Aqil ƏLİYEV / SƏBRİN FƏZİLƏTLƏRİ

      Share

         Uca Rəbbimiz insanlar üçün hər hansı bir işin xeyirli və ya şər olduğunu çox yaxşı bildiyi üçün bizə düşən vəzifə baş verən hadisələr qarşısında səbirli və təmkinli olmaqdır. Allah-Təala Quranda buyurur: 

         “...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz” (Bəqərə, 216).

         Hər faydalı əməl kimi, səbri də əldə etmək Allahın asanlaşdırmadığı şəxsə çox ağır gələr. Səbir etmək çətin olmaqla birlikdə, bir o qədər də fəzilətli və mükafatı bol olan bir xüsusiyyətdir.

         Allah-Təala səbir əhlini tərifləyərək belə buyurur: “(Onlar) …dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da məhz onlardır!” (Ali İmran, 146).

          Allah Rəsulu da (s.ə.s) səbrin möminə bəxş edilən ən böyük nemət olduğunu xəbər vermişdir. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Heç kimə səbirdən xeyirli və böyük bir nemət verilməmişdir” (Buxari, 1469). Cabir (r.a) da rəvayət etmişdir ki, Rəsulullah (s.ə.s): “İmanda ən fəzilətli hal səbirli və comərd olmaqdır” (İbni Əbi Şeybə, 43)-deyə buyurmuşdur. Bu hədisin izahında İslam alimlərindən İbn Qəyyum əl-Cevziyyə deyir: “Bu hədis Rəsulullahın (s.ə.s) ən yığcam, dəlili ən güclü və imanın başdan sona bütün məqamlarını əhatə edən son dərəcə gözəl sözlərindəndir. Çünki nəfsdən iki şey istənilir. Birincisi, əmr edilən şeyi etmədəki fədakarlıq və səy göstərməkdir ki, buna sövq edən amil comərdlikdir. Digəri isə, qadağan edilən şeyləri tərk etməsi və ondan uzaq durmasıdır ki, bu da səbirlə mümkündür” (Mədaricus Salikin, 160).

          Ömər (r.a) belə demişdir: “Biz ən gözəl yaşayış tərzinə səbirlə çatdıq”. Əli (r.a) isə: “Başın bədəndəki yeri nədirsə, səbrin də imandakı yeri odur. Baş kəsilərsə, bədən yox olar”- demiş və yüksək səslə: “Diqqətli olun! Səbri olmayanın imanı yoxdur”,- demişdir.  Əshabələrdən Abdullah ibn Məsud (r.a): “Səbir imanın yarısıdır”, yenə “İman iki parçadan ibarətdir: biri səbir, digəri şükürdür”,- demişdir (Uddətus-Sabirin, səh. 111).

          Ömər ibn Əbdüləziz  həzrətləri belə demişdir: “Uca Allah kimə hər hansı bir nemət bəxş edər, sonra onu alıb yerinə səbir verərsə, mütləq aldığından daha böyük nemət vermiş olur”.  Həsən Bəsri həzrətləri: “Səbir xeyir və nemət xəzinələrindən bir xəzinədir. Allah-Təala onu ancaq öz dərgahında dəyərli və qiymətli olan şəxsə verər”- demişdir. Yenə: “Allah-Təalanın bəxş etdiyi bu iki udumdan daha xeyirli udum yoxdur. Birincisi, insanın gözəl bir təsəlli və səbirlə dəf etdiyi kədər və ağrı verən müsibət udumu, digəri də insanın həlimliklə və yumşaqlıqla hirsini udması” buyurmuşdur.

          Səbir etməyi insana yüngülləşdirən amillərdən biri də Rəbbimizin qədərinə iman gətirməkdir. Çünki biz bilirik ki, xeyir də, şər də Allahdandır. Bir ayədə belə buyurulur: “De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə, 51) başqa bir ayədə isə buyurur: “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” (Hədid, 22).  Bir hədisdə isə Allah Rəsulu (s.ə.s): Allah məxluqatın qədərini göyləri və yeri yaratmamışdan əlli min il əvvəl yazdı” (Müslüm, 2004)- deyə buyurmuşdur.

          Heç vaxt yaddan çıxarmayaq ki, Allah-Təala sıxıntı, bəla və müsibətlərlə bizi imtahana çəkirsə, buna sevinməliyik. Çünki Allah-Təala ancaq sevdiyi qullarını sınağa çəkər.

      • Hits: 895 clicks

      Tecox component by www.teglo.info