Alpay Azər - Allahın dövr edən ruzisi

    PDF faylını alÇapE-poçt

      Share

      –        Ay ata, bax, on manat, – bir əliylə atasının əlindən tutan doqquz yaşlı Zəhra o biriylə yerdəki göy onluğu göstərdi.

      Şəhərdə xeyli gəzmişdilər, dondurma yemişdilər, yelləncəklərə minmişdilər, indi isə evə qayıdırdılar. Tez gözünü yerə zilləyən ata sakit səslə dilləndi:

      –        Yavaşca əyil, götür.

      Qız əyilib onluq əskinası yerdən götürdü və instinktiv olaraq atasına uzatdı.

      –        Qızım, gəl bir az burda gözləyək, birdən yiyəsi gəlib çıxar, – pulu götürüb əlində saxlayan ata sanki qızını az öncə cinayətə sövq edibmiş kimi dilləndi.

      –        Hə, gözləyək, – Zəhra elə həvəslə dilləndi ki, sanki pulun yiyəsi bu dəqiqə qarşılarında peyda olacaqdı.

      –        Diqqətnən bax, gör, ora-bura qaçan, nəysə axtaran adam görmürsən? ­– atası dedi və hər ikisi ora-bura boylanmağa başladı.

      –        Bəlkə girək marketlərə, pulu itirən elə bilər ki, pulunu orda yerə salıb, – qız dilləndi.

      –        Hə, doğrudan e. Sən ağıllıymışsan ki, qızım.

      Onlar yaxınlıqdakı ərzaq, geyim malları satılan mağazalara, aptekə girdilər, adamların üzlərinə baxdılar, hərəkətlərinə fikir verdilər, bir nəfər də olsun pul itirən adama oxşar kimsə gözə dəymədi. Ata ürəyində arzu edirdi ki, yiyəsi tapılmasın, pul qızına qalsın. “Ya da bu on manatı itirənin ona ehtiyacı varsa, qoy Allah onu elə bu dəqiqə qabağımıza çıxartsın. Yox, bu pulu itirmək kiminsə vecinə olmayacaqsa, deməli, Zəhranın qismətiymiş”. Ata az öncə qızı pulu görən kimi xəbər edəndə, görməmişcəsinə tez “Əyil, yavaşca götür” deməsinə görə pis olmuşdu: “İndi yüz faiz elə bilir, mən pulu tək görsəydim, sakitcə götürüb cibimə qoyardım, heç kimə baxmadan rahatca yoluma davam edərdim. Amma Allah şahiddi ki, sonra pulu öz yiyəsinə verməyə hazır idim”.

      –        Qızım, özün də gördün ki, on manatın yiyəsi üzə çıxmadı. Pulu sən tapmısan, elə sənə də düşür.

      Qız çaşqın halda on manatı götürdü.

      –        Özünə kukla alarsan, nə bilim, peçenye alarsan. Bir sözlə, ürəyin nə istiyir alarsan özünə. Kukla baha olsa, pul çatmasa, üstünü mən düzəldərəm.

      Zəhra “Sağ ol” deyəndən sonra pulu bir müddət əlində saxlayıb atasına qaytardı:

      –        Sən bunu iki beşlik... Ya da beşini manatlıqlar, o birini də bir beşlik edib verə bilərsən mənə?

      Atası heç nə demədən şalvarının cibindən pulları çıxartdı, manatlıqları çox idi, iki beşlikdən birini, qalanlarını isə beş dənə manatlıq əskinaslar edib qızına uzatdı və onluğu götürdü. Evə çatana yaxın qızına dedi ki, pul tapmağın barədə anana heç nə demə, birdən bilsə ki, səndə on manat var, deyərsən ata verdi.

       

      * *  *

      Arvadıyla “Yaşıl bazarda” bazarlıq edirdi. Kişi iki kilo Qızıləhməd alması, soğan, kartof aldı. Göyərti almaq üçün beşliyi uzadanda, satıcı xırda pul istədi. Kişi arvadına tərəf çöndü, arvad çantasını eşələyib, ordan bir manat çıxardıb satıcıya uzatdı...

      Avtobusla evə qayıdırdılar.

      –        Bura bax, ay kişi, sən niyə Zəhraya tək manatlıqlar vermisən? – arvad birdən soruşdu.

      –        Nədi ki? Mən qızıma pul verəmmərəm?

      –        Yox, niyə vermirsən ki? O gün şəhərə çıxmışdıq sinifdənxaric kitablar almaq üçün. Yalan olmasın, şəhərdə dilənçi qalmadı manatlıq verməsin.

      –        Neçə dilənçiyə pul verdi ki?

      –        Elə gözümün qabağında üçünə verdi. Allah bilir, mən ora-bura baxanda siçan kimi qaçıb neçəsinə gizlincə verib. Danladım xeyli, dedim, ay qız, birinə verdin, başa düşdüm, cəhənnəm, ikisini də başa düşdüm. Bəs üçüncü nə idi?

      –        Atalar üçdən deyib, yəqin ona görə üçünə verib.

      –        Qəpik də yox e, manatla veriridi. Deyirəm, a bala, atan məktəbdə məllim işliyir, uşaq hazırlaşdırmaqnan pul qazanır, enerjisi gedir, bizi dolandırır, milyoner qızı deyisən ki, kimə gəldi pul səpəliyəsən.

      –        Yaxşı, o pul verdikləri adamlar heç olmasa dilənçilərə oxşuyurdular?

      –        İçində bir şikəsti varıydı, biri də qoca arvadıydı. Amma fırıldaqçıya oxşuyurdular.

      –        Nə bilirsən fırıldaqçıydılar? Qoca yəqin yiyəsiz pensioneriymiş, o birisi də, doğrudan şikəst ola bilərdi. Bəyəm, sən onun durub gəzməyinə qıraqdan tamaşa elədin ki, biləsən...

      –        Ehh, ay kişi, – ərinin sözünü kəsdi, – sən bilmirsən, onların hamısı mafiyadı. Əşi hamısı bir yana, bütün bunnardan sonra dünən axşam mənə bir beşlik gətirib deyir, ay mama, bunu manatlara xırdala, özümə Ülkər peçenyesi alacam. Dirsəyimi göstərdim, dedim get özünü dola. Mən buna pul xırdalayacam, bu da gedib fırıldaqçı dilənçilərə manatnan pul paylayacaq...

      Arvad deyinməyindəydi, kişi isə artıq ona qulaq asmırdı. Şükür edirdi, sevinə-sevinə fikirləşirdi: “Qızın ruzisi olacaq. Allah belə qızı ruzisiz qoymaz. Mən də onun kimiydim”.  Məktəbdə oxuyanda imkanlı qohumlardan kimsə ona pul verəndə, dilənçiyə də olmasa, atasından gizlin evdar anasına verib deyirdi ki, özünə jaket al, “Quş südü” şokoladı al. Üçdə oxuyanda, bir payız günü küçədə yerə tökülmüş sarı yarpaqların arasında Sovetin yaşıl üçlüyünü tapanda da aparıb anasına vermişdi...

      Fikrində tutmuşdu ki, evdə qızına beş-altı dənə iyirmi qəpiklik verib deyəcək ki, şəhərdə qabağına çıxsa, diqqətlə bax, yalançı yox, əsl dilənçilərə ver bu qəpikləri, tapdığın puldan qalan o beş manatı isə özünçün xərclə. Eyni zamanda bilirdi ki, qızı o beşliyi xırdalayacaq, manatlıqlardan ikisini də xırdalayıb qəpiklərlə dilənçilərə verəcək. Elə böyüyəndə də aldığı maaşdan, premiyadan xəstə qohumların dərmanlarına, feysbukda tanımadığı birisinin əməliyyatına pul ayıracaq. Qızının həyatını bütün çətinlikləriylə bir anlığa kinolent kimi təsəvvürünə gətirən ata gözünü yumub ürəyində Allaha dua etdi: “Ey böyük Allah, Zəhramın ruzisini əskik etmə, onu ruziylə dözülməz sınaqlara çəkmə”.

       

      • Hits: 730 clicks

      Tecox component by www.teglo.info