Nurlan MƏMMƏDZADƏ - ÖMRÜN ZƏKATI - ŞƏHİDLİK

    PDF faylını alÇapE-poçt

      Share

      İnsan həyatı çox qısadır. Kimdən soruşsan, “bu gün doğulur, sabah ölür”,- cavabını verər. Əgər doğuldunsa, deməli öləcəksən. Bundan qurtuluş yoxdur. 

      Nə qədər yaşasaq da, harada olsaq da ölüm bizi tapacaqdır. İstər Nuh peyğəmbər kimi min il yaşayaq, yenə ölümü dadacağıq. İstər möhkəm qalalarda, ən güclü əsgərlərin, ən güclü həkimlərin əhatəsində yaşayaq, yenə ölüm anı gəldikdə ruhumuzu təslim edəcəyik. Nə hikmətlidir ki, ömrü boyu ölmək istəməyən insan ölüm anı gəldiyi zaman bir an əvvəl ruhunu təslim edib o an yaşadığı iztirabdan xilas olmaq istəyir. Yəni ölümə can atır. 

      Yaradan Qurani-Kərimində “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur”,- buyuraraq əslində həyatın da, ölümün də insan üçün imtahan olduğunu xəbər verir. Elə isə bir müsəlman öncə həyatını gözəlləşdirməli, saleh əməllərlə bərəkətləndirərək özünə və cəmiyyətə faydalı olmağa çalışmalıdır. Əslində insanın həyatını necə yaşaması həmçinin ölümünün və ölüm sonrasının da necə olacağından xəbər verir. Həzrət Peyğəmbər (s.ə.s) hədisi-şərifində buyurur: “Necə yaşayırsınızsa, o cür ölərsiniz. Necə ölərsinizsə, o cür də həşr olunarsınız”. Allahın insan oğlu üçün qoyduğu sərhədlər çərçivəsində yaşayanlar ölümü və həyatı gözəlləşdirənlərdir. Peyğəmbərlər, səhabələr, qəlbi imanla dolu gözəl insanlar mənalı ömür sürüb, dünyadan şərəfli ölümlə getməyi hədəfləmişlər. Ölümlərin ən şərəflisi isə heç şübhəsiz ki, şəhadətdir. Çünki şəhadət insanın can əmanətini Rəbbinə ən gözəl şəkildə qurban etməsidir. Şəhidlik ömrün zəkatıdır. Zəkat verərkən malın ən gözəlindən verməli olduğumuz kimi, insan şəhidliklə özünə aid ən gözəl, ən sevimli varlıq olan canını fəda edir. Məhz bu baxımdan şəhidlik ömrün Allaha adanmasıdır. Qurani-Kərimdə və Həzrət Peyğəmbərin hədislərində şəhidliyin qiymət və böyüklüyünü ifadə edən xeyli kəlamlar mövcuddur. Həzrət Peyğəmbər “Muhammədin nəfsini qüdrət əlində tutan Allaha and içirəm ki, Allah yolunda şəhid olmağı, sonra dirilərək bir daha şəhid olmağı, sonra bir daha dirilərək şəhid olmağı arzulayıram” hədisi-şərifi ilə şəhidliklə əldə olunan cənnət nemətlərinin və ilahi lütflərin doyulmaz olduğunu dilə gətirmişdir. Əshabi-kiram gözəl yaşanan həyatın ən gözəl xatiməsi olan şəhidliyi o qədər çox istəyirdilər ki, cihad səfərbərliklərinə sanki bir-biri ilə yarışaraq can atırdılar.

      Əshabdan Ümeyr bin Hümamın (r.a) bu halı necə də ibrətlidir:

      Həzrət Peyğəmbər Bədir döyüşü günü təsirli söhbəti ilə müsəlmanları Allah yolunda cihad etməyə təşviq edirdi: “Ey əshabım, sonsuz güc-qüdrət sahibi olan Allaha and olsun ki, kim bu gün düşməndən üz çevirməyib səbat göstərər və döyüşərək şəhid olarsa, Allah-Təala şəksiz-şübhəsiz onu Cənnətə gğndərəcək. Bu gün şəhid olacaqları Cənnətul-Firdövs gözləyir”. Rəsulullahın müjdəsini eşidən Ümeyr bin Humam (r.a) cuşa gələrək “Nə gözəl, Cənnətlə aramızda nəfəs alıb-vermək qədər az məsafə var”,- dedi. Torbasından bir neçə xuma çıxardıb yeməyə başladı. Birdən ağlına nə gəldisə, “bu xurmaları yeyənə qədər yaşasam, həyat çox uzun olar”, deyərək xurmaları atdı və əlindəki qılıncla düşmən ordusuna daldı. Nəhayət, ürəkdən istədiyi şəhadət şərbətini içməklə şərəfləndi. (Əhməd bin Hənbəl, III, 136, 137)

      Dünya var olduqca davam edən xeyir-şər mübarizəsində müsəlmanları düşmənlərindən üstün qılan ən mühüm əsaslardan biri məhz “Ölsəm şəhid, qalsam qazi” inancı olmuşdur. Bu hal ayeyi-kərimədə “iki gözəldən biri” olaraq ifadə edilir. (ət-Tövbə, 52) Yəni mömini döyüş meydanında iki gözəl nəticədən biri gözləyir. Ya qalib gələcək, ya da şəhid olub ilahi nemətlərlə qarşılanacaq.

      Sasani ordusu ilə qarşı-qarşıya gələn Xalid bin Vəlidin İran sərkərdəsinə dediyi bu sözlər müsəlmanlar üçün şəhadətin nə qədər böyük əhəmiyyət kəsb etdiyini ifadə edir:“Sizin həyatı və şərabı sevdiyiniz qədər ölümü sevən bir ordu ilə üstünüzə gəlirəm”.

      Həzrət Ömərin tez-tez oxuduğu bu dua əshabın şəhidlik eşqini və Rəsulullah sevgisinin bir başqa təzahürüdür: “Allahım Sənin yolunda şəhid olmağı və Rəsulunun şəhəri olan Mədinədə vəfat etməyi istəyirəm”. Əlbəttə ki, belə bir səmimi istəyin nəticəsi şəhadət olmalı idi. Çünki Hz. Peyğəmbər buyurmuşdu: “Kim şəhid olmağı səmimi qəlblə istəyərsə, yorğan-döşəyində ölsə belə Allah-Təala onu şəhidlik mərtəbəsinə ucaldar”.

      İslam tarixinə saysız-hesabsız zəfərlər ərməğan edən, Mutə günü əlində doqquz qılınc parçalanan[1], üç min əsgərdən ibarət İslam ordusu ilə yüz minlik düşmən ordusunun gözünü qorxudan, Yərmuk döyüşündə dastanlar yazan, Suriya fatehi, nəbəvi ifadə ilə “Allahın qılıncı” olan Xalid bin Vəlid(r.a) hicri 21-ci ildə Xumusda xəstələndi. Silahdaşları yanında idi. Vəfat edəcəyi zaman qılıncını istədi. Qəbzəsindən tutub şəfqətlə oxşadıqdan sonra vicdanını sorğuya çəkərək belə dedi:

      “Əlimdə neçə-neçə qılınc parçalandı. Ölümümə şahid olacaq son qılıncım budur. Məni ən çox kədərləndirən bütün həyatı döyüş meydanlarında keçən, yataq üzü görməyən bu Xalidin aciz insanlar kimi yataqda ölməsidir. Rəsulullahın heç bir səhabəsi rahat yatağında ölmədi. Ya cəng meydanında, yaxud da uzaq diyarlarda İslam dinini yayarkən qürbətdə şəhid oldular.

      Ah Xalid! Şəhid ola bilməyən Xalid!.. Şəhidlik mərtəbəsi xaricində əldə edə bilmədiyin heç bir məqam qalmadı. Vücudumda qılınc və ya mizraq yarası olmayan bir qarış yer yoxdur. Ömrü boyu İslam dinini yaymaq üçün döyüş meydanlarında at çapan insanın sonu bu cür yataqda olacaq?! Halbuki hərb meydanında, at üstündə, Allah üçün düşmənə qılınc oynadarkən ölümlə qarşılaşıb şəhid olmağı gözləyirdim”.

      Sonra:

      - Vəsiyyətimi edirəm, məni ayağa qaldırın,- dedi. Ayağa qaldırdıqdan sonra:

      - Məni buraxın, qoy indiyə kimi daşıdığım qılıncmənə dayaq olsun,- deyərək qılıncına söykəndi və:

      “Ölümü döyüş meydanındakı kimi ayaq üstə qarşılayacağam. Mən öləndən sonra atımı döyüşlərdə cəsarətlə təhlükəyə dalan bir igidə verin. Ölərkən atımdan və qılıncımdan başa heç nəyim yoxdur. Məzarımı bu qılıncla qazarsınız. Qəhrəmanlar qılınc cingiltisindən həzz alırlar”,- deyərək döyüş meydanında şəhadət şərbətini içməyə həsrət çəkərək yatağına yıxıldı və kəlmeyi-şəhadət gətirərək ruhunu təslim etdi.[2] O İslam qəhrəmanları üçün şəhidlik bu qədər əziz idi. Onlar həyatları ilə də, ölümləri ilə də bizə nümunədirlər.

      Biz ümmət olaraq Həzrət Həmzə, Xubeyb bin Adiy, Musab bin Ümeyr, Əbu Dücanə, Həzrət Hüseyn kimi şəhidlərin nəvələriyik. Millət olaraq Sovet tanklarının qarşısına əliyalın çıxma cəsarəti göstərən 20 yanvar şəhidlərinin davamçılarıyıq. Vətənin bir qarşı torpağından keçməmək üçün ölümü gözə alan, cəsur şəhidlər yetişdirən,qorxubilməz Mübariz İbrahimov kimi qəhrəman oğulları olan xalqıq. Şəhidlik bizim şərəf və qürur mənbəyimizdir. Bizim şəhidliyimiz Allaha xalis qul olmaqdan gəlir. Bədirdən, Uhuddan, Daşaltıdan gəlir...

       


      [1]Bax. Buxari, Məğazi, 44

      [2]Bax. Sadiq Danə, İslam Qəhrəmanları ...........................................

       

      • Hits: 1013 clicks

      Tecox component by www.teglo.info