Salih Zeki Meriç / SEVGİN SƏADƏTDİR BİZƏ

    PDF faylını alÇapE-poçt

      Share

          Peyğəmbərimizin (s.ə.s) bir adı da Həbibullahdır. Bu ad Allahın ona verdiyi adlardandır. Bunu şəxsən Onun dilindən öyrənirik: “Mən Həbibullaham, fəxr etmək yoxdur”,- buyurur (Tirmizi, Mənaqib, 1, № 3616). Həbibullah Allahın sevimlisi deməkdir. 

         Allahın sevgisinə nail olmuş insanların ən şərəflisi Peyğəmbərimizdir (s.ə.s). Sevgi bəsləyənin qulları, sevgi bəslənənin isə ümmətiyik. Bu səadət kifayət etmirmi? Bu səadətə şükür etməli deyilikmi? Sadəcə bu nemət üçün səccadələr göz yaşları ilə islanmamalıdırmı? İslam “Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər” (Maidə, 54) ayəsində ifadə edilən bir sevgi qaynaşmasıdır. Bu sevgi “...aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir” (Rum, 21) ayəsində ifadə edilən Allahın qüdrət əlamətlərindəndir.

          Quran həyat rəhbəridir. Hər ayəsi bizə bir nizam, bir düsturdur. Quranın özü sevgidir. Həyatın özü sevgi olduğu kimi. Sevgi qəlblərimizdə yerləşdirilmiş şifrələrdir. İnsan sevgi ilə yaşayır, sevgi ilə həyatına məna qatır. Sevginin həyatverici xüsusiyyəti vardır.

          İslam sevgi dinidir. Sevginin mənbəyidir. İncitməməyi, inciməməyi tövsiyə edər. Bir qarışqaya əzab verilməsini, bir əşyanın belə xarab edilməsini istəməz. Şərəfli yaradılışı Yaradanın aliliyindən qaynaqlanan insan yenə Rəbbinin bəyanı ilə ən şərəfli məxluq olaraq ifadə edilmişdir. İnsan əziz varlıqdır və hər cür rəzillik və rəzalətdən uzaqdır. İnsan sevgiyə, şəfqətə, diqqətə və dəyərə layiq ən uca varlıqdır.

          İslamın başdan-başa sevgi və məhəbbət rəmzləri ilə doludur. İnsanın yaradılışı sevgiyə görə olmuşdur. Allah gizli xəzinə idi və tanınmaq istədi, Həzrət Adəmi yaratdı. Sonra Həzrət Həvvanı. Onların aralarında sevgi və məhəbbət yaratdı. Onun sayəsində bir-birlərini sevdilər. Sevginin yeganə mənbəyi Allahdır. Qullarının qəlblərinə yerləşdirilən sevgi zərrəcikləri Ondandır, qullar o sevgi sayəsində bu duyğunun fərqinə varır və bu gözəl duyğunu yaşadırlar. Çünki sevgi bir ruzidir. Bu ruzidən nəsibi olmayanın bu duyğunu yaşatması mümkündürmü?

          Rəhməti qəzəbindən üstündür Rəbbimizin. Elə olmasaydı, kim mərhəmət edərdi bu qədər üsyan edən insanlara? O Rəhmandır, Rəhimdir. Hər surəni oxuyarkən dilimizdə vərdiş olur Rəhman və Rəhim olan Allahın adı.

      Sevgi hər an və hər şeydə vardır. Allahın evi Kəbənin ətrafında pərvanələr kimi dövrə vuran qulların ürək döyüntüləri sevginin təzahürüdür. Elə bir sevgi ki, "O dedi" deyə Onun qulları, qara Kəbənin ətrafında dönürlər, döndükcə də fəna fillah olurlar. İbrahim kimi dönürlər, İsmayıl kimi dönürlər, Kainatın Seyyidi kimi dönürlər. Həcər anamızın ürəyindəki hüznə çevrilir bu sevgi. Təpədən təpəyə qaçar, qızğın səhra qumlarına qarışan göz yaşları ilə. İsmayılın quruyan dodaqlarında bir damla zəmzəmə çevrilir bu sevgi.

          İbrahimi yandırmayan atəş, Musaya açılan dəniz, İsaya səyahət etdirən, Rəsulullahı Hirada saxlayan, qövmünə gələrək Allahdan başqa ilah olmadığını deməyə vadar edən, Məkkədən Mədinəyə hicrət etdirən bu sevgidir.

          Möminlər birgə olurlar məscidlərdə. Hər cümə bir Beytullahdır. Rəngi, irqi, məzhəbi nə olursa-olsun hər mömin digərinin qardaşıdır. "Ey Allahın qulları, qardaş olun" əmri bunu tələb edir.

          Minarələrdən yüksələn azanlar məhəllə-məhəllə, küçə-küçə yer üzünə yazılır. Allahın yer üzü qədər Allahu-Əkbər səsləri yüksəlir heç dayanmadan. Heç susmadan Muhamməd Rəsulullah sədaları eşidilir. Möminlər onun adını eşidincə salavat gətirir. O salavatlar daimi sevginin tərənnümüdür.

          Muhamməddən məhəbbət oldu hasil,

          Muhammədsiz məhəbbətdən nə hasil?

          Allahı sevmək Həzrət Muhammədi (s.ə.s) sevməkdən keçir. Muhamməd bir sevginin nəticəsidir. Aləmlərə rəhmət olaraq göndərilən Rəhmətin müşəxxəs halıdır.

          Peyğəmbərimiz (s.ə.s) bir dəfə Hz. Ömərə:

          - Ey Ömər! Məni nə qədər sevirsən?

          - Ya Rəsulullah, özüm xaric, səni anamdan, atamdan, övladımdan da çox sevirəm.

          Rəsulullah (s.ə.s):

          - Ya Ömər, olmadı,- deyəndə Hz. Ömər:

          - Ya Rəsulullah, Səni özümdən də çox sevirəm,- dedi.

          - Ya Ömər, indi oldu.

          Peyğəmbərimiz: "Bir adam Allah Rəsulunu öz nəfsindən çox sevmədikcə kamil mömin olmaz"- deyə buyurur. Səhabə o sevginin abidəsini canlarından artıq bilib, Onun hər şeyinə sevgi bəsləyirdilər.

          Mədinə nurlu şəhərdir. Nurunu Ondan alan şəhərdir. Onun rövzəsini saxlayan şəhər... Yüz illər keçdi. İman gətirmiş hər qəlb axın-axın Mədinəyə gedir. Ona sevgisini izhar etməyə.

          Salavatları dillərdə, həsrəti ürəklərdə. Biz gəldik hüzuruna deyə bilmək üçün. Nurlu halələrin altında, yaşıl qübbənin altında Rəsulullahın əlindən tutmaq, ona beyət etmək, bizi də ümmətindən sayarsanmı deyə bilmək üçün biz gəldik deyirlər sanki.

          O, qəbirdə belə “ümmətim, ümmətim”,- deyəcəyəm deyir. Sizdən kim mənə salət və salam göndərərsə, mənim ruhum geri göndərilər və mən o salama cavab verərəm,- deyir Allah Rəsulu (s.ə.s).

          Elə bir sevgi ki, bütün aləmi bürüyüb. Dünya bu sevginin nuru ilə nicat tapacaqdır

      • Hits: 886 clicks

      Tecox component by www.teglo.info