Home Arxiv 2014 № 89 Aprel Nurlan MƏMMƏDZADƏ / HAQQIN SAHİBİ ALLAHDIR


    Nurlan MƏMMƏDZADƏ / HAQQIN SAHİBİ ALLAHDIR

    PDF faylını alÇapE-poçt

      Share

         Haqq və ədalət ilahi dinlərin hər birində xüsusi olaraq üzərində durulan əsas anlayışlardandır. Çünki bütün ilahi dinlər Haqq olan Allah tərəfindən göndərilmiş və fərdlərin, o cümlədən də cəmiyyətlərin dünyada və axirətdə rifahı üçün bir sıra qaydalar təsis etmişdir. Haqqın rəqibi batildir.

          Mütləq haqq Allah-Təaladır. Onun dedikləri ən doğru, ən haqlı, göndərdikləri də (peyğəmbərlər və ilahi kitablar) ən doğru və ən haqlıdır.  Belə ki, Quran Onun sözüdür və bizə haqq olaraq göndərilmişdir. “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir” (əl-Fussilət, 42). Onun bildirdiyi hər şey haqdır və Onun göstərdiyi yolda irəliləyənlər haqq sahibidir. Haqq-Təalanın yolunda gedənlər hər zaman haqlı olduqları üçün müzəffərdirlər. Ən böyük batil küfr və zülmdür. Çünki Haqqın qarşısındadır, haqqa gedən yola əngəldir. İnsan yaşadığı dünyada ya haqqın tərəfində olacaq, yaxud da batil cəbhəsində haqqa qarşı olacaq. Bu mövzuda bitərəflik qəbuledilməzdir. İşin sonunda isə əlbəttə ki, haqq qalib gələcəkdir. Bunu bizə haqq kitabımız Quran belə bildirir: “De: Haqq (İslam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa məhkumdur!”. (əl-İsra, 81)

         Hər bir insanın üzərində yerinə yetirməklə mükəlləf olduğu bir sıra haqlar vardır. Qurani-Kərim və hədisi-şəriflər bizə riayət etməli olduğumuz bu haqları, kimlər üzərində haqqımızın olduğunu və kimlərin bizim üzərimizdə haqqının olduğunu açıq şəkildə bəyan etmişdir. İnsanın üzərindəki ən böyük haqq Rəbbinə qarşıdır. Bu haqq insanın Yaradanı tanıması, Ona ibadət etməsidir. Həmçinin bu, haqqın sahibini tanımaq mənasına gəldiyi üçün ən böyük haqq olaraq qəbul edilmişdir. İbadətlər hər bir insanın əda etməli olduğu bədəni haqlar qəbilindəndir. İbadət bir mənada sahib olduğumuz və bizə verilən mükəmməl əzaların haqqını vermək mənasına gəlir. Düzdür, hər nə qədər buna gücümüz çatmasa da və şükrünü əda edə bilməsək də, yenə əlimizdən gələni etdiyimiz üçün Allah bizi haqqını verənlərdən olaraq yazar. Əslində bütün haqlara riayət Yaradanın haqqına riayətimiz nisbətində ölçülür. Cəmiyyət içində ən böyük haqq-ədalət sahiblərinin məhz peyğəmbərlər, Allah dostları və sonra təqva səviyyəsinə görə digər inananların olması da bunun nəticəsidir. Çünki Rəbbinin haqq olduğunu bilən, Haqq sifətinə iman gətirən bir insan ilk növbədə Onun insana yüklədiyi haqlara riayət edərək digər məxluqların haqqına hörmətlə yanaşar.

      İnsan olaraq üzərimizdəki haqları ümumiləşdirmək şərtilə bədəni və mali olaraq ikiyə ayıra bilərik. Bədəni haqlara namaz, oruc, zikr, təfəkkür kimi ibadətlər daxildir. Mali haqlara isə Rəbbimizin bizə verdiyi nemətlərə şükür və bu şükrün gərəyi olaraq əlimizdəkiləri başqaları ilə bölüşmək daxildir. Sədəqə, zəkat, infaq kimi mali ibadətlər məhz bu kateqoriyada dəyərləndirilməlidir. Allah-Təala Qurani-Kərimdə “Onların mallarında dilənçinin və (abırına qısılıb dilənməyən) yoxsulun haqqı var” (əz-Zariyat, 19) buyuraraq əslində sahib olduqlarımızda onların da haqlarının olduğunu bildirmişdir. İnsanın bu fani dünyada sahib olduqlarını öz haqqı bilməsi, əsl sahibininsə Allah olduğunu unutması yalnız və yalnız onun qarunlaşma və fironlaşma prosesini sürətləndirir.

         Yuxarıda sadaladıqlarımızdan əlavə üzərimizdəki haqları cəmiyyət nöqteyi-nəzərindən də üç qrupda cəmləşdirə bilərik: Üzərimizdəki insan haqları, digər canlıların / heyvanların üzərimizdəki haqları və cansız dediyimiz varlıqların üzərimizdəki haqları.

         İnsanların üzərimizdəki haqları fərd və cəmiyyət çapında onlara faydalı olmağımız, yardıma möhtac olanlara, miskin və möhtaclara əl uzatmağımız, ədalətin bərqərar olması, cəmiyyətdə səadətin hökm sürməsi üçün lazım olan hər şeyə riayət etməmizdir. Həzrət Peyğəmbərin buyurduğu kimi insanlara əlimizdən və dilimizdən heç bir zərərin toxunmaması bir fərd olaraq cəmiyyətə qarşı öhdəliklərimizdəndir. Eyni zamanda cəmiyyətdə baş qaldıran müəyyən haqsızlıqlara qarşı da haqqın yanında olmaq müsəlmanın ən ümdə vəzifələrindəndir. Bu xüsusda Allah Rəsulunun həyatı hər birimizə gözəl nümunədir. O, hələ peyğəmbərlik vəzifəsi verilmədiyi zamanlarda belə Xilful-Fudul adlanan təşkilata üzv olmuşdur. Bu təşkilat zülmə məruz qalanları himayə etmək və məzlumun haqqını zalımdan alana qədər mücadilə etmək üçün qurulmuş bir təşkilat idi. Həzrət Muhamməd peyğəmbər olmamışdan əvvəl belə bir təşkilatda fəaliyyət göstərmiş, nübüvvətindən sonra da daim haqqın tərəfində yerini almışdır.   

          Digər tərəfdən sadəcə insanlara deyil, eyni zamanda Allahın yaratmış olduğu heyvanlara qarşı da mərhəmət və şəfqət bəsləyərək haqlarına riayət etmək şərtdir. İslam dini bu mövzuda o qədər mükəmməl qaydalar qoymuşdur ki, hətta bir hədisi-şərifdə buyurulur: “Kim bir quşu əbəs yerə, sırf əylənmək xətrinə öldürərsə, qiyamət günü həmin quş səsini yüksəldərək Allaha belə səslənər: “Ey Rəbbim, filankəs məni boş yerə öldürdü, bir mənfəət üçün öldürmədi” (Nəsai, Dahaya, 42). Başqa bir hədisi-şərifdə minik heyvanlarının haqlarından söz açaraq belə buyurur: “Danışa bilməyən bu heyvanlar haqqında Allahdan qorxun! Bəslənmiş halda minin, bəslənmiş halda kəsib yeyin!”. Dinimizin heyvanlar haqqında bu qədər həssas ölçülər qoyması xüsusilə son zamanlar heyvanlardan müxtəlif əyləncələrdə istifadə edilməsi və onlara qarşı vəhşi rəftarın son həddə çatdığı günlərdə İslamın nə qədər mərhəmət dini olduğunu gösrətməsi baxımından çox mənalıdır.

         Cansız əşyaların da bir haqqının olduğunu söyləmişdik. Bəli, onlar bizə xidmət etmək üçün ilahi lütf nəticəsində əmrimizə verilmişdir. Elə isə hər bir əşyadan aid olduğu yerdə və lazımi qaydada istifadə etməliyik. Allah dostları hətta mindikləri maşının qapısını belə açıb-bağlayarkən möhkəm çırpmamağa diqqət etmişlər.

         Mövzunu yekunlaşdırmazdan əvvəl son olaraq Hz. Peyğəmbərin haqq mövzusunda nə qədər həssas olduğunu göstərmək üçün vəfatından əvvəl əshabını məsciddə toplayaraq onlara müraciətini yada salaq: “Sizdən kimisə vurmuşamsa, gəlsin, eynilə əvəzini çıxsın. Kiminsə malını almışamsa, gəlib haqqını alsın! Əsla haqq sahibi qisas tələb edəcəyi təqdirdə inciyəcəyimi düşünməsin. Bilmiş olun ki, fitrətimdə məndən haqqını istəyəndən küsmək kimi bir xasiyyət yoxdur. Mənim üçün ən sevimliniz haqqı varsa, gəlib məndən istəyəniniz, yaxud da halal edəninizdir”. Buradan nəticə çıxardaraq üzərimizə düşən haqlara riayət etməli, qul haqqına girmişiksə, gec olmadan halallaşmalıyıq. Bu xüsusda rüsvay olmaqdan utanmamalıyıq. Həzrət Peyğəmbərin buyurduğu kimi: “Axirətdə rüsvay olmaq dünyada rüsvay olmaqdan daha təhlükəlidir”. Yaşadığımız dünyada günahsız insanların öldürüldüyü, soyqırımların həyata keçirildiyi bir zamanda bu ayəni tez-tez yada salaq: “Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar” (İbrahim, 42) 

      • Hits: 925 clicks

      Tecox component by www.teglo.info