Mübariz ƏLİOĞLU / ZƏRRƏDƏKİ HİKMƏT

    PDF faylını alÇapE-poçt

      Share

           Uca Allah Qurani-Kərimdə belə buyurur:

           “O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)”. (əz-Zilzal, 6-8)

           İlahi hikmət axışlarını seyr və təfəkkür edən insan övladı Rəbbani qüdrətin zərrədə cəmləşdirdiyi möhtəşəmlikləri kəşf edərkən bu qüdrətin sərhədlərini müəyyə etmə yarışında nə qədər aczi olduğunun fərqinə varmaqdadır. Əvvəl molekul, daha sonra atom, bundan sonra elektron və neytron, hətta bunların belə kvarklardan, onların belə elementar zərrəciklərindən və bu zərrəciklərin belə son nəzəriyyəyə ifrat kiçik tellərdən ibarət olması, digər bir nəzəriyyəyə görə xırdalanmanın sonsuzluğadək uzanacağı qənaətləri, zərrə anlayışını olduqca ciddi və dəqiq araşdırma obyektinə çevirir. Lakin bu zərrənin ölçüsü, çəkisi, məqamı və məkanı nə olursa olsun, Rəbbimizin qatında əzəli və əbədi kəlamın dili ilə ifadə edilməsi, zərrədə gizli olan hikmətin araşdırılmasını insanlıq aləmi üçün maraqlı edən önəmli bir məsələyə çevirir. Zərrə anlayışının qulluq həqiqətində məqam tutması Rəsulullahın dilindən səslənən hədislərdə də öz yerini almaqdadır:

           “Qəlbində zərrə qədər iman olan kəs cəhənnəmdən çıxar” (Buxari, Tövhid 36, Müslim, İman 147, Tirmizi, № 2598). Bu hədis ilahi rəhmətin nuru ilə təmizlənmiş zərrə qədər imanın son nəticədə insanı əbədi səadətə nail etməsini necə də izah edir. Bunun əksinə, zərrə qədər özünü bəyənmə və təkəbbür hissinin insanı əbədi rəzalətə sürükləməsi bizi hər an diqqətli olmağa səsləyir. Bir dəfə Rəsulullah (s.ə.s) Hz. Əbu Bəkrdən nə fikirləşdiyini soruşmuş, o da belə cavab vermişdi: “Vücudumun genişlənərək cəhənnəmi tutmasını və bu surətlə də Rəbbimin Muhamməd ümmətini atəşdə yandırmamasını fikirləşirəm”. Rəsulullahın məşhur Merac səfərini hamı inkar edərkən qəlbində bu hadisəyə qarşı zərrə qədər inamsızlıq olmayan və “Rəsulullah nə söyləyirsə, doğrudur. Çünki onun yalan söyləməsinə imkan və ehtimal yoxdur. Mən onun gətirdiklərinin hamısına inanıram”,- deyən bu fədakar dostunun düşüncə və təfəkkürünə mükafat olaraq Allah Rəsulunun aşağıdakıları söyləməsi tam bir imanın insanı Rəbbimizin nəzdində dəyərli edən məqamları özündə birləşdirir: “Ya Əbu Bəkr, bu təfəkkür yetmiş illik ibadətdən xeyirlidir”.

           Kimsəyə sirr deyil ki, Rəbbimizin nəzdində bu ölçüdə etibar qazanmaq yalnız Allah Rəsulunun gətirmiş olduğu iman və qulluq mükəlləfiyyətinə sözsüz və içdən gələn təmiz, həssas, bütün kir və pas zərrələrindən arınmış bir qəlbə malik olmaqla mümkündür. Bunun əksi isə yetmiş illik ibadəti məhv edəcək ölçüdə rəzalət çuxurudur. Olduqca maraqlı olan bu məlumatı Allah Rəsulu belə açıqlayır:

           “Bir insanın özünü bəyənib digərlərini bəyənməməsi onun yetmiş illik ibadətini heçə endirər”.

           “Allah hər bir təkəbbür sahibinin qəlbini möhürləyər” (əl-Mumin, 35) ayəsi və yenə də Rəsulullahın: “Qəlbində xardal dənəsi qədər təkəbbür olan kimsə cənnətə girməz” (Müslim) hədisi Allah-Təalanın bəyənmədiyi yaramaz xüsusiyyətlərin insan mənliyində zərrə qədər kök salmasının onun əbədi müqəddəratını necə qaraltdığını göstərir. Qəlb aləmini Rəbbimizin bəyənmədiyi təkəbbür, özündən razılıq, heç bir şeyə möhtac olmamaq düşüncəsi, bütlərə tapınmaq kimi və -Allah qorusun- tanrılıq iddiası daşıyan xəcalət və rəzalət zərrələri ilə bəzəyənlərə yönələn Uca Allah belə buyurur:

           “(Ya Peyğəmbər! Müşriklərə) de: “Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var! (əs-Səbə, 22)

           Əgər Əbu Bəkr Siddiqin qulluq həyatını gözlərimiz önündə canlandırsaq, onda qarşımıza Rəbbimizin qulunda görmək istəmədiyi bütün mənfilikləri zərrəsinə qədər təmizləməyə əzmi ilə sürülən bir ömür səhifələri dikiləcəkdir. Özünə layiq gördüyü bütün fəzilət və üstün əxlaqi keyfiyyətləri ümmətin hər bir fərdində görmək istəyi ilə çırpınan və ümmətin etmiş olduğu günahlardan dolayı haqq etdiyi əzabı onlara yox, məhz özünə rəva görən müstəsna bir insanı hərtərəfli şəkildə tanımaq necə də böyük bəxtəvərlikdir. Cəhənnəmin bütün çuxurlarında mənliyini yandıraraq özünün də, ümmətinin də günahlarını zərrəsinə qədər yox etmə əzmi ilə misilsiz bir qulluq həyatını yaşayan bir insanı qəlblər mütləq tanımalıdır. Çünki Adəm nəslinin xilası naminə bəşəriyyətin əsrlərdir axtardığı, lakin tapmaqda çətinlik çəkdiyi qurtuluş yolunu yalnız və yalnız Əbu Bəkr Siddiq və ona bənzəyən  sadiq qullarla birgə qət etmək mümkündür. aşağıda izləyəcəyimiz hadisə zərrədən başlayaraq külli aləmlərə rəhmət olaraq göndərilən bir Rəsulun maddi və mənəvi rəzalət zərrələrindən təmizlənmiş bir insandan duyduğu məmnunluğun ölçülərini necə də zərafətlə ərz edir:

           Bədir müharibəsində hər iki tərəf hücuma keçmişdi. Rəsulullah (s.ə.s) Əbu Bəkr, Ömər, Əbu Zərr və Said (r.anhum) ilə qərargahda idi. İslam  əsgərləri sıxıntı çəkirdi. Rəsulullah əvvəl Sad və Saidi, sonra da Əbu Zəri yardıma göndərdi. Daha sonra Hz. Ömər də onlara qoşuldu. Bir saat keçdi. Əbu Bəkr sıxıntının aradan qalxmadığını görərək qılıncını çəkdi. İrəliləmək istəyərkən Rəsulullah əlindən tutaraq bunları söylədi: “Yanımdan ayrılma, ya Əbu Bəkr. Vücuduma və qəlbimə gələn hər sıxıntı sənin mübarək üzünü görməklə xəfifləyir. Səninlə qəlbim qüvvətlənir”.

           Rəbbim hər birimizi Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman, Hz. Əli kimi bütün rəzalət zərrələrindən təmizləyərək Allahı və Rəsulunu məmnun edəcək iman və ibadət səadətinə nail eyləsin. Buna nail olanlara Allahın müjdəsi necə də möhtəşəmdir:

           “Qəlbində zərrə qədər imanı olan kəs cəhənnəmdən çıxar”,- hədisini şərh edən Əbu Said demişdir ki, kim buna şübhə edərsə, bu ayəni oxusun:

           “Şübhəsiz, Allah zərrə qədər zülm etməz!”. (ən-Nisa, 40)

      • Hits: 793 clicks

      Tecox component by www.teglo.info