Əziz SULTANOV OXU VƏ YUXU

    PDF faylını alÇapE-poçt

      Share

      “Oxu” əmri insanlar üçün tarix boyu keçmişi aydınladan, gələcəyə işıq salan bir məşəl olub. İnsan ona möhkəm sarıldıqca irəli gedib, ondan uzaqlaşdıqca yerində donub qalıb. Düzdür, insan hər zaman kitab oxumayıb. Zaman-zaman tarixi oxuyub, həyatı oxuyub, təbiəti oxuyub, özünü oxuyub. Bu oxumağın və oxuduğunu dərk etməyin kefiyyəti nisbətində də irəli gedib.

       Günümüzdə oxumaq deyəndə yadımıza sadəcə kitab düşür. Elə ən çətin işlərdən biridir, könüllü olaraq, heç bir məcburiyyət və təsir altında qalmadan kitab oxumaq. Bəzən boş vaxtımızda stolun üstündə və ya rəfdə yığılan kitablara nəzər salırıq. “Görəsən, bir az kitab oxusam necə olar?!” Kitaba əlimizi uzatdığınız an isə göz qapaqlarımız ağırlaşır və yuxumuzu qaçırtmaq üçün kitabı yerinə qoyub başqa bir məşğuliyyət axtarırıq. Hətta kitab ilə yuxu arasında elə kəsilməz bir əlaqə qurmuşuq ki, yuxumuz gəlməyəndə oxuyub yuxuya getmək üçün bəzilərimizin yastıqaltı kitabları da var.. Görəsən, kitabı insanı yatırdan yuxu dərmanı kimi təqdim eləmək nə dərəcə düzgündür! Halbuki kitab bizi oyatmalıdır, oxuduqlarımız yuxumuzu qaçırtmalıdır, xəyal dünyamızı açıb yeni-yeni hədəflərə tərəf üfüq açmalıdır. Tarixdə bildiyimiz bir çox insan əməli möhtəşəm abidələr var ki, baxanda deyirik görəsən, bunları necə hesablayıblar, nə cür qaldırıblar. Misir Piramidaları, İskəndəriyyə Fənəri, Babil və Asma Bağçaları, Efes-Artemis Məbədi, Rodos heykəli, Bodrum Mavzoleyi və s. bunların bir çoxunu gözlərimizlə görməmişik, eləcə tarix kitablarından var olduqlarını öyrənmişik. Yenə də bizi heyrətləndirib, keçmişə yönəlik təsəvvürümüzün sərhədlərini keçib və onları dünyanın möcüzələri olaraq adlandırmışıq. İnsan möcüzə dəyərindəki əsərlərini sadəcə keçmişdə düzəldə bilirdimi? Xeyr, yaxın tariximizdə də insanın əlindən çıxan bir çox əsərlər var ki, oxuyanda, görəndə heyrətə düşürük. İnsanın dünyanın bir ucundan o biri ucuna telsiz telefonlarla görüntülü olaraq danışa biləcəyini bir əsr əvvəl kim təsəvvür edə bilərdi? Bunları inkişaf edən elmin nailiyyəti olaraq görə bilərik, amma elmin bu dərəcə inkişaf etmədiyi dövrlərdə də insanın ortaya qoyduğu əsərlər göz qamaşdırmağı bacarıb. Məsələn, keçən il YUNESKO tərəfindən Piri Rəis ili elan olunmuşdu. Görəsən, neçə müsəlman uşağı onun kim olduğunu və nəyə görə bu qədər əhəmiyyətli bir təşkilat tərəfindən tanıdıldığı haqda məlumata sahibdir? Piri Rəisin 1513-cü ildə, yəni 500 il bundan əvvəl çəkdiyi dünya xəritəsi o dövrdə həqiqətən də qiyməti biçilməz bir xəzinə demək idi. Zamanında bu xəritə düzgün qiymətləndirilməsə belə o xəritənin günümüzə gəlib çıxan yarım parçası hələ də elm adamlarını buna açıqllıq gətirməkdə aciz qoyur. Afrikanın qərb sahilləri ilə Amerikanın şərq sahillərini içinə alan bu xəritənin Kolumb ilə arasında 19 yaş fərqi olan Piri Rəis tərəfindən ortaya çıxardılmış olması bunun Kolumbun təcrübələri əsasında çəkilmiş olması ehtimalına əsas ola bilməz. Çünki Kolumb özü vəfatına qədər yeni bir qitə kəşf etdiyini bilməyib. Gedib Hindistana yaxın bir əraziyə çıxdığına inandığına görə onları bitişik torpaq sahəsi olaraq çəkərdi. Məsələnin qeyri-adi olması xəritənin sanki kosmosdan çəkilmiş bir fotoşəklin nüsxəsi kimi kənarlardan içəriyə doğru bükülü vəziyyətdə, eləcə də girintili-çıxışlı yerlərin dəqiq rəsm edilmiş olmasıdır. Bundan daha da maraqlısı isə odur ki, Misir və İskəndəriyyənin (tarixi İskəndəriyyə kitabxanası bu şəhərdə yerləşir) Osmanlı İperiyası tərəfindən öz torpaqlarına daxil edildikdən sonra Piri Rəisin belə bir xəritəni sultana təqdim etmiş olması və daha sonra Kitabi-Bəhriyə adlı əsərində yer alan qeydlərində bu xəritənin hazırlanmasında ona Süleyman peyğəmbərin yol göstərdiyini iddia etməsidir. İskəndər və Süleyman adları müsəlmanlar üçün dünya hakimiyyəti bəxş edilmiş olan müqəddəsləri ifadə edir. Zülqərneyn deyə adı Quranda keçən İskəndərin şərqdən qərbə hüdud tanımaz səyahətləri nəql edilir. Günəşin çıxdığı yerə, günəşin batdığı yerə getdiyi Quranda bizə xəbər verilir. Qədim Mayalarda olan Mehdi bənzəri bir inancın, günəşin oğlunun bir gün təkrar qayıdıb onları qurtaracağı inancının da Zülqərneynlə bağlı olduğu bəzi müsəlman təhqiqatçılar tərəfindən iddia olunur. Həzrət Süleymanın da küləklərə hakim olub yer üzündə çox sürətli hərəkət qabiliyyətinə malik olduğu və dünyaya bir daha heç kimin onun qədər hakim ola bilməyəcəyi bildirilir. Qurandakı ifadə ilə desək: “səhərdən günortaya qədər bir aylıq yolu gedər, günortadan axşama qədər də bir aylıq yol  qət edərdi...” Başınızı çox ağrıtmaq istəmirəm. Nəticə olaraq, həm öz keçmişimizi həm də dünyanın sirlərini çox yaxşı oxumaq lazımdır. Oxuyanda elə kitablar seçməliyik ki, yuxu gətirməsin, yuxumuzu qaçırtsın. Bizi yatırtmağa xidmət eləmək yerinə oyandırsın, gözümüzə işıq verib gələcəyimizə işıq saçsın. 

      • Hits: 1037 clicks

      Tecox component by www.teglo.info