Saleh Şirinov / Qəlbin qorunması üçün Halal Loğma

    PDF faylını alÇapE-poçt

      Share

      Həyatımızı davam etdirə bilməmiz üçün hər canlı kimi bizim də yeməyə və içməyə ehtiyacımız var. Əlbəttə, yaşamaq üçün yeyib-içməliyik, lakin halal və harama diqqət etmək şərtilə.

      Allah-Təala insanı imtahan etmək üçün yer üzündə bəzi şeyləri halal, bəzi şeyləri də haram qılmışdır. Bu səbəblə insan oğlunun ən başda gələn vəzifələrindən biri də halal hüdudları içərisində yaşamaq, halal qazanmaq və halal yolda xərcəməkdir.

      Rəhmət sahibi olan Rəbbimiz halal və haramı bildirməklə qalmamış, halal sərhədlərini harama görə daha geniş tutaraq harama ehtiyac duymaq və ya məcbur qalmaq kimi ehtimalları da ortadan qaldırmışdır.

      İslamiyyət insana halal qazancı və halal loğmanı tövsiyə edir. Ancaq təəssüflət olsun ki, zəmanəmizdə halal loğma dərdi öz əhəmiyyətini demək olar ki, itirmişdir. “Meyvəni ye, bağını soruşma” ifadəsi müsəlmana əsla yaraşmayan sözdür.

      İnsanın yediyi şeylər bir növ etdiyi əməllərin toxumu kimidir. Eynilə, torpağa əkilən dadlı meyvə toxumunun verdiyi məhsul necə dadlı meyvə gətirərsə, toxumu acı və zərərli olan meyvənin verəcəyi məhsul da acı və zərərli olar. Eyni şəkildə mədəyə atılan toxum da halal olarsa, yəni insan halal və təmiz qidalarla bəslənərsə, o şəxsin üzvlərindən də xeyirli və gözəl işlər meydana gələr. Əksinə, mədəyə girənlər haram olarsa, haram ilə qidalanan üzvlər bir növ günah mexanizması kimi işləyər. Əbu Bəkr Dukki həzrətləri buyurur ki: “Mədə yeyilən şeylərin toplandığı yerdir. Ora halal loğma qoyularsa, üzvlərdən də saleh əməllər meydana gələr. Şübhəli loğma qoyularsa, üzvlər də Allah yolunda əməl etməkdə şübhəyə düşərlər. Əgər haram loğma qoyularsa, o loğma səninlə Allah arasında bir pərdə olar və bu yolda irəliləyişin mümkün olmaz”.

      Bu xüsusda Hz. Peyğəmbər (s.ə.s) buyurur ki: “Halal da bəllidir, haram da. Bir də bunların arasında (halal, yaxud haram olduğu bəlli olmayan) bəzi şübhəli şeylər vardır ki, çox insanlar bunların halalmı, harammı olduğunu  bilməzlər. Kim şübhəli şeylərdən çəkinsə, dinini və namusunu qorumuş olar. Kim də şübhəli şeylərə dalsa, mal-qarasını qoruğun kənarında otaran çoban kimi çox keçməz qoruğa keçər (harama düşər). Diqqət edin! Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Unutmayın ki, Allahın yer üzərindəki qoruğu haram buyurduğu şeylərdir. Diqqət edin! Bədəndə bir ət parçası vardır ki, o yaxşı olduqda bütün bədən yaxşı olar. O, pozulduqda da bütün bədən pozular. O, qəlbdir.” (Müslim).

      Diqqət edilirsə, Hz. Peyğəmbər (s.ə.s) hədisin sonunda halal və harama, şübhəli şeylərə diqqət çəkdikdən sonar qəlbə də diqqət çəkməkdədir. Buradan da öyrəndiyimiz budur ki, yediyimiz və içdiyimiz şeylərin halal və ya haram olması qəlbə təsir edir.

                  Demək ki, bütün işin başı halal loğmada düyünlənir. Yəni yeyilən şeylərin və alınan qidaların insanın maddi vücud quruluşuna təsiri olduğu kimi, mənəvi quruluşuna və inkişafına da çox böyük təsiri vardır. Madam ki, biz, bu dünyaya Allahı tanıyıb Ona qulluq üçün gəldik, elə isə yaradılış məqsədimizə uyğun yaşamaq və bu dünya imtahanını qazanmaq üçün yediklərimizə son dərəcə diqqət etməliyik. Hər gələn loğmaya keç deməməli, bədən və ruh sağlamlığımız üçün götür-qoy etməliyik.

                  Heyvanlar belə qabaqlarına qoyulan hər yeməyi yemirlər. Əvvəlcə yeməyə baxır, iyləyir, sonra yeyirlər. Məxluqatın ən şərəflisi olan insan da araşdırmadan hər qabağına gələni yeməməlidir. Qəlbin qorunması üçün yediyi loğmanın halallığına diqqət etməlidir.

      Haram loğma eyni zamanda duaların qəbul olunmasına əngəldir.

      Hz. Peyğəmbər (s.ə.s) belə buyurur: “Bir nəfər uzun bir səfərə çıxar. Saçları dağılmış, toz-torpağa bulşamış bir halda əllərini səmaya açaraq; ya Rəbb! Ya Rəbb! deyə dua edər. Halbuki onun yediyi haram, içdiyi haram, geydiyi haram, xülasə, tamamilə haramla qidalanan belə birinin duası necə qəbul olunar?” (Müslim).

      Yahya bin Muaz həzrətləri buyurur: “Taət (yəni qulluq vəzifələrini ifa etmək) bir xəzinədir. Açarı dua, açarının dişləri isə halal loğmadır.”

                  İnsanın qazandıqları və yeyib içdikləri ilə mənəvi həyatı arasında yaxın bir əlaqə vardır. Qazancı, yediyi və içdiyi haram olan insanların mənəvi həyatları sönər, duaları qəbul olunmaz, Allah ilə bağları qopar. Sonda isə nəfsinin və şeytanın əsiri olar.

      Bu xüsusun dəlili olaraq Allah-Təala Qurani-Kərimində buyurur: “Ey insanlar! Yer üzündəki qidaların halal və təmiz olanlarını yeyin. Şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o (şeytan), sizin açıq-aşkar düşməninizdir.” (Bəqərə 168).

      Böyüklərdən biri bu xüsusda buyurur ki: “İnsanların xalis və saleh əməllər işləməyə müvəffəq ola bilməmələrinin səbəbi; yemək və içmək xüsusunda diqqətli olmamalarıdır”.

      Əbu Bəkir Vərraq həzrətləri bir dəfə: “Səhər insanlara baxıram; kimin halal, kimin haram yediyini anlayıram”,- dedi. “Necə?”,- deyə soruşdular. Belə cavabı verdi:  “Hər kim səhər oyanan kimi dilini boş söz, qeybət və söyüşlə məşğul edirsə, bilirəm ki, bu hal yediyi qidadan qaynaqlanır. Hər kim də səhər vaxtı dilini Allah-Təalanın zikri, kəlmeyi-tövhid və istiğfarla məşğul edirsə, onun aldığı qida da halal yoldandır”.

      İinsanın xarakterinə iki şey dərindən təsir edər: “Biri, yediyi loğmalar, digəri də bərabər olduğu insanlardır.” Sadiqlərlə bərabərlik qəlbin şəfasıdır. Halal loğma da o şəfanın enerjisidir. Yəni, insana maddi və mənəvi qida sadəcə halaldan olduğu zaman şəfa verir. Haram qarışan qida, mənfi tərbiyə, mənəffətə bağlı dostluq və s. isə sadəcə olaraq zəhər və fəlakətdir. Çünki halal, insanda hikmət, elm və mərifəti inkişaf etdirər, qəlbində Allah eşqi, Allah şövqü və sevgisi oyandırar. Haram isə qəflət və cəhaləti körükləyər, üsyan və günah hisslərini oyandırar, qəlbi tənbəlləşdirər.

      Seyid Əmir Külal həzrətləri buyurur: “Qəlbin, dilin və bədənin təmiz olması, halal loğma yeməyə bağlıdır”.

      Abdullah bin Ömər (r.a) da bu xüsusda belə buyurur: “Namaz qılmaqdan yay kimi, oruc tutmaqdan mil kimi olsanız belə, haram və şübhəli şeylərdən uzaq durmasanız, Allah o ibadəti qəbul etməz”.

      İnsanların üsyanlarının səbəbini haram loğmada axtarmaq lazımdır. Çünki haram loğma ilə qidalanan bir vücudun ibadətə meyilli olması mümkün deyildir. Haramla qidalanan bir vücud ibadətlərə deyil, şəhvətə, mala-mülkə həvəskar olar. Şeytan belə insanları qəflətlə günaha sövq edər və onları ibadətlərdən uzaqlaşdırar. Hz. Mövlana buyurur ki: “Bilgi də, hikmət də halal loğmadan doğar. Eşq də, mərhəmət də halal loğmadan meydana gələr. Bir loğmadan həsəd, hiylə doğarsa, cahillik və qəflət meydana gələrsə, sən o loğmanın haram olduğunu bil! Heç buğda əkdiyin halda arpa çıxdığını gördünmü?”

      • Hits: 1165 clicks

      Tecox component by www.teglo.info