Aqil ƏLİYEV / ONLAR QORXU VƏ ÜMİD ARASINDADIRLAR

    PDF faylını alÇapE-poçt

      Share

           Ötən yazımızda olduğu kimi bu yazıda da Qurani- Kərimin işığında Allahın dəyər verdiyi  şərəfli möminlərin gözəl xüsusiyyətlərindən bəhs etməyə çalışacağıq.

           Uca Rəbbimiz  buyurur;  Onlar (möminlər) belə deyərlər: “ Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun (cəhənnəmin) əzabı həmişəlikdir!” (Furqan, 65)

           Bir insan öz işində, peşəsində nə qədər məsuliyyətli olarsa, o dərəcədə müvəffəqiyyətə nail olar, rəhbərləri tərəfindən mükafatlanar və təbriklər alar, heç vaxt  başqaları tərəfindən məzəmmət və ya xoşagəlməz davranışla qarşılaşmaz. Mömin bir insan da  məsuliyyətli olmalı, bu dünya həyatının bir gün mütləq bitəcəyini, xeyir və şər olaraq yığıb topladığı əməl çuvalı ilə axirət diyarına köçəcəyini xatirindən heç vaxt çıxarmamalıdır. Hər bir əməlini, hər bir işini görən Rəbbi olduğunu və Onun göstərişi ilə bu əməlləri yazan, qeyd edən  mələkləri olduğunu heç vaxt yaddan çıxarmamalı, qulluq vəzifəsini məsuliyyətlə və layiqincə yerinə yetirməlidir. Elə yuxarıda göstərilən ayədə də görürük ki, belə bəndələr cəhənnəm əzabının haqq olduğuna dərindən inanmış, aqibətlərinin necə olacağından narahatlıq hissi keçirərək hər zaman Rəblərinə sığınırlar. Bilirlər ki, peyğəmbərlərdən başqa heç kim son nəfəsi necə verəcəyindən və axirətdə hansı rəftarla qarşılaşacağından arxayın deyil. Eyni zamanda bu qorxu insanda məsuliyyət duyğusunu gücləndirir, hər bir addımını, hərəkətini tənzimləyir və təqva həyatı yaşamasına kömək edir. Aqibətinin xeyirli olmasını istəyən möminlər bu ayədə olduğu kimi davamlı Rəblərindən yardım istəməli, qəbr əzabından, qiyamətin dəhşətindən və cəhənnəm odundan Allaha sığınmalıdır. Biz bunun bariz nümunəsini Rəsulullahın  (s.ə.s) dualarında görürük. Rəsulullah (s.ə.s) namazın son oturuşunda hər zaman  belə dua edərdi; “Allahım! Qəbir əzabından, Cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən, Dəccal Məsihin fitnəsinin şərindən sənə pənah aparıram.” (Buxari, 2/102)

           Yenə ayədə buyurulur: “Doğrudan da, ora nə pis məskən, nə pis yerdir.” (Furqan, 66)

           Həsən Bəsri həzrətləri deyir: “Yəni onlar (möminlər) cəhənnəm əzabından çox qorxduqları üçün gündüzlər təvazö və vüqarla yaşayar, gecələr isə ibadətdə yorularlar.”(M.Ə. Sabuni, Safvətut-Təfasir.4-294)

           Qurani-Kərimin bir çox yerində bu kimi ayələr mövcuddur. Hamısını burada saymağa ehtiyac görmürük. Hər hansı bir məsələ çox təkrarlanırsa, bunun üstündə dayanıb fikirləşmək lazımdır. Niyə bu qədər təkrarlanır? Bunda nə kimi hikmətlər və ibrətlər var? Allah, haşa, əbəs və boş bir söz deməz. Deməli, bu çox mühüm məsələdir. Dünya həyatında harasa gedəcəyiksə həmin yeri əvvəlcə araşdırırıq. Əgər oranın iqlimi soyuqdursa, pal-paltar götürürük, su olmayan bir yerdirsə özümüzdlə su aparırıq, yəni hazırlıqsız getmirik. Gəlin görək axirət üçün də bu belədirmi? Çox  təəssüf ki heç də belə deyil. Uca Rəbbimiz cəhənnəmin nə qədər pis bir məskən olduğunu bu qədər çox təkrarlamasına baxmayaraq, insanlar ora getmək üçün bir-biri ilə sanki yarışa girişiblər. Sanki hədəf oradır, sanki insan bunun üçün yaradılmışıdır. Halbuki insan cənnətdə yaradılmışdır və Rəbbimiz bizi ora dəvət etməkdədir.

         Allah (c.c) öz rəhmətinin əsəri olaraq bizə hər şeyi əvvəlcədən xəbər verməkdədir. Gəldiyimiz yeri və gedəcəyimiz yeri bildirməkdədir. Seçim yenə bizimdir. Peyğəmbərlər, müqəddəs kitablar, cüzi iradə, ağıl, qəlb kimi vasitələr verib ki, biz özümüz bu vasitələrdən istifadə edib, haqqı batildən ayıraq, gedəcəyimiz yeri, hədəfi düzgün seçək. Baxın, Rəbbimiz başqa bir ayəsində hədəfi necə göstərməkdədir; “Sonra da iman gətirən və bir-birinə  səbr tövsiyə edən kimsələrdən olmaqdır. Onlar sağ tərəf sahibləridir! (əməl dəftərləri sağdan verilən cənnət əhli möminlərdir) Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir! (əməl dəftərləri sol əllərinə verilən cəhənnəm əhli olanlardır) Onları hər tərəfi qapalı cəhənnəm gözləyir.” (Bələd, 17-20) 

           Ümumiyyətlə hər-bir mömin öz sonu haqqında düşünməli, son nəfəsi, hesab və kitabı necə olacağı və gedəcəyi yerin hara olacağı haqqında hər zaman əndişə və qorxu içində olmalı, Allahın rəhmət və mərhəmətindən ümid kəsməməlidir. Buna islami terminologiyada “beynəl xovfi vər rəca” halı deyilir. Yəni bir yandan qorxu, bir yandan da ümid. Gəlin düşünək, düşmənlə və ölüm qorxusu ilə qarşı-qarşıya qalan birinin gözünə yuxu gedə bilərmi? Yaxud da hər-hansı bir şeydən zövq ala bilərmi? Təbii ki, yox. Əgər belədirsə və arxamızda hər an ruhumuzu alacaq ölüm mələyinin bizi təqib etdiyini dərk ediriksə, şeytan və nəfs kimi bir düşmənimizlə qarşı-qarşıya olduğumuzun fərqində isək, bizə verilən həyat nemətini qəflət və oyun-əyləncə içində necə keçirə bilərik? Bir mömin öz məsuliyyətini dərk edər, ibadət və xidmət vəzifələrini haqqıyla yerinə yetirərsə, mərhəmətli olub, hər bir yaradılmışın haqqına-hüququna riayət edər və sonunun necə olacağı əndişəsini daşıyarsa, şübhəsiz ki, nicat tapan xeyirli zümrədən olar.

      • Hits: 1091 clicks

      Tecox component by www.teglo.info