Saleh Şirinov - Mövludu-Nəbi

    PDF faylını alÇapE-poçt

      Share

      İnsanlığın qurtuluşu üçün göndərilən son və ən böyük peyğəmbər Odur. Onun dünyanı şərəfləndirdiyi gün isə miladi 571-ci ilin hicri Rəbiuləvvəl ayının 12-ci gecəsi olmuşdur. 

      Bu mübarək gecəyə də “Mövlud Gecəsi” deyilir. Hz. İsanın doğum günü dünyada “Milad” adıyla necə məşhurdursa, Peyğəmbərimizin doğum günü də “Mövlud” adıyla bütün dünyada məşhurdur. Bütün dünya Hz. İsanın doğulduğu günü milad bayramı adıyla qeyd edir, elə isə niyə müsəlmanlar dünyanın ən şərəfli şəxsiyyəti olan əziz Peyğəmbərimizin doğulmasını, yəni mövludunu qeyd etməsinlər?!

      Mövlud doğulmaq, doğum gecəsi deməkdir.

      Onun doğulduğu dövrdə dünyanın hər tərəfində cəhalət, zülm və əxlaqsızlıq baş almış, Allah inancı unudulmuş, insanlıq qorxunc və qaranlıq bir hala düşmüş, dünya yaşanmaz vəziyyətə gəlmişdi. Dünyanı səfalətdən qurtaran, insana yenə insanlıq dəyərini qazandıran, insanları bu çirkinliklərdən və zəlalətdən qurtaran Allah Rəsulu olduğu üçün, Onun doğumu bütün müsəlmanların, Ona inananların və bütün insanlığın bayramı olmuşdur. Və bu nemətindən dolayı, Allaha şükür məqsədi ilə, hər il Onun doğum günü qeyd edilməkdədir.

      İslam dünyasında mövlud mərasimi ilk dəfə 910-1171-ci illərdə Misirdə hökm sürən Fatimilər tərəfindən təşkil edilmişdir. Daha sonralar mövlud mərasimləri dəyişik şəkilləri ilə digər coğrafiyalarda yaşayan müsəlmanlar arasında da qeyd olunmağa başlanmış və bu günə qədər də davam etmişdir. Bu mərasimlərdə Qurani-Kərim oxunur, Hz. Peyğəmbərə (s.ə.s) təriflər söylənir, salavatlar gətirilirdi.

      Rəsulullah (s.ə.s) özünün doğulduğu gündə əshabını yığaraq, dünyanı şərəfləndirərkən baş verən və uşaqlıq illərindəki hadisələri anladardı. Hz. Əbu Bəkr də, xəlifə ikən səhabələrlə birlikdə oturar, Allah Rəsulu doğularkən meydana gələn fövqaladə hadisələrdən danışardı.

      Ona görə ümid edilir ki, bu kimi əlamətdar günlərdə Onun doğumu haqqında söhbətlərə qulaq asmaq və öyrənmək, Onu mədh etmək və salavatlar gətirmək insana savab qazandırar. Çünki Rəsulullahı xatırlamaq, Onu anlamaq və yaxından tanımaq hər müsəlmanının sevgisindən qaynaqlanır. Hər müsəlmanın Onu sevməsi imanın gərəyi, çox sevmək də kamil müsəlman olmağın əlamətidir. Təəssüf ki, bəzən “Peyğəmbərimizi çox tərif etmək olmaz”,- deyə tənqidlərlə qarşılaşırıq. Bu tənqidə cavab olaraq deyə bilərik ki, Onu ən çox öyən, tərif edən Allah-Təaladır. Biz gecəmizi gündüzümüzə qatıb Peyğəmbərimizdən bəhs etsək, tərifləsək də, yenə də Allahın tərifinə əsla çata bilmərik. Qurani-Kərimdə buyurulur: “Biz səni aləmlərə rəhmət olaraq göndərdik.” (Ənbiya 107) “Allah və mələkləri Rəsuluna salavat gətirirlər, ey iman gətirənlər, siz də ona salavat gətirin.” (Əhzab 56).

      Peyğəmbərimizin mövludunu keçirməyin fəzilətli və müstəhəb olmasını bu şəkildə də düşünə bilərik: “İslamın böyük şəxsiyyətlərindən İbn Kəsir rəvayət edir ki, Hz. Peyğəmbərə ən çox düşmənçilik edib, Onu ən çox incidənlərin başında gələn əmisi Əbu Ləhəbi ölümündən sonra yuxusunda görənlər, onun nə halda olduğunu soruşduqda, Əbu Ləhəb: “Çox əzab çəkirəm. Lakin Muhammədin dünyaya gəldiyi gün sevincimdən cariyəmi azad etdiyim üçün (Onun doğumuna olan bu hörmətimdən dolayı), həmin gün əzabım yüngülləşir” -cavabını vermişdi. Elə isə düşünək: Onun doğulduğu günə hörmətinə görə bir kafirin əzabı yüngülləşirsə, ümmətinin və ya bir müsəlmanın Onun doğulduğu gecə Peyğəmbərimizi mədh etməsi, xatırlaması, Peyğəmbər əxlaqından danışıb Onu təbliğ etməsi və bütün bu kimi söhbətləri dinləməsi, düşünün ki, nə qədər savab və fəzilət qazandıracaqdır.

      Peyğəmbərimizin mövludunu keçirmək, əslində, Peyğəmbərimizi təbliğ etmək deməkdir. Peyğəmbərimizi təbliğ etmək, Onu insanlara daha yaxından tanıtmaq və sevdirmək nə vaxtdan bəri bidət olub, yalnış sayılıb?! Onun üçün heç kim, ağızdan duyma sözlərə, anlamadan, düşünmədən belə fikirlərə aldanmasın.

      Hədis alimlərindən İbn Həcər, şərtlərinə diqqət edildiyi təqdirdə  mövludun bidəti-həsənə - gözəl bidət olduğunu, bidəti-həsənənin edilməsinin məndub-müstəhəb olduğunu bildirmiş və digər hədis alimi Süyuti də onunla həmfikir olmuş və mövludun, sünnədən dəlilini ortaya qoymuşdur. İbn Həcərin mövluda sünnədən dəlili, Buxari və Müslimdə keçən bu rəvayətdir. Belə buyurur: “Mövludun keçirilməsinə (düzgünlüyünə) dair güclü bir dəlil tapdım. Hz. Peyğəmbər Mədinəyə gələndə Aşura günü yəhudilərin oruc tutduqlarını gördü və onlara nə üçün oruc tutduqlarını soruşdu. Onlar da aşura günü Allahın Fironu dənizdə boğub Hz. Musanı qurtardığını, bundan dolayı da şükr məqsədilə oruc tutduqlarını söylədilər. Bunun üzərinə Rəsulullah (s.ə.s): “Musaya biz sizdən daha yaxınıq” buyurdu. Ondan sonra həm özü oruc tutdu, həm də oruc tutulmasını əmr etdi. Bu hədisdən anlaşılır ki, müəyyən bir gündə bir nemətə qovuşmaq və ya bir bəladan qurtulmaqdan dolayı Allaha şükür edilə bilər və bu, hər il təkrarlana bilər. Allaha şükür vəzifəsi də, ibadətlərlə, orucla, sədəqə və Quran ayələrini oxumaqla olur. Hansı nemət, rəhmət peyğəmbəri Hz. Muhammədin  dünyanı şərəfləndirdiyi gündən daha böyük ola bilər?! Aşura günü Hz. Musa necə xatırlanırsa, mövlud günündə də Peyğəmbərimizin xatırlanması mümkündür”.

      Kortəbii şəkildə mövluda qarşı çıxanlara yenə ən gözəl cavablardan birini İslam alimlərdən İbn Teymiyyə verib. İbn Teymiyyə də mövludun sonradan ortaya çıxdığını qəbul etməklə birlikdə, mövludda Peyğəmbərimizə sevgi, təzim və hörmət olduğuna görə, mövludu keçirənlərin Hz. Peyğəmbərə olan sevgi və məhəbbətlərindən dolayı savab qazanacaqlarını bildirir (İbn Teymiyyə, İqtiza, s. 294).

      Səhabələrdən Kab bin Zuheyr Peyğəmbər zamanında “Banət-suad” adlı Peyğəmbərimizi tərif edən bir qəsidə yazmışdı. Bunu gəlib peyğəmbərimizin hüzurunda oxuyur və Peyğəmbərimizin xoşuna gəlir, hətta səhabəyə hədiyyə verir.

      Şərtlərinə uyulduğu təqdirdə mövludun əsası Hz. Peyğəmbəri anmaq, xatırlamaq, xatirəsinin canlandırılması və təbliğ edilərək insanlara sevdirilməsidir. 

      • Hits: 998 clicks

      Tecox component by www.teglo.info