Ramil ŞAHVERDİYEV / İSLAM TERROR DEYİL, SEVGİ, SÜLH DİNİDİR

    PDF faylını alÇapE-poçt

      Share

           İslam sülh, əmin-amanlıq və xoşbəxtlik dinidir. Onun gətirdiyi prinsiplər zorakılıq, fitnə-fəsadın əleyhinədir. 

           Allah-Təala Qurani-Kərimdə: “Allah yanında (haqq olan) din, əlbəttə, islamdır[1]- deyə buyurur. Allah-Təala bu qaydalara itaət edərək sülh içində yaşamağı əmr etdiyi halda, insanlar fitnə-fəsada, qan tökməyə can atırlar. Qurani-Kərimdə belə buyurulur: “Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”[2]

           Təməlində sülh, yardımlaşma, xoş ünsiyyət mənalarına gələn "İslam" dinimiz birliyi, bərabərliyi, sevgini, qardaşlığı əmr edir, zülmü, azğınlıq və pisliyi qadağan etmiş; zülmün ən dəhşətverici şəkillərindən biri olan terroru isə şiddətlə yasaqlamış və buna qarşı çıxmışdır. Müsəlman da bütün bu gözəlliklərə boyun əyən, əməl edən və bu gözəllikləri insanlara təbliğ edən  bir şəxsiyyətdir. Hz. Peyğəmbərimiz (s.ə.s) buyurur: “Asanlaşdırın, çətinləşdirməyin, sevdirin, nifrət etdirməyin. Birləşin, ixtilafa düşməyin”.

           Təəssüf ki, uzun illərdir İslam düşmənləri “Qılınc Müsəlmanı” deyərək İslamı və müsəlmanları ləkələmək və gözdən salmaq üçün əlindən gələnini əsirgəmədikləri kimi, bu gün də  İslama “Terrorizm”, müsəlmanlara da “Terrorçu” deyərək ən ağır zərbəni vurmağa çalışırlar. Unutmamalıyıq ki, din pərdəsi altında hər cür pisliyi törədən, İslam adına fəsad çıxaran münafiqlərin aqibətini Allah belə xəbər verir: “Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!”[3] Bir qüdsi-hədisdə Uca Allah "Mən zülmü özümə haram etdim, sizə də haram edirəm, bir-birinizə zülm etməyin" - deyə buyurur. Hətta İslam hüququnda məcəllədə “Zərərə qarşı zərər yoxdur” deyərək heç kimə zərər qarşılığında zərər verməyib, əksinə haqqı, düzgünlüyü ona başa salmağı tövsiyə etmişdir.

            Hz. Peyğəmbərimiz (s.ə.s) də müsəlmanı "əli və dili ilə başqalarına zərər verməyən və şərrindən əmin olunan adam"[4] deyə təsvir etmiş, özü də insanlığa canlı bir nümunə  olmuşdur.

           Hz. Peyğəmbər (s.ə.s) insanlara zərər verməyi və zülm etməyi qadağan etmiş, onlara mərhəmətli olmağı əmr etmiş: "İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz" [5]- deyə buyurmuşdur. Hz. Peyğəmbərin (s.ə.s) Bədir müharibəsində əsir düşən müşriklərə qarşı mərhəmətli davranışı, dillər dastanı saysız-hesabsız ən gözəl nümunələrdən biridir.

           Başqa bir hədisində də yalnız insanlara deyil, yer üzündəki bütün canlılara şəfqətlə yanaşmamızı əmr etmiş, Allahın rəhmətinə çatmaq üçün  yer üzündəkilərə mərhəmət etməmiz lazım olduğunu vurğulamışdır[6].

           Uca Allah Qurani-Kərimdə haqsız yerə cana qıymağı haram etmiş, cəzasının əbədi qalınacaq cəhənnəm olduğunu bildirmişdir[7]Eyni şəkildə haqsız yerə bir adamı öldürməyi bütün insanlığı öldürmək, bir adamı qurtarmağı da bütün insanlara həyat vermək olaraq qəbul etmişdir[8].

           Hz. Peyğəmbər (s.ə.s)  də  bir müsəlmanın qanını axıtmağı, müharibədə olsa belə müsəlmanlarla döyüşməyən qeyri-müsəlman qadınların, uşaqların, yaşlıların, ibadətləriylə məşğul din adamlarının öldürülməsini, hətta ibadətxanaların dağıdılmasını, ağacların kəsilməsini, heyvanların öldürülməsini də qadağan etmişdir.

           Bütün bu ayə və hədislərdən də məlum olduğu kimi, Hz. Peyğəmbərin  (s.a.s) gətirdiyi din və sünneyi-səniyyəsi ekstemizm və radikalizmdən nə qədər uzaqdır. Əksinə bütün bəşəriyyət üçün ən gözəl həyat tərzi, birlik və bərabərlik, tolerantlıq  nümunəsidir. Bunun ən böyük şahidlərindən biri tarixdir. Mədinədə müsəlmanların, Xristian və yəhudilərlə necə tolerantlıq iqlimində yaşamaları tarixin ən parlaq məqamlarındandır. Buna görə də tarixdə “Əsri səadət” kimi tanınan bu dövr, tarixin ən nümunəvi tolerant səhifələrindən biridir.  Bütün bunlar İslamın, ümumbəşəri dəyərlər sistemini özündə əks etdirən, qoruyan və həyata keçirən ən ali din və dəyərlər sistemi olduğunu bariz şəkildə ortaya qoymuşdur.

           İslamın  sevgi, barış və tolerant bir din olduğunu cahanın hər bir tərəfinə yaymalıyıq.  Nəticə etibarilə, İslamın terroru şiddətlə rədd etdiyi şüuru içərisində olaraq insanlığın dinclik və salamatlığı üçün çoxluca dua edərək Rəbbimizə sığınmalıyıq.

           Uca Rəbbimiz: "Ey iman edənlər! Hamınız sülh içərisində olun. Əsla şeytanın arxasından getməyin. Çünki o sizin üçün açıq-aşkar bir düşməninizdir"[9]- deyə buyurur.


      [1] Ali İmran, 19.

      [2] Qəsəs, 77.

      [3] Munafiqun, 2.

      [4] Riyazus-Salihin, c.3,S 103, h.N-1541.

      [5] Riyazus-Salihin, I/272 h. Nömrə. 225.

      [6] Tac, 5/17.

      [7] Nisa, 93.

      [8] Maidə, 32.

      [9] Bəqərə, 208.

       

      • Hits: 810 clicks

      Tecox component by www.teglo.info