MÜSAHİBƏ / Hafiz Laçın QULİYEV

    PDF faylını alÇapE-poçt

      Share

           Laçın Quliyev kimdir?

           Quliyev Laçın Ədalət oğlu 10 Avqust 1983-cü ildə Qəbələ rayon Bum qəsəbəsində anadan olmuşdur. Ilk təhsilini Bum kənd 1 saylı orta məktəbdə almışdır.

           1997-ci ildə Şəki İslami Elmlər və Hafizlik mədrəsəsinə daxil olmuş, 2000-ci ildə buradan məzun olaraq Bakı İslam Universitetinin Zaqatala şöbəsinə daxil olmuşdur. 2005-ci ildə həmin Universitetdən məzun olmuşdur. 2006-cı ildən etibarən Bakı İslam Universitetinin Zaqatala Şöbəsində Qurani-Kərim müəllimi işləyir.

           Bir çox beynəlxalq müsabiqələrdə və kurslarda iştirak etmişdir. 2002-ci ildə Səudiyyə Ərəbistanında Beynəlxalq Qurani-Kərim müsabiqəsində, 2006-cı ildə Liviyada keçirilən Beynəlxalq Qurani-Kərim müsabiqəsində iştirak etmişdir. Həmçinin 2004-cü ildə Türkiyənin İstanbul şəhərində 2 aylıq ixtisaslaşma kursu keçmiş, 2009-2010-cu tədris ilində Türkiyədə Qurani-Kərimin 10 qiraəti üzrə ixtisaslaşma kursunda təhsil almışdır.

           Evlidir, bir övladı var.

       

           - Nazil olan gündən bəri Qurani-Kərim oxunur, yazılır, əzbərlənir. Hal-hazırda da oxunur, əzbərlənir və nəşr edilir. Quranın oxunmasının və əzbərlənməsinin fəziləti haqda nə deyə bilərdiniz?

           - Qurani-Kərimi tilavət etmək əcr və savab baxımından ən üstün ibadətlərdəndir. Bununla əlaqədar istər ayələrdə, istərsə də hədisi-şəriflərdə çoxlu sayda məlumat mövcuddur. Belə ki, Allah-Təala "Ali İmran" surəsinin 113-cü ayəsində Quran oxuyan kəslərin üstünlülüyünü və düzgün bir camaat olduqlarını “onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar” şəklində bəyan etmişdir. Rəsulullah (s.ə.s) Quran oxuyan şəxsdən bəhs edərkən: “Bu Quranı öyrənin. Şübhəsiz ki, onu oxumaqla hər hərfinə qarşılıq  on savabla mükafatlandıralacaqsınız” - deyə buyurmuşdur. Başqa bir hədisdə isə “Quranı lazımi şəkildə gözəl oxuyan şəxs vəhy gətirən şərəfli və itaətkar mələklərlə bərabərdir” - demişdir.

           Peyğəmbərimiz (s.ə.s) səsi gözəl və əzbər qabiliyyəti güclü olan səhabələrini Quran əzbərləməyə təşviq etmiş və bu mövzuda onları xüsusi olaraq yetişdirmişdir. Zeyd bin Sabit və Abdullah bin Məsud kimi bəzi səhabələr Quranı gözəl oxuma xüsusiyyətləri ilə fərqlənən səhabələrdən idi.

           İslam aləmində Quran öyrənməyə və öyrətməyə böyük əhəmiyyət verilmiş və “Darül-Qürra” adında müəssisələr qurulmuşdur. Bu müəssisələrdə Quranın düzgün oxunması və əzbərlənməsi məqsədi ilə hafizlər yetişdirilmişdir. Hal-hazırda ölkəmizdə də belə müəssisələr mövcuddur.

           Quranın öyrənilməsi və əzbərlənməsinin fəziləti barədə “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına da öyrədəninizdir” deyən Allah Rəsulu "qəlbində Qurandan heç bir şey olmayan adamı isə xaraba qalmış evə" bənzətmişdir. Odur ki, istər Quranın, istərsə də onu oxuyan və ya əzbərləyənin fəziləti danılmazdır.

           - Müsəlmanın ilahi kitabımıza qarşı öhdəlikləri onu oxumaq və əzbərləməklə bitirmi?

           - Bizə hafizlik edərkən müəllimlərimiz belə deyərdi: "Hafiz olmaq asandır, ancaq hafiz olaraq ölmək çətindir". Həqiqətən, əsas məsuliyyət ondan sonra başlayır. Quranı oxuyaraq ona əməl etməmək böyük vəbaldır. Dünyada Quranı öyrənib onunla əməl etməyən insanlar axirətdə məsuliyyət daşıyacaqlar. Quranın bir ayəsində Peyğəmbər: Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi”[1] deyərək Quranla əməl etməyənlərdən şikayətçi olacağı bildirilir. Və yenə Allah Rəsulu belələrini qınayaraq: “Onlar Quran oxuyarlar, ancaq oxuduqları boğazlarından aşağıya keçməz” - demişdir. Bunu da qeyd edək ki, Quranı oxuyub onunla əməl edənləri isə Uca Allah mükafatlandıracaqdır. "İsra" surəsi 9-cu ayədə Allah-Təala belə buyurur: “Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat nail olacağı ilə müjdə verir”.

           Xüsusilə, hafizlər və Quran tələbələri əzbərlədikləri Quranın unudulmaması və onunla əməl etmək mövzusunda çox həssas davranmalıdırlar. Bununla əlaqəli ayə və hədislərdə bizə xəbərdarlıq edilir. Bəzi müfəssirlər "Taha" surəsinin 124-126-cı ayələrini Quranın gərək ləfzi, gərəksə də mənasını unudanlara və ona əhəmiyyət verməyənlərə aid olduğunu söyləmişlər. Bu ayələrdə belə deyilir: “Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik! O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm! (Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz (mö’cüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!”.

      Əzbərlənən Quranın daima təkrarlanması lazımdır. Əks təqdirdə unudulur. Abdullah ibn Ömərin (r.a) Rəsulullahdan (s.ə.s) rəvayət etdiyi hədisdə belə buyrulur: “Quran hafizinin misalı bağlı dəvənin sahibinin misalı kimidir. Sahibi dəvəni güdərsə, onu tuta bilər, ancaq onu buraxarsa, dəvə qaçıb gedər”.

           - Qurani-Kərim tədrisinin cəmiyyətin mənəvi-əxlaqi keyfiyyətlərinə nə kimi təsirləri olur? Quran əxlaqı ilə tərbiyələnmiş cəmiyyət formalaşdırmaq üçün Qurandan necə istifadə etmək lazımdır?

           - Quranın cəmiyyət üzərindəki təsirini göstərmək üçün ilk əvvəl Quranın nazil olduğu zamana nəzər yetirmək lazımdır. Dövrünün ən pis və dəhşətli anlarını yaşayan insanlar Quranı eşitdikdən sonra misilsiz əxlaq nümunələrini sərgiləməyə başladılar. Quran cəmiyyətə sevgi, əmin-amanlıq, birlik və bərabərlik, böyüklərə hörmək, kiçiklərə mərhəmət, qadınlara və analara ən uca dəyərləri bəxş edərək mədəniyyətin ən üstün səviyyəsini nümayiş etdirmişdir. Rəngindən, dilindən, vəzifəsindən və maddi imkanlarından asılı olmayaraq hər kəsin Allahın sevimli bəndəsi ola biləcəyi müjdəsini vermişdir. Və tarix boyu müsəlmanlar Quranla əməl edərək hər zaman yüksəlmiş, elmin və sivilizasiyanın ən üstün mərhələsinə gəlmişlər. Ancaq nə zaman ki, o kitabdan üz çevirmişlər, yuxarıdakı ayədə qeyd edildiyi kimi, sıxıntılı bir həyat tərzi ilə qarşı-qarşıya qalmışlar.

           Tərbiyəli bir cəmiyyət formalaşdırmaq üçün Quranı düzgün anlamaq lazımdır. Quranda Allah-Təala bizə əvvəlki qövümlərlə əlaqəli müxtəlif hadisələrdən bəhs edir. O hadisələri düzgün analiz etmək lazımdır. Əslində Quran bizə qurtuluşun necə əldə ediləcəyini göstərir. Yəni bizə qurtuluşumuzu təmin etmək üçün Qurana və Allahın Peyğəmbərinə itaət etməli olduğumuzu söyləyir. Əks təqdirdə həm dünyada, həm də axirətdə məsuliyyət daşıyacağımızı bildirir. Qısaca desək, Quranın bizə əmr etdiklərini mənimsəyib, qadağalarından çəkinərsək, hüzurlu və gözəl bir cəmiyyətə sahib olarıq.

           Ona görə də Quranı oxumağı öyrənməli, onu anlamağa çalışmalı və bizdən sonrakılara da bunu düzgün şəkildə çatdırmalıyıq.

           - Valideyn olaraq övladlarımızın tərbiyəsində Quran təliminə nə qədər yer ayırmalı və hansı metodlardan istifadə etməliyik?

           Allaha şükürlər olsun ki, bu gün Quran öyrənmək üçün hər cür imkan var. Fəaliyyət göstərən Quran kursları və müəssisələr mövcuddur. Quran qıtlığı desək, o da yoxdur çox şükür. Yəni hər cür imkan var. Ancaq istər yaşlı insanlarımız olsun, istərsə də gənc nəsil Quran öyrənmə mövzusunda biraz tənbəllik edir. Uzun illərdir ibadətlə məşğul olan insanlar tanıyırıq, amma Quran oxuya bilmirlər və buna səy göstərmirlər.

           Məncə, övladına Quran tərbiyəsi vermək istəyən bir valideyn əvvəlcə özü bu işə əlindən gəldiyi qədər çalışmalıdır. Uşaqları yaşları çox böyümədən bu işə cəlb etmək lazımdır. Daha sonra onu demək olar ki, Quran öyrədən müəllimi düzgün seçmək lazımdır. Məsuliyyətli və qiraəti düzgün olan müəllim seçilməlidir. Çünki ilk başda öyrənilən Quran təlimi çox əhəmiyyətlidir.

           Hamımız övladımızın problemləri ilə yaxından maraqlanırıq. Yaxşı məktəbdə oxusun, xarici dil bilsin, müasir texnologiyanı yaxşı öyrənsin və s. Ən azından övladlarımızı bu düşüncə ilə düzgün Quran tərbiyəsi üçün də çalışdırmalı və lazım olan şəraiti onlara yaratmalıyıq. Onlara Quranı sevdirməli, gözəl Quran oxuyan insanlara qulaq asdırmalı, bəzən yaxşı çalışmaları üçün onları mükafatlandırmalıyıq. Ən əsas məsələlərdən biri də ev şəraitində öyrədilən Quranla hər hansı bir kursda və ya müəssisədə öyrədilən Quran eyni deyildir. Çünki burada tələbkarlıq da əsasdır. Günlük dərs sistemi olmalıdır. Yeri gəldikdə televizor kimi vasitələrdən az istifadə etməlidirlər.

           Müxtəlif proqramlar, kitab, dərs ləvazimatları və texniki vəsaitlərdən də istifadə edilməlidir. Bunlar CD, VCD, DVD və internet kimi səsli və görüntülü ola bilər. Bu vəsaitlər bizə dinləmə qabiliyyəti qazandırdığı kimi, əzbərlədiyimiz bölmələrin təkrarlanmasına da imkan verir.

           Qısaca desək, həm özümüzü, həm də övladlarımızı bu məsələ ilə əlaqədar hər zaman inkişaf etdirməliyik.

           - Dəyərli vaxtınızı bizə ayırdığınıza görə təşəkkür edirik.

           - Mən də çox təşəkkür edirəm. Quran haqqında danışmaq mənim üçün çox xoşdur. Allah bizi Quransızlıqla imtahan etməsin, inşallah. Quranı oxuyub, anlayıb, onunla əməl etməyi hər bir müsəlmana nəsib etsin. Amin!


      [1] əl Furqan, 30.

       

      • Hits: 1206 clicks

      Tecox component by www.teglo.info