Adem ŞAHİN / QUTADQU BİLİK-2

    PDF faylını alÇapE-poçt

      Share

         1-Bədənin qidası boğazdan keçər, ruhun qidası olan doğru söz də qulaqdan girər...

         2-Çox danışmaqla biliyi əldə etmək olmaz, ancaq çox dinləməklə yüksək mövqeyə sahib olmaq olar. İnsan dilsiz olarsa, öyrənə bilər, amma kar olarsa, danışılanlardan heç bir bilik əldə edə bilməz.

         3-Dünya malı acı su kimidir, insan ondan heç vaxt doymaz. İçdikcə içmək istəyər. Dünya bir ilğımdır, əlini uzatsan uzaqlaşar.

         4-İnsan ömrü qısa olmasına rəğmən əməli və dili olduqca uzundur.

         5-Məmurların qəlbi bir bağçaya bənzəyir. O bağçanın yaşıllanması, növbənöv çiçəklərin açması və cürbəcür meyvələrin verməsi üçün lazım olan su- bəylərin sözləri və nəsihətləridir. Davamlı suvarılan bağçalar yaşıl və gözəl olur. Bəy də yaxşı və gözəl sözlərlə nəsihətlər verərsə, məmurların könlü açılar, üzü gülər.

         6-Aslan köpəklərə başçı olarsa, köpəklər aslana çevrilər. Köpəklər aslanlara başçılıq edərsə, aslanlar köpək kimi yaltaq olar.

         7-Sağ əlinlə qılınc vururkən sol əlinlə sədəqə payla.

         8-Tanımadığın adamı bilmək istəsən, onun dostlarını öyrən. O zaman bilərsən. Hər şey öz əslinə qayıdar. Yeriyən, uçan hər şeyə bax. Hər biri öz tayını özünə dost tutar. Sən düzlərə qoşul, əyrilərlə bir olma. Pis yaxşıya qatılmaz, ondan uzaqlaşar.

         9-Qılınc ölkə tutur, qələm də məmləkəti idarə edir. Qılıncdan qan damlayarsa- torpaq, qələmdən mürəkkəb damlayarsa- qızıl süzülər. Gözəl və yaxşı bir məmləkət qılınc ilə zəbt, qələmlə də idarə edilir.

         10-Xəzinardarlığa gəncliyində zənginlik içərisində yaşamışlardan biri ən uyğundur. Dövlət pulunu lüzumsuz yerə xərclənməməsi üçün xəzinədar əldən xəsis olmalıdır. Səxavətlilik yaxşı şeydir, ancaq bu səxavətlilik millətin kisəsindən olmamalıdır.

         11-Baş üçün (sağlamlıq) ən faydalı yol boğazı qorumaqdır. Xəstəlik insana boğazdan keçir. Müalicəsi də boğazdan olur.

         12-Bir idarəçi nə qədər əmək sərf edərsə etsin, təkbaşına uzun müddət nailiyyət əldə edə bilməz. İdarəçi içəridədir, onun gözü, qulağı isə köməkçiləri və məmurlarıdır.

         13-İki cür insana insan deyirlər: biri öyrənən, digəri öyrədən. Bu ikisindən digərlərini heyvan hesab et. Sən hansını istəsən, onu da seç.

         14-Başqasına faydası toxunmayan insanın ölüdən fərqi yoxdur.

         15-Kimin kamilliyi çoxdursa, kim əsilzadədirsə, ölkənin hər tərəfində ona çata bilməyənlər ona düşmən kəsilirlər.

         16-Adəm günah işləyəndə Allah onu cəzalandırdı. Qüdrətli Allah ona bu dünyanı zindan etdi. Zindanda nəyi arzulaya, nəyi diləyə bilərsən? Dilək, arzu və xoşbəxtlik ancaq cənnətdədir.

         17-Allah insan iki göz, iki qulaq verdi. Biri ilə bu dünyaya baxırsa, digəri ilə axirətə baxmalıdır. Qazanmaq üçün iki əl verdi. Birini bu dünya üçün, digərini axirət üçün istifadə et. İki ayağından birini bu dünya üçün atsan, digərini axirət üçün at. Hər iki dünyanı da Allah yaratdı, birini tapınca, tez digərini axtar.

         18- Qula qulluq olmaz qula yaraşmaz. Xidmətçiyə xidmət edən şəxsin dəyəri olarmı?

         19-Mən Sənə qarşı çox günah işlədim, amma bu Sənin rəhmətinin yanında heçnədir. Bağışlamağın Sənə bir zərəri olmadığı kimi, cəzalandırmağının da bir qazancı yoxdur. Məni bağışla. Günahım çox olsa da, Sənin məğfirətin var. Əgər cəzalandırsan, mən buna layiqəm, bağışlasan, Sən də buna layiqsən, Rəbbim.

         20-Dostunu yaxşı və pis ilə yoxla. Hər iki halda da dostluğuna davam edərsə, ona möhkəm yapış. Dostunun daxilini öyrənmək istəyirsənsə, onu sözlə hirsləndir. Sənə olan sevgisini yoxlamaq üçün ondan onun çox sevdiyi bir şeyi istə. Hər iki halda da reaksiya verməsə, səni çox sevdiyini bil və onu canından əziz tut.

         21-Pislikləri ilə məşhur şəxslərə yaxınlaşma. Ey təmiz yaradılmış şəxs, bilirsən ki, qara ağa tez bulaşır.

         22-Ev almaq istəsən qonşularını, yer almaq istəsən suyunu soruş.

         23-Ey hökmdar! Sən bir məşəlsən. Məşəlin nuru özü üçündür, yoxsa başqaları üçün?

         24-Bu dünyanı bir süfrə zənn et. İndi biz oturub süfrədən ruzimizi yeyirik. Bizdən əvvəl gələnlər yedilər və qalxdılar. İndi məhşəri gözləyirlər. Məhşər üçün bizim gəlməyimizi gözləyirlər. Bir başqası da bizim bu süfrədən qalxıb getməyimizi gözləyir. Onlar kimdirlər, bilirsənmi? Ana bətnindəkilər. Diqqət et, hər ikisi də bizim süfrədən qalxıb qalxmağımızı gözləyir. Biri qovur, digəri çağırır. Qovulan və çağırılan bir süfrə başında kim hüzur tapa bilər ki?

         25-Ağlın zinəti- dil, dili zinəti- sözdür. İnsanın zinəti- üz, üzün zinəti- gözdür. İnsan sözünü dili ilə deyər, söz yaxşı olarsa, üzü parlayar.

         26-Əlini uzadıb göydəki ulduzları tutsan və başın göyə dəysə, nəticədə sən yenə yerdəsən.

         27-Mənfəət kürsüyə bənzəyir, başında daşısan, səni kiçildər, ayağının altında qoysan, səni yüksəldər.

         28-Kiçiklərdə tərbiyə, böyüklərdə bilik qalmadı. Kobud insanlar meydanı ələ alıblar. Nəzakət çoxdan qalxıb. Nəzakətli insanları haradan tapacaqsan?

         29-Demək olar ki, zövqü möhnət təqib edir. Qadından zövq alan insanın soyuq su ilə yuyunması gərəkir, dünyaya gələn uşaqların yükünü daşıyacaqdır. Demək olar ki, şirini acı təqib edir.

         30- Nəsihət insana fayda verər

         Nəsihəti loğma-loğma ver, yesin.

         O loğmaları yeyə bilmirsə

         Qarışma, qoy qor yesin.

         31-Həyat çətinləşdi, təlaş çoxaldı. Ehtiras və tamah artdı, hüzur qaçdı. Yoxsula, dula və yetimlərə şəfqət bəsləyən yoxdur. Dünyanı bir başqa qəlibə saldılar, ancaq heyrət edən yoxdur. Qocalıq sözü təhqir sayıldı. Sistem dəyişdi, qanunlar pozuldu. Ağ və qara müəyyən edilməz hala gəldi. Hər şeyə gücü yetən Rəbbim aqibətimizi xeyirli eləsin. Bu fitnəli, bəlalı və pis adətləri aradan qaldırsın.

      • Hits: 889 clicks

      Tecox component by www.teglo.info