Rüfət ŞİRİNOV / NAMAZ AŞİQİ PEYĞƏMBƏR VƏ BİZ!

    PDF faylını alÇapE-poçt

      Share

      “Namaz qılan yaşlını sevirəm, ancaq namaz qılan gəncə aşiqəm” (Hz. Ömər)

           Namaz Cənnətdən yer üzünə göndərilən və Bəni-Adəmi təkrar səmaya çıxaran bir meracdır (Allaha yüksəlmədir). 

           Namaz günahlardan təmizlənmə və yüksəlmə aşırımıdır. İnsan oğlu Allahın hüzuruna onunla yüksəlir. Ən gözəl şəkildə əda edilən namaz, saleh və xoşbəxt yuvanın qıfılını açan sehrli bir açardır. Namazsız din nöqsandır. Namazsız müsəlman sütunları olmayan bina kimidir. Çünki namaz dinin dirəyi, müsəlmançılığın özəyidir. Deməli, namaz olmadan səadət, xoşbəxtlik, hüzur və mənəviyyat nöqsandır. Namaz müsəlman olmanın gərəyidir. Çünki insan ibadət üçün yaradılıb. Çünki mən müsəlmanam deyən hər bir kəs Həzrət Muhammədin (s.ə.s) ümmətidir. Ümmət olmağın şərti namaz sevdalısı olmaqdır. Həyatını namaz əsasında tənzimləmək deməkdir. Çünki biz belə bir peyğəmbərin ümmətiyik. O, həyatının hər anını namaza görə tənzimləmiş, bir sözlə, namazla nəfəs alıb, namazla nəfəs vermişdir. Deməli, biz müsəlmanlara da onun namaz həyatı və namaz həssaslığı vazkeçilməz nümunədir. Namazın müəyyən rituallara həbs edildiyi günümüzdə hər bir müsəlman namazını yenidən nəzərdən keçirməlidir. Namazımıza Həzrət Peyğəmbərin onun əshabının həyəcanını qatmalıyıq. Həyatının son anında belə səhabələrinin köməyi ilə camaatla namaza iştirak etməsi onun son nəfəsində belə namazı düşündüyü və hər fürsətdə namazı əda etdiyini göstərir. Bəs biz son ölüm xəstəliyimizdə nəyi düşünəcəyik, görəsən?

           Peyğəmbərimiz (s.ə.s) həyatının hər pilləsini misilsiz ibadəti ilə bəzəmişdir. O, gündüzlər dövlət, millət və din işləri ilə məşğul olur, gecələrini də ibadətlə keçirirdi. Əbu Hüreyrə (r.a) nəql edir: “Rəsulullah gecələr ayaqları şişənə qədər namaz qılardı. Ona: “Allah sənin keçmiş və gələcək bütün günahlarını əfv edib. Niyə özünə bu qədər əziyyət verirsən?” – sualı verilmiş, O da: “Allaha çox şükür edən qul olmayım?” (Buxari, Müslim) – deyə buyurmuşdu”. Biz müsəlmanlar gecə səhərə qədər, ayaqları şişənə qədər namaz qılan Peyğəmbərin ümmətiyik. Onun (s.ə.s) məqsədi namazla Allaha daha da yaxınlaşmaq və onunla bərabər olmaqdır.

           Həzrət Aişə belə rəvayət edir: Rəsulullah (s.ə.s) bizimlə söhbət edər, biz də onunla söhbət edər, dərdləşərdik. Ancaq namaz vaxtı girincə sanki bizi tanımazdı. Bütün varlığı ilə Allaha yönələrdi. (Fəzaili-Amal). Hətta o (s.ə.s), namaz qılarkən o qədər namazla həmhal olurdu ki, onun daxili dünyası belə ibadət eşqi və həyəcanı ilə qaynayardı. Həzrət Aişədən gələn bir başqa rəvayətdə də belə buyurulur: Həzrət Peyğəmbər namaza durduğu zaman sinəsindən qazan qaynaması kimi səs gələrdi. (Əbu Davud)

           Əsri-səadətdə doğulan ulduzlar olan Peyğəmbərin (s.ə.s) əshabələri hamısı namaz qəhrəmanları idi. Çünki onların müəllimi peyğəmbər idi. Onlar elə namaz aşiqləri idi ki, Bədir müharibəsində belə Rəsulullahın (s.ə.s) imamlığında növbələşərək namaz qılmışlar. Onlar nəinki namazı tərk etməmiş, hətta onu camaat şəklində əda etməyə can atmışlar.

           Həzrət Əli (r.a) namaza durduğu zaman rəngi saralıb-solardı. Öz vücudu daxil, hər şeydən sıyrılardı. Bir müharibədə ayağına batan oxu öz arzusu ilə namaz əsnasında çıxarılmışdı və heç bir ağrı hiss etməmiş və bunun fərqində olmamışdı. Ona “Ya Əmirəl-Möminin! Namaz vaxtı çatınca nə üçün üzünüzün rəngi dəyişir və əsməyə başlayırsınız.” –deyə soruşulduqda belə cavab vermişdi: “ Yerin və göyün qaldıra bilmədiyi, dağların daşımaqdan imtina etdiyi əmanəti əda etmə vaxtı gəlmişdir. Onu qüsursuz şəkildə yerinə yetirə biləcəyəmmi, bilmirəm.” Nə ülvi bir qorxu və sevgi. Namazın və digər ibadətlərin fərqində olmağın nəticəsidir bu anlayış.

      Həzrət Peyğəmbərin namaz sevdası və həssaslığı nəvələrinin də həyatında əsas meyarldan biri idi. Həzrət Həsənin (r.a) rəngi dəstəmaz alma əsnasında dəyişərdi. Onu bu halda görənlər “Ey Həsən! Dəstəmaz alarkən nə üçün rəngin saralıb-solur?” –deyə soruşduqda bu cavabı verərdi: “Yeganə qüdrət sahibi əziz və cəlil olan Allahın hüzuruna çıxma vaxtı yaxınlışıbdır. Ona görə”. Əlbəttə belə misalları səhifələrlə sıralamaq olar.

           Ey bizlər! Bizim namazlarımız və namaz sevgimiz bu nümunələrin harasında yer alır. Axirətdə ilk sorğuya çəkiləcək əməlimiz olan namazlarımızın cavabını verməyə nə qədər hazırıq? Gecələrimizin nə qədərini namaza ayırırıq? Heç namaz qılarkən ayaqlarımız şişirmi? İşimiz daha önəmlidir, yoxsa namazımız? Bu sualların cavabı hər kəsin daxilində gizlidir. Bu sualların cavabı bizi narahat edir, yoxsa sevindirir.

           Son sözümüz Qurani-Kərimdəki xəbərdarlıq olsun və gəlin düşünək, namazlarımızı bir daha nəzərdən keçirək: “Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər. (əl-Maun, 4-5-6)

      • Hits: 1005 clicks

      Tecox component by www.teglo.info