Osman Nuri TOPBAŞ / TƏSƏVVÜF: QURAN və SÜNNƏ İLƏ KAMİLLƏŞMƏKDİR – 1

    PDF faylını alÇapE-poçt

      Share

           İslamın istədiyi “kamil insan” ola bilmək üçün dini həyatı maddə və məna bütünlüyü, zahir və batin dərinliyi, ağıl və qəlb ahəngi, surət və ruh bərabərliyi çərçivəsində qavramaq və yaşamaq lazımdır.

           Həqiqi təsəvvüf İslamı zahiri ilə yanaşı batini planda da qavrayıb yaşamağa çalışmaqdır. Bu isə məşhur ifadə ilə desək, İslamı “şəriət, təriqət, həqiqət və mərifət” bütünlüyü çərçivəsində idrak etməyi zəruri qılır. Buna belə bir misal verək:

           * Şəriətdə doyduqdan sonra yemək israfdır.

           * Təriqətdə doyunca yemək israfdır.

           * Həqiqətdə kifayət qədərini Allahın hüzurundan qafil olaraq yemək israfdır.

           * Mərifətdə isə bütün bunlarla yanaşı nemətlərdəki ilahi qüdrət və əsma təcəllilərini təfəkkür etmədən yemək israfdır. Çünki yaradılmış hər varlıq Yaradanın sonsuz qüdrət və əzəmətinin dəlili mahiyyətindədir.

           Böyük Allah dostlarından Şah Nəqşbənd həzrətləri çox vaxt yemək bişirmək və süfrə açmaq işlərində şəxsən özü iştirak edərdi. Həmişə tələbələrinə yemək hazırlayanda və yeyəndə qəlbən ayıq olub, bir anlıq da olsa qəflətə düşməmələrini tövsiyə edərdi. Müridləri ilə birlikdə yemək yeyərkən onlardan birinin bir loğmanı qəflətlə ağzına apardığını görsə, dərhal mülayim dillə xəbərdar edərdi. Bir loğmanı belə Allahdan qafil olaraq yemələrinə könlü razı olmazdı.

           Zahirən baxsaq, yemək ibadət deyil, amma Allahı zikr edərək yeyilən hər bir loğma ibadətlərdə feyz və xüşu halına səbəb olur. Allahdan qafil olaraq yeyilən loğmalar isə qəlbə qatılıq, qəflət və tənbəllik verir.

           “Yemək” misalı ilə verdiyimzi bu həssas islami ölçüləri bir növ etalon kimi ibadət həyatından ailə həyatına, qonşuluq münasibətlərindən iqtisadi fəaliyyətlərə qədər, bir sözlə, ağla gələn bütün bəşəri davranışlara tətbiq etməklə həqiqi mənada “təsəvvüfi kamilliyə” nail olmaq mümkündür.

           TƏSƏVVÜF NƏDİR?

           Təsəvvüf: Allah-Təalanı qəlbən tanıya bilmək sənətidir.

           Təsəvvüf: imanı “ehsan” kimi ali məqama yüksəltməyin başqa adıdır. Yəni daima ilahi kameraların nəzarəti altında olduğumuzu fərq edərək bu şüur və idrak ilə yaşamaqdır.

          Təsəvvüf: təmizlənmə təlimidir. Allahdan uzaqlaşdıran hər şeydən çəkinərək “təqva”ya nail olmaq yoludur. Nəfsani ehtirasları cilovlayıb ruhani istedad və qabiliyyətləri inkişaf etdirən mənəvi tərbiyədir.

           Təsəvvüf: Həzrət Peyğəmbərə varis olan əsl tərbiyəçilərin əlində nəfsin təzkiyə, qəlbin təsfiyə olunduğu mənəvi məktəbdir.

           Təsəvvüf: nəfsə qarşı sülhü olmayan cəngdir.   

          Təsəvvüf: hər bir halda ilahi qədərə riza göstərərək daim Allahla dost qala bilməkdir. Həyatın eniş-yoxuşları və acı-şirin sürprizləri qarşısında qəlbin müvazinətini qorumaqdır. Varlıqda həddi aşmamaq, qıtlıqda sıxılmamaqdır. Başa gələn cəfaları ilahi imtahan kimi görüb, bütün bunları təzkiyə (mənəvi olaraq paklanma) vəsiləsinə çevirə bilməkdir. Şikayəti və narazılığı unudaraq daim həmd ilə şükür edən “gözəl bəndə” ola bilmək məharətidir.

         Təsəvvüf: maddi və mənəvi cəhətdən kamil olan möminlərin qayğıkeş könüllə məxluqata yönələrək onların məhrumiyyət və ehtiyaclarını aradan qaldırmaq məsuliyyətidir. Yaradandan ötrü yaradılanlara şəfqət, mərhəmət, məhəbbət və xidmətin insanda təbii hal almasıdır.

          Təsəvvüf: Kitab və Sünnəyə möhkəm bağlılıq, ilahi və nəbəvi təlimatları qəlbi dərinliklə idrak edib həyatın hər mərhələsində yaşamaqdır.

           Xülasə, təsəvvüf: Allah Rəsulunu eşqlə yaxından tanıya bilmək, Onun ali şəxsiyyət, xarakter və əxlaqından ibrət alaraq dini özünə və ruhuna uyğun olaraq yaşaya bilməyə cəhd göstərməkdir.

           Bu kimi düsturlara zidd olan, ölçüsünü Quran və Sünnədən almayan nə varsa –təsəvvüfə aid edilsə də- batildir.

           TƏSƏVVÜF NƏ DEYİL?

           Dinin ruhani və dəruni tərəfi, mərifəttəqva dərinliyi olan təsəvvüfi cəhəti göz ardı edildikdə geriyə quru qaydalar toplusu qalır. Bununla yanaşı xüsusilə, zəmanəmizdə təsəvvüf yoluna sahiblik iddiası ilə önə çıxan bəzi qruplar kimi hər şeyi batini hökmlərdən ibarət sayıb, dinin zahiri hökmləri sayılan şəriəti xor görmək təsəvvüfün əslindən və həqiqətindən uzaq qalmağın açıq-aydın nümunəsidir. Belələrinin “qəlbin təmiz olsun, əməlin az olsa da olar” tərzində, nəfsani güzəştlərə qapı açan anlayışı ilə şəriətin xadimi olan həqiqi təsəvvüfün heç bir əlaqəsi yoxdur.

           Məsələn, bu gün “Məsnəvi”nin ruhundan uzaq olan bəzi insanlar tərəfindən Mövləviliyin təqva cəhəti arxa plana atılaraq, əsli zikr olan səma bir növ folklorik nümayiş və musiqi məclisinə çevrilməyə çalışılır.

         Həmçinin bəzi təriqətlərdə, başlanğıcda xoş niyyətlə ticarət işlərinə girilir, lakin işin sonunda çox vaxt təqva həssasiyyətindən uzaq düşərək maddi mənfəətlərə ram olurlar. Bu isə açıq-aydın dinin dünyaya alət edilməsidir. Heçlikyoxluq qapısı olan təriqətin varlıqçoxluq qayğısı ilə hərəkət edən mənfəət çarxına çevrilməsidir.

           Bəzi təriqətlərdə isə halal-haram həssasiyyəti arxa plana atılaraq, “mənim qəlbim təmizdir” kimi içiboş ifadələrlə qadın və kişilərin birlikdə iştirak etdiyi eyni məclislərin önünün açıldığını, təsəttürə riayət edilmədiyini və bu kimi bir çox şəri ölçülərdə güzəştə gedildiyini görürük. Sanki qəlb təmiz olduqda halal-harama riayət etməyə ehtiyac qalmır. Beləliklə nəfsə qapı açan batil fikirlərə meyil salırlar.

           Bununla da hər məsələdə ən böyük rəhbərimiz olan Həzrət Peyğəmbərin (s.ə.s) ən təmiz qəlbə sahib olduğu halda ibadətdə, müamilələrdə, əxlaqda, xüsusilə də zəmanəmizin ən böyük problemi olan “halal-harama riayət”də ümmətinə misilsiz nümunə olması göz ardı edilir.

         Halbuki əhli-sünnə möhtəvasındakı əsl təsəvvüf Hz. Peyğəmbərin həyat düsturları ilə zahiri və batini olaraq bütünləşmə səyidir. Rəsulullah (s.ə.s) mənəvi kamilliyin zirvəsində olsa da zahiri qulluq vəzifələrini son nəfəsinə qədər həssaslıqla ifadə etdiyi kimi, Onu örnək almalı olan hər bir mömin də hansı məqam, mövqe, məşrəb və təriqətdə olursa-olsun, şəri vəzifələrini də yerinə yetirməklə məsuldur.

           Əbdülqadir Gilani həzrətlərindən nəql olunan bu hadisə qeyd etdiyimiz xüsusu necə də gözəl ifadə edir:

           “Bir gün gözümün önündə bir nur peyda oldu və bütün üfüqü əhatə etdi. Nə olduğuna baxarkən nurdan bir səs gəldi:

         “Ey Əbdülqadir, mən sənin Rəbbinəm! Bu günə kimi işlədiyin saleh əməllərdən o qədər razıyam ki, artıq sənə haramları halal qıldım”.

           Bunu eşidən kimi səsin şeytana aid olduğunu bildim və:

           “Uzaqlaş buradan, ey məlun! Göstərdiyin nur mənim üçün əbədi zülmətdir”,- dedim. Şeytan:

           “Rəbbinin sənə bəxş etdiyi hikmət və fərasətlə bu dəfə də əlimdən xilas oldun. Halbuki bu üsulla yüzlərlə adamı yoldan çıxarmışam”,- deyərək uzaqlaşdı.

           Əllərimi uca dərgaha açdım, bunun Rəbbimin lütfü olduğu idrakı ilə Allaha şükürlər etdim”.

           Camaatdan bir nəfər:

           “Onun şeytan olduğunu hardan bildiniz?”,- deyə sual verdikdə isə:

           “Sənə haramları halal qıldım deməsindən”,- cavabını verdi.

           Həqiqətən bir qul gözəl halı və saleh əməlləri səbəbilə halal-haram məsələsində sərbəst buraxılsaydı, ilk növbədə belə bir güzəştə bəşəriyyətin Haqqa qulluqdakı zirvəsi olan Həzrət Peyğəmbər (s.ə.s) nail olardı. Əgər belə bir imtiyaz Ona verilməyibsə, deməli, heç kimə də verilə bilməz.

           Ona görə də həyatını Quran və Sünnə ölçülərinə görə nizamlamayan bir kəsin dilindən nə qədər təsəvvüfi ifadələr tökülsə də o adam həqiqi mənada təsəvvüf əhli ola bilməz.

           Məsələn, miras məsələsini dünyəvi mənfəəti ilə uzlaşmadığı üçün ilahi əmrlərə görə tənzimləməyən bir möminin seyru-süluk yolunda məsafə qət etməsi imkansızdır.

         Həmçinin ailə həyatında islami ölçülərə riayət etməyən birinin təsəvvüfi həyatından söhbət gedə bilməz. Sırf uşaqlarının fani gələcəyini fikirləşərək onları Quran təlimindən məhrum edən, bununla da övladının əbədi gələcəyini təhlükəyə atan valideyndə mənəvi inkişaf olmaz. Belə bir ata-ananın təsəvvüf əhli olduğunu zənn etməsi qəflətdən başqa bir şey deyil.

           Həmçinin ticarət həyatında başqalarının haqqını yemək, dünyəvi mənfəət üçün Allahın qadağan etdiyi şəkildə addım ataraq “bu dəfə olsun, bir daha etmərəm” kimi ifadələrlə yanlışa meyil etmək insanın özünə etdiyi ən böyük zülmdür, mənəviyyatını axsatmasıdır.

           Bu xüsusda Həzrət Ömər (r.a)-ın qoyduğu düsturu yaddan çıxarmamaq lazımdır:

           “Bir adamın qıldığı namaza, tutduğu oruca baxmayın.

           * Danışanda düz danışırmı?

           * Verilən əmanətə riayət edirmi?

           * Dünya işləri ilə məşğul olarkən halal-haram həssaslığına riayət edirmi? Bax, bunlara diqqət edin!”[1]

           Xülasə, bir adamın ibadətlərində, müamilələrində, əxlaqında və həyat tərzində şəri ölçülərə riayət etmək həssaslığı yoxdursa, onun təsəvvüfi inkişaf ümid etməsi mənasızdır.

           Unutmayaq ki, İslamın zahiri hökmləri deyə biləcəyimiz şəriət bir növ bədəni yıxılmağa qoymayan skelet kimidir. Skeleti olmayan, onurğasız bir bədən düz dura bilməz. Lakin sırf skeletdən ibarət olan dini həyat da -bəzilərinin qəsdən göstərmək istədiyi kimi- qorxuducu, nifrətetdirici və ruhsuz bir İslam anlayışı ortaya qoyar.

           Bu nöqteyi-nəzərdən təsəvvüf İslamı Allah Rəsulu (s.ə.s), səhabeyi-kiram, sələfi-salehin və təqva sahibi möminlərdəki feyz və ruhaniyyətlə idrak edib, eynilə onlar kimi dərin eşq və şövqlə yaşama cəhdindən ibarətdir.

           ƏN BÖYÜK KƏRAMƏT: İSTİQAMƏT

           Təsəvvüf: hər şeydən əvvəl həyatı QuranSünnə istiqamətində tənzim etməyə çalışmaqdır.

           Ayeyi-kərimələrdə belə buyurulur:

           “Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!”. (Ali-İmran, 132)

           “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!”. (Muhəmməd, 33)

           Həzrət Peyğəmbər (s.ə.s) də Vida Xütbəsində belə buyurmuşdur:

           “…Xəbəriniz olsun ki, mən öndən gedib cənnətdə Kövsər Hovuzunun başında sizi gözləyəcəyəm! Digər ümmətlərə qarşı sizin çoxluğunuzla sevinəcəyəm. Əsla (günah işləyərək) üzümü qara çıxartmayın!”…

           Ey möminlər, sizə iki əmanət qoyub gedirəm. Onlardan möhkəm yapışdığınız müddətdə əsla yolunuzu azmazsınız. Bu əmanətlər Allahın Kitabı olan Quran və Peyğəmbərinin Sünnəsidir…” (Bax. Müslim, Həcc, 147; Əbu Davud, Mənasik, 56)

           Məhz həqiqi təsəvvüf də bu iki müqəddəs əmanətə layiqincə riayət edə bilməkdən ibarətdir. Təsəvvüf Qurani-Kərim və Sünnədə yer alan ixlas, təqva, xüşu, tövbə, riza kimi qəlb əməllərinin necə gerçəkləşəcəyini, bunun müqabilində riya, ucüb, təkəbbür, həsəd kimi nəfsani mərəzlərin necə müalicə ediləcəyini öyrədən bir təlim-tərbiyə metodudur. Riyazət və mücahidə kimi bəzi təmrinlərlə kəşfkəramətlərə nail olma təlimi deyil.

           Əslində kəşf və kəramət sahibi olmaq mənəvi irəliləyişin əsası deyil. Necə ki, bir çox rəvayətdə[2] peyğəmbərlərdən sonra insanların ən xeyirlisi olduğu bildirilən Həzrət Əbu Bəkr (r.a)-ın da fiziki və zahiri kəramətinə dair bir o qədər məlumat yoxdur. Onun ən böyük kəraməti Allah Rəsuluna olan misilsiz sədaqəti, təslimiyyət və itaətidir.

           Ona görə də Allah dostları fiziki kəramətlərə əhəmiyyət verməmiş, hətta lovğalıq və şöhrətə səbəb olan bu kimi kəramətləri ifşa etməkdən mümkün mərtəbə çəkinmişlər. Bütün səylərini də Quran və Sünnə istiqamətində yaşama cəhdinə cəlb etmişlər.

           Cü­neyd Bağ­da­di -qud­di­sə sir­ruh-:

          “Bir adamı havada uçarkən görsəniz, halına baxın, əgər Kitab və Sünnəylə uzlaşmırsa, bu bir (kəramət deyil) istidracdır”,- buyurmuşdur.

      Bəyazid Bistami həzrətlərinin də belə dediyi nəql olunur:

           “Bir gün Dəclə çayının qarşı sahilinə keçəcəkdim. Çayın hər iki sahili mənə yol vermək üçün birləşdi. Tez özümü topladım və Dəcləyə belə dedim:

           “And olsun ki, mən buna aldanmaram! Qayıqçılar adamı yarım axçaya qarşı sahilə keçirdir. (Sən isə otuz ildən bəri məhşər üçün hazırladığım saleh əməllərimi istəyirsən.) yarım axça üçün otuz illik ömrümü (məni eqoizmə sürükləyəcək kəramət uğruna) zay edə bilmərəm. Mənə Kərim lazımdır, kəramət yox!”.[3]

           TƏSƏVVÜF: ZİKRLƏ QƏFLƏTDƏN QORUNMAQDIR

           Allah-Təala:

           “Ey iman gətirənlər, Allahı çox zikr edin” (əl-Əhzab, 41),- buyuraraq hər fürsətdə Onu yad etməmizi istəyir.

           “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edərlər…” (Ali-İmran, 191) buyurmaqla da daim qəlbən Onunla görüşməyimizi istəyir.

           Deməli, möminlər olaraq Rəbbimizi zikr etmək vəzifəmiz yalnız namaz qılmaqdan ibarət deyil. Namazda olan Allahla bərabərlik şüurunu namazdan sonra da davam etdirməliyik. Zira bəndələrini bir saniyə də olsa unutmayan Allah onların da daim özünü xatırlamasını istəyir.

          Zikrullahdan bir anlıq da olsa qafil qalmağın böyük təhlükəsi səbəbilə Həzrət Peyğəmbər (s.ə.s) belə dua etmişdir:

           “Ya Rəbb, göz açıb-yumana qədər də olsa məni nəfsimlə baş-başa buraxma!”.[4]

           Çünki bir qəlb Allahı unutduğu nisbətdə qəflətə düçar olar. Həmçinin Allah Rəsulu (s.ə.s):

           “Bəzən qəlbim pərdələnir. Amma mən gündə yüz dəfə Allaha istiğfar edirəm”,- deyə buyurmuşdur. (Müslim, Zikr, 41; Əbu Davud, Vitr, 26)

           Buradan öyrənirik ki, yalnız işlənən günahlara görə deyil, Allahı unudaraq keçirilən anlar üçün də istiğfar etmək lazımdır. Çünki mərifətullah üfüqünə çatmış qəlblər xeyli həssaslaşdığı üçün Haqdan qafil olaraq alınan nəfəslər də günah kimi qarşılanır. Necə ki, bir hədisi-şərifdə belə buyurulmuşdur:

           “İnsanlar bir məclisdə oturar və orada Allahın adını anmazlarsa, nöqsan iş görmüş, bir günah işləmiş olarlar. Kim bir yolda gedər, amma Allahı zikr etməzsə, naqis iş görmüş, bir günah işləmiş olar. Kim yatağına girər, orada Allahı zikr etməzsə, yenə nöqsan iş görmüş, bir günah işləmiş olar”. (Əhməd, II, 432)

           Ali-İmran surəsinin 191-ci ayəsində zikr edilən “ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr etmək” halı da buna işarə edir. Baxdığımzı zaman görürük ki, insan əsasən bu üç haldan biri üzrədir. Deməli, Rəbbimiz bizdən daim zikr halında olmağımızı istəyir. Lakin bu daimi zikrin də məqbul olma şərti kimi həmin ayənin davamında:

           “…göylərin və yerin yaradılması haqqında təfəkkür edərlər…” (Ali-İmran, 191),- buyurur.

           Yəni ilahi qüdrət və əzəmət təcəllilərinin təfəkküründə dərinləşərək öz acizlik və heçliyimizin idrakı içində heyrət və heyranlıqla ürpərən qəlbi həssaslığa sahib olaraq zikr etməmizi istəyir.  

           Başqa bir ayeyi-kərimədə Uca Rəbbimiz belə buyurur:

          “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar…” (əl-Ənfal, 2)

          Demək ki, yalnız sözlərin təkrarından ibarət qalan, ağızdan qəlbə enməyən, beləliklə də qəlbi hissiyata və ürpərişlərə səbəb olmayan bir zikr həqiqi mənada və məqbul səviyyədə zikr sayılmır. Zikrdən məqsəd qəlbin zikr olunandan xəbərdar olması və Haqq-Təala ilə bərabərliyi təmin etməsidir.

           Ona görə də təsəvvüfdə tərəqqi və inkişaf sadəcə mənəvi dərslərin və əvradın müəyyən zamanla çoxalmasına bağlı deyil. Bununla yanaşı qəlbi həssaslıqların və əxlaqın da yüksəlməsinə, camal isimlərinin o qəlbdəki təcəllilərinin artmasına bağlıdır.

           Mənəvi dərsləri yüksələn bir adamın nəzakət, zərafət, qəlbi riqqət, mərhəmət, şəfqət, xidmət və fədakarlığının da artması lazımdır. Daha bağışlayıcı, anlayışlı, səbirli olmalı və riza halı güclənməlidir. Mənəvi tərəqqi yalnız bunlarla mümkündür.

           Təsəvvüfi həyat da zikrin feyz və ruhaniyyəti içində Allah ilə daimi bərabərlik halında yaşaya bilməkdir. Möminin bu şüur və idrakı qazanması eyni zamanda qarşılaşdığı ilahi imtahanların sirrindən agah olmasını təmin edər.

           Məsələn, Ömər bin Əbdüləziz həzrətləri belə buyurur:

           “Haramlar oddur. Ona yalnız qəlbi ölü olanlar əl uzadar. Əgər əl uzadanlar diri olsaydılar, o odun acısını mütləq hiss edərdilər”.

           Qəlbi zikrullah ilə diri olan bir mömin qəflətdən qorunduğu üçün:

           * Haramlara, hətta şübhəlilərə də əl uzatmaz.

           * Mənəvi dəyərini zədələyəcək şərlərdən və yerlərdən ruhunu qoruyar.

           * Lüzumsuz macəraların ardınca düşməz. Əbəs və batil işlərə, azğınlıqlara dalmaz, keçici sevdalara aldanmaz.

           * Ömrünü nəfsinin məngənəsində ziyan etməz, rəzil və bayağı işlərlə əməl dəftərini kirlətməz.

           * Əksinə, ömrünü saleh əməl və xeyir işlərlə bəzəyər.

           * Quran və Sünnəni həyat rəhbəri edər.

          * İbadətlərini xüşu içində əda edər, Allah yolundakı xidmət və səylərə, saleh insanların söhbət məclislərinə rəğbətini artırar.

           * Nəhayət, Rəbbinin yer üzündəki şahidi olaraq özündən sonra xoş səda və fəzilətlərlə dolu xatirələr qoyaraq ömür sürər.

           Bunun əksinə, zikrdən uzaq olduğu üçün qəflətə olan tənbəl bir qəlb isə hər an günah bataqlığına düşməyə hazır haldadır. Çünki qəflət günahlar üçün ən əlverişli zəmindir. O zəmin yarananda günahlar mənəvi ağırlığı hiss edilmədən asanlıqla işlənməyə başlayar.

           Ona görə də zikrlə qəflətdən uzaqlaşmaq günahlara qarşı ən möhkəm təqva zirehidir, mənəvi qorumadır. Çünki heç bir insan “bismillah” deyərək qardaşının ayağından çəkməz. “Allah” deyən bir qəlb heç bir könülə bilə-bilə tikan batıra bilməz.

           Bunun üçün təsəvvüf zikrin könül feyzi ilə, ehsan səviyyəsində, yəni daima ilahi kameraların nəzarəti altında olduğunun fərqində olaraq, diri qəlblə yaşaya bilməkdir.

          Allah-Təala hər birimizə imanı ehsan üfüqündə yaşamağı nəsib etsin. Qəlblərimizi zikrullah, mərifətullar və məhəbbətullah nuruyla nurlandırsın. Bizi dərgahında məqbul olan gözəl bir qulluq həyatı yaşamağa müvəffəq eyləsin.

           Amin!..


      [1] Beyəqi, əs-Sünənul-Kübra, VI, 288; Şuab, IV, 230, 326.

      [2] Bkz. Ali el-Müttakî, Kenzü’l-Ummâl, XI, 549/32578; İbn-i Mâce, Mukaddime, 11/106; Ahmed, I, 127, II, 26.

      [3] Bkz. Attâr, Tezkiretüʼl-Evliyâ, s. 217, İlim ve Kültür Yayınları, Bursa 1984.

      [4] Câmiuʼs-Sağîr, I, 58.

       

      • Hits: 827 clicks

      Tecox component by www.teglo.info