Saleh ŞİRİNOV / SALAMLAŞMAQ

      Share

          Salam Allah-Təalanın gözəl isimlərindən biridir. O, Səlamdır, bütün əskikliklərdən uzaq olduğu kimi, bütün əmin-amanlıq da Ondan gəlir.

          Cənnətdə olanlar qarşılaşdıqları zaman bir-birlərini “Sizə salam olsun”- deyə salamlayacaqlar.

         Salamlaşmaq qaynayıb-qarışmaqdır.

         Hz. Peyğəmbərimiz (s.ə.s) müsəlmanların bir-birlərinə salam vermələrini tövsiyə etmişdir. “Bir müsəlman qarşılaşdığı bir topluma salam verdiyi, onlar da onun salamını aldığı zaman salam verən kəs Allahın salamını verdiyi üçün o toplumdan bir dərəcə daha üstün olar. Əgər salamı almazlarsa, onlardan daha xeyirli və daha təmiz biri o salamı alar”,“Bir-birini sevmənin yolu salamlaşmaqdır”.

         Salamın tarixçəsi

        “Səlamun aleykum” deyənə daha yaxşı şəkildə qarşılıq verilməli, ən azı “və aleykum səlam” deyilməlidir. Allah-Təala belə buyurur: Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır(Nisa 86).

         Əziz Peyğəmbərimiz də (s.ə.s) bu məsələni belə açıqlayır: “Allah-Təala Hz. Adəmi (ə.s) yaradandan sonra ona salam verib-almağı öyrətmək istədi. Belə buyurdu: “Ey Adəm! Oradakı mələklərin yanına get, onlara salam ver, sənə necə cavab verəcəklərinə diqqət et, çünki onların cavabı sənin və övladlarının salamı olacaq”. Hz. Adəm mələklərin yanına getdi və: “əs-Səlamu aleykum”- dedi. Mələklər də: “əs-Səlamu aləykə və rahmətullah”- deyə qarşılıq verdilər. Hz. Adəmin verdiyi salamı bir kəlmə əlavəsilə aldılar”.

         Peyğəmbərimizin tətbiqi

          Bir gün Peyğəmbər (s.ə.s) səhabələri ilə oturmuşdu. Ora gələn biri “əs-səlamu aleykum” deyə salam verdi. Peyğəmbərimiz (s.ə.s) “və aleykum səlam” dedi və o şəxsin on savab qazandığını söylədi. Bir azdan başqa biri gəldi və “əs-səlamu aleykum və rahmətullah”- deyə salam verdi. Peyğəmbərimiz (s.ə.s) onun salamını da “və aleykum səlam və rahmətullah”- deyərək aldı və iyirmi savab qazandığını söylədi. Daha sonra gələn biri buna daha bir kəlmə əlavə edərək “əs-səlamu aleykum və rahmətullahi və bərakətuh”- deyə salam verdi. Allah Rəsulu (s.ə.s) ona da “və aleykum səlam və rahmətullahi və bərakətuh”- deyə qarşılıq verdi və otuz savab qazandığnı bildirdi.

          Bir dəfə Rəsulullah (s.ə.s) Hz. Aişə (r.a) anamıza çox eşidilməmiş bir müjdə verdi:

         - Cəbrayıl sənə salam deyir” dedi. O da:

         - Və aleyhis-səlam və rahmətullahi və bərakətuh. Ya Rəsuləllah! Sən bizim görə bilmədiklərimizi də görürsən- dedi.

          Beləcə, əziz anamız bizə başqası tərəfindən göndərilən salamın “və aleyhis-səlam” deyə alınacağını da öyrətmiş oldu.

          Kim kimə salam verməlidir?

          Peyğəmbərimizin (s.ə.s) bildirdiyinə görə, minikdə olan piyadaya, yeriyən oturana, sayca az olan çox olana, kiçik böyüyə salam verər.

          İki nəfər və ya iki camaat qarşılaşdığı zaman hansı birinci salam verərsə, Allahın dərgahında o daha dəyərlidir.

          Hər fürsətdə salam verilməlidir. İki nəfər salamlaşdıqdan sonra aralarına ağac, divar, daş kimi bir şey girsə belə, təkrar qarşılaşdıqlarında yenə bir-birlərinə salam verməlidirlər.

          Müsəlmanlar sadəcə qarşılaşdıqlarında deyil, bir yerdən qalxıb gedərkən belə qalanlara salam verməlidirlər. Çünki ayrılarkən verilən salam, qarşılaşanda verilən salam qədər əhəmiyyətlidir.

         Bir gün Peyğəmbərimiz (s.ə.s) bu mövzuda danışırdı:

         “Biri ilə qarşılaşan və ya bir yerdən ayrılan kəs salam verməlidir”- deyirdi. Həmin vaxt bir nəfər salam vermədən qalxıb getdi. Allah Rəsulu:“Nə tez unutdu”- deyə buyurdu.

         Hz. Peyğəmbər (s.ə.s) salamlaşmağa çox əhəmiyyət verərdi. Elə bu səbələ də uşaqlara və qadınlara da salam verərdi (Alimlərin əksəriyyətinə görə, fitnəyə səbəb olmayacaqsa, qadınlara salam verilə bilər. Lakin qadınlar kişinin verdiyi salamı alarkən səslərini yüksəltməzlər. Qadınlar camaat halında olarlarsa, kişi onlara salam verər, onlar da bu salamı alarlar). Yəhudi və xristianlarla rastlaşanda onlara əvvəlcə müsəlmanların salam vermələrini uyğun görməzdi. Özü də bu mövzuda tələsməzdi. Qeyri-müsəlmanların verdiyi salama uyğun bir qarşılıq verərdi (sadəcə “və aleykum” deyilər).

          Rəsulullah (s.ə.s) müxtəlif dinlərə inanan krallara, dövlət adamlarına məktub yazarkən ilk dəfə özü salam verəcəyi üçün “Doğru yolda gedənlərə salam olsun”- deyə yazardı.

          Burada onu da xatırladaq ki, müsəlmanlar, xristianlar və yəhudilər bir yerdə olduqları zaman müsəlmanlar diqqətə alınaraq “əs-sələmu aleykum”,- deyə salam verilməlidir.

         Evə girərkən

          Evlərə girildiyi zaman ev xalqına salam verilməlidir (Nur, 27-29). Bu, Allah-Təalanın əmridir. Uca Rəbbimiz müsəlmanlara daha bir salam ədəbi öyrədir. Əgər bir evə giriləcəksə, içəri girmədən əvvəl salam verərək icazə istənməlidir. Hz. Peyğəmbərin zamanında evlər birmərtəbəli və sadə idi. Qapıdan səslənərkən içəridən eşidilirdi. Qurani-Kərimin ilk təfsirçisi olan Peyğəmbərimiz (s.ə.s) yuxarıdakı ayəni belə açıqlamışdır:

         “Birinin evinə gedincə, salam verərək izacə istənməlidir. Cavab verilməzsə, iki dəfə daha salam verilər. İçəridən yenə cavab gəlməzsə, artıq orada gözləmədən geri qayıdılmalıdır”. Bir yerə girmədən bu şəkildə icazə alınmasının səbəbi, bizə evini açmayan şəxsin məhrəmiyyətinə girməməkdir.

         Boş bir evə və ya boş bir məscidə girəndə “əs-səlamu aləynə və alə ibədilləhis-salihin” şəklində salam verilər.

         Rəsuli-Əkrəm (s.ə.s) izin istəməyi bacarmayanlar evinə gəlib “Girmək olarmı?” deyənlərə “əs-səlamu aleykum, girmək olarmı?”- deyə icazə istəməyi öyrədərdi.

         Bir nəfər Peyğəmbərimizin evinə girmək üçün icazə istəyəndə Allah Rəsulu (s.ə.s) “Kimdir?”- deyə soruşardı. Qapıda gözləyən şəxs əgər adını demədən “Mənəm”- deyə cavab versə, Peyğəmbərimiz bu cavabın doğru olmadığını, adını da deməyini xatırladardı.

         Hz. Peyğəmbər (s.ə.s) bir yerə girəndə insanların bir qismi yuxuda, bir qismi oyaq olardırsa, oyaq olanların eşidəcəyi qədər yavaş bir səslə salam verərdi.

         Salamlaşma əsnasında əyilmək məkruhdur. Əlində haram işlə məşğul olan birinə də salam verilməz.

      • Hits: 953 clicks

      Tecox component by www.teglo.info