təmizləyərsə, şəhər də təmiz olar. Hər bir müsəlman əvvəlcə öz nəfsindəki müasir dünyanın təlqin etdiyi bölünməni, çoxluğu vəhdətə çevirməli, daxili iztirabdan və eqoizmdən xilas olmalı, sonsuz gücə sığınmalı, Allahla yaşamalıdır. Təsəvvüfün dediyi budur. Bu həyat tərzi təkbaşına yaşanacaq da deyil. Bir rəhbər, mürşidi-kamilə ehtiyac var. Tarix boyu mürşidlər insanın öz nəfsində tövhidi əldə etməsi üçün çalışmışlar. Hz. Mövlananın, Seyyid Yəhya Şirvaninin, Şamaxının Əvaxil kəndində türbəsi olanXəlvətiyyə piri Ömər əl-Xlvəti həzrətlərinin, Lənkərandakı Zahid Gilaninin və bu kimi dufi öndərlərin bütün səyləri fərdləri və cəmiyyəti tövhidlə yoğurmaqdır. 

      • Hits: 1042 clicks

      Tecox component by www.teglo.info