Kamran Məmmədov QURAN GÜNDƏLİYİ

    PDF faylını alÇapE-poçt

      Share

      KAFİRUN SURƏSİ
      Kafirun surəsi Məkkədə enmişdir və 6 ayədir. Allahı birləmə, şirk və azğınlıqdan uzaq olmağı açıqlayan surədir. Müşriklər Hz Peyğəmbəri (s.ə.s) razılaşmağa çağırdılar və bir il onun öz ilahlarına ibadət etməsini bir il də özlərinin onun Allahına ibadət etmələrini təklif etdilər. Bunun üzərinə kafirlərin bu həvəslərini kəsmək, iki qrup yəni möminlərlə bütpərəstlər arasındakı mübahisəni aradan qaldırmaq və bu pozğun fikrin nə indi, nə də gələcəkdə əsla mümkün olmayacağını kafirlərə bildirmək üzrə bu surə nazil oldu.

      Qureyşin irəli gələnlərindən bir qrup Rəsulullaha (s.ə.s) sən gəl bizim dinimizə tabe ol, biz də sənin dininə tabe olaq, bir il sən bizim tanrılarımıza ibadət edərsən, bir il də biz sənin məbuduna ibadət edərik,- dedilər. Rəsulullah (s.ə.s): “Allaha başqasını ortaq qoşmaqdan Allaha sığınıram”,- dedi. Onlar “elə isə bizim tanrılarımızın bəzisinə əlini sürt, biz də səni təsdiq edək və məbuduna ibadət edək”,- dedilər. Bu səbəblə Kafirun surəsi nazil oldu. Rəsulullah səhər Məscidi-Hərama getdi, qüreyşdən böyük bir heyət var idi. Yüksək bir yerə çıxdı və  bu surəni oxudu, onlar da ümidlərini kəsdilər.

      İbn Cəririn və Razinin qeyd etdiklərinə görə “De ki: Allahdan başqasına ibadət etməyi mənə əmr edirsiniz, ey cahillər?” (əz-Zumər, 64) ayəsi də bu səbəblə nazil olmuşdu. Ayədə Peyğəmbərə Allahdan başqasına qulluq etməyi əmr etdiklərinə görə kafirləri cahilliklə ittiham edərək onlara “ey cahillər” deyə xitab etməsi əmr edilir. Bundan daha ağır olaraq “ey kafirlər” deyə xitab əmr olunaraq onların dinindən uzaqlaşma və haqq din olan tövhid dinini mənimsəmək təbliğ buyurulur.

      “(Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!  Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm! Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz! Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!” (əl-Kafirun, 1-6)

      Rəsulullah (s.ə.s) buyurdu ki: “Hər kim Kafirun surəsini oxusa, Quranın dörddə birini oxumuş kimi olar” (Tirmizi, Fəzailul-Quran, 10; Əhməd bin Hənbəl, Müsnəd, 3 / 146,221; Beyhəqi, Şuabul-İman, 2/497).

      Rəsulullah (s.ə.s) Həzrət Novfəldən soruşdu:

      “Səni bura gətirən mühüm iş nədir?”. O, bu cavabı verdi:

      “Yanına gəlməyimin səbəbi yatmağa hazırlaşanda nə oxuyacağımı öyrənməkdir”.

      Rəsulullah (s.ə.s):

      “Yatağına uzananda Kafirun surəsini oxu, onu oxuduqdan sonra yat! Çünki o, şirkdən uzaqlaşma bəyannaməsidir!”,- buyurdu. (Darimi, Fəzailul-Quran, 23, 3430; Tirmizi, Dəavat, 14,25,116; Əbu Davud, Ədəb, 101; İbn Macə, Dua, 15)

      Rəsulullah (s.ə.s) bir dəfə belə buyurdu: “Sizə Allah-Təalaya şirk qoşmaqdan sizi qoruyacaq bir söz söyləyimmi? Yatmazdan əvvəl Kafirun surəsini oxuyun!” ( Süyuti, Dürrül-Mənsur, 8/657). 

      • Hits: 848 clicks

      Tecox component by www.teglo.info