Eldar KƏRİMOV / VARLIYA “KASIB” YARDIMI

    PDF faylını alÇapE-poçt

      Share

         Müqəddəs Ramazan ayında uzun bir yolçuluq başlayırdı həyatımda. Hər zaman olduğu kimi, böyük bir həyəcan sarmışdı bütün bədənimi. Fərqli bir təbiət və fərqli insanlarla tanışlıq var idi bu səfərin içərisində.

        Yalnız kitablardan oxuduğum və filmlərdən gördüyüm yoxsul bir məmləkətə dəyəcəkdi qədəmlərimiz. Hər şeyi gözə almışdıq o zaman. Sağlam bədənimizə yoluxacaq xəstəlikləri və ac qalacağımız günlərimizi belə. Ramazan ayında olacaq bu yolçuluq aclıq və susuzluqdan əziyyət çəkən insanların halını başa düşməkdə bizə kömək edəcəkdi. Bizləri ümidlə gözləyən insanlara Ramazan sovqatı aparmaqdı əsas missiyamız. Ətrafımda olan bütün dost-tanışlarım və qohum-qardaş getməməyi məsləhət bilir və oralarda olan yoluxucu xəstəliklərdən danışıb fikrimdən vaz keçirməyə çalışırdılar.

         Müəyyən edilmiş vaxtda səfər çantalarımızı götürüb Allaha təvəkkül içərisində min kilometrlərlə bizdən uzaqlarda əziyyət çəkən müsəlman bacı və qardaşlarımızın, bir az da olsa, dərdlərinə şərik olmaq və onlara yardım etmək üçün yola qoyulduq. Təyyarə ilə səkkiz saatlıq uzun yolçuluqdan sonra Tanzaniyanın Darussalam şəhərində yerləşən beynəlxalq hava limanına düşər-düşməz məkan və imkanların bizimkilərdən nə qədər fərqli olduğunun fərqinə vardıq. Hər şey bizim illər öncə tərk etdiyimiz texnoloji alətlərlə yerinə yetirilirdi. Onlara görə ən yaxşı inkişaf etmiş Darussalam şəhərinin ara küçələrində maşından istifadə etmək, demək olar ki, qeyri-mümkün idi. Həmin gecəni qonaqlayacağımız ünvana gələrkən maşının üzərinə qaçan uşaqların “Pipi” deyərək qışqırıb nə isə istəmələri məni çox təəccübləndirmişdi. Sən demə, “Pipi” sivahicə konfet demək imiş. Uşaqlar da hər dəfə onları gördüyündə konfet verən qardaşımızın maşınını uzaqdan tanımışdılar. O, yenə də onların bəxşişlərini verib üzlərini təbəssümə qərq etdi.

         Bir gün sonra azərbaycanlı və türkiyəli xeyriyyəçilərin dəstəyi ilə alınmış ərzaq paketlərinin hazırlanması və imkansız ailələrə paylanması üçün Zanzibar adasına yollandıq. Burada diqqətimi çəkən ilk şey, insanların öz evlərinin qarşısında gün boyunca çıxıb oturmaları oldu. Küçə boyunca uşaqlı-böyüklü, kişili-arvadlı hər kəs işsiz-peşəsiz oturub gəlib-gedənlərə baxırdılar sadəcə. Qarşımıza çıxan böyüklü-kiçikli hər kəs ağdərili olduğumuz üçün bizə təəccüblə baxır və bacardıqca bizlərdən uzaq durmağa çalışırdılar. Tarix boyunca ağdərili missionerlərin sömürmələrinə məruz qalan bu insanların bizlərə qarşı bu münasibətləri normal qarşılana bilərdi. Ancaq onlarla münasibət qurub müsəlman olduğumuzu bildirdikdən sonra hər şey normala qayıdır və bizlərə gözlədikləri bir ümid kimi baxırdılar.

         Onu deyə bilərəm ki, ilk günlər yemək sarıdan kifayət qədər əziyyət çəkdik. Belə ki, afrikalı qardaşlarımızın damaq dadı bizimkindən olduqca fərqlidir. Demək olar ki, bütün yeməklərinin dadı şirin olur. Bizim bütün yeməklərimizin yanında vaz keçə bilmədiyimiz çörəkdən belə istifadə etmirlər. Bizim çörəyimizin yerini onların mətbəxlərində qarğıdalı unundan hazırlanmış “uqali” dedikləri xəmir parçası tutur. Bütün yeməklərdə istifadə etdikləri xüsusi ədviyyatlar isə başqa bir aləm.

         Bəli, tam on dörd günlük səfər yekunlaşdı Afrikada. Yaddaşımda ilişib qalanlar sadəcə bunlar deyil. Bundan daha geniş və maraqlı məlumatları sizinlə paylaşmaq istəyərdim, amma mənim istəyim onlarla bizim yaşam tərzimizi müqayisə etmək olmadığından sözlərimi burda yekunlaşdırıb keçirəm heç bir zaman yadımdan çıxmayacaq və ömür boyu mənim və bizlərin həyatımıza yön verə biləcək bir insani keyfiyyəti sizinlə paylaşmağa.

         Əziz oxucu! Bura qədər yazdıqlarımı ciddiyə almayıb unuda bilərsən, amma bundan sonrakılarını əsla unutma. Bir şeyi unutma ki, orada uşaqlar bütün yoxsulluqlara, hətta geyəcək ayaqqabılarının, yeyəcək yeməklərinin, oynayacaq oyuncaqlarının olmamasına baxmayaraq, hər zaman təbəssüm içərisindədirlər. Onlara verdiyin hər şeyi yanlarındakı uşaqlarla paylaşarlar. Heç nəyi seçməz, nə versən, onu da qəbul edərlər. Sabahı düşünmədən yaşayar oradakı insanlar. Bu gün tapdıqlarını yaxınları, dostları, qonşuları ilə paylaşıb yeyər, sabaha "Allah kərimdir" deyərlər. Xırda bir hədiyyə üzlərində təbəssümü, gözlərində sevinci canlandıra bilir. Evləri döşəməsiz, aynasız və işıqsızdır onların. Amma bir otaqlı evdə 5-6 nəfər xoşbəxt yaşayır. Onlar maddi olaraq yoxsul olsalar da, insanlıqlarından heç nə əskilməyib hələ.

        Bizlər əlimizdə imkanlar olduqca insanlığımızı və insanları unutmağa başladıq haradasa. Sadəcə özümüzü düşünməyimiz insanlardan uzaqlaşdırdı bizi. Bəlkə də, bugünkü halımıza hamıdan çox şükür etməliyik, amma itirdiyimiz insanlığı geri qaytarmaq üçün daha çox cəhd edərək.

        P.s. Biz onlara yardım apardıq ki, onlara dəstək olaq, ancaq onların hər hallarına şükür edib xoşbəxt yaşamaları bizim onlardan kasıb olduğumuzu bizə öyrətdi...

      • Hits: 709 clicks

      Tecox component by www.teglo.info