Dr. Əhməd NİYAZOV / HƏMZƏ NİGARİ İRSİNDƏ QARDAŞLIQ TÖHFƏSİ

    PDF faylını alÇapE-poçt

      Share

         İnsanı yaşatma və həyatı qoruma əsasında köklənmiş sufizm prinsipləri ictimai həyatda daha çox sosial birlik nümayiş etdirmişdir. 

           Bir sosial sərmayə kimi xoşgörü və sülhsevərlik prinsipləri ilə dünyada olduğu kimi Azərbaycanda da dərin köklərə sahib olmuş, keçmişdən bu günədək  bölgəyə xas nümunələr əks etdirmişdir. Qafqaz silsiləsinin cənub ətəkləri boyu Girdman çayınadək uzanan bölgə tarixi keçmişində belə bir mənəviyyatın dirçəldiyi məkan olmuşdur. Onun müsbət təcrübəsi göstərir ki, bu dövrdə  ictimai həyatda istər əxlaq kodekslərinin təzahürü, istərsə də milli-mənəvi irsin qorunmasında sufizm məktəbi bu coğrafiyada böyük rol oynamış, xüsusilə də Qafqazda çar rusiyasının şiə-sünni konfilikti və xristianlaşdırma siyasətinə qarşı vəhdət konsepsiyalarından çıxış etmişdir. İsmail Siracəddin Şirvani (q.s) (1782-1848) vasitəsilə tanınan Nəqşi Xalidi təsəvvüf yolu XIX əsrin əvvəllərindən başlayaraq cənubi Qafqazın böyük bir hissəsinə yayılmışdır. Üç şaxədə yayılan bu irfan məktəbinin  Qarabağ qolunu Seyyid Mir Həmzə Nigari  (1805/1885) təmsil edirdi.  Həmzə Nigari ilə bu irfan yolu Qarabağ bölgəsində güclü bir məktəb kimi həyatın hər sahəsinə nüfuz edir, dərin təsir dairəsi təşəkkül tapırdı. Bu potensiala görədir ki, Kraçkovski belə qeyd edir: “İslam mədəniyyəti Qafqazda özünəməxsus nümunə kimi çıxış etmişdir.” (И. Ю. Крачковский, Сочинения, с. 571-616,  t. 6, M. Л.  1960.) Çünki Şirvandan şaxələnən Nəqşibənd təsəvvüf axımı yayıldığı bölgələrdə bir digər adı ilə əxlaq hərəkatı və cərəyanı kimi təzahür etmişdir. Bölgədə sufizm özünün prinsipləri və əsasları ilə bir tərəfdən də İslamın cahanşümul dəyərlərini əks etdirərək təsir dairəsini genişləndirir və təbii olaraq ünsiyyətdə olduğu toplumlarla ortaq həyat anlayışı qurur və onlarla olan münasibətlərində yüksələn dəyərləri öz əxlaqi prinsiplərinə görə təyin edirdi.

         Bu dövrlərdə Çarlıq Rusiyasının xarici siyasətində cənubi Qafqazın xristianlaşdırılması və buralarda aparılan missionerlik fəaliyyətləri (А. К. Тихонов, Политика Российской империи,  в последней четверти XVIII - начале XX в . с. 8) başda olmaqla din faktorundan istifadə etmək onların əhəmiyyətli hesab etdikləri bir məsələ idi. Ancaq qeyd edilməlidir ki, Qafqaz xalqlarının xristianlaşdırılması planı baş tutmadı. Çünki bölgədə sürətlə yayılan Nəqşibəndiyyə sufi cərəyanı elm və irfan hərəkatı başlatmış, mədrəsələr təsis edərək maarifçilik yoluna üstünlük vermişdilər. Maarifçilik və məktəbdarlığın əsası sayılan insan təfəkkürünü formalaşdıran ədəbiyyatla zənginləşdirilmiş mədrəsələrdə ənənəvi (nəqli) və rasional (əqli) elmlər birgə tədris edilmişdir. Bu metodla dini və dünyəvi elmlərin bir-birinin tamamlayıcısı kimi birlikdə təlim və tədris üsulu həyata keçirmişlər. Bir digər ifadə ilə nəzəri və dəqiq elmlər bir-birinə paralel öyrədilmiş bunun təbii nəticəsi olaraq bir alimlər ordusu meydana gəlmişdi. XIX əsr Qanıq-Həftəran dərəsindəki elmi dirçəlişin başlanğıcı məhz Qarabağ mədrəsələri ilə olmuşdur. Bu dövrlərdə Dağıstanın maariflənməsində Qarabağ və Car mədrəsələrinin xüsusi rolu var idi. Məsələn məntiq sahəsində qarabağlı alim Mövlana Məhəmməd Əmin ibn Sadrul-İmam əş-Şirvaninin yazdığı “جهة الوحدة / Cihətul-vahdə” əsəri Qarabağdan Dağıstana qədər hər bir mədrəsədə istisnasız oxudulmuşdur.  Əsər, məntiq fənni ədəbiyyatı içərisində “ملا اغلي/ Molla ağli” adı ilə məşhurlaşmışdır. Dövrün qiymətli ədəbiyyatı olması baxımından tələbələr belə onun üzünü köçürərək bir-birinə hədiyyə kitab kimi bağışlamışlar. Məhəmməd Əfəndinin “جهة الوحدة / Cihətul-vahdə”əsəri əslində məntiq elmi ilə məşğul olmuş alimlərin dərin elmi müzakirələrinə səbəb olmuş, haqqında şərhlər qələmə almışlar. Bu əsər Dağıstanda məntiq sahəsində böyük alimlərin yetişməsinə səbəb olmuş, bölgədə ilk məntiq alimlərindən Qurban Əli Axalçi olmuş, eyni zamanda Suqraklı alim Mehdi Məhəmməd bu sahədə “تمهيد العلوم / Təmhidul-ulum” adlı müstəqil əsər ərsəyə gətirmişdir.

         Çarlıq siyasətinin bir hissəsi Qafqazda məzhəb ayrı-seçkiliyi salmaq sünni-şiə ədavəti salaraq, məzhəblərarası çaxnaşmalar meydana gətirmək və kütlələr arası qarşıdurmanı öz mənfəətlərinə uyğun idarə etmək idi. Əgər bölgədə İslam, xüsusən də, sufizm təlimləri olmasaydı bölgənin taleyi heç də bu günki kimi olmayacaqdı. Çünki burada kökləşmiş Nəqşibənd sufi əsasları rusların məzhəb təfriqəsi siyasəti  qarşısında ən böyük maneə idi. Məlumdur ki, rus məmurları İsmayıl Şirvani təliminin siyasi münasibətlərdə özlərinə zərərli olduğunu sübut etməyə çalışırdılar. Onların zərərli hesab etdikləri müridizm maddələrindən biri belə idi: “ Şiə və sünnilər arasında İslam birliyini yaratmaq”. (Rıhtım-Xəlilli, e.a.ə, s 89-90.)

      Qarabağ bölgəsində Həmzə Nigari irfan irsi məhz buna nail ola bilmişdi. Çünki başda ustadı olaraq İsmayıl Şirvani, İslamın məzhəb ünsürünü səhabə və tabeundan gələn ibadətdə ixlas yarışı anlayışına xidmət edən prinsiplər əsasında təlim edirdilər. Mədrəsələrdə təliblərə öyrədilən “المذاهب كلها مسلكة إلي الجنة / Məzhəblər hər biri cənnətə aparan yoldur” şüarı olmuşdur. Bu ruhda aparılan tədris fəaliyyətləri nəticəsində taliblər ictihad fərqlilikləri qarşısında dinin zəngin fikir dünyası ilə tanış edilir, “ümmətimin ixtilafı rəhmətdir” hədisi ilə ruhlandırılırdı. Bunun nəticəsidir ki, dağıstanlı alim Dibir Qadı adı ilə tanınmış Xunzaxlı Məhəmməd Şəfi  Qarabağ mədrəsələrində türk və fars dillərini öyrəndikdən sonra bu iki dilin təlim və tədrisini asanlaşdıran bir lüğət kitabı hazırladı. Əsərin tərtib və üslubu hər iki dilin öyrənilməsinə imkan verdiyi üçün 365 səhifədən ibarət olan bu kitaba “جامع اللغتين لتعليم الأخوبن / Camiul-lüğəteyn li təlimil-əxəveyn” adını verdi. Məlum olur ki, əsər, müəllifin İran və Turan coğrafiyasına bir çox səyahətindən sonra ərsəyə gəlmişdir. Kitaba verilən “İki qardaşın öyrənməsi üçün cəm edilmiş iki lüğət” mənasında qoyulan ad diqqəti cəlb edir. Bu, əjdadın hər fürsətdə İslam qardaşlığını ön planda tutan, bağları tarixdə hörülmüş din anlayışını göstərir. Əsər sayəsində XVIII əsrin ikinci yarısından sonra bölgə mədrəsələrində bu iki dilin təhsili, eyni zamanda bu dillərdə olan ədəbiyyatın istifadəsi daha geniş vüsət almış oldu. Eyni zamanda  qeyd etmək lazımdır ki, qonşu bölgələrdən gələrək bu tədris ocaqlarında təhsilini başa vurub yetişən üləma az deyildi. Qazıqumuqlu Eyyub Əfəndi, Qılalı Əli Əfəndi, Gunibli Mahad Əfəndi, Şamqodalı İsa Əfəndi, Şəmsəddin Əfəndi kimi bir çox üləma təhsil üçün Qoloda və Qarabağ mədrəsələrinə gəlmiş, bölgə alimlərindən dərs alaraq öz vətənlərinə qayıtmışlar.  Həmçinin XIX əsrin əvvəllərində Xas Məhəmməd Şirvani (q.s) ilə Dağıstana yayılan Nəqşibənd təriqəti də,  məhz Xalid Bağdadinin (q.s) Şirvanlı xəlifəsi İsmayıl Siracəddin Kürdəmiri (q.s) vasitəsilə Şirvandan Dağıstana uzanan bir irfan hərəkatı  idi ki, Qafqazın iki bölgəsini Qarabağ və Dağıstanı qardaşlıq əsasında birbirinə bağlayırdı. Misallardan da görüldüyü kimi bu işdə qabaqcıl ünsür Qarabağdan yüksələn irfan məktəbi idi ki, onun şöləsi də məhz Seyyid Mir Həmzə Nigari idi.   

      • Hits: 1210 clicks

      Tecox component by www.teglo.info