Kamran MƏMMƏDOV / İNŞİRAH (ŞƏRH) SURƏSİ

    PDF faylını alÇapE-poçt

      Share

           İnşirah surəsi Məkkədə enmiş və 8 ayədir. Bu surə Hz. Peyğəmbərin (s.ə.s) Allah qatındakı uca məqam və mövqeyindən bəhs edir.

           Allahın qulu və rəsulu Muhammədə (s.ə.s) verdiyi bir çox neməti dilə gətirir. Bunlar qəlbini iman ilə rahatlatması, hikmət və bilik ilə işıqlandırması və günahlardan təmiz tutması ilə olmuşdur. Bütün bunlar kafirlərdən görmüş olduğu əziyyətlərə qarşı Peyğəmbəri (s.ə.s) təsəlli etmək və Allahın lütf etdiyi nurlarla mübarək könlünü xoş tutmaq məqsədilə zikr olunmuşdur: "(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!) Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!) (Elə bir yük ki) sənin belini bükürdü". (1-3)

           Hz.Ənəsdən  (r.a) rəvayət edildiyinə görə, Hz. Peyğəmbər (s.ə.s) uşaqlarla oynayarkən Cəbrayıl (ə.s) gəlmiş və onu yerə uzatmışdı. Sonra sinəsini yarıb, ürəyini çıxartmış, ondan bir ət parçası çıxartmış və: Bu, şeytanın səndəki payıdır. Sonra qəlbini, qızıl bir ləyən içində Zəmzəm suyu ilə yumuşdu. Daha sonra onu yenidən yerinə qoymuşdu. Uşaqlar qaçaraq süd anasının yanına getdilər və Muhammədin öldürüldüyünü dedilər. Sonra azyaşlı Muhamməd rəngi saralmış halda evə gəldi. (Müslim, Kitabul-İman, 261). Ənəs (r.a): “Mən Rəsululahın (s.ə.s)  sinəsində tikiş izini görürdüm”,- demişdir.

           Surədə Peyğəmbərin (s.ə.s) dünya və axirətdəki mövqeyinin yüksəldildiyi, mövqeyinin ucaldıldiğı və adının Allahın adıyla birlikdə zikr edildiyindən bəhs edilir: "Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!) (4) Hədisdə belə buyurulmuşdur: Cəbrayıl (ə.s) gəlib mənə dedi ki: Ey Muhamməd! Rəbbin deyir ki: "Bilirsənmi, sənin zikrini necə ucaltdım?" Mən də: "Allah daha yaxşı bilir" dedim. Allah buyurdu ki: "Mən zikr edildikdə sən də mənimlə birlikdə zikr edilirsən" (Müxtəsəri-İbn Kəsir, 3/652) Uca Allah Peyğəmbərin (s.ə.s) adını kəlmeyi-şəhadətdə, azanda, iqamədə, təşəhhüddə, xütbələrdə və Quranda bir çox yerdə öz adıyla birlikdə zikr etdi. Peyğəmbərlər və ümmətlərindən ona iman etmələrini istədi.

            Allah (c.c) bu surə vasitəsilə Məkkədə yalanlayıcı kafirlərdən gələn əziyyət və çətinliklərə möminlərlə birlikdə dözən Hz. Peyğəmbərə (s.ə.s) təsəlli verir. Əmin-amanlığın və düşmənə qarşı zəfərin yaxın olduğunu bildirərək Peyğəmbəri təskinləşdirir: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbrlə dözmək lazımdır!)" (5-6)  

           Surə Hz. Peyğəmbərə (s.ə.s) peyğəmbərlik vəzifəsini təbliğ edib bitirdikdən sonra özünü Allaha ibadətə vermə vəzifəsini xatırladaraq sona çatır. Özünü Allah üçün ibadətə verməsi Allahın ona lütf etdiyi o uca nemətlərin müqabilində şükür etməsi üçündür: "(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!) Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl")

      • Hits: 958 clicks

      Tecox component by www.teglo.info