Mübariz ƏLİOĞLU / QƏLB və KƏBƏ BEYTULLAHDIR

      Share

          Uca Allah Qurani-Kərimdə belə buyurur:

          “(Ya Rəsulum!) Hər hansı bir yerə getdikdə, (namaz vaxtı) üzünü Məscidülhərama (Kəbəyə) tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir. (Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız” (Bəqərə, 149-150).

          Sadəcə yer üzü deyil, bütün aləmlərə rəhmət və bərəkət mənbəyi olan Kəbənin və bütün aləmlərin Rəbbi olan Allah-Təalaya şükürlər və həmd-sənalar olsun. Aləmlərə rəhmət olaraq göndərilən Haqqın Rəsulu Muhəmmədə səlat və salam olsun. İlahi rəhmətin sonsuz xəzinələrindən süzülən bu dərin mənaların dərk edilməsi, yaşanması və yaşadılması üçün xəlq edilən Adəm övladları yerlərin, göylərin yüklənməkdən çəkindikləri məsuliyyətə sahib çıxaraq Uca Allaha qulluq etmək şərəfinə yiyələnmişlər. Bu şərəfi uca tutmaq hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Bu incəliyi araşdıran müəlliflərdən birinin ifadəsi ilə Adəm (ə.s) ilə Həvva anamızın və onların nəslindən gələn və yer üzərində yaşayacaq bütün insanların daşıyacağı şərəf, əsas düşmənləri olan şeytanın bütün əziyyət və hiylələrinə nəfslərinin üsyanına sinə gərərək Uca Allahın əxlaqını, yəni yerin və göylərin yüklənməkdən çəkindiyi o böyük əmanəti qorumaq olacaqdır. İlahi əxlaqa yiyələnmək və onu layiqincə uca tutmaq isə Allahın əlamətlərinə, yəni ibadət nişanələrinə xüsusi bir sayğı və sevgi göstərməklə əldə ediləcək bir başarıdır. Uca Allah Kəbəni yerdən ərşə qədər yüksələn və bütün məxluqatın ibadət və itaət məqsədi ilə təvaf etdiyi bir maddi və mənəvi cazibə mərkəzi olaraq bina etmişdir. Məscidül-həramda qılınan bir namaz digər yerdə qılınan namazdan 100.000 dəfə fəzilətlidir. Məkkə və Onun qəlbi olan Kəbənin dəyərini anlamaq Allah dərgahındakı qiymətini bilməklə qulluq əhdimizi layiqincə həyata keçirə bilərik. Ləbbeyk Allahummə labbeyk. Ləbbeyk lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə və nimətə ləkə vəl mülk. Lə şərikə lək (Təkrar-təkrar ibadət sənədir. Allahım, təkrar-təkrar ibadət sənədir. Heç bir ortağın yoxdur. Təkrar-təkrar ibadət sənədir. Şübhəsiz, həmd və nemət Sənə məxsusdur. Mülk və Sənindir. Heç bir ortağın yoxdur)- deyə təlbiyə gətirən ümrə və həcc ziyarətçilərinin söylədikləri kəlmələrin bu mübarək məkanda qazandığı dərəcə necə də diqqətə layiqdir. Bu barədə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Təlbiyə gətirən hər bir müsəlmanın sağında və solunda olan daş, ağac və torpaq onunla birlikdə təlbiyə gətirməkdədir. Bu durum (sağ və solunu göstərərək) bu və bu istiqamətdə yer üzünün son hüduduna qədər davam edər" (Tirmizi, Həcc, 14).

          Göründüyü kimi, Quran, kainat və insan əlaqəsində önəmli bir yeri tutan insan övladının hər bir hərəkəti, hər bir əməli yer üzünə, hətta kainata təsir edəcək bir incəliklə ilahi qanunlar çərçivəsində tərtib edilərək istəsək də, istəməsək də bizi yükləndiyimiz əmanətin haqqını verməyə məcbur edir. Əgər yer üzərindəki məxluqatın hamısı Quranda olan həqiqətlərdən xəbərdardırsa, onda insan övladının qulluq məsuliyyətindən boyun qaçırmağa heç bir haqqı yoxdur. Hz. Ömərin (r.a) nəql etdiyi bu hadisə söylədiklərimizə ən layiqli sübutdur: "Süleym oğullarından biri böyük bir kərtənkələ ovlayıb Peyğəmbərimizin yanına gəldi və:

          - Lat və Uzzaya and içirəm, bu kərtənkələ inanmadıqca mən də sənə iman gətirmərəm,- dedi. Bundan sonra Allah Rəsulu (s.ə.s):

          - Ey kərtənkələ, kimə qulluq edirsən?- deyə soruşdu. Kərtənkələ ədəbi bir ərəbcə ilə:

          - Buyur, Ya Rəsulallah, əmrinizə tabeyəm. Mən səmada ərşi, yerdə səltənəti, dənizdə yolu, Cənnətdə rəhməti və cəhənnəmdə əzabı olan Allaha ibadət edirəm,- dedi. Rəsulullah:

          - O halda, mən kiməm?- deyincə kərtənkələ:

          -Sən aləmlərin Rəbbi olan Allahın Rəsulusan, peyğəmbərlərin sonuncususan. Səni təsdiq edən xilas olar, səni yalanlayan məhv olar,- deyə cavab verdi. Bunları seyr edən o adam böyük bir eşq və həyəcanla:

          - Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. Sən Allahın gerçək peyğəmbərisən. Vallahi, gəldiyimdə yer üzərində ən nifrət etdiyim kəs sən idin. (Əslində bu nifrət şeytan və nəfsin işbirliyində insanı ilahi həqiqətlərə qarşı kor və lal davranmağa vadar edən və əlac edilmədiyi təqdirdə insanı əbədi əzaba sürükləyən bir bədbəxtçilikdir). Amma indi səni özümdən və uşaqlarımdan daha çox sevirəm. Batinimlə, zahirimlə və bütün əzalarımla sənə inandım" (Heysəmi, VIII, 293).

          Deməli, batinimizlə zahirimizlə və bütün əzalarımzla Allaha və Onun Rəsuluna inanmalı və Rəbbimizə qulluğumuzu da bu müstəvidə qurmalıyıq. Yalnız bu halda nəfsin, şeytanın və dünyanın pərdələmiş olduğu ilahi möhtəşəmlikləri, xüsusən də, Kəbənin həqiqətini duymaq, anlamaq və yaşamaq mümkündür. İnsan övladının Uca Allahı tanıyıb bilmə və ona qulluq etmə təhsilinə nail olması, olduqca ağır və ciddi olan dünya imtahanını müvəffəqiyyətlə yekunlaşdırmağa yönələn bir uğurdur. Təbii ki, ilahi zikri qəlbdə daima diri tutmaqla, onunla həmhal olmaqla Kəbəni və kainatı bürümüş olan şükür və həmd-səna sədalarını duymaq mümkündür. Uca Allah bütün məxluqatı və kainatı bürümüş olan Rəbbani zikrin mahiyyətini Qurani-Kərimdə belə xəbər verir:

          "Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!" (İsra, 44)

          Bu kainatın kiçik modeli olan insan vücudu da qəlbi lətaifləri ilə birgə kainatı bürümüş olan zikrin ritminə köklənməli və onunla həmahəng olma halına can atmalıdır. Böyük İslam alimlərindən Əsəd Ərbili həzrətləri bu məqamı necə də canlı olaraq dəyərləndirir:

          "Allah-Təala qəlb gözünüzü nurlandırsın və necə ki, gül yarpağının hər zərrəsində gül suyu mövcud isə sizin qiymətli vücudunuzun hər zərrəsini də məhəbbət və daimi zikrin xoş qoxusu ilə gözəlləşdirsin. Amin"

          Artıq zahiri ilə, batini ilə, bütün vücudu ilə ilahi zikrə qurşanmış Adəm övladı ilahi işarət və həqiqətlərin yer üzərində təmsilçisi olan Kəbənin və Hz. Muhəmmədin (s.ə.s) aləmlərə rəhmət olan nur çesməsindən doya-doya qidalana bilər. Səhabə nəslinin qulluq təcrübəsi Quran, kainat və insan əlaqəsinin sinələrdə yaşanmış və yaşadılması üçün əmanət olaraq bizlərə ötürülən ən təsirli nümunəsidir.

          Sami həzrətləri bu nümunənin yaşadılması yolunda canlılıq qazanan diri qəlb sahiblərini öyməklə birgə insanı cəhənəmin əbədi qaranlıqlarına qərq etmə təhlükəsi daşıyan ölü qəlbə sahib olmaqdan qurtulmağa səsləyir:

          "Həqiqi həyat sahibi ancaq qəlbi diri olan kimsədir. Çünki qəlb beytullahdır (Nəzərgahi-ilahidir). Orada Allah məhəbbəti və zikri yoxsa, o qəlb ölüdür.

          Əgər batini beytullahımız olan qəlbimiz ölüdürsə, onda zahiri beytullahımız olan Kəbə bizim üçün ... Allah mühafizə etsin.

          Ya Rəbb! Ey əbədi dirilik sahibi Hayy və Qəyyum olan Allahım! Uca lütf və mərhəmətinlə batini və zahiri beytimizi dirilt! Amin.

      • Hits: 727 clicks

      Tecox component by www.teglo.info