Adəm ŞAHİN / 1+3 ADƏM

      Share

           Azərbaycanda İntiqam adlı bir çox tələbəm oldu. Görəsən, nə üçün atalar övladlarına İntiqam adı qoymaq ehtiyacı hiss edirlər? Həzrət Əli və Fatimə anamızın ilk övladı dünyaya gəldikdə Allah Rəsulu ona nə ad verdiklərini soruşmuş və Hz. Əlinin “Hərb” adı verdiyini söyləməsi üzərinə bu adı dəyişərək “O, Həsəndir”,- demişdi. 

            Həzrət Əlidən gələn rəvayətə görə eyni hal ikinci oğlu Hz. Hüseyn və üçüncü övladı Muhassin doğulanda da yaşanmışdır. Yəni Allah Rəsulu yeni doğulan uşaqlara gözəl ad verməyə bu qədər əhəmiyyətlə yanaşırdı…

           Can Azərbaycanda 11 il yaşadım. Körpə bir uşaq üçün ana südü nə ifadə edirsə, Azərbaycan da mənim üçün elə oldu. İndi isə uşaqlıq illərimi əl-ayağımı qırmamaq üçün Piri-Türküstanın (Əhməd Yəsəvi) bərəkətli torpaqlarında keçirməyə çalışıram.

          Azərbaycanda Adəm adında bir tələbəm oldu. Məktəblərin açıldığı birinci həftə sinif jurnalında bu adı görüb çox təəccübləndim. Yəqin ki, eyni adı daşıdığımız üçün həmin sinifdəki Adəm mənim üçün ən sevimli tələbə idi. Oxuması üçün çox cəhdlər etsəm də, Adəm oxumadı və məktəbdən ayrıldı. Ondan sonra Adəm adlı başqa biri ilə qarşılaşmadım. Azərbaycandan ayrılanda Əliabadda 2 yaşlı bir Adəmlə vidalaşdım. 2010-cu ildə Ağdaşdan tələbəm Elçin mail göndərib bir övladının dünyaya gəldiyini xəbər verdi. Adını da Adəm qoymuşdu. Beləliklə bir Adəm iki oldu. Elçinə adaşım Adəmi görmədən sevdiyimi, qismət olarsa, toyuna gələcəyimi dedim.

          Hz. Ömər (r.a): “Sizi görmədən əvvəl bizim üçün ən sevimliniz adı gözəl olanınızdır. Gördükdən sonra ən sevimliniz əxlaqı gözəl olanınızdır. İmtahan etdiyimiz zaman ən sevimli olanınız isə ən doğru danışanınız və ən əmin olanınızdır”,- buyurmuşdur. Ad gözəl olmasa da görmədiyin adamın adı sənin adınla eynidirsə, bir yaxınlıq hiss edirsən.

          1991-ci ildə müstəqillik əldə edən Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev olmuşdur. Prezident sarayına məktub yazaraq uşağının adını Nursultan qoyduğunu bildirənlərə poçtla hədiyyələr göndərilirmiş. Zaman keçdikcə Nursultan adının qoyulduğu haqqında məktublar artdiqca bu tətbiqat ləğv olunmuşdur.

          Adının nə olduğu qədər nə zaman doğulmağın da hədiyyə qazanmağa səbəb ola bilər. Özbəkistan 1991-ci ilin 1 sentyabrında müstəqillik qazanmışdır. Sonrakı illərdə müstəqillik günündə doğulan uşaqlara da hədiyyələr verilmişdir.

          Uşağın harada doğulması da mühümdür. Təyyarədə dünyaya gələn uşaqlara ənənəvi olaraq ömrü boyu həmin şirkətlə pulsuz uçmaq fürsəti verilir. Qazaxıstanda Məlis adı da nadir görülən adlardandır. Bu ad Marks, Engels, Lenin, Stalin adlarının baş hərflərindən ibarətdir.

          Qazaxıstanda Adəm adı “Adam” olaraq nadir işlənən adlardandır. Adama çevrilən Adəm adının sonuna bay (bəy) artırılaraq “Adambay” olur. Adam adına isə rast gəlmək mümkün deyil. Qazax türkcəsində bir şeyin gözəlliyi “adəmi” (keçici) sifətilə ifadə edilir. Məs: adəmi olmuş deyirlər.

         Şəxsiyyət vəsiqəmdə adım Adəm olsa da uşaqlıq illərimdə atam məni Həmzə çağırırdı. Yaşım artdıqca Həmzə adı yerini Əsədə verdi. Babalarımın adı Adəm deyil, qohumlarım arasında da bu adda heç kim yoxdur. Bir dəfə atamdan adımı nə üçün Adəm qoyduğunu soruşdum. Madam Həmzəni, Əsədi o qədər sevirdin niyə Adəm qoyurdun? Bu cavabı verdi: “Əslində adını Adəm qoymayacaqdım, amma taksi sürücüsü işləyən qonşumuz “Hacı abi, bu uşağın adı Adəm olsun”, dedi. Qulağıma xoş gəldi, mən də ona görə adını Adəm qoydum.

         Taksi sürücüsü vasitədir. Bütün adlar yağış kimi göydən enir. “əl-Əsməu munəzzələtun minəs-səma” sözü zərbi-məsələ çevrilmişdir. İnsanlara verilən adlar və əşyanın isimləri hələ həyat və varlıq başlamadan Allah tərəfindən verilmişdir. Dünyadakı dillərin və irqlərin müxtəlifliyi Allahın istəməsi ilə olmuşdur. “Onun varlığının və qüdrətinin dəlillərindən biri də göyləri və yeri yaratması, dillərinizin və rənglərinizin fərqli olmasıdır…” (Rum, 22) Dillərin əsas məfhumlarının mühüm hissəsi Allah tərəfindən insanlara öyrədilmişdir. Digər hissəsi isə zamanla yaranan ehtiyaclara paralel olaraq insanlar tərəfindən –həmin əsaslardan törədilmək surətiylə- ortaya qoyulmuşdur. İnsana dil verildiyi kimi dili inkişaf etdirmək qabiliyyəti də verilmişdir.   

         Bəqərə surəsinin 30-cu ayəsində Adəm peyğəmbərə bütün isimlərin istisnasız öyrədildiyindən bəhs olunur. Adəm (ə.s) arvadı Həvva yaradılmadan əvvəl tək olduğu bir zamanda belə Allah tərəfindən Adəm olaraq adlandırılmışdır. Bir çox Haqq dostlarının da adı hələ dünyaya gəlmədən əvvəl qoyulmuşdur. Mahmud Sami Ramazanoğlu buna misaldır. Adəm adı Quranda 25 yerdə keçir. Hələ dünyaya gəlmədən, ətə-sümüyə bürünmədən əvvəl adı özündən əvvəl təşrif edən peyğəmbərlər bunlardır:

         Hz. İshaq və Hz. Yaqub (Hud, 71)

         Hz. Yəhya (Ali-İmran, 39)

         Hz. İsa (Ali-İmran, 45)

         Hz. Muhəmməd (Səff, 6)

          Məktəbdən çıxan Adəmlə, Ağdaş və Əliabaddakı iki Adəm bu yazıya səbəb oldu. Adəm ismindəki əlif hərfi qiyam, dəl hərfi rüku, mim də səcdəyə bənzədilir. Namaz qılmayan Adəm olmaz deyirlər. Yunus Əmrəyə görə isə “aşiq olmayan Adəm meyvəsiz ağac kimidir”. Maraqlıdır: (آدم ) və eşq  (عشق) kəlmələrinin hər ikisi üç hərflidir. Əsl qorxulacaq üç hərfi olmayan (eşq) üçhərflilərdir (adəmlərdir, insanlardır).

         Yunus Əmrənin Adəmə (insana) baxışı ilə bitirirəm:

         Bu adəm dedikləri əl-ayaqla baş deyil

         Adəm mənaya derlər, surət ilə qaş deyil.

      • Hits: 708 clicks

      Tecox component by www.teglo.info