Kamran MƏMMƏDOV / "MAUN" SURƏSİ

    PDF faylını alÇapE-poçt

      Share

         "Maun" surəsi Məkkədə nazil olmuşdur, yeddi ayədir. Xülasə olaraq iki qrup insandan bəhs edir. Bunlar:

         1. Allahın nemətini inkar edən, hesab və cəza gününü təkzib edən kafirlər.

         2. Etdiyi əməllərlə Allahın razılığını düşünməyən, əksinə riya üçün əməl edib namaz qılan münafiqlər.

         Allah-Təala bunlardan birinci qrupun mənfi sifətlərindən bir neçəsini qeyd edir. Bunlar yetimə xor baxmaq, yetimi itələyib qovmaq, haqqını verməmək kimi xüsusiyyətlərdir. Bu cür insanlar xeyriyyəçilik, yaxşılıq etməz, yaxşı iş görməzlər. Yoxsula və fəqir-füqəraya haqqını  verməz və onlara yardım da etməzlər. Onlar nə Rəbbinə ibadət edərək gözəl əməl işlərlər, nə də insanlara yaxşılıq edərlər.

         "(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar)" (1-3).

         İkinci qrupa gəlincə, bunlar namazlarında qəflət içində olan münafiqlərdir. Namazlarını vaxtı-vaxtında qılmazlar. Mənasını dərk etmədən, şəklən namaz qılarlar, əməllərini göstəriş üçün edərlər. Bu cür insanlar onlara "Saleh insanlar" deyilsin deyə, göstəriş üçün insanların qarşısında namaz qılar, "təqva sahibləri" deyilsin deyə xüşu içində görünməyə çalışarlar, "səxavətlidirlər" deyilsin deyə məcbur, istəməyə-istəməyə sədəqə verərlər. Bunların digər işləri də şöhrət və göstəriş üçündür.

         Surə bu iki qrupu da əzab və həlak ilə təhdid edir. Bu əməllərin qarşılığını heyrətə gətirən və qeyri-adi bir şey olduğunu göstərən bir üslubla, bunun böyük bir çirkinlik olduğunu bildirərək onları şiddətli bir şəkildə qınayır.

         "Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər, Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər) (4-7).

         Bunlar, azca da olsa, insanlara fayda vermək istəməzlər. Maun:- iynə, balta, qazan, duz, su və bənzəri istifadə olunan hər cür alət və məişət əşyalarıdır. Ayədə, bu sadə və az şeylər üçün xəsislik edib ehtiyacı olana verməmək qadağan edilmişdir. Çünki bunlar üçün xəsislik etmək, həddindən artıq xəsislikdir. Bu isə insanlıq xüsusiyyətini aradan qaldıran bir davranışdır.

      • Hits: 682 clicks

      Tecox component by www.teglo.info