Alpay ƏHMƏDOV / YAS MƏCLİSLƏRİMİZDƏ QİDA İSRAFÇILIĞI: NECƏ OLSUN?

    PDF faylını alÇapE-poçt

      Share

         Bu mövzu ilə bağlı çoxlu məqalələr yazılıb, cəmiyyətdə kifayət qədər müzakirələr aparılıb, hətta iş o səviyyəyə çatıb ki, Azərbaycanın müxtəlif rayonlarında yas məclislərində müəyyən qida məhsullarının verilməsi ilə bağlı icra hakimiyyəti səviyyəsində qadağa qoyulub. (Yeri gəlmişkən, bu qadağanın bütün Azərbaycan ərazisində də tətbiq olunmasını istəyənlər də az deyil).

         Elə bu yazımızda hüzrlərdə süfrəyə verilən qida barəsində sizlərlə fikirlərimizi  bölüşmək istərdik. Daha doğrusu, problemi sual-tesiz şəklində qoymaq istərdik: Bu məsələnin inzibati qaydada tənzimlənməsi nə qədər düzgündür?

         Bununla da bağlı fikirlər müxtəlifdir. Deyək ki, iki-üç cür yeməyin, bəzi hallarda hətta bir cür yeməyin məclisə verilməsinə məhdudiyyət qoyulmasının lehinə çıxış edənlər hesab edirlər ki, belə halda aztəminatlı ailələr müəyyən xərclərdən azad olmuş olur. Əleyhinə olanların fikrincə isə yas məclisinə yemək verilməsi məsələsi hər bir ailənin öz hüququna aiddir və bu məsələdə heç bir məhdudiyyət ola bilməz.

         Bu barədə fikirləşəndə təbii ki, ilk ağla gələn ədalət ölçüsü olur. Zatən İslam da deyir ki, israfa yol verməyin. Düzü, bu məsələdə inzibati qadağaya üstünlük verirəm, –bilirəm, opponentlik edənlər o dəqiqə məni qaragüruhda, konservatizmdə və andemokratik düşüncəli olmaqda günahlandıracaq. Bəlkə də, opponentlərimin yanaşmasında müəyyən həqiqət var. Amma düşüncə etibarilə antidemokrat olmadığımı söyləyib fikrimi yenə də məhz ədalət prinsipinə söykəndiyini bildirirəm: varlı yas məclisində süfrəyə çay verməklə itirəcəyi şey uzağı “prestij”, şöhrət olur. Uzağı, onun qohumları, tanışları gedib orda-burda pıçhapıçla qeybət edəcəklər ki, filankəsin pulunu balta kəsməz, amma bunun verdiyi yas məclisinə bax.

         Azərbaycanda olmuş bir hadisəni qısaca danışım, - üç məclisində yaxşı maddi imkanı olan hüzr sahibi gələnlər üçün ancaq çay süfrəsi açır. Bundan hikkələnən bəzi üzdəniraq qohumlar acığa qırx məclisinə gəlmir. Bu cür hikkəlilərə adam lap demək istəyir: hirslənmisən, get bir stəkan su iç.

         Amma deyək ki, inzibati qaydada belə bir qadağa olsaydı, təsəvvür edin, nə qədər aztəminatlı ailə mənasız borcdan-xərcdən azad olardı. Axı biz bilirik ki, Azərbaycanın bəzi bölgələrində hüzrdə pul yığılmır və zavallı yas yiyəsi, həm dəfn günü, həm üç, həm qırx, hətta bəzi yerlərdə əlli iki deyilən məclislərdə mənasız xərcə düşürlər. Bir şeyi unutmaq olmaz ki, öz əzizini itirmiş adam məsciddə meyitə qüsl vermək, qəbristanlıqda dəfn üçün yer almaq, bütün məclisləri aparan mollanın, o cümlədən, bəhs etdiyimiz mövzu ilə bağlı yemək-içmək xərclərini öz üzərinə götürür. Yəni ən azından, qida məsələsində toxunduğumuz məsələlər öz həllini tapsa, bu işdə yas sahiblərinin yükü azalmış olardı.

         Yuxarıda qeyd etdiyim kimi, inzibati qaydada qadağa tətbiq ediləcəyi təqdirdə, el dilində desək, uzağı varlıların üzüyünün qaşı düşəcək. Qoy düşsün. Bəs rəsmi qadağa baş tutmasa necə olsun? Onda yenə ümid qalır bizim savadlı dindarlara. İctimai təbliğat, yenə də izahlı və savadlı təbliğat.

         Bir məqamı yadımıza salaq, on beş-iyirmi il öncə Azərbaycanda masaya alkoqollu içki verilməyən toy edən dindarlara az qala “çudak”,“mövhumatçı” kimi baxırdılar, bunun üstündə hətta valideynlərlə övladlar arasında qovğalar baş verirdi. Düzdür, indi də bu məsələ ilə bağlı toy öncəsi aiələlərdə müəyyən gərginliklər yaşanır. Amma eyni zamanda biz alkoqolsuz toyların sayının artmasının və cəmiyyətdə bu hala tolerant yanaşmanın da şahidi olmaqdayıq.  

         Növbəti yazılarımızda hüzr adətləri ilə bağlı başqa aktual problemlərə də toxunacayıq.

      • Hits: 735 clicks

      Tecox component by www.teglo.info