Hüseyn HÜSEYNZADƏ / “HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN”

    PDF faylını alÇapE-poçt

      Share

           Hamımızın Azərbaycan adlı bir vətəni var. Qoynunda dünyaya göz açdığımız, min bir nemətindən dadıb, isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. 

           Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur.

         Nizamilər, Füzulilər, Xətayilər, Cavanşirlər, Babəklər, Tağıyevlər, Əliyevlər, Mübarizlər yetirən ana vətənim Azərbaycandır. O, mənim canımdır, varlığımdır, hər şeyimdir.

           "Can demişik anaya can, vətənə can

           Bəlkə də elə can sözündən yaranmışdır Azərbaycan!"

           Bəli, mənim Azərbaycanımın adında olan "can" sözü hər ölkənin adında yoxdur. Vətənimiz bizə həmişə can deyib, biz də vətənimizi canımız qədər sevirik. Torpaq o zaman vətən olur ki, onu canı qədər sevən vətəndaşı olsun, torpaq o zaman vətən olur ki, onu qoruyan övladları olsun, torpaq o zaman vətən olur ki, onun çiçəklənməsi, dünyada tanınması üçün gecəsini gündüzünə qatan oğul və qızları olsun.

           Xoşbəxt gələcəyimizin uzaqgörən bələdçisi, görkəmli şəxsiyyət, vətənimizin, millətimizin gələcəyini canından əziz bilən ulu öndərimiz Heydər Əlirza olğu Əliyevin bu sözlərini həmişə xatırlayıram: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"

          Ulu öndər Heydər Əliyev bu sözləri necə də qürur və fəxarətlə söyləmişdir. Dünyanın ən böyük azərbaycanlısı azərbaycanlı olmasından daim iftixar hissi duyurdu. Heydər Əliyev doğma Azərbaycanı təkcə böyük məhəbbətlə sevmirdi, həm də onun inkişafı, çiçəklənməsi yolunda dinclik bilmədən çalışırdı. O, bizim üçün vətəni sevmək nümunəsidir. O, bizim üçün sevdiyin vətənə layiqli övlad olmaq nümunəsidir. O, bizim üçün millətlə, xalqla fəxr etmək, daim onların yüksəlməsinə, sevilməsinə çalışmaq nümunəsidir.

           Heydər Əliyev əsl vətənpərvər idi. Onun ürəyi xalqı ilə döyünürdü. Müstəqilliyimizin iyirmi üç illik tarixi ərzində milli, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanın bugünü və sabahı üçün olan üç əsas prinsipin ideya istiqamətlərini- azərbaycançılıq, millilik və demokratizmi məhz ümummilli lider Heydər Əliyev müəyyənləşdirmişdir. Heydər Əliyev "Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz"- kəlamını söyləyərkən millətə öz mənəvi xəzinəsi ilə fəxr etməyi öyrədirdi:

           "Günəş doğur elə bil harda çəkilir adın

           Dosta fəxarət gəlir, gözü kor olur yadın

           Azərbaycan deyəndə səni düşünürük biz

           Azadlığı, inamı xalqa sən bağışladın.

           Nə qədər Azərbaycan, nə qədər bu millət var

           Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək".

           Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrə nəzər salsaq, bunu aydın sezə bilərik. Məlumdur ki, Heydər Əliyev respublikamıza müxtəlif ictimai-siaysi formasiyalarda rəhbərlik etmişdir və bu cəhətdən onun Azərbaycana rəhbərlik illərini iki mərhələyə bölmək mümkündür. Birinci mərhələ 1969-1985-ci illəri əhatə edir. Həmin dövrdə Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində olsa da, Heydər Əliyev ittifaq büdcəsindən respublikamıza daha çox vəsait ayrılması üçün qətiyyət göstərmişdir. Böyük öndərin uzaqgörənliyi bu gün hər birimizdə sevincqarışıq dərin heyrət doğurur. O, hələ Sovet İttifaqının mövcudluğu şəraitində gələcəyi düşünür, respublikamızın nə vaxtsa müstəqilliyə qovuşacağına inanır və bundan ötrü güclü maddi-texniki baza yaradırdı.

         Heydər Əliyev ikinci dəfə Azərbaycana respublikamız müstəqillik qazandıqdan sonra 1993-2003- cü illərdə rəhbərlik etmişdir. Böyük öndərin hakimiyyətə gəldiyi dövrdə ölkəmizdə çox ağır vəziyyət hökm sürürdü. Ayrı-ayrı qüvvələr, nadan siyasətçilər Azərbaycanı vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdılar, müstəqilliyimizin əldən getməsi, ölkənin parçalanması təhlükəsi yaranmışdı. Belə ağır vəziyyətdə xalq öz böyük oğlu Heydər Əliyevi Azərbaycana rəhbərliyə dəvət etdi. Xalqının səsinə səs verən və xalqına arxalanan Heydər Əliyev özünəməxsus müdrikliklə xaosun qarşısını aldı, Azərbaycanı ahəngdar inkişaf relslərinin üstünə çıxartdı.

          Buna görə də Heydər Əliyevin adı tarixə digər böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Onun rəhbərliyi altında keçən illər respublikamız üçün sabitliyin möhkəmlənməsi, iqtisadi çiçəklənmə, nüfuzlu beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə sıx əməkdaşlıq qurulması, əhalinin rifah halının yaxşılaşması illəri olmuşdur.

      Ümummilli lider Heydər Əliyev üçün ən böyük ağrı xalqın, vətəni ağrısı idi. Məmləkətin ayağına dəyən daş onun qəlbinə dəyirdi. Bu sözləri yazarkən 1990-cı ilin qanlı 20 Yanvar faciəsi yada düşür. Azərbaycanın üstünə qoşun yeridiləndə, günahsız soydaşlarımız qətlə yetiriləndə Heydər Əliyev xalqımıza qarşı törədilən bu ağır cinayətə sakit yanaşa bilmədi. O, təqiblərə, özünə və ailəsinə yönələn təhlükələrə məhəl qoymadan respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinin ağlasığmaz hərəkətlərinə qəti etirazını bildirdi. Həmin dövrdə qapalı həyat tərzi keçirməyə məcbur edilən keçmiş dövlət xadimi və siyasətçi üçün bir addımı atmaq qəhrəmanlığa bərabər idi.

           Bəli, Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, bütün varlığı, duyğuları və düşncələri ilə sözün müstəqim mənasında əsl azərbaycanlı idi. Heydər Əliyevin həyatsevərliyinin, bitib tükənməyən enerjisinin təməlində ana vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Böyük öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və özü də xalqa dayaq durmuşdur. 

       

          * Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsində III yerin qalibi.

      • Hits: 982 clicks

      Tecox component by www.teglo.info