Harun KIRKIL - CEN.NET KAFENİN SAHİBİ

    PDF faylını alÇapE-poçt

      Share

      Məscidin imamı Abdullah Əfəndi rəsmi sənədlərini hazırlamaq üçün dövlət idarəsinə gəlir. Bəzi sənədlərin foto-surətini istədikləri üçün ən yaxın internet-kafeyə getməli olur. Kafeyə daxil olarkən qapıya vurulmuş lövhəni görüb dərindən kök ötürərək “sübhanallah” deyir.

      “CEN.NET KAFE”

      Abdullah Əfəndi kafeni işlədən gəncə yaxınlaşıb: “Oğlum, bu kağızların surətini çıxarda bilərik?”,- dedi.

      - Əlbəttə, siz burada əyləşin, mən iki dəqiqəyə həll edərəm.

      Abdullah Əfəndi gözləyərkən bir tərəfdən də kafeni gözdən keçirməyə başlayır. Deməli, gənclərin vaxt keçirmək üçün girdikləri, amma qopa bilmədikləri internet-kafe belə bir yerdir. Gözünə sataşan hər bir şəkil, elan və s. onu narahat etməyə başlayır. Bir anda evinin zirzəmisində siçanlar üçün qurduğu tələləri xatırlayır. Kiçicik pendir parçasına aldanan siçanların tələyə düşməsi kimi, virtual oyun xəstəliyinə tutulan gənclərin də buradan ayrıla bilmədiyini fikirləşib bir daha dərindən “sübhanallaaaaah!”,- deyir, “axırzaman fitnələridir əlbət!”.

      Yaşlı adamın narahat olduğunu hiss edən gənc dərhal yan tərəfdən bir çay sifariş edir. Abdullah Əfəndi özünə qarşı edilən xoş rəftardan razı qalır. Ən azından hələ də yaşlılara hörmətin nə olduğunu bilirlər. Çayını içərkən öz-özünə “heyf gənclərin halına, özlərini hədər edirlər” deyib, gənclə söhbət etmək qərarına gəlir:

      - Oğlum, bir söz soruşum.

      - Buyur, ağsaqqal, eşidirəm.

      - Allahı tanıyırsan?

      Saçı jeleli, əcaib saqqal quruluşu olan gəncdən aldığı cavab Abdullah Əfəndini heyrətə salır. Kafeni işlədən gənc gülər üzlə:

      - İnsan özünü yoxdan yaradan, ona həyat bəxş edən, görən göz, düşünən ağıl verən Rəbbini necə tanımaz? Abdullah Əfəndi heyrətlə ikinci sualı verməkdən özünü saxlaya bilmir:

      - Deməli, tanıyırsan. Yaxşı, bəs necə tanıyırsan Allahı?

      Gənc əliylə kafedəki kompüterləri göstərərək cavab verir:

      - Bu kompüterlə.

      - Necə yəni bunlarla? Başa düşmədim.

      - Bu kompüterlərin varlığı mənə görə Allahın varlığının ən açıq dəlillərindən biridir. Kompüterdən istifadə edənlər yaxşı bilirlər, belə bir cihaz yalnız yaxşı bir mühəndis və yüksək texnologiya sayəsində ərsəyə gələ bilər. Ən qatı ateistdən də soruşsan bu alətin təsadüfən yaranmadığını, mütləq kiminsə tərəfindən meydana çıxdığını deyər.

      Abdullah Əfəndi gəncin bu sözlərindən razı halda:

      - Kompüterin öz-özünə meydana gəldiyini qəbul etməyən adam onu istehsal edən insanın yaradılmış olduğuna gəldikdə inanmaq istəmir, elə deyilmi?

      - Bax, əmi, bu otaqda 20 kompüter var, hamısı bir sistemlə bir-birinə bağlıdır, hamısı vahid proqram tərəfindən idarə olunur. Bu sistemi quran da, idarə edən də mənəm. Buranın nizam-intizamına mən cavabdehəm, yəni bir mənada buranın rəbbi (sahibi mənasında) mənəm. Bəzən oyun oynayıb, internetdən istifadə edib pul vermədən aradan çıxmaq istəyənlər olur. Dərhal yaxalayıram avaraları. “Bura gəl, qırışmal,hara qaçırsan? Buranın nemətlərindən istifadə edib, başıboş buraxılacağını zənn edirsən?”. “Pulumuz yoxdur”,- desələr, “Heç elə şey yoxdur”,- deyib cəzalandırıram. İnterenet-kafeni təmizlədirəm: şüşələri silirlər, stolların tozunu alırlar və s. Bir saatlıq oyunun, internetin qarşılığı olur, hesabı soruşulursa, saysız-hesabsız nemətlərlə dolu bir həyatın hesabını soruşmazlarmı? Bir kafenin belə işlərini idarə edən varsa, bu boyda kainatın, heç bir problemsiz işləyən sistemin qurucusu olmazmı? Bunu ancaq axmaq adam deyə bilər.

      - Oğlum, xoşum gəldi səndən. Bəs yaxşı, Allahın necə olduğunu düşünürsən, nəyə bənzədirsən?

      - Mən Allahı heç nəyə bənzətmirəm.

      - Bunun belə olacağını hardan bildin? Gənc yenə əli ilə kompüteri göstərərək:

      - Bunlar sağ olsun. Bu alətlərlə onları düzəldən mühəndislər bir-birinə heç bənzəmirlər. Proqramı yazan insan başqadır, meydana çıxarılan proqram tamam başqa. Kompüterə yüklənmiş məlumatlar var, amma mənim ondan anladığım da başqadır. Kamerası var, səs sistemi var, amma mənim gözlərim və eşidib danışmağım fərqlidir.

      Abdullah Əfəndi gəncin fərasət və anlayışından razı qalmışdı. Verdiyi suallara aldığı cavablar çox məntiqli idi və sahibinin imanından xəbər verirdi. Əslində sənədlərinin foto-surəti də hazır idi, amma söhbətə davam etmək istədi.

      - Bəs varlığına inandığın Rəbbin üçün nə etməli olduğuna dair nə bilirsən?

      - Nə etməli olduğumu bilirəm, amma kifayət qədər bunun öhdəsindən gəlmədiyimi də yaxşı bilirəm.

      - Nə bildiyini desən, bəlkə nələr edə biləcəyinə dair sənə kömək edərəm.

      - Nələr edəcəyimə dair bunları bilirəm: Hər şeydən əvvəl Rəbbim mənə bir könül verib. Onu tanımağı nəsib edib məhəbbətinə qəlbimə qoyub. Mən də könlümdə yalnız Ona və sevdiklərinə yer verməliyəm, Onun istəmədiklərini könlümdən uzaq tutmalıyam. Sonra mənə vermiş olduğu dili razı qalmayacağı sözlərdən qorumalıyam. Hər zaman Onu zikr etməli, Ondan danışmalıyam. Son olaraq da mənə verdiyi bu bədəndən Onun rizası istiqamətində istifadə etməli, bir gün torpaq olacaq vücudumu Onun yolunda fəda etməliyəm. Bildiklərim bundan ibarətdir...

      - Oğlum, daha nə edəcəksən, hər şeyi dedin.

      - Ağsaqqal, hər nə qədər nə etməli olduğumu desəm də, nə xeyri?! Gediləcək yolu bilmək başqa, üsuluna uyğun şəkildə o yolda addımlamaq başqa... Kompüter dili ilə desək, şeytan adlanan məlun XAKER durmadan mənim sistemimdəki NƏFS virusunu aktivləşdirir. Öhdəsindən gələnə əhsən. Bəlkə də güclü bir anti-virus proqramı tapıb yükləməliyəm...

      - Belə bir proqramdan xəbərim var, dedi ağsaqqal, sonra davam etdi:

      - Təsəvvüf anti-virus proqramlarından birini könül Hard-diskinə yükləyirsən və hər gecə qalxıb yeniləyərək, virus axtarışı verirsən.

      Bu cavab gəncin də xoşuna gəlmişdi, qarşısında oturan ağsaqqala gülümsəyərək:

      - Əmi, bu proqramı haradan endirə bilərik? Bildiyin bir sayt var?,- dedi.

      Abdullah Əfəndi də eyni təbəssümlə cavab verdi:

      - Bunun saxta variantlarına çox diqqət etmək lazımdır. İşin mütəxəssisinə müraciət edərək lisenziyası olan bir proqram yükləməlisən.

      - Sizdə var elə bir proqram?

      - Var, amma mən yükləməyi bilmirəm. İstəsən sənə tanış bir proqram ustası tövsiyə edə bilərəm.

      - Çox sevinərəm,- deyən gənc oğlan Abdullah əfəndi ilə təkrar görüşəcəkləri günü təyin edərək, onu qapıya qədər ötürdü. Ümid dolu təbəssümlə ardınca uzun-uzadı baxdı... 

      • Hits: 836 clicks

      Tecox component by www.teglo.info