İlham SOVQATOV / “HÖRMƏTİN” SALAMI

      Share

          İnsan sosial varlıqdır. Cəmiyyətdə yaşamaq məcburiyyətindədir. Yaşamaq üçün digər insanlarla ünsiyyətdə olmalıdır.

          Bu bir həqiqətdir ki, kimimiz yoxsuluq, kimimiz varlı. Bəzilərimiz yüksək vəzifədə işləyirik, bəzimiz isə heç fəhləlik də edə bilmirik. Mövqeyimiz, vəzifəmiz başqadır. Ancaq nəticə etibarilə insanıq.

          Mövqe sahibi olmaq gözəl şeydir. Cəmiyyətdə sözün keçər, səni görən hər kəs sənə salam verər. Salamını almasan belə yenə sənə salam verərlər. Sənin salam alma şərəfinə nail olmaq üçün can atarlar. Ancaq cəmiyyətdə heç bir mövqeyin olmasa, sənə nə salam verərlər, nə də ki, əməlli-başlı salamını alarlar. Sən onların salam alma şərəfinə nail olmaq üçün salam verəcəksən. Könülsüz-könülsüz salamını alacaqlar. Çünki sənin əynin-başın nimdaşdır. Çünki sənin cibində pul yoxdur. Çünki sənin əynində təzə, bahalı paltarın, əlində bahalı telefonun yoxdur. Çünki sənin işin yoxdur. Sən onların tayı deyilsən.

          İnsanlar çox qəribədir. Həmişə özündən yüksək vəzifədə olan insanların qabağında boyun əymək istəyir və ya boyun əymə məcburiyyətindədir. Amma özündən aşağı vəzifədə olanlar isə ona boyun əyməlidir, ona hörmət göstərməlidirlər. Bəlkə də, bu, Allahın qoyduğu bir qaydadır. İnsanın fitrətinə yerləşdirdiyi bir xislətdir. Böyüklərə salam vermək, hörmət etmək, əlbəttə, dinimizin gətirdiyi gözəl əxlaq prinsiplərindəndir. Alimlər cəmiyyətdə yüksək mövqeyə sahibdirlər. Ancaq bəzən biz hörmətin nədən ibarət olduğundan, kimə necə hörmət etməyimizdən xəbərsiz oluruq.

          İslamda aşırı hörmət, bunun əksinə olaraq da nifrət etmək də xoş qarşılanmır. Nə həddən artıq hörmət göstəriləcək, nə də nifrət ediləcək. Kiməsə puluna görə, malına görə, imkanına, var-dövlətnə görə hörmət etməyəcəksən. Kiməsə yoxsuldur deyə, əyin-başı nimdaşdır deyə yuxarıdan aşağı baxmayacaqsan. İslamın əmri budur. Bəzən salamlaşma haqqında yazılmış ədəbiyyatları oxuyuruq, çox gözəl qaydalar, salamlaşma haqqında ədəb-ərkanlar mövcuddur. Ancaq salam verəndə, salam alanda səmimiyyətin olub-olmaması isə bu ədəb-ərkana daxil olunmayıbdır. Bəzən quru salam verərik, bəzən könülsüz salam alarıq. Bəzən salam verməyə canımız çıxar, bəzən də məcburən verilən salamı alarıq.

          Ən çox da kiməsə salam verməyi özümüzə borc bilərik. Özümüzdən yüksək rütbəli adamlara salam verərik ki, görsün ki, biz ona salam verdik. Fərqi yoxdur, o bizdən salamı aldı, ya da salamımıza cavab qaytardı. Təki biz ona salam verək və o, görsün ki, biz ona salam verdik. Qoy o, bu salamla öz böyüklüyünü bir az da dərk etsin. Qoy onun təkəbbürü bir az da çoxalsın. Təki biz onun gözündə yaxşı görünək, ona salam verdiyimizi görsün, ona işimiz düşəndə dərhal həll etsin. Ancaq bizdən aşağı olanlara salam vermək bizə ayıb olar. Biz onlara niyə salam veriririk ki, qoy o da özünün aşağı mövqeyə sahib olduğunu dərk etsin. Qoy cəmiyyətdə heç bir nüfuza sahib olmadığını bilsin. Beləliklə, bizə lazım olana salam verək, bizə lazım olmayan bizə salam versin.

          Əgər bir məclisdə otursaq, aramıza bir məşhur gəlsə, biz hamımız onun qabağına qaçıb salam verməyə cəhd edərik, ancaq sadə bir adam gəlsə, ona heç baxmarıq, onun bizə salam verib-vermədiyi ilə maraqlanmarıq da. Nədənsə biz yüksək mövqeyə can atarıq. Hamımızın xislətində bu ucalıq hissi mövcuddur. Əgər sən bu gün böyük vəzifədə işləsən, hamı sənə salam verər, elə ki, vəzifədən ayrıldın, adi insana çevrildin, yavaş-yavaş salam verənlərin azalacaq və axırda sənə salam verənlərə sən salam vermək məcburiyyətində qalacaqsan.

          Bəzən salamı da pulla ölçürük. Pulu çox olan adama çox, pulu az olana az salam veririk, pulu olmayana isə heç salam da vermirik. Bəzən salamımızı satın alırıq, bəsən salamımızı satırıq. Pulu olanlara baha, pulu olmayanlara ucuz...

          Ancaq dinimiz salamlaşmanı bu qaydada bizə əmr etməmişdir. Salamlaşmada da səmimiyyət olmalıdır. Fərqi yoxdur, kimə salam verdik, kimdən salam aldıq. Qoy özümüzdən nüfuzlu insanlara salam verərkən bizdən onlara bir hörmət olsun, adi insanlara da bir şəfqət, bir sevgi olsun. Qoy varlı-yoxsul arasında salamlaşmanı bölməyək. Yaxşı salam vermək, pis salam vermək deyə dilimizdə bu ifadələr yer etməsin. Salam salamdır. Onun yaxşısı, pisi olmamalıdır. Salam həmişə yaxşıdır. Salamlaşma gözəllikdir, insanlara olan sülh ismarıcıdır.

          İnsanlara salam verə-verə onların qəlblərinə yol açmalıyıq. Özlərini cəmiyyətdə yoxsul, miskin hesab edənlərə biz salamlarımızla dərdlərinə məlhəm ola bilərik. Salamı aramızda yaymalıyıq, ancaq insanlara fərq qoymadan yaymalıyıq.

          Allahın salamı, bərəkəti və rəhməti üzərinizə olsun!

      • Hits: 950 clicks

      Tecox component by www.teglo.info