İRFAN / PEYĞƏMBƏRİMİZİN YETİŞDIRİYİ ŞƏXSİYYƏT Hz. ƏLİ (r.a)

    PDF faylını alÇapE-poçt

      Share

        Peyğəmbərimizin həm əmisi oğlu, həm də kürəkənidir. Hz. Əli Peyğəmbərimizin yanında böyüyüb boya-başa çatmışdır. Onun müəllimi Peyğəmbərimiz olmuşdur. Peyğəmbərimizdən aldığı tərbiyə, əxlaq dərslərinin sayəsində müsəlmanlar üçün nümunəvi şəxsiyyət kimi tarixə düşmüşdür.

         Uşaqlıqdan Peyğəmbərimizin yanında böyüyən Hz. Əli (r.a) Peyğəmbərimiz (s.ə.s) tərəfindən böyük diqqət mərkəzində olmuşdur. Peyğəmbərimiz (s.ə.s) Hz. Əliyə (r.a) əxlaqın bütün gözəlliklərini öyrətmişdir. Bədii ifadə ilə desək, ona öz elm, əxlaq, ədəb bulağından su içirtmişdir. Çünki Hz. Əli (r.a) Peyğəmbərimizin (s.ə.s) gözü qabağında böyüyən Hz. Əli (r.a) bir şəxsiyyət kimi formalaşmasında heç bir maneə yox idi. Cahiliyyə dövrünün palçıqlı, çirkablı yollarında yeriyib üzərinə bir damcı palçığın, çirkabın sıçramaması o dörv üçün böyük hünər idi. Peyğəmbərimiz (s.ə.s) belə bir dövrdə çirkaba, palçığa bulaşmadı və öhdəsinə götürdüyü Hz. Əlini (r.a) də bulaşdırmamağa cəhd etmişdir.

         Hz. Əlinin fiqh sahəsindəki üstünlüyü səhabələr tərəfindən belə birbaşa qəbul edilən bir həqiqətdir. Hz. Peyğəmbər (s.ə.s) onu qazı olaraq Yəmənə göndərmiş və orada necə hökm vermək lazım olduğunu öyrətmişdir. Onun hüquq biliyi və hökm vermədəki müvəffəqiyyəti Hz. Ömər "Ən məqsədəuyğun hökm verənimiz Əli idi" sözü ilə ifadə etmişdir.

         Peyğəmbər (s.ə.s), ümumiyyətlə, ümmətini elm öyrənməyə təşviq etdiyi kimi, xüsusi olaraq da Hz. Əlini (r.a) elmə təşviq etmişdir.

         Hz. Əli (r.a) Peyğəmbərin səhabələri içərisində elmi ilə seçilənlərin başında gəlir. Çünki o, kiçik yaşdan etibarən Peyğəmbərimizin (s.ə.s) himayəsində, tərbiyəsində yetişmişdir. Hz. Məhəmmədə (s.a.s) peyğəmbərlik gəlincə də dərhal müsəlman olmuşdur ki, o zaman hələ on yaşında idi. Buna görə Hz. Əli Peyğəmbərlik evində yetişmiş, beləcə, Peyğəmbərimizin (s.ə.s) elm və feyzindən çox istifadə etmə imkanı olmuşdur.

       Hz. Əli deyilincə, onun ağla gələn ilk xüsusiyyətlərindən biri elmdir. O, elm diyarının qapısı kimi məşhurdur. Peyğəmbərimiz bir hədisi-şəriflərində: "Mən elmin, hikmətin şəhəriyəm, Əli də qapısıdır. Elm istəyən kimsə bu qapıdan gəlsin",- deyə buyurmuşdur (Tirmizi, Mənaqib, 20).

      Peyğəmbərimiz Onu elə yetişdirmişdir ki, Quran və Sünnəni ən yaxşı bilən səhabələrdən biri idi. Belə deyərdi: "Mənə Allahın kitabından sual verin! Allaha and olsun ki, istər gecə, istərsə də gündüz nazil olsun bilmədiyim bir ayə belə yoxdur".

      Hz. Əli elmə və alimə əhəmiyyət verdiyi kimi, elmlə əməl edilməsinə də böyük əhəmiyyət verirdi. Onsuz da dinimizdə elm sırf məlumat üçün deyil, əməl etmək, yaşamaq, həyata keçirmək üçün öyrənilir. Peyğəmbərimiz (s.ə.s) əməl edilməyən faydasız elmdən Allaha sığınardı. Hz. Əli dünyanı ayaqda tutan şeylərdən birinin də elmləri ilə əməl edən alimlərin olduğunu söyləyərdi. Necə ki, Hz. Əli Cabir b. Abdullaha belə demişdir: "Dünya dörd şey ilə ayaqdadır:

      a- Elmi ilə əməl edən alim,

      b- Öyrənməkdən çəkinməyən cahil,

      c-Malından xəsislik etməyən zəngin,

      d- Dünya qarşılığında axirətini satmayan kasıb.

      Alim elmi ilə əməl etməyəndə, cahil öyrənməkdən qaçar. Zəngin malında xəsislik edəndə, kasıb dünya qarşılığında axirətini satar. Onlar yerə girsinlər, onlar yoxa çıxsınlar".

      Elmi ilə əməl etməyən alimlər xalqa pis nümunə olurlar. Bu mövzuda Hz. Əli belə deyərdi: "İnsanlar alimlərin elmi əməl etmədiklərini gördükləri üçün elmə rəğbət göstərmirlər".

         Hz. Əli həyatında söylədiyi sözünü yerinə yetirən idi. İnsanın özünü tərbiyə etməsi lüzumu haqqında bunları söyləmişdir: "Xalqa imam olan adam, xalqa öyüd-nəsihət vermədən və onları tərbiyə etmədən əvvəl özünü tərbiyə etməlidir. O, öz şəxsiyyətini dili ilə ortaya qoymadan əvvəl, əməlləri və davranışları ilə göstərəcək. Özünü inkişaf etdirən, yetişdirən və tərbiyə edən adam xalqa öyüd-nəsihət verən və tərbiyəvi söz danışan adamdan daha qiymətlidir".

         Hz. Əli ədalət sahibi, insan hüquqlarına son dərəcə riayət edən bir idarəçi idi. Malik əl-Əştəriyə yazdığı əmrnaməsini müsəlman və müsəlman olmayan hər kəsə qarşı eyni şəkildə davranılmasının labüdlüyünü bildirmişdir, çünki müsəlmanların onun dində qardaşı, müsəlman olmayanların da eynilə onun kimi insan olduqlarını ifadə etmişdir. Bir dəfə vali Abdullah b. Abbasa qeyri-müsəlmanlarla əlaqədar bu məktubu yazmışdır: "... Onlar kafir və bütpərəst ola bilərlər. Amma əmrimiz altında olduqları və hər şeydən əvvəl insan olduqları üçün içimizdən qovulmamalı, mərhəmətsizcə rəftara və təhqirə məruz qalmamalıdırlar".

         Hz. Əli (r.a) gözəl danışması və üstün natiqlik qabiliyyəti ilə tanınır. Mənbələrdə onun xütbələrini, məktublarını və yenə onun gözəl və hikmətli sözləri geniş şəkildə qeyd olunur.

         Beləliklə, Hz. Əli (r.a) Peyğəmbərimizin (s.ə.s) məktəbindən təhsil almış bir şəxsiyyətdir. 

      • Hits: 816 clicks

      Tecox component by www.teglo.info