Xəbər

    PDF faylını alÇapE-poçt

      Share

      Şeyxülislam Hacı Allahşükür Paşazadə:

      “Azərbaycanda heç kim ehsanın əleyhinə deyil”.

      Son günlər ölkədə ehsan süfrələrində israfçılıqla bağlı gedən söz-söhbətlər və bu barədə dövlətin, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin mövqeyi hamının maraq obyektinə çevrilib. Bildiyimiz kimi İslam dini israfçılığın əleyhinədir və hər bir işdə ifrata varmağın doğru olmadığını ortaya qoyur.

      23 oktyabr tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəm ayı ilə bağlı keçirilən tədbirdə bir da bu mövzuya toxunub və müsəlmanları İslamın qoyduğu prinsiplərdən kənara çıxmamağa çağırıb. O öz çıxışında deyib: “Azərbaycanda heç kim ehsanın əleyhinə deyil. Ancaq ehsan həddində olmalı və israfçılığa yol verilməməlidir. Müqəddəs kitabımız Quranda bir neçə yerdə ehsan sözü qeyd edilir. Lakin bəzi insanlar bunu düzgün anlamırlar. Xalqımızın mentalitetində belə bir şey var. Deyirlər ki, nə üçün filankəs ehsan verir, mən verə bilmirəm? Gedib balalarının ruzisini kəsib ehsan verirlər. Əslində isə belələri Allah üçün ehsan vermir, şeytan üçün verir. Allah buyurur ki, varındırsa, ehsan ver, yoxundursa, vermə”. Həmçinin Şeyx onu da vurğulayıb ki, yas məclislərində ehsan həddində olmalı və israfçılığa yol verilməməlidir. "İslamda bir insanın doyması üçün bəs edəcək qədərdən artıq ehsan verilməsi israf hesab edilir”.

       

       

      TƏMAS XƏTTİNDƏ BAYRAM SEVİNCİ

      Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Fond dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməkdədir.

      Gəncliyə Yardım Fondunun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) birbaşa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilir. Bu il də kəsilən qurban ətinin bir hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə başda Tərtər və Tovuz rayonlarının təmas xəttində yerləşən kəndlərində məskunlaşan şəhid ailələrinə və aztəminatlı ailələrə paylanmışdır.Qeyd edilən bölgələrdə yaşayan 2000 ailə bayran sevincini Gəncliyə Yardım Fondu ilə birgə yaşadı.

      Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olmuşdur.

       

      “Paytaxtdan bölgələrə... Bölgələrdən paytaxta...” adlı layihə həyata keçirildi

      Dünya Gənc Türk Yazarlar Birliyinin “Paytaxtdan bölgələrə...bölgələrdən paytaxta” adlı layihə çərçivəsində silsilə tədbirləri respublikamızın müxtəlif bölgələrində yaşayıb-yaradan istedadlı gənc yazarlar, ədəbi ictimaiyyətin nümayəndələrinin, poeziya həvəskarlarının iştirakı ilə keçirildi. Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan tədbir DGTYB-nin idarə heyətinin üzvləri, təşkilatın təsisçiləri və gənc şairlərin Fəxri Xiyabanda ümummilli liderin məzarını, Şəhidlər Xiyabanı, Türk şəhidlərinin abidəsini ziyarətlə başladı. Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunda gənc şairlərlə görüş oldu. Qonaqları qəbul edən BAMF-in rəhbəri Umud Rəhimoğlu çağdaş ədəbiyyatımızda yer alan gənc şairlərin yaradıcılığı barədə söhbət açdı. DGTYB-nin təsisçilər şurasının başqanı Əkbər Qoşalı bölgələrimizdə istedadlı gənclərin yaradıcılığına toxundu, bildirdi ki, DGTYB-nin fəaliyyəti məhz onların ədəbi ictimaiyyətə tanıdılmasına yönəlib. Layihənin rəhbəri, DGTYB-nin üzvü Əfsanə Ələsgərli “Paytaxtdan bölgələrə...bölgələrdən paytaxta” layihəsinin məramından söhbət açdı. Bildirdi ki, layihə çərçivəsində “Nurlan” nəşriyyatında işıq üzü görmüş “Bölgələrdən səslər 2” kitabı gənc imzaları tanıtmaq və onlara dəstək olmaq üçün uğurlu vasitədir. Nəşrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb yaradan altmışa yaxın gənc, istedadlı yazarın yaradıcılığından örnəklər yer alır. Gənc yazarlarla diskussiya şəraitində keçən tədbirdə bir qrup gənc şeir nümunələri səsləndirdi.
      Tədbirin davamı kimi layihə çərçivəsində işıq üzü görmüş “Bölgələrdən səslər-2” toplusu nun təqdimatı Gəncliyə Yardım Fondunda baş tutdu.

      DGTYB-nin təsisçilər şurasının başqanı Əkbər Qoşalı bu cür layihələrin çağdaş Azərbaycan ədəbiyyyatında gənclərin yaradıcılığına geniş imkanlar verildiyini vurğuladı. Bunun nəticəsidir ki, artıq müxtəlif nəşrlərlə ədəbi ictimaiyyətdə tanınan gənc şairlər ədəbiyyatımızın işıqlı gələcəyindən xəbər verir. O, həmçinin DGTYB-nin əsas təsisçilərindən biri kimi, təşkilatın idarəçiliyinin artıq gənc nəslə həvalə edilməsindən fəxrlə danışdı. 
      Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim kitabın nəşr edilməsini gənc yazarlar üçün böyük stimul olduğunu vurğuladı və onları təbrik etdi. AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq müasir dövrdə gənc yazarların ədəbiyyatımızda rolundan və fəaliyyətindən danışdı və bildirdi ki, əsl istedad harada olmasından asılı olmayaraq, gec-tez üzə çıxır, dəyərli ədəbi əsərlər ədəbi əsərlərin diqqətini cəlb edir. 
      Sonda Münsiflər heyəti tərəfindən qiymətləndirilən və öz məzmun yükü, yaradıcı tapıntılarına görə seçilən ən yaxşı şeirlərin müəllifləri fəxri diplom və hədiyyələrlə təltif edildi. 

       

       

      • Hits: 836 clicks

      Tecox component by www.teglo.info