Mübariz ƏLİOĞLU / ƏMƏLLƏRİMİZ və QƏLBLƏRİMİZ İLAHİ RƏHMƏT LİBASINA MÖHTACDIR

    PDF faylını alÇapE-poçt

      Share

         Uca Allah (c.c) sonsuz rəhmətindən dolayı qullarına ilhamla Qurani-Kərimdə belə buyurur: "Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən! Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!" (Ali İmran, 8-9).

         Rəhmətindən dolayı gecəni  dinləmək, gündüzü isə lütfündən ruzi aramaq üçün yaradan (Qasas, 73), rəhmətinin önündə müfdəçi olaraq rüzgarları göndərən (Furqan, 48), bütün insanlara çox şəfqətli və mərhəmətli olan (Bəqərə, 143) və rəhmət etməyi öz nəfsinə yazmış (Ənam, 12) aləmlərin Rəbbi, Rəhman və Rəhim olan Uca Allaha şükürlər və həmd-sənalar olsun.

         Aləmlərə rəhmət olaraq göndərilən (Ənbiya, 107) və Rəbbimiz tərəfindən - Ya Muhamməd! Sən olmasaydın, Cənnəti, Cəhənnəmi, dünyanı yaratmazdım!- iltifatı ilə şərəflənən Hz. Muhamməd əleyhissəlama salətü səlamlar olsun.

         Uca Allah sonsuz lütf və kərəmi ilə bu dünyada Özünü Rəhman olaraq tanıtmaqdadır. Bu rəhmətin əlamətlərini istisnasız olaraq hər yerdə müşahidə etmək mümkündür. Bizləri bu mərhəməti ilə ən gözəl əməllərə müvəffəq edən, bir rəhmət təcəllisi olan Haqq Rəsuluna itaəti Özünə itaət olaraq qəbul edən Allahın bizlərdən istəyi budur: - Mənə ibadət edin ki, sizi rəhmətimə nail edim, itaət edin ki, sizi böyüklüyü yer və göylər qədər olan Cənnətimə nail edim. Mənə itaət edin ki, sizləri rizama, dünya və axirətdəki hər bir nemətin fövqündə dayanan Cəmalullahıma nail edim.

         Təbiidir ki, dünyəvi imtahan yurdunun suallarına Quran və Sünnə məktəbini layiqincə tədris etməklə, dünyəvi, nəfsani və qəlbi mərkəzlərdən təmizlənməklə qaneedici cavab vermək mümkündür. Lakin verilmiş cavablardan əla qiymət almağımız belə əbədi qurtuluşumuzu təyin edəcək bütövlükdə deyil. Çünki bir qul olaraq əməli qabiliyyətlərimiz nə qədər təmiz, nə qədər üstün bir səviyyə kəsb etsə belə bunların mükəmməl yaradıcı olan Uca Allahın bizlərə ehsan etdiyi kəmiyyət və dəyərini anlamaqda aciz olduğumuz maddi və mənəvi nemətlər qarşısında bir şey ifadə etməyəcəyi şübhəsizdir. Kainatda baş verən hər bir hadisədə ilahi rəhmətin hakim mövqedə olduğu gerçəkliyini cümləmizə anladan Allah Rəsulu belə buyurur: "Unutmayın ki, sizdən heç bir kimsəni etdiyimiz əməllər cənnətə götürməyəcəkdir". Sahəbələr: -Sən də mi (Əməlinlə cənnətə gedə bilməyəcəksən), ey Allahın Rəsulu?- deyə soruşdular. Rəsulullah: - Bəli, mən də- dedi və əlavə etdi: - Allah fəzli və rəhməti ilə bürüməsə Mən də". Bir digər rəvayətində: "Bəli, mən də. Amma Rəbbim məni rəhmətinə qərq etmişdir" (Buxari, İman,16-29).

      Allah Rəsulunun bildirmiş olduğu hər bir məsələni incədən incəyə həyatlarına tətbiq etmə istəyinə sarılan səhabə nəslinin və onların şanlı davamçılarının bizlərə buraxdığı örnəklər olduqca ibrətamizdir. Mübarək müəllimləri kimi, onlarda da əməllərə güvənməmə qətiyyəti və ilahi rəhmətə can atma səmimiyyəti yaşamış olduqları həyat səhifələrindən aydınlıqla sezilməkdədir. Zahiri və batini elmlərdə qazandığı uğurlara görə "Günəşlər Günəşi" deyə çağırılan məşhur İslam alimi Mövlanə Xalid Bağdadi həzrətlərinin etirafları ilahi rəhmət axtarışında olan aciz bir qulun çalışmalarına işıq salmaqdadır: "Allah-Təalaya and içirəm ki, anam məni doğduqdan bu günə qədər Allah qatında məqbul və mötəbər olub hesabı sorulmayacaq bir tək xeyir işlədiyimə inanmıram. Əgər nəfsini bütün xeyirxah işlərdə müflisləşmiş olaraq görmürsənsə, bu cəhalətin ən son nöqtəsidir. Əgər müflisləşmiş olaraq bilirsənsə və kərəmi qul üçün insanların və cinlərin (bütün saleh) əməllərindən daha xeyirlidir".

         Əməllərlə yanaşı, qəlblərin də ilahi rəhmət libasına çox böyük ehtiyacı vardır. Böyük İslam alimi Mahmud Sami Ramazanoğlu həzrətlərinin bu istiqamətdə ilahi iznlə sərgiləmiş olduğu rəhmət nümunəsi valehedici bir mərhəmət mənzərəsi yaratmaqdadır:

         Sami həzrətlərini sevən bir aşiqin könlü heç rahatlıq tapa bilmirdi. Ya Rəbbi, ya Rəbbi, Sami əfəndimin qəlbini mənə göstər- deyə dua edən aşiqin mənəviyyatı, onu bürümüş olan bu müəmmanın axtarışında idi. Günlərin birində gözlərini xəfif bir yuxu aparmağa başladı. Bu əsnada duymadığı, anlamadığı aləm onu əhatə etməyə başladı. İlahi iznlə Sami əfəndinin qəlb aləmi aşiqin gözləri önünə gətirildi. Aşiq bu aləmə daxil olaraq buranın göylərinə, yerlərinə önünə, arxasına, sağına, soluna baxmağa başladı. Aman ilahi, bu nə möcüzədir, hara baxıramsa, rəhmət yazılıdır- deyərək heyrətlə bu mənzərənin gözəlliyi qarşısında məst olmağa başladı. Demək, canından artıq sevdiyi əfəndisinin iç aləmi yalnızca rəhmətdən ibarət imiş. Rəhulullahın ümmətinə buraxmış olduğu ən böyük miraslardan biri olan rəhmətdən doğrudan da Uca Rəhman tərəfindən təmamən Rəhmət libasına bürünən qulların əməlləri də, qəlbi fəaliyyətləri də yalnız rəhmət saçmaqdadır. "Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq" (Məryəm, 96)- deyə buyuran Uca Rəbbimizin xüsusi lütfü ilə bu qəlbləri möhtəşəm bir rəhmət qibləsinə çevirməsi necə də cazibədardır. Rəbbimizin qəlblərini rəhmət qibləsinə çevirdiyi Əhli-beyt, səhabeyi-kiram həzəratı günümüzədək unudulmadı. Könül sultanları, Ömər bin Əbdüləzizlər, Əhməd Yəsəvilər, Mövlanalar, Şahi Nəqşibəndilər, Yunus Əmrələr unudulmadı. Əməllərlə bərabər qəlblər də ilahi rəhmət libasına möhtacdır. Rəbbimiz cümləmizi tamamən rəhmətə bürünmüş səlim bir qəlb ilə hüzuruna götürəcəyi qullarından eləsin. Amin!

      • Hits: 754 clicks

      Tecox component by www.teglo.info