Saleh Şirinov - Hədislərə Necə Baxmalıyıq?

    PDF faylını alÇapE-poçt

      Share

      Müsəlman adlanan kəs Peyğəmbərinin sözlərinə hörmət edən insandır. Çünki hədisi-şəriflər Rəsulullahın (s.ə.s) nəfəsini aramızda daim yaşadan və yolumuzu aydınladan bir işıqdır. “Sünnə olmasaydı heç birimiz Quranı anlaya bilməzdik”,- deyən İmam Əbu Hənifənin bildirdiyi kimi hədis və sünnə bizim üçün hər şeydir. Hədislərə sıravi bir insanın sözü kimi baxmaq, mənasını başa düşməyəndə də “əşi bu dövrdə belə şey olar?” kimi həddini aşan sözlər söyləmək bir müsəlmana əsla yaraşmaz.

      Yaxşı müsəlman anlamaqda çətinlik çəkdiyi bir hədislə rastlaşdığı zaman, onun həqiqətən Peyğəmbər sözü olub-olmadığını araşdırmalıdır. Əgər bir sözün hədis olduğunu öyrəndikdən sonar da onu baş tacı edə bilmirsə, yenə içini bir şübhə narahat edirsə, o zaman da həmin hədisin nə mənaya gəldiyini bilən birindən soruşmalı və qəlbini hüzura qovuşdurmalıdır. Çünki hədislər əsla əhəmiyyətsiz deyil.

      Bəzi insanlar anlayışına, zehniyyətinə uymayan bir sözün ayə və ya hədis olduğunu öyrəndikdə dirənməyi buraxıb susur. Bu bir irəliləyişdir. Fəqət bəzi insanlar da var ki, anlamaqda çətinlik çəkdikləri hədislər qarşısında eyni təslimiyyəti göstərə bilmirlər. Kifayət qədər hədis savadları olmadığı halda ağıllarına uymayan bir sözü Hz. Peyğəmbərin deməyəcəyini düşünürlər. Hətta həddi bir az da aşaraq “belə şey olmaz, bu uydurmadır”,- deyə bilirlər və hədisə qarşı laqeyd, səhlənkar ola bilirlər. Belə bir davranışdan Allah bizi və bütün möminləri qorusun.

      Hədislərə əhəmiyyət verməmə xəstəliyi yeni deyil. Bunun tarixçəsi hətta səhabələrin yaşadığı dövrə qədər gedib çıxır. Lakin onlar bu kimi hallarda qətiyyət göstərərək düzəliş etməyə çalışırdılar. Buna bir misal verək:

      Səhabələrdən Ubadə bin Samit (r.a) Hz. Peyğəmbərin yasaqladığı bir alış-veriş şəklindən bəhs edərkən, həmin məclisdə olan bir nəfər özünün fərqli bir görüşünü irəli sürür. Həmin adamın bu davranışı Hz. Ubadəni qəzəbləndirir və dərhal ayağa qalxaraq: “Qətiyyən səninlə eyni damın altında otura bilmərəm” deyərək oranı tərk edir (Darimi).

      Müsəlman olduğunu söyləyən birinin Hz. Peyğəmbərin (s.ə.s) bir əmrini eşitdiyi halda, ondan fərqli düşündüyünü irəli sürməsi, əshabi-kiramın qəbul edib, xoş görə biləcəyi hərəkət deyildi.

      Təbei-tabeun alimlərindən mədinəli fəqih və hədis alimi İbn Əbu Zi`b (r.əleyh) Süfyan Sövri, Abdullah ibn Mübarək, Yahya əl-Qattan kimi məşhur alimlərə hədis oxutmuş bir şəxs idi. Sadə həyat yaşıyar, haqsızlıq qarşısında susmaz, haqqı deməkdən də çəkinməzdi. Bir məclisdə hədis rəvayət edənlərin arasında özünün də olduğu bir hədis üzərində söhbət gedirdi. Hədisdə; “yaxını öldürülən biri ya diyəti qəbul edər və ya qatilə qisas uyğulanar” buyurulurdu. Məclisdəkilərdən biri ondan: “Sən bu hədisi tətbiq etməyin (uyğulamağın) tərəfdarısan?” -deyə soruşduqda İbn Əbu Zi`b qəzəblənərək onu belə danlayır: “Mən Rəsulullahın hədisini rəvayət edirəm, sən mənə “bunu tətbiq etməyin tərəfdarısan?”,- sualını verirsən. Əlbəttə, onunla əməl edəcəyəm. Bu hədisi tətbiq etmək həm mənə, həm də onu eşidən hər kəsə fərzdir”. Sonra da Rəsulullahın müsəlmanlar üçün nə məna daşıdığını izah etməyə başlayır.

      Səhabələr (r.anhum) nəql olunan hədislərə əhəmiyyət verilməyib ciddiyə alınmadığını görəndə haqlı olaraq qəzəblənərdilər. Canlarından da əziz gördükləri Hz. Peyğəmbərin (s.ə.s) hədislərinə səhlənkarlıq görəndə bunu həzm edə bilməzdilər. Belələrinə: “hədisləri aşağı görənlərin, aşağı görülməyi haqq etdiklərini” göstərərdilər. İnsanın dini həyatını alt-üst edə biləcəyini düşündükləri belə davranışlar qarşısında, veriləcək cavabı verməkdən də çəkinməzdilər. Hədislərə qarşı laqeydlik və səhlənkarlıq göstərilməsi, aşağı görülməsi böyüklərimizi bu qədər narahat edərdi. Bir adamın sünnəyə, hədisə əhəmiyyət verməməsinə məna verə bilmirdilər və bunu qəbul edə bilmirdilər.

      Çünki hədis din deməkdir. Allahın Rəsulu bir mövzuda bir görüş bildiribsə, müəslmanın onu qəbul etməməsi, ağlına daha uyğun başqa bir görüş axtarması mümkün olan bir şey deyil. Çünki heç bir möminin buna haqqı yoxdur. Rəsulullah səhih bir hədisində “Mənim ortaya qoyduğum şeylərə nəfsani arzuları boyun əyməyən kimsə mömin ola bilməz” deyərək, Ona qeyd-şərtsiz uyulması gərəkdiyini bildirmişdir (İbn Əbu Asim, əs-Sünnə, I, 12).

      Əgər bir müsəlman Peyğəmbərinin verdiyi bir hökm qarşısında, içində bir narahatlıq, soyuqluq hiss edirsə, dərhal qəlbini “təmirə başlamalıdır”. Qəlbində sağalmaz bir xəstəliyin əmələ gəldiyini, dünyasını və axirətini itirmək üzrə olduğunu düşünməlidir. Çünki hədis din deməkdir. Ağzından çıxan sözün dinə uyğun olduğunu bilməyən şəxs ağzını açmamalıdır. Açarsa, Allahı və Rəsulunu incidəcəyini bilməlidir.

      Yaxşı bir mömin hədisləri baş tacı edər. Onların ilahi sirlərin xəzinəsi, Rəbbani hikmətlərin qaynağı olduğunu bilər. Yaxşı bir mömin, insan ağlının qavraya bilmədiyi bir çox həqiqətlərin Rəsuli-Əkrəmə (s.ə.s) öyrədildiyini qəbul edər və qəlbini hədislərin sonsuz dərinliyinə təslim edər. 

      • Hits: 878 clicks

      Tecox component by www.teglo.info