Rüfət ŞİRİNOV /SAĞLAM QƏLBDƏ SAĞLAM İMAN!

    PDF faylını alÇapE-poçt

      Share

      Yaradılan ilə Yaradan arasındakı münasibətləri tənzimləyən əsaslara din deyilir. Müsəlmanlar üçün bu dinin adı İslamdır. İslam dini yaradılan ilə Yaradan arasındakı dəyərləri və münasibətlərdəki keyfiyyəti, insanın qəlb aləminə, könül dünyasına bağlayır. Yəni bir müsəlmanın qəlb aləmində Yaradana nə qədər yer ayrılmışsa onun müsəlmançılığı o qədərdir, Allah dərgahındakı dəyəri o nisbətdədir. Əgər qəlbində ilah olaraq Allahdan başqa nə isə varsa, buna da İslam dini şirk deyir. Şirk İslam dinində əfv edilməyən böyük günahlardan qəbul edilir. Odur ki, bir müsəlmanın qəlbinə hakim olması və sahib çıxması çox böyük önəm kəsb edir.

      Könül dünyasını Allah sevgisi ilə zənginləşdirmək üçün dinimiz bizə bir çox yol göstərmişdir. Bu mənada Qurani-Kərimdə çoxlu ayələr qeyd var. Məsələn, “Qəlblər ancaq Allahı zikr etməklə (yad etməklə) aram tapar” (ər-Rad 28). Allahı daim yad etmək qəlbdə ona olan sevgi və bağlılığı artırar. Hər bir müsəlman çalışmalıdır ki, onun dili hər an Allahın zikri ilə məşğul olsun. Əgər bir insan daim mal-dövlətini düşünürsə, sevgilsini düşünürsə o zaman onun qəlbi həmin xüsuslarla dolar və qəlbin yeganə sahibi olan Allah üçün orada yer qalmaz. Bu mənada gündəlik ibadətlər və yaşayış tərzimiz, halal-harama olan diqqətimiz bir daha nəzərdən keçirilməlidir ki, görək, könül aləmində kimə daha çox yer ayırmışıq. Qəlbimizdəki fani Leylalardan qurtulub həqiqi Leylaya Məcnun olmalıdır hər bir müsəlman.

      Təəssüf ki, günümüzdə insanlar xarici gözəlliklərinə əhəmiyyət verirlər. Çünki cəmiyyətdə varlı, gözəl və yaraşıqlı insanalara daha çox etibar edilir və dəyər verilir. Halbuki Allaha görə insanın ruh gözəlliyi və könül zənginliyi əsasdır. Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Allah sizin surətinizə və bədənlərinizə deyil, qəlblərinizə (və əməllərinizə) baxar” (Müslim, Birr 33). Bir müsəlman üçün də əsas sevgi və dəyər Allahın sevgisi və Onun dərgahındakı yeridir.

      Gəlin bir az düşünək: Əgər evimizə ən çox sevdiyimiz və dəyər verdiyiz biri qonaq gələrsə, biz evimizi necə təmizləyər, və necə gözəlləşdirməyə çalışarıq? Elə isə nəzərgahi-ilahi olan qəlbimizi də bütün günahlardan, pis xislətlərdən təmizləməyə çalışmalı, gözəl əməllərlə, Quran və zikrlərlə çilalamalıyıq, ki bizi Yaradan oraya nəzər saldıqda razı qalsın. Hamımıza məlumdur insanın yaşaması və fəaliyyət göstərməsi üçün ürəyin yeri müstəsnadır. Ürək fəaliyyətini dayandırarsa bütün bədən üzvlərinin fəaliyyəti dayanar və insan yararsız hala düşər. Eyni şəkildə, bütün ibadətlərimiz, yaxşılıqlarımız qəlbə bağlıdır. Əgər mənəvi qəlb ölüdürsə, heç bir yaxşılıq və ibadətin dəyəri və faydası olmaz.

      Qəlbin kin-küdurət və pis şeylərdən təmiz olması kamil imanın göstəricisidir. Sadəcə kəlmələrlə ifadə edilən “Mənim ürəyim təmizdir” cümləsi ilə qəlb təmiz olmaz. Bunun üçün Allahın göstərdiyi yol ilə getmək, onun buyurduğu ibadətləri yerinə yetirmək şərtdir. Həzrət Peyğəmbər də (s.ə.s) insanın həm maddi, həm də mənəvi həyatının düzgün olmasını qəlbə bağlamışdır. Belə ki, o bir hədisdə buyurur: “... İnsanda bir ət parçası vardır. Bu ət  parçası düzgün və sağlam olarsa, bədən də sağlam olar, pozularsa, bütün bədən pozular. Diqqət edin, bu, qəlbdir” (Buxari, İman 39). Bəs bu ət parçasının xəstə olmaması üçün nələrə diqqət yetirməliyik? Qısaca; işlənən günahlardan ötrü peşmançılıq duyub tövbə etməli, halal qazanıb halal yerə xərcləməli və halal olanı yeməli, Qurani-Kərimin tilavəti ilə məşğul olub əhkamı ilə əməl etməli, gündəlik ibadətləri xüşu ilə əda etməyə səy göstərməli, saleh və gözəl qəlbli insanlarla oturub-durmalı və ünsiyyət qurmalı, kamil əxlaq sahibi olmalı, daim Allahı zikrlə məşğul olmalıyıq.

      Xülasə, qəlb aləmi təmiz olarsa ibadətlər əziyyət deyil, ləzzət verəcəkdir. Qəlbini Allah sevgisi ilə dolduran hər halına şükür edəcək və bu dünyada səadət içində yaşayacaqdır. Uca Allah sanki insanlar öz dərəcələrini görsün deyə Qurani-Kərimdə belə buyurmuşdur: “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər...” (əl-Ənfal, 2). Qəlbində Allah sevgisi olan kəs Allahdan başqasından nə qorxar, nə də çəkinər.

      Əbu Hüreyrədən rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Qəlb bədənin sultanıdır və onun orduları vardır. Sultan düzgün və yaxşı biri olarsa, əsgərləri də yaxşı və düzgün olar. Qulaqlar bu sultanın xəbərçiləridir. Gözlər mühafizəciləridir. Dil sultanın tərcüməçisidir. Əllər rəiyyətindəkiləri himayə edən qanadlarıdır. Ayaqlar qasidləridir. Ciyər şəfqət və mərhəmət mənbəyidir. Dalaq və böyrəklər təhlükələrə qarşı fəndləridir. Ağ ciyər nəfəsidir. Sultan yaxşı olsa, əsgərləri də yaxşı olar, pis olsa əsgərləri də pis olar”. (Abdurrəzzaq, Müsənnəf, XI, 221). Bizim sultanımız olan qəlbimizin, sultanlar sultanının hüzuruna üzüağ çıxması üçün, əsgərlərin (ibadətlərin) ona xəyanət deyil, xidmət etməsi lazımdır.

      “Ey qəlbləri haldan-hala salan Allahım, qəlblərimizi dinin üzrə sabit qıl!” (Tirmizi). 

      • Hits: 1183 clicks

      Tecox component by www.teglo.info