Eldar KƏRİMOV/ “İNSAN” OLMAYAQ!

    PDF faylını alÇapE-poçt

      Share

           Bu günlərdə yerli telekanallarımızın birində yeni reklam çarxının şahidi oldum. Reklam çarxında çox maraqlı fəaliyyət sahəsinin təbliği əks olunmuşdu. 

           Şəhərimizin küçələrində olan sahibsiz heyvanları paytaxtımızda yeni fəaliyyətə başlayan bir qrup mərhəmətli şirkət nümayəndələri götürür, onları xüsusi maşınlarında öz mərkəzlərinə aparır, xüsusi qayğı göstərir və heyvan istəyən ailələrə pulsuz təqdim edirlər. 

           Küçələrdə aclıqdan və soyuqdan əziyyət çəkən biçarə heyvanların həmin mərkəzdəki xoşbəxtlikdən gözlərində canlanan sevincə laqeyd qalmaq isə mümkün deyildi. Düzünə qalsa bunu görər-görməz çox sevindim. Axı insanlarımızın bu qədər mərhəmətli olması məni sevindirməyə bilməzdi. Hətta reklam çarxında heyvanların saxlandığı şərait, xüsusi qidaları və müalicə aparatları da öz əksini tapmışdı. Mən sizə əminliklə deyə bilərəm ki,  reklam çarxında göstərilən heyvanlar üçün keyfiyyətli müayinə aparatları və yaradılan şərait bəlkə də bizim  insanlar üçün təsis edilmiş özəl səhiyyə ocaqlarımızda belə yoxdur. Bəli, belə bir fəaliyyətin respublikamızda olması sevindirici bir haldır, amma arxasından bir qənbərqulu çıxmasa. Belə ki, şirkətin qurucuları sizin də təxmin etdiyiniz kimi əcnəbilərdir. Müsahibəni ingilis dilində verən şirkət sahibi fəaliyyətlərindən və heyvanlara qarşı göstərdikləri qayğıdan ağızdolusu danışırdı. Elə bil bu günə qədər bizim millətin heyvanalara qarşı heç bir mərhəməti olmayıb. Sanki biz heyvanlara belə mərhəmətli davranan bir Peyğəmbərin ümməti deyilik. Ancaq şirkət sahibindən müsahibəni mən götürsəydim, ona belə bir sual vermək istəyərdim: belə bir şirkətin qurulması Azərbaycanda deyil, əhalisi küçələrdə gəzən itin pişiyin ətini yeyən dövlətlərdə, o cümlədən şimal qütbündə heyvanların canını xəz dəri üçün alan insanların ölkələrində olsaydı, daha məqsədəuyğun olmazdımı? Təbii ki olardı. Amma deməli, bizə də lazımdır. Bizə ona görə lazımdır ki, Avropadan götürəcəyimiz sadəcə heyvanlara məhəbbət qalmışdı, o da oldu. Artıq hamımızın gözü aydın olsun deyə bilərəm, çünki yaxın gələcəkdə yeni qurulan ailələr uşaq yerinə itə-pişiyə öz meyillərini salıb onlara qayğı göstərəcəklər.

           Bu fəaliyyətin yanında sosial şəbəkələrdə imkansızlıqdan əməliyyat oluna bilməyib dünyasını dəyişən onlarla gənc həmvətənlərimizin haqqında da məlumatlar paylaşılır. Necə deyərlər xeyirlə şər qardaş imiş. İnsanlarımız bir tərəfdən heyvanlara pul xərcləyib qayğı göstərir, digər tərəfdən isə insanlara etinasız yanaşaraq ölümlərinə vasitəçi olurlar. Bəlkə də bu yazıdan sonra dəyərli oxucularımızda elə bir təəssürat yaranar ki, mən heyvanların düşməniyəm. Amma xeyr, bu heç də belə deyil. İnsan əgər həqiqətən insandırsa, onun bütün yaradılmışlara sevgi və mərhəməti olmalıdır.  Bu, toxunduğumuz məsələnin ümumi qəbul olunmuş aspektidir. O ki qaldı heyvanla insan arasındakı dəyər fərqinə, onda düşünmürəm ki, kimsə özünü heyvandan daha dəyərsiz zənn edər. Bunun üçün də insanlarımızın problemlərini açıq-aşkar, görə-görə pullarımızı bu problemlərə görə deyil, öz zövqümüz və xəyallarımızın məhsullarına xərcləməyək.

           İllərdir heyvanlara insanlardan daha çox dəyər verən Avropa indi davamlı insan inkişafına həsr olunan yeni konsepsiyalar hazırlayarkən biz onların itirdiklərini indi tapmağa çalışırıq.  Bununla da yavaş-yavaş ailə dəyərlərimizi itirib bütün sevgimizi insanlara deyil, heyvanalara verməkdən Allah bizi qorusun!

           Çox uzağa getməyək Avropadan götürdüklərimizdən biri də bu günlərdə hər birimizin gözünün qarşısında baş verdi. Özlərini dırnaqarası avropalılara bənzətmək istəyən bizim bəzi xəyalpərəst gənclərimiz metronun bəzi stansiyalarında, ictimai yerlərdə, o cümlədən insanların ən çox olduğu küçə və parklarda şalvarlarını soyundular. İnsanlara bununla nə demək istəyirdilər onu bilmirəm, amma bir onu bilirəm ki, bu hərəkətləri ilə öz iffətlərini, namuslarını, qeyrətlərini, milli mentalitetlərini soyundular. Mən əslində onları da qınamıram. Çünki bütün bu soyunmalar bizim beyinlərimizin lütləşməsilə baş verdi. Oxumayan, düşünməyən milli kimliyini təsbit edə bilməyən bir gəncliyin bütün bunları etməsindən daha normal nə ol bilər ki? Milli mentalitetimizə sahib çıxmasaq, dinimizə və kitabımıza sarılıb Allahın bizə əmr etdikləri ilə  əməl etməsək sahib olduğumuz bütün cah-cəlallarımıza tutduğumuz mövqeyimizə, ad-sanımıza, soyunduğumuz şalvarımıza və yolunu izlədiyimiz avropalılara baxmayaraq, yenə də xüsrandayıq. Əgər öz qiymətimizi özümüz vaxtında bilməsək, bizim qiymətimizi dəyərsizlər əlimizdən alıb dəyərə minəcəklər. Bunu əminliklə deyə bilərik ki, bizim bu gün sahib olduqlarımız avropalıların sahib olmağa çalışdıqlarıdır. Onlar da bunu bizim əlimizdən özlərindəki dəyərsizlikləri bəzəyib bizə təqdim edərək almaq istəyirlər. Mənim əziz həmvətənlərim, gəlin bunlara çox aldanmayaq, özümüzün və özümüzünkülərin qədrini bilək.

           Və son  olaraq onu deyim ki, bizim hər birimizin ən böyük günahı dildə müsəlman olub, əməldə qeyri-müsəlman olmağımızdır.

      • Hits: 903 clicks

      Tecox component by www.teglo.info