Home Arxiv 2014 № 94 Sentyabr Bayram ƏLİYEV / DOĞRU VƏ DÜRÜST OLMAQ


    Bayram ƏLİYEV / DOĞRU VƏ DÜRÜST OLMAQ

    PDF faylını alÇapE-poçt

      Share

         İnsanın qiyməti söylədiyi söz və etdiyi əməlləri ilə ölçülür. Bir insanın sözü özünə, özü sözünə və əməllərinə uyğun gəlirsə, o insan dürüst və doğru bir insandır. Bu yüksək xüsusiyyətə sahib olan hər kəs insanlar tərəfindən etibarlı və güvənilən bir insan kimi tanınır. Ona qarşı hər könüldə sevgi olur və hamı onu sevir, ona dərin hörmət bəsləyir. Çünki belə insanlar Peyğəmbərlərin sifətlərindən olan sidq (sözündə və işində doğru olmaq) sifətini daşıyırlar.

         Doğruluq insanı xoşbəxt və bəxtiyar etdiyi kimi, doğruluğun ziddi olan yalançılıq sözündə və işində doğru olmamaq insanı eyni dərəcədə bədbəxt və pərişan edir. Bunun üçün dinimiz İslam doğru olmağı tövsiyyə etmiş, yalançılığın isə çirkin bir xüsusiyyət olduğunu açıq aydın lənətləmişdir.

         İnsanları yalançı və saxtakar olan bir cəmiyyət özünü fəlakət və müsibətlərdən qurtara bilməz. Yalançılığın və saxtakarlığın hökm sürdüyü bir cəmiyyətdə rahatlıq, əmin-amanlıq, hüzur və səadət yoxdur. Yalançılıq insanı sürətlə cənnətdən uzaqlaşdıraraq cəhənnəmə yaxınlaşdıran dəhşətli bir xəstəlikdir. Yalançılıq müsəlmanı Hz. Peyğəmbərdən (s.ə.s) ayıran, Peyğəmbərimizə yaxın olma şərəfinə mane olan bir mövqedir. Buna dair Peyğəmbərimiz (s.ə.s): “Bizi aldadan bizdən deyildir” (Müslim, İman, 164)- deyə buyurmuşdur.

         Dilindən heç vaxt yalan əskik olmayan, alış-verişdə, ticarətdə hər cür hiylə işlədən, dinə və dindarlara hücum edən, haqq və hüquq nədir bilməyən, namazdan-niyazdan xəbəri olmayan bir kimsə: “Mən doğruyam, mən haqq yoldayam”-deməklə heç vaxt özünə bəraət qazandıra bilməz. Bu düşüncədə olanlar belə sözləri ilə yalançı olduqlarını iddia edirlər.

         Doğruluq Allahın əmr etdiyi şəkildə olduğu zaman doğruluqdur. Yoxsa hər kəsin arzusuna və ideyasına görə doğruluq anlayışı məqbul sayıla bilməz. Əks halda Firon tipli insanlar, Əbu Cəhl və Əbu Ləhəblər dinə və imana hücum edən əhli-küfr də doğru sayılardı.

         Hz. Peyğəmbər (s.ə.s) bir kəlamında “Məni "Hud" surəsi qocaltdı”- buyurmasına səbəb, bu surədəki “Əmr olunduğu kimi (düz) yolda ol” (Hud, 112) ayəsidir.

        Deməli, doğruluq düşündüyümüz  kimi yox, əmr olunduğu kimidir. Bəli, İslamda doğruluğun əsası budur. Necə ki, hər mömin beş vaxt namazın hər rükətində oxuduğu "Fatiha" surəsinin “Bizi doğru yola yönəlt!”-ayəsi bu doğruluğa əsaslanır.

         Allahın rəhməti, Rəsulullahın şəfaəti doğru olanların üzərinədir. Doğru yoldan azanlara, haqqı batili  ayırmayanlara, nəfs və şeytana qul olanlara Allah da acımaz, Rəsulullah da. Doğruluq insanı salamatlığa, yalançılıq isə fəlakətə aparır.

         Abdullah bin Məsuddan (r.a) rəvayət edilən bir hədisi-şərifdə Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: "Şübhəsiz, doğruluq yaxşılığa aparır. Yaxşılıq da cənnətə aparır. İnsan doğru danışdığı müddətdə Allahın yanında siddiq (doğru sözlü) olaraq yazılır. Şübhəsiz, yalan günaha aparır. Günah da cəhənnəmə aparır. İnsan yalan danışdığı müddətdə Allahın yanında kəzzab (yalançı) deyə yazılar" (Buxari, Ədəb, 69; Müslim, Birr, 103-105).

         Allah-Təala Qurani-Kərimdə buyurur:

        “Şübhəsiz ki, “Rəbbimiz Allahdır!”deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət, 30)

         İslam tarixində “Allaha inandım”-dedikdən sonra, sözlərində və işlərində doğru olan möminlər çoxdur. Uca Allah sözündə və işində doğru olanları belə təsvir edir:

          “Şübhəsiz ki, “Rəbbimiz Allahdır!” deyənlərin, sonra da doğru yolda olanların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər! Belələləri cənnətlikdirlər, onlar (dünyada) etdikləri yaxşı əməllərin əvəzi olaraq orda qalacaqlar”. (Əhqaf 13-14).

         Bütün bunlarla yanaşı, həqiqi müsəlman sözündə, əməlində doğru olmaqla bərabər doğru və sadiq insanlarla bir olmasına diqqət yetirəndir. Uca Allah belə buyurur:

          “Ey iman edənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla bir olun!" (Tövbə 119).

      • Hits: 730 clicks

      Tecox component by www.teglo.info