MÜSAHİBƏ / Möhtərəm Osman Nuri TOPBAŞ

    PDF faylını alÇapE-poçt

      Share

           İrfan: Əfəndim, mübarək üç aylardan Rəcəb və Şabanı yaşadıq, artıq Ramazani-Şərifin astanasındayıq. Bu vəsilə ilə zati-alinizdən müsahibə almaq istədik. 

           Ramazan ayını qısa olaraq necə anlamalıyıq? Ramazani-Şərif dedikdə ağlımıza nə gəlməlidir?

           Osman Nuri TOPBAŞ: Ramazani-Şərif bir növ inkişaf etdirilmiş mənəvi təkamül məktəbidir... Belə ki, könülləri zənginləşdirən, ürəklərə səviyyə qazandıran oruc, iftar, sahur, təravih, müqabilə, dua-zikr, fitrə-zəkat, etikaf, min aydan xeyirli olan Qədr gecəsi, bayram bu məktəbin əsas dərsləridir. Bütün bu dərsləri layiqincə idrak edib imtahanlarından yüksək qiymət ala bilmək isə ilahi əfv bayramına nail olaraq əbədi qurtuluş bəratını ala bilməyin ən gözəl yoludur.

           Necə ki, Həzrət Aişə anamızın bildirdiyinə görə Allah Rəsulu r Ramazanda digər aylardan daha çox qulluq etməyə çalışardı. Ramazanın son on günündə isə əvvəlki günlərinə nisbətən ibadətlə daha çox məşğul olardı. (Müslim, Etikaf, 8; İbn Macə, Siyam, 57)

           Ramazani-Şərif ilahi əfv və məğfirətin coşub daşdığı bir aydır. Bəndənin fəzilətlərə nail olduğu aydır. Həzrət Mövlana bizə belə səslənir:

           “Ramazan gəldi, artıq maddi qidalardan əlini çək ki, sənin üçün göydən mənəvi ruzilər gəlsin. Bu ay könül süfrəsinin açıldığı aydır. Bədənin xətalarından qəlbin xilas olduğu aydır. Könüllərin eşq və imanla dolduğu aydır”.

           Bir sözlə, Ramazani-Şərif könüllərdə feyz və bərəkətin daşdığı, nəfs və ruhun tərbiyə olunduğu, mənəvi mövsümlərin baharıdır. Sinələrdə qurumuş iman toxumları bu ayda saleh əməllərlə cücərər, saralıb-solmuş qəlblər təqva ilə dirilib inkişaf edər. Bu ay başdan-ayağa müstəsna qazanc fürsətidir.

           - Buyurduğunuz kimi, Ramazani-Şərif nəfs və ruh tərbiyəsi mövsümüdür. Yəni könüllərin saflaşdığı bir mövsüm. Yeri gəlmişkən, zəmanə şərtlərində Ramazan necə bir tərbiyə iqlimi bəxş edir? Ramazanın əslində gizli olan ruh və məna nədir? Bu ayda fərz olan oruc insanın ruh aləminə necə təsir edir?

           - Ramazani-Şərifin layiqincə əhya edilməsi yolunda ən çox diqqət olunacaq xüsus əlbəttə ki, oruc ibadətidir. Çünki oruc bizə dünyanın fani nemətləri əlindən alınacaq axirət yolçusu olduğumuzu xatırladır.

           Bir gün Əbu Ümamə (r.a):

           “- Ya Rəsulallah, mənə elə bir əməl tövsiyə et ki, Allah-Təala məni onunla mükafatlandırsın”,- dedikdə Həzrət Peyğəmbər r bu cavabı vermişdi:

           “- Sənə oruca sarılmağı tövsiyə edirəm. Çünki o, misli olmayan bir ibadətdir”. (Nəsai, Siyam, 43)

           Oruc ibadəti hər şeydən əvvəl bizə nemətlərin qədrini xatırladaraq möhtacların halını başa düşməyi təlqin edir. Yəni orucun bizə verdiyi ilk dərs mərhəmətdir. Oruc mərhəmətsizliklə tıxanan qəlb damarlarını açan ibadətdir. Çünki acların halını ac olan başa düşər.  

           Necə ki, Misirdə şiddətli qıtlıq hökm sürdüyü vaxtlarda Yusif Yusif u-dan soruşdular:

           “- Sən dövlət xəzinələrinə hakim idarəçisən. Niyə özünü ac saxlayırsan?”. O isə belə cavab verdi:

           “- Qarnım tox olarsa, acların halını başa düşə bilməməkdən qorxuram”.

           Yəni oruc könüllərdəki ehtiras və tamah fırtınalarını sakitləşdirən və səbirli olmağı təlim edən mənəvi tərbiyə məktəbidir.

           Ona görə də bu ayda könüllərimizi baş verənlər qarşısında bir fəzilət dərgahına çevirərək əfv, helm, təvazökarlıq, iffət, qənaət, şəfqət, mərhəmət, nəzakət və səmimiyyət kimi məziyyətlərlə bəzəməli, dilimizi də qəlblərə sancılan tikan olmaqdan qoruyub rəhmət dili ilə danışmağa çalışmalıyıq.

           Həmçinin oruc günün müəyyən hissəsində bəzi halallardan belə uzaqlaşaraq haram və şübhəlilərdən nə qədər uzaq durmalı olduğumuzu bizə təlqin edən ibadətdir.

           Lakin orucun Haqq qatında məqbul olması üçün mədənin ac qalması ilə yanaşı dil, göz, qulaq kimi digər üzvləri də günahlardan qorumaq zərurəti var. Necə ki, Allah Rəsulu r bir gün:

           “- Oruc onu tutana yaraşmayan şeylərlə zədələnmədikcə (oruclu üçün) bir qalxandır”,- buyurmuşdu. Əshabi-kiram:

           “- Oruc tutan onu nə ilə zədələyər?”,- deyə soruşduqda Allah Rəsulu r:

           “- Yalan və qeybətlə...” cavabını verdi. (Nəsai, Siyam, 43)

           Xüsusilə Quranın ifadəsi ilə “huməzə”“luməzə”, yəni dedi-qodu, qeybət etmək, qaş-göz işarəsi ilə başqasını məsxərəyə qoymaq, mömin qardaşını alçaltmaq və yalan danışmaq kimi orucun ruhaniyyətini zədələyəcək hallardan uzaq durmaq lazımdır.

           Ramazan ayında xüsusilə qzəblənməmək lazımdır. Çünki orucun bir cəhəti də davranış və hərəkətlərin nəzarət altına alınması və çəki-düzən verilməsidir. Şərtlərinə riayət edərək tutulan oruc ruhu nəfsani təmayüllərə əsir olmaqdan xilas edər.

           Oruc həyat mücadiləsində zəruri olan “səbir, iradə, nəfsi arzulardan uzaqlaşmaq” kimi halların təlimi ilə əxlaqımızı kamilləşdirir. Həmçinin bu ibadət nəfsin yemək, içmək və şəhvət nöqteyi-nəzərindən bitmək bilməyən arzularına qarşı insanın şərəf və heysiyyətini qoruyan bir qalxandır.

           Bir sözlə, oruc onu tutanı səbir, dözüm, qənaət və hala riza kimi əxlaqi gözəlliklərə nail etməyin fəziləti ilə yanaşı eyni zamanda məhrumiyyət və aclıqla nemətlərin qədrini xatırladır və bu vəsiləylə yoxsulların halını düşünüb ürəklərimizi onlara mərhəmət və şəfqət hissləri ilə həssas hala gətirir. Şükür etmə duyğularını canlandırır. Bu vəsfi ilə oruc sosial həyatdakı kin, həsəd, qısqanclıq kimi cəmiyyəti narahat edən mənfilikləri aradan qaldırmaqda ən təsirli vasitə və ilahi əmrdir.

           -  Bir müsəlman bu aydan daha səmərəli istifadə etmək üçün Ramazanı necə keçirməlidir? Bu mübarək ayda xüsusilə ibadət nöqteyi-nəzərindən nələrə diqqət etməliyik?

           - Ramazani-Şərif doğrunu əyridən ayıran və insanlara düz yolu göstərən Qurani-Kərimin nazil olduğu aydır. Ona görə də ilk növbədə Ramazanda istiqamətimizi Qurani-Kərimə görə nizamlamağa cəhd etməliyik. Qurani-Kərimi anlamaq və yaşamaq üçün möhtəvası üzərində daha artıq dərinləşməliyik.

           Dünya imtahan məktəbidir. Bu məktəbin dərs kitabı Qurani-Kərim, ən böyük müəllimi isə Həzrət Peyğəmbər r-dir.

           Bədənin gümrah qala bilməsi üçün qidalara ehtiyacı olduğu kimi ruhun da bəzi ehtiyacları var. Ruhun ehtiyaclarının başında isə namaz və oruc ibadəti gəlir. İnsan ac-susuz qalaraq əslində Allahın ona necə də gözəl nemətlər bəxş etdiyini hiss edər və Yaradan qarşısında daha da zərifləşər. Oruc insanın təfəkkür qabiliyyətini açar, qəlbini incəldər. İnsana ən gözəl əxlaqi keyfiyyətlərdən sayılan səbri təlim edər. Oruc “bizə kömək edin”,- deyə səssizcə fəryad edən məzlumların, möhtacların da ən gözəl tərcümanıdır.

           Oruc daxilimizdəki nəfs əjdahasını zəbt edən və beləliklə qəlbi dərinliklərimizdə fitrətən gizli olan mərhəmət və şəfqət duyğularını inkişaf etdirən ruhi nizamdır. Bizə mərhəməti ən gözəl şəkildə təlim edən və onu ən yaxşı bəsləyən ibadət orucdur. Nəfsin aclıqla tərbiyə edilərək eqoizmdən qayğıkeşliyə doğru səviyyə qazanması lazımdır ki, könlümüz mərhəmət duyğuları ilə dolsun, yardım əlimiz imkansızlara və biçarələrə uzansın, qəlbimiz onların dərdlərinə şərik olsun və matəmlərin yanında yer alsın.

           - Söz açılmışkən, Ramazan ictimai həyatımıza necə sirayət etməlidir? Bu nöqteyi-nəzərdən öhdəliklərimiz nələrdir?

           - Ramazani-Şərif qardaşlıq duyöularını gücləndirən bir aydır. İslamda qardaşlıq bir-birini yuyan iki əl kimidir. Əbul-Həsən Haraqani həzrətləri İslam qardaşlığı haqqında duyğularını ifadə edərkən belə buyurur:

           “Türküstandan Şama qədər olan torpaqlarda birinin barmağına tikan batsa, mənim barmağıma batmışdır. Birinin ayağına daş dəysə, mənim ayağıma dəymişdir. Onun ağrısını mən hiss edərəm. Əgər bir qəlbdə hüzn varsa, o qəlb mənim qəlbimdir”.

           Ramazani-Şərifdə tutulan oruclar eyni zamanda məhrumiyyət və aclıq təmrinləriylə nemətlərin qədrini bildirib şükür duyğularını da gücləndirir. Möhtacların hallarını düşündürərək infaq və ikram yolu ilə onların könüllərini və dualarını alma təmayüllərini oyadır. Bu nöqteyi-nəzərdən Ramazan ayı gözəl bir infaq ayıdır. Bu ayda nafilə etikaflara da fərz ibadətlərin savabı verilir. Necə ki, Allah Rəsulu r-in bu aydakı həyəcanını Abdullah bin Abbas t belə dilə gətirir:

           “Allah Rəsulu insanların ən comərdi idi. Ramazan ayında isə comərdliyi daha da artardı. Çünki Cəbrayıl u hər il Ramazanda gələr, ayın sonuna qədər birlikdə olar, Hz. Peyğəmbər ona Qurani-Kərim oxuyardı. Məhz o günlərdə Allah Rəsulu əsən küləkdən daha comərd olardı”. (Müslim, Fəzail, 50)

           Mövlana Xalid Bağdadi həzrətləri də Onun hədsiz comərdliyi və səxavəti haqqında belə buyurur:

           “Rəsulullah r o qədər mükəmməl comərdlik nümunəsi idi ki, Onun varlığı hörmətinə dənizlər inci verir, sərt daşdan yaqut çıxır və tikan gül açır. Əgər bir bağçada Onun gözəl əxlaqından söz açılsa, sevindiyindən ağzını açıb gülməyən, yəni açılmayan bir qönçə tapmazsan”. (Divan, s. 65-66)

           Zəmanəmizdə imkan nisbətində ciddi mənada infaq və isar səfərbərliyinə ehtiyac var. Unutmayaq ki, iztirab çəkən və möhtac insanların yerində biz də ola bilərdik. Ona görə xəstə, qərib, kimsəsiz, möhtac və aclara qarşı səxavət və isarımız Rəbbimizə qarşı şükür borcumuzdur. Əlimizdəki nemətləri möhtaclarla bölüşək ki, sevindirdiyimiz könüllər dünyada ruhaniyyətimiz, axirətdə imdadımız, cənnətdə səadətimiz olsun.

           - Son zamanlarda insanların düşüncə tərzində yanlış bir təmayül gözə çarpır: sanki müsəlmanlıq Ramazana məxsusdur. Bir növ Ramazanda yaşananlar bayramla birlikdə sona çatır. Bunu necə dəyərləndirməli?

       - Bəhlul Danəndə həzrətləri necə də gözəl söyləyir:

           “Bayram yeni və gözəl paltarlar geyinənə deyil, ilahi əzabdan əmin olub, əbədi ziyandan xilas olanlar üçündür. Həmçinin bayram gözəl miniklərə minənlər üçün deyil, xəta və qüsurlarını tərk edərək xalis qul ola bilənlər üçündür…”

           Allah-Təala ayeyi-kərimədə belə buyurur:

           “Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın.” (ən-Nəhl, 92)

           Ayədə işarə olunan qadın Rayta binti Saddır. Gün boyu iplik əyirər, sonra isə onu sökərdi. Beləliklə də bütün vaxtını boşa sərf edərdi. Bu səbəblə zərbi-məsələ çevrilmişdi. Ağlı olan kəs bu hala düşməməlidir.

           Çünki hörmək çətindir, sökmək asan…

           İnşa etmək çətindir, yıxmaq asan…

           İnşası uzun illər davam edən bir abidəni buldozerlə bir anda yıxmaq mümkündür.

           Bu ayeyi-kərimədə Ramazani-Şərifdə əldə etdiyimiz gözəl xislət və vərdişləri unutmamağımız və işlədiyimiz saleh əməllərin əcrini puç etməməyimiz üçün nəfsin qəflət və tənbəllik tələsinə qarşı diqqətli olmağımız əmr edilir.

           Həqiqətən Ramazani-Şərifdə nəfsani və eqoist duyğular əriyir, mərhəmət və fədakarlıq zirvələşir.

           Zəkat və sədəqə verməklə infaq artdığı üçün xəsislik məğlub olur, comərdlik qələbə çalır. İsraf ortadan qalxır.

           Yenə Ramazanda təkəbbür geriləyir. Aclıq hissinin təfəkkürü ilə heçlik idrakı və təvazökarlıq şüuru inkişaf edir.

           İxlas və səmimiyyətlə ifa edilən ibadətlərin ruhaniyyəti ilə Ramazani-Şərif cəhənnəmə bir qalxan olur.

           İffət və həya güclənir, nəfsin günaha meyli ortadan qalxır.

           Həmçinin Ramazanda sahur niyyətilə səhərlər oyanmağa çalışırıq. İsti və uzun günlərdə sahursuz oruc tutmaq qorxusu bizi hətta ən ağır yuxudan oyadır. Ramazandan sonra da səhərləri əhya etməyə, mənəvi aclığımızı bu vaxtlarda açılan ilahi süfrələrlə aradan qaldırmağa çalışsaq, Ramazanın ruhaniyyətini davam etdirmiş olarıq...

           Ramazani-Şərifi ildə bir dəfə bizə baş çəkən və sadəcə gəldiyi zaman razı salınacaq qonaq kimi deyil, ömrümüzü necə yaşayacağımızı təlim etmək üçün bizə lütf edilən, il ərzində bir aylıq kurs, bir məktəb kimi görməliyik.

           Xülasə, Ramazani-Şərif səbəbilə möminlərdə bütün gözəl xislətlər inkişaf edər. Səbir, nəzakət, mərhəmət, fədakarlıq, səxavət, qənaət, haqq-hüquqa riayət həssaslığı və s. duyğular coşar.

           Ramazan iqlimində və məktəbində əldə olunan ibadət, əxlaq və müamilələrə dair bütün ruhani vəsflərin ömür boyu davam etdirilməsi şərtdir. Çünki dindarlıq müəyyən zamanlara xas olan bir mərasim deyil, ölüm gələnə qədər yaşanacaq təqva həyatıdır…

           - Əfəndim, vaxtınızı bizə ayırdığınız və dəyərli fikirlərinizi Azərbaycan oxucusu ilə paylaşdığınız üçün təşəkkür edirik.

           -  Mən də təşəkkür edirəm. Azərbaycan və Türkiyə iki qardaş ölkədir. Bizi bir-birimizə bağlayan güclü mənəvi bağlar var, bu bağları daha da möhkəmləndirməli, qardaşlıq ruhunu zədələyən hər cür mənfilikdən də həssaslıqla uzaq durmalıyıq.

           Rəbbim hər iki ölkəni və bütün ümməti-Muhammədi qəza və bəlalardan qorusun, qardaşlığımızı daim eyləsin. Bizi əcdadımızın qoyub getdiyi mənəvi mirasa layiqincə sahib çıxan saleh nəsillər qılsın. Məmləkətlərimizin səmasından azani-muhammədinin gur sədasını qiyamətədək əskik etməsin.

           Allah-Təala hər birimizə lütf və kərəmi ilə Ramazani-Şərifin feyz və ruhaniyyətini bir ömür boyu könüllərimizdə davam etdirə bilməyi, son nəfəsimizin də əbədi bayram sabahına çevrilməsini qismət etsin!..

           Amin…

      • Hits: 1058 clicks

      Tecox component by www.teglo.info