Kamran MƏMMƏDOV / "ƏSR" SURƏSİ

    PDF faylını alÇapE-poçt

      Share

           "Əsr" surəsi Məkkədə nazil olmuş və üç ayədir. İnsanın xoşbəxtliyini və ya bədbəxtliyini, həyatda uğurunu və ya ziyanını və həlakının səbəbini izah etmək üçün çox yığcam və açıq şəkildə nazil olmuşdur. 

           Uca Allah əsrə, yəni insan ömrünün sona çatdığı zamana və bu zamam içərisində müxtəlif fövqəladə şeylərə, Allahın qüdrətini və hikmətini göstərən əlamətlərə and içir və dörd xüsusiyyəti daşıyanların xaricində bütün insanlar ziyanda olduğunu vurğulayır. Bunlar Allaha iman gətirmək, saleh (yaxşı) əməl işləmək, haqqı və səbri tövsiyə etməkdir. Bu dörd şey fəzilətin əsasları və dinin təməlidir. Buna görə də İmam Şafii (r.a): "Uca Allah bu surədən başqa bir şey nazil etməsəydi, bu surə insanlara kifayət edərdi",- demişdir.

           "And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir" (Əsr-1-2).

           Zaman insan oğlunun ən əhəmiyyətli ünsürü olduğu üçün Uca Allah ona and içir. Çünki ötən hər an, şübhəsiz, sənin ömründən gedir və əcəlini yaxınlaşdırır. Bir şair belə deyir:

           "Şübhəsiz ki, biz keçirdiyimiz günlərə sevinirik.

           Halbuki keçən hər gün, ömürdən bir azalma deməkdir".

           Qurtubi belə deyir: "Uca Allah əsrə, yəni zamana and içdi. Çünki, vəziyyətlərin dəyişməsi səbəbiylə zamanda bir xəbərdarlıq və bu halların dəyişməsində Yaradıcının varlığını göstərən dəlillər vardır. Bəziləri belə deyir: -Bu and əsr namazınadır. Çünki bu namaz, namazların ən fəzilətlisidir".

           "Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)" (Əsr-3).

           Uca Allah bu dörd şeyi edənlər xaricində bütün insanların zərərdə olduğuna hökm etdi. Bu dörd şey Allaha iman gətirmək, yaxşı əməl sahibi olmaq, haqqı və səbri tövsiyə etməkdir. Çünki insanın nicatı ancaq onun, iman və yaxşı əməllə özünü; nəsihət və irşadla da başqalarını mükəmməlləşdirəndə olur. Beləcə, həm Allah haqqını, həm də qul haqqını yerinə yetirmiş olar. Xüsusilə də, bu dörd şeyin vurğulanmasındakı sirr və hikmət budur.

           Beyhəqi "əs-Şuab"ında Əbu Huzeyfənin (r.a) belə rəvayət etdiyini qeyd edir: "Rəsulullahın (s.ə.s) səhabələrindən iki nəfər görüşəndə biri digərinə "vəl-Əsr" surəsini oxumadan və bir-birlərinə salam vermədən ayrılmazdılar".

      • Hits: 843 clicks

      Tecox component by www.teglo.info