Ali ÇINAR / TÖVHİD -ÜRƏYİ YALNIZ ALLAHA HƏSR ETMƏK-

    PDF faylını alÇapE-poçt

      Share

      Rəsulullahın (s.ə.s) gətirdiyi İslam dini  tövhid təməllərinə əsaslanan və Allah tərəfindən göndərilmiş dini-mubindir. Allah idrakın fövqündə olan və hər cür nöqsan sifətdən uzaq mücərrəd və münəzzəh varlıqdır. 

      Qurani-Kərim ələ aldığı bütün mövzuları tövhid qayəsinə əsasən təqdim edir. Fənni həqiqətlərə təması da bu qəbildəndir. Bu keyfiyyət Quranın qiyamətədək bütün zaman və məkanlarda davam edəcək xüsusi bir ecazkarlığıdır.

      Allah Rəsulu (s.ə.s) məruz qaldığı bütün əzab-əziyyətə baxmayaraq tövhid davasında müşriklərlə heç cür uzlaşmadı, əsla İslamdan güzəştə getmədi.

      Tövhid mücadiləsi yolunda çətin sınaqlardan keçmək sünnətullahın gərəyidir. Bütün peyğəmbərlər və sadiq bəndələr hər zaman məşəqqət çəkmiş, əziyyətə məruz qalmış, hətta bəziləri bu yolda şəhid olmuşdur. Bu səbəblə çətinliklə qarşılaşan bir müsəlmanın ümidsizliyə düşməsi doğru deyil. Əksinə, möminlər Allahın əmrini həyata keçirərkən zərər və müsibətlərə sinə gərdikləri nisbətdə Allahın rizasına və müvəffəqiyyətə nail olarlar. 

      On üç illik Məkkə dövrü şirki ortadan qaldırma və qəlblərdəki tövhid inancını gücləndirmə mücadiləsi ilə keçmişdir. Çünki tövhid inancı Allaha hər hansı bir varlığı ortaq qoşmağı əsla qəbul etməz.

      İmanın hədəfi tövhidi yaşayaraq qəlbi yalnız və yalnız Allaha həsr edə bilməkdir. Bu baxımdan iman və tövhidin idrakı elmi, əxlaqi və mənəvi dəyərlərə sahib olmaqla mümkündür.

      Deyə bilərik ki, Qurani-Kərimin tamamı kəlmeyi-tövhidin izahıdır. Çünki Qurani-Kərim din və tövhiddən ibarətdir. Bu həqiqəti ifadə mahiyyətində ayeyi-kərimədə belə buyurulur:

      “Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” (İbrahim, 52)

      İslam dini tövhid məsələsində həddən artıq həssas olmağı tələb edir. Hətta tövhidi zədələyəcək ən kiçik amillərin belə şirk olduğunu bildirir. Məsələn, bir adamın Allahın əmrlərini arxa plana ataraq öz arzusuna uymasına “nəfsini özünə ilah etdi” (əl-Furqan, 43) hökmünü verir. Həmçinin Allahın halal qıldığını haram, haram qıldığını da halal sayanları “rəblər”, onların bu arzularına uyanları da “bunları rəb sayanlar” olaraq vəsfləndirir. İbadətdə riyakarlığın da gizli şirk olduğunu bildirir.

      İnsan nəfsi-əmmarədən xilas olmaq üçün zəruri olan şəri hökmlərə riayət edərək kəlmeyi-tövhidin ruh və həqiqətində dərinləşməyə çalışmalıdır. Bir növ qəlbdə bütləşərək insanı Rəbbinə qarşı qəflətə salan bütün nəfsani istəklər “lə iləhə” deyərkən qəlbdən silinməlidir. Sonra isə təmizlənmiş qəlbə “illəllah” həqiqətini yerləşdirib, könül tamamən Allaha həsr edilməlidir. İmanın həqiqi mənada qəlbə yerləşib güclənməsi isə qulu saleh əməllərə və bunun nəticəsində də ülvi mərtəbələrə sövq edər.

      Kəlmeyi-tövhid sadəcə sözdən ibarət qalmamalı, mütləq qəlbdə özünə yer etməlidir. Allahın birliyi dərin təfəkkür və şüurla qəlbə işləməlidir. Tövhid inancının zədələnməməsinə çalışmaq lazımdır. Əgər qəlb nəfsin işğalına məruz qalarsa, tövhid anlayışı da yaralanar. Ona görə qəlbi nəfsin işğalından qorumaq lazımdır. Səhərlər zikr olunan kəlmeyi-tövhidin məna və ehtivasının gündüzlərə də sirayət etməsi lazımdır. Gündüz “lə iləhə”nin mənasıyla nə qədər yoğrulub günahdan uzaqlaşa bilir, “illəllah”ın ehtivasına girib Allah-Təala ilə bərabərliyi təmin edə bilirik? “Muhammədur-Rəsulullah”ın haqqını vermək üçün Allah Rəsulunu nə qədər örnək alırıq? Kəlmeyi-tövhid qəlbimizə məhz bu təlqinləri etməlidir.

      Kəlmeyi-tövhidi kamil mənada yaşamağımızın nəticəsində Rəbbimizin camal sifətləri üzərimizdə təcəlli edər. Məsələn;

      “ər-Rəhman” ismi təcəlli edərsə, mərhəmətimiz hər kəsi əhatə edər. Yəni Xaliqin nəzəriylə məxluqata baxış tərzi qazanar və şəfqətimizi yalnız özümüzə və yaxınlarımıza deyil, bütün yaradılanlara yönəldərik.

      “əl-Afuv” sifəti təcəlli edərsə, Allahın qullarının bizə qarşı işlədiyi xətaları asanlıqla bağışlayacaq hala gələrik. İman edənlərə qarşı qəlbimizdə kin və intiqam duyğusuna yer qalmaz.

      “əl-Vədud” ismi təcəlli edərsə, Allahın düşmənləri xaric, hər kəsə və hər şeyə qarşı dərin məhəbbət bəsləyərik. Xülasə, səhərlər zikr etdiyimiz kəlmeyi-tövhidin ruhaniyyəti əvvəlcə könüllərimizi və sonra da gecə və gündüzümüzü əhatə edərsə, son nəfəsimiz, yəni dünyadakı hər şeyə vidamız kəlmeyi-tövhidin ruhaniyyəti ilə şəbi-arusa çevrilər.

      Səhabələr üçün həyatın ən zövqlü və mənalı anları insanlara tövhid mesajını çatdırdıqları zamanlar olmuşdur. Edam edilmək üzrə olan səhabə ona üç dəqiqə vaxt verən bədbəxtə təşəkkür edərək, “Deməli, təbliğ üçün üç dəqiqə vaxtım var”,- demişdir.

      Son nəfəsdə kəlmeyi-şəhadəti söyləyə bilmək böyük xoşbəxtlikdir. Bunun üçün kəlmeyi-şəhadətin qəlbimizdə yer etməsi zəruridir. Kəlmeyi-tövhid onun tələbinə görə yaşayanların qəlbində özünə yer edər. Əgər insan Allahın əmr və qadağalarına qarşı laqeyd, yaxud da uzaq olarsa, onunla kəlmeyi-tövhid arasında uçurum yaranar. Qul qəflətdən uzaqlaşmadıqca bu uçurum daha da dərinləşər və ikisi arasındakı əlaqə sadəcə hərflərlə tələffüzdən ibarət qalar. Bu da böyük zərərdir. Ona görə də həyatımızın hər mərhələsinin və nöqtəsinin kəlmeyi-tövhid istiqamətində olamsı əbədi səadətimizin ən böyük vəsiləsidir. Ömrümüz boyu kəlmeyi-tövhid çərçivəsində yaşaya bilsək, son dəmdə Haqqa yolçuluq edə bilərik. Çünki dünya həyatında yaşadıqlarımız son nəfəsimizin, son nəfsimiz də axirətdəki halımızın tərcümanıdır.

      Yalnız iman, yəni tövhid möhtəvasına girməklə əməllərdən istənilən faydanı əldə etmək olar. 

      • Hits: 1083 clicks

      Tecox component by www.teglo.info