Osman Nuri Topbaş / TƏSƏVVÜF QURAN və SÜNNƏ İLƏ KAMİLLƏŞMƏKDİR

    PDF faylını alÇapE-poçt

      Share

         TƏSƏVVÜF NƏFSANİ EHTİRASLARDAN QURTULMAQDIR

         Allah-Təala əhəmiyyətinə görə Qurani-Kərimdə ardarda yeddi dəfə and içdikdən sonra belə buyurur:

         “Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır” (eş-Şems, 9-10)

         Bu gün qloballaşan mədəni istila, nəfsi təhrik edən reklamlar, israf və dəbdəbəni qamçılayan modalar, televizor və internetin mənfi təlqinləri özü ilə birlikdə dəhşətli erroziya gətirdi. İnsanların ağıl və könül dünyaları darmadağın oldu. Hədəf ilə vasitə bir-birinə qarışdı. Yaşamaq üçün yeyib-içmək yerini yeyib-içmək və istehlak üçün yaşamağa verdi. Qəlblər dünyanın əsirinə, nəfslər şəhvani arzuların köləsinə çevrildi. Ruhlardakı narahatlıq insanları fərdi və ictimai böhranlara sürüklədi. Xülasə, insanlara axirətə dair bütün narahatlıqlardan uzaq, sanki axirətsiz dünya anlayışı təlqin edildi.

        Ona görə də bu gün nəfs təzkiyəsi və qəlb təsfiyəsi olan təsəvvüfi tərbiyə daha çox əhəmiyyət ərz edir. Çünki təsəvvüf həmd, şükür, riza, zöhd, gözütoxluq və qənaət təlimidir. Əsas həyatın axirət həyat olduğu həqiqətini dərk edərək, qəlbi fani dünyanın nəfsani arzularının əsarətindən qurtarmaqdır.

       

         TƏSƏVVÜFDƏ HƏR ŞEY “HEÇ”LİYİN İDRAKINDAN SONRA BAŞLAYIR

         Təsəvvüfün mücadiləsi daxili aləmi varlıq, mənlik, təkəbbür və lovğalıqdan təmizləyərək heçlik və yoxluq halını dərk etməkdir.

         Ariflər sultanı Şah Nəqşbənd həzrətləri hacəgandan, yəni elm sahibi olan hocalardandı. Buna baxmayaraq mənəvi yola girdiyi ilk illərdə camaatın gedib-gəldiyi yolları təmizləmiş, xəstələrə, acizlərə, hətta yaralı heyvanlara xidmət etmişdir. Bununla böyük bir təvazökarlıq və heçlik libasına bürünmüşdür.

         Xalid Bağdadi həzrətləri də “Şəmsuş-Şumus”, yəni “Günəşlər Günəşi” adlandırıldığı zaman Abdullah Dəhləvi həzrətlərinin dərgahına getmişdi. Lakin Dəhləvi həzrətləri onu qarşılamaq üçün heç çölə də çıxmadı. Üstəlik onu nə dərgahındakı kürsüdə, nə də mehrabda vəzifələndirdi. Əvvəlcə nəfsinə qalib gəlməsi və heçlik duyğusunu yaşaması üçün onu ayaqyolu təmizliyi ilə vəzifələndirdi.

         Əziz Mahmud Hüdayi həzrətləri də Bursa qazısı olduğu halda Üftadə həzrətlərinin dərgahında heçlik və yoxluq duyğusunu idrak etmək üçün buna bənzər mərhələlərdən keçdi. Bərbəzəkli kaftanı ilə Bursa küçələrində ciyər satdı. Təkəbbür və nəfsani təmayüllərdən xilas olmaq üçün bu kimi mərhələlərdən keçdi. Nəticədə isə dünyaya hökm edən padşahlara yol göstərən böyük mürşidi-kamil oldu. İndiyə kimi xeyli sayda qazi yaşayıb, amma Hüdayi həzrətləri bu xüsusiyyəti səbəbilə 400 ildən bəri könüllərdə yaşamağa davam edir.

         Təsəvvüfdə hər şey “heçlik” halını idrak etdikdən sonra başlayır.

         Əbul-Həsən Haraqani həzrətləri buyurur:

        “Ali mərtəbələrə yüksələn Haqq dostları ixlasla etdikləri əməlləri ilə yanaşı nəfslərini də təzkiyə etdikləri üçün bu məqama yüksəlirlər”.[1]

         “Necə ki, namaz və oruc fərzdir, ədası məcburdur, qəlbdən təkəbbür, həsəd və ehtirası da uzaqlaşdırmaq zəruridir”.[2]

        Həqiqətən bütün Allah dostlarını zirvələşdirən sirr məhz bu təvazökarlıq, heçlik və yoxluq halıdır. Ona görə ariflər “Sən çıxınca aradan, qalır səni Yaradan”,- buyurmuşlar.

         Nəfsin tərk etməkdə ən çox çətinlik çəkdiyi xasiyyət isə təkəbbür və mənəmmənəmlikdir. İlk təsəvvüfçülərdən olan Əbu Haşim əs-Sufi:

        “Qəlbdə özünə yer etmiş təkəbbürü oradan çxıarmaq dağı iynə ilə qazmaqdan daha çətindir”,- buyurmuşdur. Buna nail olmadıqda da mənəvi cəhətdən təkamül etmək və dinin hədəflədiyi “kamil insan” ola bilmək mümkün deyil. Necə ki, bir hədisi-şərifdə buyurulmuşdur:

         “Qəlbində zərrə qədər təkəbbür olan kəs cənnətə girə bilməz”. (Müslim, İman, 147)

         Bu nöqteyi-nəzərdən təkəbbür, ucüb və mənəmməmənlik mənəvi yolun xərçəngidir. Təsəvvüfi tərbiyənin qayəsi də nəfsdən doğan “mən” deməyi tərk etməkdir.

         Arif könüllərdə özünə xüsusi yer edən Həllac Mənsurun halını məna aləmində seyr edənlərdən nəql olunduğuna görə onu dar ağacında edam etdikləri vaxt iblis yanına gəldi və:

          “- Sən də “ənə”, yəni “mən” dedin, mən də. Necə olur ki, bu səbəblə sənə rəhmət, mənə isə lənət yağır?”,- deyə soruşdu.

      Həllac iblisə belə cavab verdi:

          “- Sən “mən” deməklə özünü Adəmdən üstün gördün. Lovğalıq etdin. Mən isə “Ənəl-Haqq” dedim, öz varlığımı aradan çxıardım”. (Mənliyimi eynilə bir çayın okeana qarışdıqdan sonra artıq çaylığından əsər-əalmət qalmadığı kimi əridib yox etdim. Tam təslimiyyətlə Rəbbimə ram oldum.)

         Mənliyi ortaya qoymaq sayılan təkəbbür cəhənnəm əlamətidir. Mənliyi aradan çxıarmaq, yəni Haqda fani olmaq isə “heç” liyin ifadəsidir. Bu səbəblə mənə rəhmət, sənə isə lənət və zillət nazil oldu”.

        Şeytan Allahın əmrinə etiraz edib Ona qarşı ilk üsyanını işlədiyi vaxt günahını etiraf edib bağışlanması üçün yalvarmaqdansa, təkəbbür və mənəmmənəmliyinin əsiri oldu və xətasında israr etdi. Günahına görə peşman olmadı. Nəfsini qınayıb tövbə etməli olduğu halda inad və təkəbbürünün qurbanı oldu. Beləliklə də Haqqın lənətinə düçar oldu.

          Həzrət Adəm (s.ə.s) ilə Həzrət Həvva anamız da şeytana uyub, Allahın qadağan etdiyi ağacın meyvəsindən dadaraq insan nəslindən zühur edən ilk günahı işlədilər. Lakin onlar şeytan kimi bəhanə gətirib xətalarını örtbasdır edib özlərini təmizə çıxarmağa çalışmadılar, əksinə, dərhal nəfslərini qınayıb səmimi olaraq gerçəyi etiraf etdilər:

         “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər.” (əl-Əraf, 23)

          Xətadan dönmək fəzilətini sərgiləyərək, peşmanlıq və utancla Allahın rəhmət və məğfirətinə sığındılar. Səmimi göz yaşları ilə etdikləri tövbə və istiğfarları Allah tərəfindən qəbul olunduqdan sonra ilahi lütfə nail oldular.

         Təsəvvüfün də ən böyük mücadiləsi nəfsə Rəbbi qarşısında həddini bildirməkdir. Çünki nəfs ibadət edərkən belə özündən razı olar, başqalarının nöqsanlarını görərək özünü üstün görər.

           Şeyx Sədi Şirazi “Gülüstan”adlı əsərində bir xatirə nəql edir:

         “Uşaq yaşlarımda ibadətə çox düşkün idim. Gecələr qalxıb ibadətlə məşğul olurdum. Bir gecə atamın yanında oturmuşdum. Bütün gecəni gözümü yummamış, Qurani-Kərimi əlimdən yerə qoymamışdım. Ərafımızda yatan adamlar vardı. Atama dedim:

          “- Heç biri başını qaldırıb iki rükət təhəccüd namazı qılmır, ölü kimi yatırlar”. Atam qaşlarını çatdı və:

          “- Oğlum, başqalarının dedi-qodusunu etməkdənsə, sən də onlar kimi yatsaydın daha yaxşı olardı”,- cavabını verdi”.

      Atası Sədiyə bu dərsi verirdi:

          “- Sənin xor gördüklərin səhər vaxtının feyzindən məhrum olsalar da, Kiramən-Katibin mələkləri onlara mənfi əməl yazmırlar. Sənin əməl dəftərinə isə din qardaşını xor görmə və qeybət günahı yazıldı…”

         Bu misalda gördüyümüz kimi nəfsin haqq kimi görünən saysız-hesabsız tələləri var. Özündə varlıq hiss edərək nəfsani üstünlük duyğusuyla “mən” deyən kəs –mənəvi yolda xidmət edən öndər mürşid də olsa-yolun həqiqətindən uzaqlaşmış sayılır.

         Xüsusilə zəmanəmizdəki bəzi mənəvi liderlərin özlərinə güc-qüdrət izafə edərək eqoist və məğrur tövrlər sərgiləməsi, təmsil etdikləri yola da zəhər saçır, olduqları mənəvi yolun nəzakət və zərifliyini də ləkələyir. Halbuki “məhkəmə qazının mülkü deyil” sözünün ifadə etdiyi kimi təsəvvüf yolu heç kimin haqqı və qazancı deyil…

       

         TƏSƏVVÜF SALEHLRƏLƏ BİRLİKDƏ OLMAQDIR

         Şeyx Sədi hal sirayətinin insanın mənəvi həyatını necə dəyişdiyinə dair bu misalları verir:

        “Əshabi-Kəhfin köpəyi Qitmir sadiqlərlə birlikdə olduğu üçün böyük şərəfə nail oldu, adı Qurani-Kərimdə zikr edildi. Hz. Nuh və Hz. Lutun xanımları isə fasiqlərlə qəlbi birlik içində olduqları üçün cəhənnəmə vasil oldular. (Peyğəmbər xanımı olmaları da onlara fayda vermədi)”.

         Ona görə də Haqq-Təala möminləri sadiq və saleh qulları ilə birlikdə olmağa çağıraraq belə buyurur:

         “Ey iman gətirənlər, Allahdan qorxun və sadiqlərlə birlikdə olun!” (ət-Tövbə, 119)

         Diqqət etsək görərik ki, Allah-Təala ayeyi-kərimədə “sadiq olun” buyurmur, “sadiqlərlə birlikdə olun”, buyurur.

      Xacə Übeydullah Əhrar həzrətləri deyir:

        “Ayeyi-kərimədə keçən “sadiqlərlə birlikdə olun” əmri daimi bərabərliyi ifadə edir. Ayədə “birlik, bərabərlik” mütləq şəkildə zikr edildiyi üçün həm felən, həm də hökmən birlikdə olmağı ifadə edir. Feli bərabərlik sadiqləin məclisində qəlb hüzuru ilə iştirak etməkdir. Hökmən bərabərlik isə qiyabi də olsa onların hallarını fikirləşib xəyal etməkdən ibarətdir”.

         Əməlisaleh şəxslərə məhəbbət bəsləyib, onalar olmayanda da özünü onlarla hiss etmək, həyata və hadisələrə onların gözü ilə baxa bilmək insana böyük mənəvi güc verir. Məhz təsəvvüf bu mənəvi faydanı əldə etmək üçün rabitəyə böyük əhəmiyyət verir.

       

          QƏLBİ BƏRABƏRLİK: RABİTƏ…

         Rabitə, məhəbbəti daim canlı tutmaqdan ibarətdir. Kainatda rabitəsiz heç bir insan yoxdur. Hamı kiminləsə qəlbən rabitə halındadır. Ata-ananın övladı ilə, övladın ata-anası ilə, bir gəncin nişanlısı ilə, həmçinin sevərək nümunə götürdüyü bir şəxslə belə bir qəlbi əlaqəsi var. Yəni dünyəvi və fani məsələlərdə belə bu cür təbii məhəbbət əlaqəsi olduğu halda mənəviyyatda belə bir əlaqənin olmamasını düşünmək imkansızdır.

         Təsəvvüfi mənadakı rabitənin ən gözəl misalı əshabi-kiram ilə Hz. Peyğəmbər (s.ə.s) arasında olan məhəbbət bağıdır.

        Əshabi-kiramın Rəsulullah (s.ə.s) ilə olan qəlbi rabitələri sayəsində ruhlarında baş verən dəyişikliklər Rəsulullahın hallarının onlara sirayət etməsi ilə nəticələndi. Ona görə də səhabələr Allah Rəsuluna səmimiyyətlə:

         “Canım, malım, hər şeyim Sənə fəda olsun, ya Rəsulallah!”, deməkdən böyük həzz alırdılar. Allah və Rəsulunun yolunda hər şeyi fəda etməyi özlərinə minnət bilirdilər.

        “İnsan sevdiyi ilə bərabərdir” (Buxari, Ədəb, 96) hədisi-şərifinin ehtivasına girərək Rəsulullahın qiyabında da Onunla hal, fel və hissi bərabərlik içində oldular. Bu qəlbi bərabərliyin bərəkəti ilə Allahın müstəsna lütflərinə məzhər oldular.

         Necə ki, müşriklər tərəfindən əsir götürülən Hübeyb (r.a) Məkkədə şəhid edilmədən əvvəl bircə arzusu vardı: O da Rəsulullaha məhəbbətlə salam göndərə bilmək idi… Amma kiminlə göndərə bilərdi? Gözlərini çarəsizcə səmaya qaldırdı və:

         “- Allahım, burada salamımı Rəsulullaha çatdıracaq heç kim yoxdur. Ona salamını Sən çatdır!”,- deyə dua etdi. Bu əsnada Mədinədə əshabı ilə birlikdə olan Rəsulullah r:“Ona da salam olsun!” mənasında “Və aleyhissalam!”,- buyurdu. Bunu eşidən səhabələr heyrətlə soruşdular:

         “- Ya Rəsulallah! Kimin salamına cavab verdiniz?”.

         “- Qardaşınız Hübeybin salamına. Cəbrayıl Hübeybin salamını gətirdi!”,- buyurdu. (Bax. Buxari, Cihad 170, Məğazi 10, 28; Vaqidi, I, 354-363)

         Allah Rəsulu (s.ə.s) məkkəli müşriklərlə Hüdeybiyyə Müqaviləsi bağlamamışdan əvvəl Həzrət Osmanı Mədinəyə elçi göndərmişdi. Həzrət Osman niyyətlərinin ümrə ziyarəti etdikdən sonra geri qayıtmaq olduğunu desə də müşriklər izin vermədilər. Hz. Osmanı da nəzarətə götürərək:

         “- İstəyirsənsə, təkcə sən təvaf edə bilərsən!”,- dedilər.

      Özünü Allah və Rəsuluna fəda edən səhabə isə möhtəşəm bir sədaqət dərsi verərək belə dedi:

          “- Həzrət Peyğəmbər Kəbəni təvaf etmədikcə mən də edə bilmərəm. Mən Beytullahı yalnız Onun arxasında ziyarət edərəm. Allah Rəsulunun qəbul edilmədiyi yerdə mən də yoxam…” (Əhməd, IV, 324)

         Digər tərəfdən Hüdeybiyyədə gözləyən möminlərə Həzrət Osmanın şəhid edildiyi şayiəsi çatanda Allah Rəsulu (s.ə.s) də onun bu sədaqətinə daha möhtəşəm sədaqət nümunəsi ilə qarşılıq verərəklazım gələrsə müşriklərlə döyüşmək üçün əshabından beyət aldı. Sonra bir əlini digər əlinin üzərinə qoyub:

         “Allahım, bu beyət də Osmanın yerinədir. Şübhəsiz ki, o, Sənin və Rəsulunun xidmətindədir”,[3] buyuraraq ona olan etimadını ortaya qoydu.

         Əshabın Allah Rəsuluna qarşı məhəbbətləri, qiyabında da bəslədikləri qəlbi bərabərlik duyğusu belə idi. Sanki başqa-başqa bədənlərdə eyni ürəklə yaşayırdılar.

         Rabitə mövzusunda səhabələrdən göstəriləcək ən möhtəşəm misal isə şübhəsiz ki, Həzrət Əbu Bəkr (r.a)-ın Peyğəmbərimizlə olan qəlbi rabitəsidir.

         Həzrət Siddiq Rəsulullah (s.ə.s)-ə o qədər dərin məhəbbətlə bağlı idi ki, Onun bir təbəssümünə dünyaları verməyə razı idi. Onun yolunda hər şeyini fəda etmək arzusunda idi. Hətta Hz. Peyğəmbər bir dəfə bu səxavətli səhabəsini tərifləyərək:

        “Əbu Bəkrin malından istifadə etdiyim qədər heç kimin malından istifadə etmədim…”,- buyurmuşdu.

         Bütün varlığını Allah Rəsuluna fəda edən o sədaqət nümunəsi səhabə isə bu sözün özündən belə bir növ ayrılıq mənası sezərək yaşlı gözlərlə:

         “- Mən və malım yalnız Sənə aid deyilikmi, ya Rəsulallah?!”,- dedi. (İbn Macə, Müqəddimə, 11)

          Beləliklə özünü bütün varlığıyla Həzrət Peyğəmbərə həsr etdiyini və Ona can-dildən ram olduğunu dilə gətirdi. Çünki onun qəlbi artıq Allah Rəsulunun qəlb aləmini əks etdirən şəffaf ayna halına gəlmişdi. Bu sayədə nəbəvi sirlərin ən yaxın məhrəmi olmuşdu. Allah Rəsuluna aid hər şey onun qəlbində çox dərin məna qazanmışdı. Belə ki, Həzrət Əbu Bəkr Allahın ayələrini, Rəsulullahın hədisi-şəriflərini və hədislərin hikmətini idrak etmə xüsusunda əshabın ən öndə gedəni oldu. Heç kimin qavraya bilmədiyi neçə-neçə nəbəvi incəlikləri üstün fərasət və bəsirətlə sezdi. Necə ki, Vida Həccində “…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” (əl-Maidə, 3) ayəsi nazil olmuşdu. Hamı dinin tamamlanmasına sevinirdi. Ancaq Həzrət Əbu Bəkr (r.a) bu ayədən anlayırdı ki, Allah-Təala sevimli elçisini tezliklə əbədi aləmə dəvət edəcək. Qəlbinə düşən ayrılıq atəşinin iztirabı ilə hüznə qərq oldu.

          Onun bu həssas anlayışını göstərən misallardan biri də belədir:

          Allah Rəsulu (s.ə.s) son günlərində xəstəliyi ağırlaşdığı üçün məscidə gələ bilməmişdi. Camaata namaz qıldırması üçün Hz. Əbu Bəkri imam təyin etmişdi. Bir gün özünü yaxşı hiss edərək məscidə gəldi. Əshabına bəzi nəsihətlər etdikdən sonra belə buyurdu:

         “- Şanı uca olan Allah bir qulunu dünya ilə öz qatındakı nemətlər arasında seçim etməsi üçün sərbəst buraxdı. Həmin qul da Allahın qatındakını seçdi!..”

         Bu sözləri eşidən Həzrət Əbu Bəkrin həssas və rəqiq qəlbi hüznə qərq oldu, ardınca gözündən yaşlar süzülməyə başladı. Çünki Rəsulullah (s.ə.s)-in bu sözləri ilə əshabına vida etdiyini anladı. Ayrılıqdan inildəyən ney kimi fəryad etdi və hıçqırıqlarla:

          “- Atam-anam Sənə fəda olsun, ya Rəsulallah! Sənə atalarımızı, analarımızı, canlarımızı, mallarımızı və övladlarımızı fəda edərik!!..”,- dedi. (Əhməd, III, 91)

           Ondan başqa heç kim Həzrət Peyğəmbərin dərin hissiyatını və dünyaya vida etmək üzrə olduğunu anlaya bilməmişdi. Hətta səhabələr Hz. Əbu Bəkrin ağlamasına bir məna verə bilməmiş, heyrətlə bir-birlərinə:

           “- Rəsulullah (s.ə.s) Rəbbinə qovuşmağı tərcih edən saleh insandan danışır. Bu qocanın ağlaması heyrətvericidir!”,- dedilər. (Buxari, Salət, 80)

          Çünki dünya və Allah qatındakılar arasında seçim etmək xüsusunda sərbəst buraxılan saleh qulun Rəsulullah (s.ə.s) olduğunu heç ağıllarına da gətirməmiş və Həzrət Əbu Bəkrin sezdiyi gerçəyi sezə bilməmişdilər.

           Bu zaman Rəsulullah (s.ə.s) həm Həzrət Əbu Bəkrin həzin qəlbini təsəlli etmək, həm də əshabına onun qiymətini göstərmək üçün sözlərinə belə davam etdi:

          “Bizə yaxşılıq edən hər kəsə bunun qarşılığını eynisilə və ya artıqlamasıyla ödəmişik. Ancaq Əbu Bəkr müstəsna!.. Onun yaxşılıqları o qədər olmuşdur ki, əvəzini qiyamət günü Allah verəcəkdir.

         İstər söhbəti, istər malı ilə olsun, mənə ən çox ikram edən Əbu Bəkrdir. Əgər Rəbbimdən başqasını dost seçməli olsaydım, mütləq Əbu Bəkri özümə dost edərdim. Fəqət İslam qardaşlığı daha üstündür”.

          Rəsulullah (s.ə.s) dünyasını dəyişməzdən bir neçə gün əvvəl:

        “Məscidə açılan bütün (xüsusi) qapılar bağlansın, yalnız Əbu Bəkrin qapısı açıq qalsın![4] Çünki mən Əbu Bəkrin qapısının üstündə nur görürəm…”[5] buyurdu.

         Beləliklə bütün qapılar bağlandı, yalnız Əbu Bəkr (r.a)-ın qapısı açıq qaldı. Buradan belə bir məna çıxır ki, Allah Rəsuluna mənəvi yaxınlıq qapısı Ona Həzrət Siddiq kimi tam sədaqət, təslimiyyət, itaət, fədakarlıq, dostluq və məhəbbətlə açıla bilər.

         Xülasə, qəlbdəki məhəbbəti canlı tutmaq sayılan rabitə Rəsulullah (s.ə.s)-ə yetişən mürşidi-kamillər silsiləsiylə qəlbi əlaqəni gücləndirərək bu bərabərlikdən mənən istifadə etməyə çalışmaqdır.

       

         YƏMƏNDƏKİ YANIMDA…

         Allah dostları ilə olan bu qəlbi bərabərliklə yanaşı zahiri bərabərlik də baş tutarsa, bu, “nur üstünə nur” olar. Lakin təsəvvüfi tərbiyədə quru-quruya zahiri bərabərlik də məqbul deyil. Bəziləri mürşidi-kamilin dizinin dibində olsa da qəfləti səbəbilə ondan heç bir pay ala bilmirlər.

         Digər tərəfdən uzaq diyarlarda elə səmimi müridlər var ki, mürşidlərinə bəslədikləri dərin məhəbbət, hörmət, həsrət və bağlılıqları səbəbilə müstəsna nəsib ala bilirlər.  

         Böyüklər “Yəməndəki yanımda, yanımdakı Yəməndə”,- buyurmuşlar. Ona görə də mühüm məsələ harda olmağımızdan asılı olmayaraq rabitə halından, yəni qəlbi bərabərlik duyğusundan məhrum qalmamaqdır.

         Allah Rəsulu (s.ə.s) də:

         “İnsanların mənə ən yaxını kimliyindən və harada olmasından asılı olmayaraq Allaha qarşı təqva sahibi olan müttəqilərdir”,- buyurmuşdur.[6]

         Təsəvvüfi tərbiyədə mühüm üsullardan biri olan rabitə xüsusilə XIX əsrdən etibarən bəziləri tərəfindən iman-küfr məsələsi halına gətirilərək şiddətlə tənqid edilmişdir. Halbuki rabitə əvvəl də ifadə etdiyimiz kimi, tamamilə psixoloji haldır. Bu cür dərk edilən və həyata tətbuq olunan rabitənin etiqadı zədələyəcək heç bir tərəfi yoxdur.

         Bu xüsusda Übeydullah Əhrar həzrətləri belə buyurmuşdur:

         “…Qəlbi var-dövlət kimi dünyəvi şeylərə bağlı olan və bunları fikirləşən adam kafir olmadığı halda qəlbi (kamil) bir möminə bağlamaq (və ona məhəbbət bəsləmək) nə üçün küfrə səbəb olsun?[7]

         Üstəlik qəlbi mənəvi rəhbərlərə bağlı olmayan insanların “təbiət boşluq qəbul etməz” həqiqəti səbəbilə yanlış örnəklərin ardınca düşməsi böyük ehtimaldır. “Haqq ilə məşğul olmayan qəlbi batil işğal edər”,- deyiblər. 

         Xülasə, rabitə müridin mürşidinə bəslədiyi məhəbbəti daim qəlbində canlı tutaraq, onun saleh əməllərini və gözəl hallarını təqlidə çalışmasından ibarətdir. Çünki əməlisaleh insanların məhəbbətləri də söhbət və irşadları qədər təsirli və faydalıdır…

       

         TƏSƏVVÜF SURƏT DEYİL, SİRƏT YOLUDUR!..

         Saleh insanlardan mənəvi istifadə xüsusunda –yeri gəlmişkən- şəkil mövzusuna da qısaca təmas etmək lazımdır:

        Bu gün texniki imkanların inkişaf etməsi ilə fotoqraf çəkmək dəb halını alıb. Sanki hər yer fotoqraf studiyası, hər kəs fotoqraf oldu. Adi vaxtlardakı bir yana, Kəbədə təvaf edərkən, Ərəfat vəqfəsincə, Rövzədə ziyarət əsnasında belə həddən artıq şəkil və video çəkimi ilə məşğul olunduğunu təəssüf hissi ilə qeyd etmək istərdim. Bunlar ibadətin feyz və ruhaniyyətini zədələyən gərəksiz işlərdəndir.

        Təəssüf ki, eyni hal mənəvi söhbətlərdə də yaşanır. Söhbətlərdə qəlbi bərabərlik, təfəkkür və hissiyyatla mənəvi istifadə etməkdənsə (bəlkə də yaxşı niyytələ, söhbətdən xatirə saxlamaq fikri ilə) şəkil və videoların çəkildiyinə şahid oluruq. Lakin bu işə həddən artıq aludə olmaq doğru deyil. Eynilə dozasına riayət edilmədikdə zərərli olan dərman kimi bunlar da insanın mənəviyyatına zərər verə bilər.

         Unutmayaq ki, onsuz da ilahi kameralar hər anımızı çəkir. Bunlar qiyamət günü önümüzə qoyulacaq və özümüzü seyr edəcəyik…

         Daha əvvəl də ifadə etdiyimzi kimi salehlərlə bərabərlik və rabitədə mühüm olan zahiri və şəkli bərabərlik deyil, qəlbi və ruhi bərabərlikdir.

      Sami Əfəndi həzrətləri buyurur:

        “Rabitədə mürşidin xəyalını təfəkkür etməyə gərək yoxdur. Məhəbbət lazımdır. Zatən insan sevdiyini daim (qəlb) gözünün önündə görür”.[8]

         Şəkil insanın sonsuzluğa və mücərrədə uzana bilən təxəyyülünü maddi planda həbs edərək məhdudlaşdırır. Həmçinin İslamın şəkillə əlaqəli hökmləri də məlumdur.[9] İnsanların şəkilləri  surətləri onların zərfi nisbətindədir. Mühüm olan zərfin içindəkidir, yəni qəlb aləmidir. Təsəvvüf yolu da surət yolu deyil, sirət yoludur. Saleh və sadiqlərlə bərabərlikdən məqsəd onların surətlərindən ziyadə sirətləriylə bərabərlikdir. Əsas faydalı olan daxili dünyadakı əkslərdir. Qəlblərdə qalan ülvi xatirə və duyğulardır.

        Allah-Təala sevdiklərinin qəlbi duyğularından nəsib ala bilməyi, onların əxlaqı ilə əxlaqlanmağı, beləliklə daim zikr, təfəkkür və şükür edən qəlbi-səlimə sahib olmağı hər birimizə nəsib etsin…

      Amin!

       


      [1] Əttar, Təzkirə, s. 622

      [2] Əttar, Təzkirə, s. 629

      [3] Buxari, Əshabun-Nəbi, 7

      [4] Buhârî, Ashâbu’n-Nebî 3, Menâkıbu’l-Ensâr 45, Salât 80; Müslim, Fedâilu’s-Sahâbe 2; Tirmizî, Menâkıb 15.

      [5] İbn-i Sa‘d, II, 227; Ali el-Müttakî, Kenz, XII, 523/35686; İbn-i Asâkir, Târîhu Dımaşk, XXX, 250.

      [6] Əhməd, V, 235; Heysəmi, Məcmauz-Zəvaid, Beyrut 1988, IX, 22.

      [7] Əli bin Hüseyin Safi, Rəşahatı-Aynul-Həyat (thq. Əli Əsgər Muiniyan), Tehran 2536/1977, II, 636-637.

      [8] Ramazanoğlu Mahmud Sami, Musahabe, c. 6, sf. 151, Erkam Yay. İst. 1982.

      [9] Təfsilat üçün bax. Nebîler Silsilesi, c. 1, sf. 213-214, Erkam Yay. İst. 2013.

       

      • Hits: 934 clicks

      Tecox component by www.teglo.info