Ənənəvi Bayramimiz: Novruz / Dr. Şahin Əhmədoğlu

      Share

      Dövlətlərin və millətlərin həyatında özünəməxsus yeri olan bir çox dəyərli adət-ənənələri vardır. Bu adət-ənənələr bəzən milli, bəzən də mənəvi olur. 

      Qədim dövrlərdən başlayaraq günümüzə qədər Azərbaycanda qeyd olunan və cəmiyyətimizin adət-ənənələrindən biri də Novruz bayramıdır. Novruzu bəzi cəhətlərinə görə milli, bəzi cəhətlərinə görə isə dini bayram adlandırmaq mümkündür. O özündə hər iki dəyəri birləşdirir. Beləcə Novruzun da rəngarəngliyi və gözəlliyi özünü biruzə verir. Əsas mövzuya keçmədən burada Novruz kəliməsinin etimologiyası haqqında məlumat vermək yerində olar.

       Novruz kəliməsinin mənası 

       Novruz kəliməsi iki kökdən ibarətdir.  Birincisi "nov" yeni, ikincisi isə "ruz" gün deməkdir. Bu həm də Yeni Ilin başlanğıcı sayılır. Bəzi dialektik fərqliliklərə baxmayaraq Azərbaycanda "novruz" və ya "noruz", Başqırd türkcəsində "navruz", Qazaxıstan türkcəsində "navruz" və ya "novruz", Qırğızıstanda "noruz", Özbəkistanda "növroz", Tatarıstanda "navruz", Türkmənistanda  "novruz", Uygur türkcəsində "noruz", Çuvaşıstanda "naras" kimi istifadə olunur.

       Novruz bayramının tarixi

       Novruz bayramının tarixi haqqında müxtəlif məlumatlar vardır. Hətta bu bayramın tarixinin 5000 il əvvələ qədər getdiyi də ifadə olunur.  Bunu da söyləmək lazımdır ki, Novruz müxtəlif  millətlər tərəfindən bayram kimi qeyd edilir. Bu da o deməkdir ki Novruz, həm də beynəlxalq bir bayramdır. Aşağıda nümunəsini verəcəyimiz hadisələr bu günün qeyd olunmasının çox qədimdən bəri var olduğunu göstərir.

       - Uca Tanrı dünyanı gecə ilə gündüzün vaxtının eyni olduğu Novruz günü yaratmışdır.

       - Ilk insan Həzrəti Adəmin palçığı Novruz günü yoğrulmuşdur.

       - Həzrəti Adəmlə həzrəti Həvva yer üzünə atıldıqdan sonra Ərəfatda mart ayının 21-də görüşmüşlər.

       - Həzrəti Nuhun gəmisi Novruz günü torpağa oturmuşdur. 

       - Həzrəti Yusif quyudan qurtulması və ona peyğəmbərlik məqamı verilməsi Novruz günüdür.

       - Həzərti Musa əsası ilə Qırmızı dənizi ortadan ayıraraq öz tərəfdarlarını bu gündə xilas etmişdir.

       - Həzrəti Yunus balığın qarnından Novruz günü çıxmışdır.

       - Ulduzlar bir yerdə cəm ikən,  ayrılaraq öz orbitlərinə Novruz günü səpələnmişdir.

       - Həzrəti  Məhəmmədə (s.ə.s.)  peyğəmbərlik bu gündə verilmişdir.

       - Həzrəti Əli 21 Mart yəni Novruz günü dünyaya gəlmiş və bu gün Həzrəti Əli ilə Həzrəti Fatimə evlənmişdir.

       - Türklərin Ərgənəkondan çıxaraq dünyaya yayıldığı Novruz günüdür .

       - Qışın bitdiyi, baharın gəlişi, toprağın və canlıların oyanışı bu gündə başlar.

      Bütün bu sadalananlardan bir daha aydın olur ki, Novruz bayramı çox qədim tarixə malik olan bir bayramdır. Bununla birlikdə Novruz günü-21 martla əlaqədar bir çox rəvyətlər də ortaya çıxmışdır. Bəziləri bunu öz adət-ənənələri ilə birləşdirmiş və bir çox mədəniyyətin qarışımından ibarət Novruz yaranmışdır. Məhz buna görə bir çox millət Novruzu öz bayramı kimi qeyd edir.

       Od, su, hava, torpaq çərşənbələri

      Novruzla əlaqədar bir çox ənənələr vardır. Onların ən əhəmiyyətlisi çərşənbələrdir. Bu çərşənbələr bayrama  bir ay qalmış qeyd olunmğa başlanır. Həftənin birinci çərşənbə axşamı  su, ikincisi od, üçüncüsü torpaq-yer və hava-yel-külək və ya axır çərşənbədir.

      Inanışa görə birinci çərşənbə günü su və su mənbələri təzələnir. Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə axırıncı Çərşənbə Gecəsi bütün axar sular dayanır, ağaclar başlarını yerə əyər. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşar. Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərin təzə ilə verəndə olur. Xalq arasında belə elə təsəvvür var ki, külək sudan da, oddan da, yerdən də güclüdür.

      Azərbaycanda Novruz

      Azərbaycanda da qədim dövrlərdən bəri Novruz bayramı mövcud olmuşdur. Bizdə bu bayram daha çox qohumları ziyarət etmək, evdə təmizlik işləri görmək, təzə paltar almaq, yumurta döyüşdürmək, at yarışdırmaq, kütləvi şənliklər keçirməklə qeyd olunur.

       Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleariy hələ 1637-ci Şamaxıda olakən yazırdı ki : "Münəccim (astroloq) tez-tez ayağa qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərlişdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı." 

       Bu qədim ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşlərinin açılmasını XIX əsrdə N.Dubrovin də təsdiqləyir və belə yazırdı: "Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirir." 

       Novruz bayramı Azərbaycan dövləti tərəfindən qəbul edilmiş milli və rəsmi bir bayramdır.

       Tonqal qalamaq

       Azərbaycanda Novruz bayramı adətlərindən biri də tonqal qalamaqdır. Hələ bayrama bir ay qalmış hər çərşənbə axşamı tonqal qalanır. Insanlar bu tonqalların üstündən tullanırlar. Belə təsəvvür var ki, güya beləcə insanlar xəstəliklərdən, çəntinliklərdən azad olurlar.  Məhz buna görə də tonqalın üstündən tullandıqları vaxt "Sarılığım sənə, qırmızılığın mənə", "Ağırlığımı uğurluğumu yer götürsün", "Ağırlığım-uğurluğum odlara", "Yazda mənlə hoppanmayan yadlara", "Ağrım-uğrum tökülsün, Oda düşüb kül olsun" və "Yansın alov saçılsın, Mənim bəxtim açılsın" kimi ifadələr işlədirlər. Ənənəyə görə tonqal heç vaxt su ilə söndürülməz. Tonqal sönəndən sonra onun külünü gənc oğlan və qızlar bir yerə yığıb, evdən kənar bir yerə atarlar. Bu isə o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşar.

       Papaq atdı

       Novruz bayramı ilə əlaqədar digər bir adət isə bayram axşamı qaş qaralandan sonra qonşu və qohumların evlərinə gedilməsi, heç kimin görə bilməyəcəyi bir şəkildə qapıdan və ya pəncərədən içəriyə papaq və ya dəsmal atılmasıdır. Bunu görən qohum və qonuşlar  papağa və ya dəsmala bayram sovqatı qoyaraq qapının ağzına buraxar və gizlincə baxar ki, papaq və ya dəsmal atan kimdir. Burada papaq atanın görünməməsi ən əsas əlamətdir.

       Ictimai həyatımızda Novruzun yeri və əhəmiyyəti

      Novruz hər şeydən əvvəl bir bir el şənliyidir. Mədəni irsimizdə bu kimi dəyərli bayramlar qorunmalı və gələcək nəsillərə çatdırılmalıdır. Fərqi yoxdur ki, bu bayramı hansı millət "özününküləşdirsin". Ən əsası odur ki, biz bu bayramdan necə istidadə edirik. Məsələn bayramlarda qohumlarımızı ziyarət edir, kasıblara, yetimlərə, şikəstlərə əl tuturuqmu? Əgər Novruz- yeni gün bizə bu kimi dəyərlərimizi yaşadırsa demək əsl bayram elə budur.

       Novruzun ictimai həyatımızdakı əhəmiyyətinə xüsusilə diqqət yetirmək lazımdır. Həm cəmiyyətimizdə həm də bütün dünyada Novruz bayramının xoşgörülüyü vurğulanmalıdır. Bununla birlikdə Novruz bayramının ümumilli məsələlərdə də köməyindən istifadə etmək lazımdır. Elə etmək lazımdır ki, Novruz bayramı Azərbaycanın bütün ərazilərində qeyd olunsun. Bu mənada Novruz torpaqlarımızın geri alınması üçün bir bayram olmalıdır. Bir milli bayram, bir ictimai bayram, bir coğrafi bayram... Məhz belə olarsa, biz vətənimizin hər yerini qarış-qarış bayrama çevirə bilərik.

      Bayramın mübarək əziz millətimiz!

      Bayramın mübarək Göyçə, Irəvan, Xankəndi, Zəngəzur, Təbriz, Ərdəbil!

      Bayramın mübarək Vətən!

       

      • Hits: 952 clicks

      Tecox component by www.teglo.info