"İRFAN"DAN / QURAN TƏLİMİNİN ƏHƏMİYYƏTİ

    PDF faylını alÇapE-poçt

      Share

           Həyatda min bir imtahan hadisələri ilə üz-üzə gələn insan oğlu öz daxili aləmində ciddi bir şüur və təfəkkür iqliminə girmək məcburiyyətindədir. 

           İnsanın idrak gücünü aşan əbədiyyət yolçuluğunun sirrini sırf aciz bir ağıl ilə həll etmək qeyri-mümkündür. Buna görə həyatın bu dolaşıq imtahan yolçuluğunda bəşər idrakının ilahi bəyanların irşadına həddindən artıq ehtiyacı vardır.

           Hər şey bəslənmə və tərbiyə qanununa tabe olduğu kimi, ağıl və hisslər də din şüuru və iman feyzi ilə bəslənməyə, ilahi tərbiyə almağa məcburdur. Əks halda ağıl və hisslər rəhbər olacağı yerdə cılızlaşar və sahibini fəlakətə götürər. Bu həyat yolçuluğunun məchullarını məlum edən, suallarına cavab verən, qaranlıqlarını aydınladan; ağıl və qəlb üçün hər yöndən qənaətbəxş dəlilləri əhatə edən yeganə ilahi kitab Qurani-Kərimdir.

           Əshabi-kiram Quran oxuyur, başa düşür, qəlb aləmində həzm edir və onu həyata keçirirdi. Hz. Ömər (r.a) belə demişdir:

           "Bəqərə" surəsini on iki ildə tamamladım və şükür olaraq bir dəvə qurban kəsdim". Yəni Hz. Ömər (r.a) bir növ bu surənin ancaq on iki ildə həyata keçirməyə müvəffəq ola bildiyini ifadə etməkdədir. Demək ki, onlar Quranı sadəcə oxumaqla qalmır, anlayıb yaşamağa çalışırdılar. Onların Quran tilavətləri -günümüzdə olduğu kimi- içindəkilərə vaqif olmadan sadəcə oxuyub üstündən keçmək və ya sırf ölülərə oxumaq üçün deyildi.

           Allahın razı qalacağı bir qul ola bilmək üçün Quranın qəlbdə yer etməsi zəruridir. Quran istiqaməti üzrə yaşama həssasiyyətindən qafil olanlara, ayeyi-kərimədə xəbər verildiyi kimi, Hz. Peyğəmbərin şikayəti çox dəhşətlidir:

           "Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək" (Furqan, 30).

           Hansısa xarici dili öyrənmək üçün min bir əziyyətə qatlanıb kolleclər arasında müqayisə etdiyimiz halda Quran Kurslarını gözardı edərək -hətta aşığalıyaraq- övladlarımızı o ilahi kəlamdan və onun ruhaniyyətindən məhrum etməyimiz çox üzücü haldır. Halbuki ən böyük müvəffəqiyyətimiz öldükdən sonra mənəvi həyatımız üçün gəlir təmin edəcək, arxamızdan duaçı olacaq xeyirli bir nəsil yetişdirməkdir.

           İnsanların əksəriyyəti maddəyə ram olduqları bu müasir dövrdə Quran Kurslarının özünü inkişaf etdirmələri, yalnız tilavəti öyrətməyə bağlı qalmamaları da zəruridir. Uşaqları Quranın gözəl əhatə etdiyi mövzulardan, xüsusilə, peyğəmbərlərə aid qissələrdən və bu qissələrdəki ilahi mesajlardan xəbərdar etmək sürətilə iman həyəcanını gücləndirmək vacibdir. Ayrıca, Allah Rəsulunun (s.ə.s) siyəri üzərində də durulmalıdır. Çünki O, nümunəvi həyatı ilə Quranın canlı bir təfsiri mahiyyətindədir. Siyəri-Nəbiyə layiqi ilə vaqif olmaq və onu haqqı ilə təlim etmək üçün də yaşayış və əxlaq etibarilə Allah Rəsulunun izini təqib edib Ona bənzəməyə çalışmaq mütləqdir

           Günümüzdə bir çox idmançı və artistlərin tərcümeyi-halları belə əzbərlənib, onlardan nümunə götürüldüyü halda, həqiqət və səadət yolunun rəhbəri olan peyğəmbərlərin yalnız adlarını bilmək, onlar haqqındakı Quran mesajlarından ibrət almamaq necə də acınacaqlı haldır.

           Quran müəllimlərinin -xüsusilə günümüzdə- tələbələrinə daha çox əhəmiyyət vermələri zəruridir. Tələbələrinə təsir üçün "məhəbbət" iksirini istifadə edib özlərini sevdirmələri lazımdır. Zira biliksiz və məhəbbətsiz bir təlim ancaq bezdirib yorğunlun gətirir.

           Həmçinin Qurani-Kərim bütün elmlərin hikmət tərəfini bütöv şəkildə əhatə etdiyi üçün Quran müəllimlərinin günümüzdəki elmi və fənni həqiqətlərdən xəbərdar olmaları da şərtdir. Çünki Qurani-Kərim hər bir elmi kəşf ilə təsdiqlənmişdir. Ən məşhur elm adamlarının ciddi araşdırmaları nəticəsində hazırladıqları ensiklopediyaların belə davam edən elmi inkişaf qarşısında vaxtaşırı nöqsanları ortaya çıxar və günün elmi səviyyəsinə görə düzəlişlərə ehtiyac yaranır. Halbuki Qurani-Kərim əsrlərdir heç bir elmi təkzibə uğramadığı kimi, aparılan elmi kəşflər də daima onu təsdiqləmişdir. Yəni bəşər elmi daima Quranın arxasından gəlir, Quranın ülvi bəyanları bəşər elminin qarşısında liderlik edir.

           Quran təlimində bu xüsusların da öyrənilib təlim edilməsi müasir insanların İslamı daha doğru və sağlam şəkildə başa düşməsinə vəsilə olacaqdır. Son olaraq Quran Allah-Təaladan bütün bəşəriyyətə göndərilən hidayət məktubudur. Bu məktubla qullarını Darus-səlama, yəni cənnətə dəvət etməkdədir. Bu dəvəti qəbul etmək üçün Quranı düzgün oxuya bilmək, içindəkiləri ilə duyğu dərinliyinə vara bilmək, feyzli və canlı bir Quran həyatı yaşayıb qəlbi-səlim olmaq lazımdır. Qurana vaqif olma zərurətini Rəbbimiz belə bildirir:

           "Həqiqətən, sizə  elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. Məgər dərk etmirsinizmi?" (Ənbiya, 10)

      • Hits: 1079 clicks

      Tecox component by www.teglo.info