MÜSAHİBƏ / 55 İL AİLƏ HƏYATI YAŞAYAN AĞSAQQAL RƏHİMOV MÜZƏFFƏR HACƏ MURAD OĞLU;

    PDF faylını alÇapE-poçt

      Share

         - İlk növbədə "İrfan" jurnalının oxucuları adından sizi salamlayırıq. Özünüzü qısa təqdim edin mümkünsə.

        - Mən 1929-cu il, mart ayının 22-də Azərbaycanın dilbər güşələrindən olan Qəbələ rayonunun Bum kəndində usta ailəsində dünyaya göz açmışam. Rəhmətlik atam ağac ustası olub – dülgər. Ağacdan kolxoz üçün araba, vəl hazırlayıb. Atamın adı Hacı Murad olub. Babamın dediklərinə görə, biz miliyyətcə ləzgiyik, amma mən özüm ləzgi dilini bilmirəm. Vaxtı ilə biz Dağıstanın Maxaçqala şəhərindən köçüb gəlmişik. Soy kökümüz ləzgi olduğuna görə, indinin özündə də məni çox yerdə ləzgilərə oxşadırlar.

         1934-cü ildə Bum kəndində birinci sinfə daxil olub 1946-cı ildə 10-cu sinfi bitirmişəm. Sonra Nuxaya, indiki Şəki şəhərinə gedib Stalin adına (Nuxa) Şəki Pedoqoji Məktəbini oxumuşam. Oranı bitirdikdən sonra Qəbələnin Xırxatala kəndində ibtidai sinif müəllimi işləmişəm. Həmin kəndə müəllimlik fəaliyyətim 1950-ci ilə qədər olub.

         1952-ci ildə təzədən Şəki şəhərinə gəlib Müəllimlər İnstitutundu təhsilimi davam etdirmişəm. Beləliklə, yenidən Bum kəndinə geri dönüb 2011-ci ilə qədər müəllim işləmişəm. 64 il iş satajım var və 64 ilin 22 ilini məktəb direktoru olmuşam. Kəndimizdəki yeni məktəbin tikintisində mənim də əməyim olub. Bizim kənd orta məktəbində on bir min şagird oxuyurdu. Məktəbin tikintisi 1979-cu ildə başlayıb, 1983-cü ildə inşası tamamlandı.

      Hal-hazırda Qəbələnin Bum kəndində yaşayıram. Arıçılıqıla məşğul olmağı çox sevirəm. Həftədə bir dəfə məktəbə gedib müəllimlərlə görüşürəm və şagirdlərə tövsiyələr edib, yol göstərirəm. Bəzən elə olur ki, qız uşaqlarını bir yerə yığıb onlara yaxşı ailə, yaxşı ana olmağın yollarını başa salıram. Fikirləşirəm ki, xalqımız üçün gözəl övladlar yetişdirmək bizim borcumuzdur.

        - Müəllim, sarı simə toxundunuz. Elə bizim də buaykı ana mövzumuz ailəyə həsr olunub. Bu gün ölkəmizdə təəssüf ki, boşanmaların sayı artıb. Bunun səbəbini nədə görürsünüz?

         - Ailə məsələsi zərif məsələdir. Gərək ailə məsələsində ehtiyatlı olasan. İnsanın özündən çox şey aslıdır. İndiki zəmanədə insanlar pula, var-dövlətə çox bağlıdırlar. Biri bahalı restoranda toy edəndə obiri də onun kimi toy etmək istəyir və büdcəsini düşünmür. Pulu çatmaynda kredit götürür və sonradan pulunu ödəyə bilməyəndə ailədə söz-söhbətlər yaranır. Çünki ailə imkansızlaşanda bankdan götürdüyü krediti ödəyə bilmir və hər şey əlindən alınır. Beləliklə, bu gün gənc ailələrdə yaranan problemlərə səbəb olan əsas məsələ bunlardır. Bu səbəbdən də ailələr günü-gündən dağılır və ölkəmizdə boşanma hadisələri çoxalır. Bununla yanaşı ailənin dağılmasına bir çox səbəblər var. Ailə quran gənc qızlar evlənəndən sonra müəyyən çətinliklərlə üzləşir. Öz ailəsində çətinlik görməyən qızlar birdən-birə ailə yükünün altına girəndə bəzən buna tab gətirib dözə bilmirlər. Bəzən hərislik səbəbindən ailələrdə söz-söhbət düşüt. Bəzi xanımlar qonaq getdiyi yerdə gördüklərini həyat yoldaşlarından tələb edirlər. Kişinin imkanı zəif olanda, onların istədiklərini ala bilməyəndə isə ailədə söz-söhbət yaranır. Hətta bu söz-söhbətlər başqalarına da gedib çatır. Bax, bunların hamısı ailənin dağılmasına səbəb olan şeylərdir. Halbuki gözütoxluq bu kimi problemlərin yaranmaması üçün çox mühümdür. Valideynlərin övladlarına gələcəkdə quracaqları ailə ilə bağlı verdikləri tövsiyələr çox mühümdür. Sağlam dünya görüşünə malik olan ər-arvad müvəqəti çətinliyə dözməyi bacardıqları üçün hər şeydən ötrü kredit götürməyin gərəksiz olduğunu dərk edirlər. Maddi problemlər ucbatından ailə dağıtmağın cəmiyyət və fərdlər üçün nə dərəcədə zərərli olduğunu yaxşı anlayırlar. Bizim rayonumuzda da boşananlar var, amma başqa rayonlara baxanda bizdə boşanmaların sayı çox azdır. Bizim rayonumuzda boşanmanın sayı ona görə azdır ki, rayonun ziyalıları işin üstünə tez düşür və boşananları barışdırırlar. Şəxsən oğlum Aydın rayonumuzdakı bir çox boşanmanın qarşısını alıb. Özüm də rayonun ağsaqqal ziyalısı kimi bacardığım qədər çalışıram ki, boşanmalara mane olaq. Ciddi ailə problemləri olanda kəndin ağsaqqaları ilə gedib cavanları başa salırıq. Biz böyüklərin borcudur ki, gənc ailələrə gözəl nümunə olaq. Tərbiyə işi də çox zərif və incə məsələdir. Gərək ailə məsələsində hər kəs diqqətli olsun.  Ailənin dağılmamasına qarşı təbliğat aparmaq zəmanəmizdə vacib məsələyə çevrilib.

         - Bildiyimizə görə uzunömürlü ailə həyatı yaşamısınız, çox gözəl nümunəvi ailəniz var. Sizcə nümunəvi ailə olmağın sirri nədədir?

          - Mən 1954-cü ildə ailə həyatı qurmuşam. Yoldaşım Qəbələ şəhərinin özündən olub. Coğrafiya müəlliməsi idi. Uzun muddət rayon Sovetinin deputatı da olub. Azərbaycan Respublikasının əməkdar muəllimi adına layiq görülüb. İctmai fəallığına görə bir çox ordenlə təltif olunub. Respublikada keçirilən konfranslarda, qurultaylarda fəal iştirak edib. Həyat yoldaşım əməkdar müəllim adına layiq görüləndə mərhum liderimiz Heydər Əliyev 17 nəfərin içində onu da təbrik edib. Birlikdə gözəl ailə həyatı yaşamışıq. Cəmiyyət üçün faydalı övlad yetişdirmişik. Beş uşağım olub, hamısı öz ailəsində xoşbəxt yaşayır. Hər şey insanın öz əlindədi, gərək insan öz ailəsini qorusun. Allah mənim ömrümü bərəkətli edib. Həmişə zəhmətkeş olmuşam valideynlərimə xidmət etmişəm, onların qulluğunda dayanmışam. Atam həmişə mənə dua edirdi ki, Allah səni xoşbəxt etsin. Bəlkə də ona görə Allah həmişə yolumu açıb və məni qoruyub, bu cür xoşbəxt ailəm olub. Nümunəvi bir ailənin sirri ondadır ki, gərək ailə həyatı quranda evlənəcəyin adamı yaxşı tanıyasan və onun əsil-nəcabətini araşdırasan. Mütləq şəkildə qarşı tərəfi tanımaq lazımdır. Bir də əsas diqqət ediləcək şeylər bunlardır ki, özünə münasib adamla ailə həyatı qurasan. Qızlar da, oğlanlar da ailə məsələsində diqqətli olmalıdırlar. Ailə quracaqları adamı və ailəsini dərindən araşdırmalıdırlar. Ailə məsələsində valideynlərin xeyir-duası vacib şərtlərdəndir. Xoşbəxt ailə üçün ən əsas şərtlərdən biri də sevgidir. Sevginin olması ailə üçün çox vacibdir. Qarşılıqlı sevgi və hörmət ailələrin sarsılmaz olmasına zəmin hazırlayır. Böyük-kiçik olmayan evdə bərəkət də olmaz.

           - Valideynlər övladlarını necə tərbiyə etməlidirlər ki, onlar ailə quranda problemlərlə üzləşməsinlər?

           - Valideynlər xüsusilə qız uşaqlarını yaxşı tərbiyə etməli və onlara təhsil verməlidirlər. Çünki bilmək olmur, qız hara gəlin köçüb yaşayacaq və onun taleyi necə olacaq. Mümkün mərtəbə qız uşaqlarını münasib bir sənət sahibi etmək lazımdır ki, çörəyə ehtiyacları olanda öz əllərinin zəhməti ilə dolana bilsinlər. Səhv başa düşülməsin, əlbəttə ki, oğlan da bir sənət sahibi olmalıdır. Bunların hamısını valideynlər vaxtında övladlarına başa salmalıdırlar. Bu gün ən çox oğlanları içkidən uzaqlaşdırmaq lazımdır. Çünki içki haramdır və nümunəvi ailə heç vaxt haramı sevmir. Mən özüm də içki verilən toylara getmirəm, istəmirəm ki, onun havası mənə dəysin. Tərbiyə işi çətin məsələdir, xüsusilə də indiki zamanədə çox çətindir. Ailənin təməli də yaxşı olması lazımdır. Əgər ailənin təməli sağlam oldusa, numunəvi ailə olacaq, yox əgər təməlində problemi oldusa, ona ailə demək düzgün deyil. Əsas odur ki, valideynlər öz övladlarına dünya görüşü versinlər. Valideyn atdığı hər addıma diqqət etməlidir, ona görə də ehtiyatlı olmalıdır. Çünki uşaqlar əsas tərbiyəni valideynin hərəkətlərindən götürürlər. Valideynin uşaqlarını doyuracaq çörəyi varsa, o ailədə yetişən övlad heç vaxt yolunu azmır. Ailədə əsaslardan biri də atanın tərbiyəli olmasıdır. Çünki ata tərbiyəli olanda həyat yoldaşını da bəzi nöqsanları varsa, ona baxıb özünü düzəldir. Evdə hər gün dava-dalaşın olması ailəni uçuruma aparır. Ona görə çox diqqətli və ehtiyatlı olmaq lazımdır.

          - Son söz olaraq "İrfan" oxucularına ailə haqqında hansı tövsiyələrinizi verərdiniz?

         - Tarixdə heç bir mərd kişini düşmən əyə bilməyib. Amma övlad yaxşı tərbiyə olunmazsa, şahına, vəzirinə baxmadan kişinin başını aşağı əyər. Övlad tərbiyə etmək çox çətindir, valideynlər bu məsələdə diqqətli olsunlar. Qız uşaqlarını, oğlan övladlarını tərbiyəli böyütsünlər. Tərbiyəli ailələrdə böyüyən uşaqlarda problem olmur. Ailə kiçik bir dövlətdir və bu dövləti qorumaq lazımdır.

          - Dəyərli vaxtınızı bizə ayırdığınıza görə, sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun.

          - Mən də sizə, öz növbəmdə, təşəkkürümü bildirirəm. Daima aktual mövzulara toxunursunuz. İşlərinizdə uğurlar! Allah sizdən razı olsun.

      • Hits: 901 clicks

      Tecox component by www.teglo.info