İlham SOVQATOV - VAXTIM OLSAYDI

    PDF faylını alÇapE-poçt

      Share

      Biz vaxtın qədrini nə vaxt bilirik? Vaxt bizim üçün əhəmiyyət kəsb edirmi, yoxsa bizim uğursuzluğumuzun baiskarı elə vaxtdır? Bunun cavabını da vaxtı gələndə biləcəyik.

      Hər kəs vaxtsızlıqdan şikayət edir. Kimi dindirsən, deyəcək ki, vaxtım yoxdur, işim çoxdur, baş qarışıb və s. Həqiqətən də, belədir. Heç kimin indi vaxtı yoxdur. İşimiz çoxdur. Vaxtımız işimizi görməyə yetmir. Niyə? Çox maraqlıdır ki, başladığımız işi vaxtında başa vura bilmirik. Nə isə çatışmır sanki. Vaxtın bərəkəti qalmayıb deyib bütün günahları vaxtın üstünə atırıq. Qohum-əqrəbaları, dost-tanışı axtarmağa da vaxtımız qalmadı. Elə vaxt olur ki, axtardığımız adamlar da bizim onlara işimiz düşəndə onları axtarmağa vaxt tapırıq.

      Həyat o qədər çətinləşdi ki, bəzən kredit yerinə zaman möhlət alırıq. Düşünməyə vaxt, zaman lazımdır. Bir həqiqətin ortaya çıxması üçün vaxta, zamana ehtiyac var. Vaxtımız yoxdur, vaxtın vaxtını da almayaq. Vaxtilə vaxtın qədrini bilirdilər. Qənaətimə görə, keçmişdə vaxtdan şikayət edənlər az olardı. Vaxtım yoxdur deyənlər, bəlkə də, tapılmazdı. Necə də qəribədir, keçmişimiz də bir vaxtdır, zamandır, bugünümüz də bir vaxtdır, zamandır, gələcəyimiz də bir vaxt və zaman olacaqdır. Ancaq aralarında çox fərqliliklər var və olacaqdır. Vaxtımızı günəşə bağlasaq, keçmişdə də günəş eyni saatda doğurdu və eyni saatda batırdı, bu gün də eyni vaxtda doğur və eyni vaxtda batır. Ancaq o vaxtın bərəkəti var idi, sanki, indiki vaxtın bərəkəti yoxdur.

      “Vaxtında işini görən heç bir zaman peşman olmaz”. Çox gözəl deyilmiş bir ifadədir. Həqiqətən də vaxtında işini görən adam heç vaxt peşman olmaz. Ancaq “işi vaxtında görməyə” necə nail olmaq mümkündür? Həyatı necə qurmalıyıq ki, işimizi vaxtında görə bilək? Yaxud da “vaxtında işimizi görüb” həyatımızı necə qurmalıyıq? Bunun cavabına vaxtımız çatmayacağı üçün burada buna cavab verməyəcəyik. Çünki “vaxtımız azdır”.

      Tarixdə o qədər aforizmlər və ortaya atılan nəzəriyyələr var ki, onları oxuyanda insan cuşa gəlir. Bunlardan biri də elə bu “vaxtında işini görən heç bir zaman peşman olmaz” ifadəsidir. Amma bir şeyi də unutmayaq ki, nə vaxtında işi görən adam fəxr etsin, nə də vaxtında işini görməyən adam peşman olsun. Qurduğun planı həyata keçirərkən mütləq bir əngələ rast gələcəksən. Bu, həyatın qanunudur. Bunu dəyişmək olmaz. Nəyi necə, nə zaman edəcəksən, onu da tam olaraq bilmirsən.

      Yaşadığımız bu həyatda planlarımızı bizim cızmağımıza ehtiyac yoxdur. Onsuz da bizim planımız cızılıbdır. Bəzən yaşlı nəsillərlə həmsöhbət olanda onların öz keçmişlərini necə yad etdiklərini görürsən.Kimisi fəxrlə ağız dolusu keçmişindən, şərəfli həyat yolundan bəhs edir. Yəni tam dəqiq desək, “işini vaxtında görmüşdür”. Amma bəzən də bunun əksinin şahidi də oluruq.

      “Vaxtında bu işi görsəydim, indi bilirsən, mən nə olacaqdım?”, “Vaxtında oxusaydım, indi mən Oksford universitetinin fəxri kürsüsündə oturub alimlərə dərs deyirdim”, “Vaxtında imkanım olsaydı, evim-eşiyim olardı, maşınım, tanışım çox olardı” və beləliklə, bu və buna bənzər ifadələri, deyimləri artıra bilərik.

      Bəzən vaxtımızı da bölürük. “Boş vaxt”, “dolu vaxt”. Vaxtımızın boş keçdiyindən şikayətlənirik. Həmişə soruşulan bir söz var: “Boş vaxtlarında nə işlə məşğul olursunuz?”. Cavabı da fərqli-fərqli olur. Kimisi boş vaxtını “kitab oxumaqla” keçirir, kimisi “musiqiyə qulaq asmaqla keçirir”, kimisi də “idmanla məşğul olduğunu” söyləyir. Çox maraqlıdır ki, kitab oxumaq nə vaxt “boş iş” oldu ki, biz boş vaxtımızı kitab oxumaqla doldururuq.

      Vaxtı dəyərləndirmək çox əhəmiyyətlidir. Vaxtını dəyərləndirmək üçün də vaxtımız olmalıdır. Həyatımız vaxtdan ibarətdir. Amma bu vaxt bizim lehimizə olduğu kimi, əleyhimizə də işləyə bilər. Dinimiz də vaxta çox dəyər vermişdir. Hər şey vaxtdan başlayır. Vaxt hər şeyimizdir. Hər şeyimizin qədrini vaxtında bilməliyik ki, vaxtı gələndə peşman olmayaq.

      Bir neçə il bundan qabaq bir qəzetdən bu cümləni oxumuşdum: “Vaxtım olsaydı, vaxtı boğardım”. Kimə aid olduğunu da bilmirəm. Ancaq çox xoşuma gəlir bu ifadə. Ancaq bunu bilirəm ki, biz vaxtı boğa bilməsək də vaxt bizi boğur.

      • Hits: 714 clicks

      Tecox component by www.teglo.info