155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Dr. Əhməd NİYAZOV/ DUANIN ƏDƏB və SÜNNƏLƏRİ

    PDF faylını alÇapE-poçt

      Share

           Dua dinimizdə başlı-başına bir ibadətdir. Qurani-Kərimdə Allah-Təala buyurur: (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm” (Bəqərə, 25/186).

           Numan ibn Bəşir (r.a) rəvayət edir ki, Hz. Peyğəmbər (s.ə.s): “Dua ibadətdir”,- dedi və sonra bu ayəni oxudu: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! (Ğafir, 40/60)” (Tirmizi, Dəavat,45; Əbu Davud, Səlat, 358).

           Dua bəndə ilə Rəbbi arasında ünsiyyət vasitəsidir. Digər ibadətlərdə olduğu kimi, duanın da bəzi üsul və qaydaları vardır. Duanın ədəb-ərkanının keyfiyyəti haqqında Həzrət Peyğəmbərin (s.ə.s) hədisləri arasında kifayət qədər məlumat verilmişdir. Bir neçəsini aşağıda sadalamaq olar:

           1) Duada əlləri açmaq: Hz. Peyğəmbər (s.ə.s) dua etdiyi vaxt əksər hallarda əllərini açaraq dua etmişdir. Ona görə də, sünnədə əsas olan əlləri yuxarı qaldıraraq dua etməkdir. İmam Buxari “Səhih”ində və “Ədəbul-Müfrəd”ində dua ilə bağlı “duada əlləri qaldırmaq babı” başlığı açmış (Buxari, Dəavat, 23), bu haqda bəzi hədisləri nəql etmişdir: “Peyğəmbər dua edərkən əllərini qaldıranda iki qoltuğunun ağ yerlərini gördüm” (Buxari, Dəavat, 23; Cihad, 100; İstisqa, 21; Müslüm, Birr 88; Müsnəd, VI, 133). Başqa hədisdə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Rəbbiniz Hayydır, Kərimdir. Qulu dua edərək ona əlini qaldırdığı zaman, O, əllərini boş çevirməkdən həya edər” (Tirmizi, Dəavat, 118). Əllərin açıq vəziyyətinə gəldikdə isə, İbn Abbas (r.a) rəvayət edir ki, Allah Rəsulu buyurdu: “Allaha dua edəndə ovuclarının içini açaraq dua et” (Əbu Davud, Səlat, 358).

           2) Duadan sonra əlləri üzə çəkmək: Duadan sonra əllərin üzə çəkilməsi də bir sünnə əməldir. Bu mövzuda alimlər arasında icma vardır. Bu, Hz. Ömərin (r.a) rəvayətinə əsaslanır: “Peyğəmbər (s.ə.s) əllərini qaldırdığı zaman üzünə çəkmədikcə, endirməzdi” (Tirmizi, Dəavat 11). İbn Abbasın (r.a) rəvayət edir ki, Rəsulullah buyurdu: “Allaha dua edəndə ovuclarının içini açaraq dua et. Duanı bitirəndə ovuclarını üzünə çək” (Əbu Davud, Səlat, 358).

           3) Namazdan sonra dua etmək: İbn Ubeyd (r.a) rəvayət edir ki, Rəsulullah (s.ə.s) məsciddə oturanda bir adam gəldi, namaz qıldı və sonra belə dua etdi: “Allahım, məni bağışla, mənə mərhəmət et”. Bunu eşidən Rəsulullah (s.ə.s) dedi: “Ey filankəs, tələsdin. Namaz qılıb oturduğun vaxt Allaha layiqincə həmd et, sonra mənə səlat və salam gətir, sonra istədiyin duanı et”. Bundan sonra başqa biri namaz qıldı. Namazdan sonra Allaha həmd etdi və Peyğəmbərə səlat və salam gətirdi. Başqa bir şey demədi. Bunun üzərinə Rəsulullah (s.ə.s) o kəsə belə dedi: “Ey filankəs! Dua et, duan qabul edilsin” (Tirmizi, Daavat, 64).  Hədis həmçinin göstərir ki, duaya başlayanda əvvəlcə Allaha həmd, sonra Rəsuluna səlat və salam edərək başlamalı və sonra digər istək və niyaza durmalıdır. Çünki Ömər bin Xəttab Hz. Peyğəmbərdən belə rəvayət etmişdir: “Dua göy ilə yer arasında durur, Peyğəmbərə salavat gətirincəyə qədər o duadan heç bir şey Allahın dərgahına yüksəlməz” (Buxari, Məğazi, 38; Tirmizi, Səlat, 352).

           4) Duada təkidlə istəmək və qafil olmamaq: Əbu Hüreyrənin rəvayətinə görə, Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Sizdən biri dua edərkən “Ya Rəbb, istəsən məni bağışla, istəsən mənə mərhəmət et”,- deməsin. İstədiyini iradəli və qətiyyətlə istəsin. Çünki Allahı bir işə məcbur edəcək heç bir qüvvə yoxdur” (Buxari, Dəavat, 21). İbn Məsud (r.a) rəvayət edir ki, Rəsulullah (s.ə.s) duanı üç dəfə təkrarlamaqdan, istiğfarı üç dəfə etməkdən xoşu gələrdi (Əbu Davud, Səlat 361). İstəyin üç dəfə təkrar edilməsi bəndənin acizliyini və duanın ciddiyyətini göstərir. Duada əsas olan səmimiyyətdir. Əbu Hüreyrə (r.a) nəql edir ki, Həzrət Peyğəmbər (s.ə.s) buyurdu: “Qəbul olacağına inanaraq Allaha dua edin. Bilin ki, Allah qafil qəlbin duasını qəbul etməz” (Tirmizi, Dəavat, 65).

           5) Duada vəsilə etmək: Duada vəsilə etmək onun müstəcəb və məqbul olma səbəbidir. Allah-Təala buyurur: Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə axtarın(Maidə, 5/35). Vəsilənin üç növü var: a) Əsmayi-hüsna ilə; Allah-Təala buyurur: Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin (Əraf, 7/180). “Fatiha hörmətinə qəbul et” deyərək “Fatihə” surəsi ilə duanı bitirmək qeyd edilən ayənin nəticəsidir. b) Saleh əməllə; Quranda deyilir:Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar (Fatir, 35/10). Həmçinin Buxarinin rəvayətinə görə, mağarada əlacsız qalan üç dost saleh əməlləri ilə Allahdan mədət umdular. Beləliklə, onların saleh əməllərinin hörmətinə mağaradan xilas oldular (Buxari, Müzaraa, 31; Müslüm, Zikir 100). c) Salehləri vəsilə etmək; Həzrət Ömər (r.a) Həzrət Abbas (r.a) ilə yağış duası (istisqa) etdikdən sonra belə demişdi: “Vallah bu, Allaha bir vəsilədir və onun qatından bir rütbədir” (Buxari, İstisqa, 3; Müslüm, İstisqa, 2).

           İbadətlərdə ədəbə riayət etmək əməllərin fəzilətini artırır və hər biri bir əxlaqi məziyyətdir. Hərçənd, bunlar hökm baxımından fərz, vacib və sünnə olmasa da, ümumi olaraq müstəhəb hökmündədir. Məsələn, dua ediləndə dəstəmazlı olmaq, üzü qibləyə durmaq kimi. Ata-anaya, mömin qardaşlarına və s. dua etmək lazımdır ki, bunlar ayə və hədislərlə göstərilmiş, möminin hər bir işdə ədəb-ərkana riayət etməsi tələb edilmişdir.

      • Hits: 1183 clicks

      Tecox component by www.teglo.info