Rövşən Əhmədov - MƏNƏVİ XƏSTƏLİKLƏRİN MƏNBƏYİ – KİN

    PDF faylını alÇapE-poçt

      Share

      Bildiyimiz kimi kin, qəzəb, nifrət dinimizdə bəyənilməyən xüsusiyyətlərdən olub, mənəvi xəstəliklərdən sayılır.

      İnsanda kin qisas almaq üçün qəlbdə özünə yuva quran bir duyğudur.

       İnsan bəzən intiqam ala bilməyəndə onun daxilində yaranan qəzəb gizli düşmənçilik duyğusuna çevrilir. O, kin bəslədiyi insandan intiqam almaq üçün fürsət gözləyir. Yəni kinin başlıca mənbəyi qəzəb və nifrət hissidir.

      Müqəddəs kitabımız Qurani-Kərimdə kafirlərin möminlərə qarşı duyduqları kin və nifrət haqqında belə buyurulur:

      Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik” (Ali-İmran, 118).

      Kafirlərin möminlərə bəslədikləri kin və nifrət başa düşüləndir. Çünki kin və nifrət küfrün nəticəsidir. Ancaq təəssüflər olsun ki, bəzən bu cür hisslər yaşadığımız cəmiyyətdə insanlar arasında yaranır. Halbuki kin bir çox mənəvi xəstəliklərin mənbəyi, cəmiyyəti sarsıdan dəhşətli bir əməldir. Bir müsəlmanın digər müsəlmana bəslədiyi bu duyğu digər mənfi xüsusiyyətlərin yaranmasına gətirib çıxarır. Bunların başlıcası həsəd, nifrət, qeybət, əlaqələri kəsmək, insanları özündən aşağı görmək, sirləri açmaq, müxtəlif şəkillərdə insanlara əziyyət vermək kimi mənfi davranış və xüsusiyyətlərdir.

      Sevimli Peyğəmbərimiz Həzrət Muhamməd (s.ə.s) müsəlmanlara yaraşmayan bu mənfi xüsusiyyətlərdən uzaq durmaq və ümmətinə örnək olmaq üçün belə dua etmişdir: “Ey Rəbbim! Qəlbimi hidayətə yönəlt, dilimi doğru qıl, köksümdəki (qəlbimdəki) hiylə və kin duyğusunu apar”. Kin və həsəd insanı daxilən yeyir, o insan, haqqı demək istərkən daxilindəki kin, nifrət ona mane olur.

      Belə insanlar hətta həyatda istəyirlər ki, istər özləri, istərsə də övladları layiq olmadığı mərtəbədə olsunlar. Çox təəssüf ki, qanuni və insani hisslərdən uzaq olan belə insanlar yaşadığımız cəmiyyətlərdə daim olub və olmuşlar. Diqqətlə ətrafımıza və yaxın çevrəmizə diqqət yetirsək, bu kimi xüsusiyyətləri öz mənəvi aləmində daşıyan təbəqələri görər və duymuş olarıq. Bir daha qeyd etdiyimiz bu kimi duyğular öz sahibinin dini həyatını məhv edir. Həmin insanın cəmiyyətdə xeyirxah işlər görməyinə və əsas olaraq bu dünyaya nə üçün gəldiyini və kamil bir insan kimi formalaşmağının qarşısını alır. Belələri bu dünyada ikən özlərinin necə rəzil bir təbəqəyə aid olduqlarını görmürlər. Ancaq özlərinin ətrafa və yaxınlarına daim yardımçı, xeyirxahlıq etdiklərini düşünərlər. Belə xüsusiyyəti özündə cəm edən insanlar qəzəbli olanda ətrafdakılara ədavətli olduqlaırnı dərhal büruzə verərlər.

      Yaşadığımız cəmiyyətdə bu tip insanlara rast gələndə nədənsə xalq arasında belə bir deyimi tez-tez eşidirik: “O insanın sənə qəzəbli olduğuna baxma, ürəyi təmizdir”. Bu deyimlə razılaşmaq olmaz, çünki əməllər niyyətə görədir. Deməli, niyyətin sağlamdırsa, qəlbindən keçən və dilinə gələn sözlər gözəl və tərbiyəvi olar. Belə pis xüsusiyyətlərdən uzaq olmaq üçün Sevimli Peyğəmbərimiz Muhamməd (s.ə.s) müsəlmanlara belə buyurmuşdur: “Canımı əlində tutan Allaha and içirəm ki, sizlər iman etmədikcə Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də həqiqətən iman etmiş olmazsınız. Bir-birinizi sevməyə yardım edəcək vasitəni sizə xəbər verimmi? Aranızda salamı yayın”.

      Son olaraq qeyd edək ki, kin və nifrət duyğuları ilə dolu olan bir cəmiyyətdə dini-insani duyğular zədələnir. Məhz bu səbəbdən bütün səmavi dinlər kini bəşəriyyətə, insanlığa uyğun olmayan ən dəhşətli xüsusiyyət kimi tanıtmış, qınamış və qadağan etmişdir.  

      • Hits: 689 clicks

      Tecox component by www.teglo.info