Home Musahibələr ONUN MƏHƏBBƏTİ DAİM QƏLBLƏRDƏ YAŞAYACAQDIR


    ONUN MƏHƏBBƏTİ DAİM QƏLBLƏRDƏ YAŞAYACAQDIR

    PDF faylını alÇapE-poçt

      Share

      Doç. Dr. Mehmet Rıhtım:

      ONUN MƏHƏBBƏTİ DAİM QƏLBLƏRDƏ YAŞAYACAQDIR

      İrfan: Mehmet bəy, ölkə ictimaiyyətinin də bildiyi kimi, araşdırmalarınızın mərkəzində Seyyid Yəhya Şirvani – Bakuvi xüsusi yer tutur. Haqqında məqalələr, kitablar yazmış, seminarlar vermiş biri olaraq Bakuvinin Azərbaycan, o cümlədən İslam dünyası üçün nə ifadə etdiyini izah edərdinizmi?

      M. Rıhtım: 90-cı illərdə Yəhya Şirvani həzrətlərinin izinə düşdüyüm ilk zamanlar onun İslam aləmi üçün bu qədər önəm kəsb edən bir şəxsiyyət olduğunun özüm belə fərqində deyildim. Sadəcə Xəlvəti böyüklərindən olan Yəhya Şirvani haqqında tədqiqat aparacaqdım. Lakin araşdırmalar dərinləşdikcə, dünyanın dörd bir tərəfində yaşayıb-yaratmış Xəlvətiyyə mənsubu müəlliflərin əsərlərilə tanış olduqca çoxusunun Seyid Yəhyanın müridi, yetişdirməsi, yaxud yolunun davamçısı olduğunu öz dillərindən öyrəndim. Uşaqlığımızdan bəri qulaqlarımıza dolmuş Həbib Qaramani, Dədə Ömər Rövşəni kimi Anadolunun dərviş babalarının Seyyid Yəhya məktəbinin davamçısı olduğunun şahidi oldum.

      Azərbaycan ərazisi tarixən təsəvvüfi məktəblərə mənbə rolunu oynamış, burada İslam dünyasına töhfələr vermiş bir çox böyük təriqətlər yaranmış və çiçəklənmişdir. Bunlardan heç şübhəsiz, ən önəmlisi Seyyid Yəhyanın əsaslarını tərtib etməklə ikinci qurucusu adını aldığı Xəlvətiyyə təriqətidir. XV əsrdə Bakının mərkəzində, indiki akademiya səviyyəsində bir təlim-təhsil ocağı quraraq insanları irşad edəcək mənəvi liderlər yetişdirən Seyid Yəhyadır. O, mədəniyyətimizin sağlam köklərini, düşüncə dünyamızın duru, saf halını, mənəviyyatımızın və tarixi irsimizin nə qədər zəngin olduğunu göstərən mükəmməl bir insandır. Ruhumuzun mənəvi şifrələri onun sözlərində gizlidir. Şərh etdiyi dünya görüşü ilə əslimizə dönməyimizi səsləyir və sadəcə bizə deyil, bütün bəşəriyyətə fəzilət və səadət yollarını göstərir.  O, insanlığın iftixarı Hz. Muhammədin (s.ə.s) yolundan gedərək İmam Buxaridən İmam Əbu Hənifəyə, Hz. Əlidən Cəfəri-Sadiqə, Sührəverdidən Nizami Gəncəviyə, Əhməd Yəsəvidən Yunus Əmrəyə, Mövlanədən Şəmsi Təbriziyə uzanan sağlam və səhih mədəniyyət dünyasını bizlərə göstərir.

      Bu məktəb XV əsrdə Bakıda formalaşmış və bütün dünyaya yayılmışdır. Çünki Seyyid Yəhyanın məktəbinə dünyanın hər guşəsindən müridlər gəlmiş və yetişdikdən sonra ya öz vətənlərinə, ya da başqa yerlərə irşad üçün göndərilmiş və beləliklə, bu məktəbi bir şəbəkə şəklində hər tərəfə yaymışlar. Hazırda dünyada Xəlvətiliyin yaşaması məhz bunun sayəsindədir.

      İrfan: Ağqoyunlu və Osmanlı sultanlarından Bakuvinin təriqətinə mənsub olanlar  olub. Eyni zamanda Şirvanşahlar da özlərini Bakuvi davamçıları olaraq görüblər. Siz bunu iki dövlət nöqteyi-nəzərindən necə qiymətləndirirsiniz?

      M. Rıhtım: Doğrudur, Seyid Yəhya Bakuvi Şirvanşahlar, Ağqoyunlular, daha sonra Osmanlı sultanları, hətta Məmluk sultanları tərəfindan qayğı və ehtiramla əhatə olunmuşdur. “Kəşfül-qülub” adlı əsərini ithaf etdiyi Şirvanşah I Xəlilullah xan Seyyidin Şamaxını tərk etməyə hazırlaşdığını eşidəndə onu Bakıya dəvət etmiş və tarixdə nümunəsinə rastlanmamış bir addım ataraq ona öz sarayının yanında Xəlvətiliyin İslam dünyasında yayılmasına mənbə olacaq tarixi xanəgahı təxsis etmişdir. Xəlilullah xan özü də Seyyidin söhbətlərində iştirak edər, ondan məsləhət alardı. Xəlilullah bununla həm ölkəsi üçün çox əhəmiyyətli bir mədəniyyət məktəbini himayə edir, həm də onların dualarını və dəstəyini alırdı. Digər tərəfdən də xalqın məhəbbət və etimadını qazanırdı.   

      Osmanlı sultanlarından isə Fateh Sultan Mehmetdən başlayaraq II Bəyazid, Qanuni Sultan Süleyman, Sultan Səlim, Sultan III Murad, Sultan Əhmədin və digərlərinin Bakuvinin məktəbinə yaxın olduqları məlumdur. III Muradın səltənəti dövründə Bakı Osmanlı idarəsinə keçdiyi zaman Özdəmiroğlu Osman paşa şəhərlə birlikdə Seyyid Yəhyanın türbəsini də abadlaşdırmış və xanəgahın girişində bir tac qapı inşa etdirmişdir ki, günümüzədək varlığını qoruyan həmin qapı Murad qapısı olaraq tanınmışdır.

      İrfan: Artıq son illərdə UNESCO bir çox müsəlman dahi şəxsiyyətlər haqqında dünyanın müxtəlif ölkələrində mühüm beynəlxalq təbdirlər keririr.  O cümlədən 2007-ci il Mövlana ili kimi qeyd olundu. Məhz bu il də UNESCO tərəfindən "Seyid Yəhya Şirvani" ili kimi qeyd olunur. Qərb dünyasının deyil, məhz Şərqin dahiləri yad olunur. Bu, hansı ehtiyacdan doğur?

      M. Rıhtım: Düşünürəm ki, bunun bir neçə səbəbi var. Əvvəla, son illərdə dünyanın ehtiyacı olan dözümlülük, xoşgörü, tolerantlıq kimi çağırışlar böyük əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, müsəlman dünyası üzərində oynanan oyunlar fanatizmə və dözümsüzlüyə qapı açır. Siyasi hesablar güdən bəzi qüvvələr İslamofobianın yayğınlaşması üçün çalışırlar. Bunun üçün də müsəlmanlığın əsasları olan sülh, ədalət, mərhəmət, məhəbbət, tolerantlıq kimi xüsusiyyətləri yox etməyə cəhd göstərirlər. Halbuki bizim tariximizdə bir zamanlar yaşanan müsəlmanlıq saydığımız bütün müsbət cəhətləri ehtiva edən xüsusiyyətlərə malik idi. Orta əsrlərdə yetişmiş sufi mütəfəkkirlər əsrlər öncə ideal cəmiyyətdə gözlənilməli olan bu kimi qaydaları, sosial münasibətlərin əsaslarını yazmışdırlar. Məsələn, Seyyid Yəhya mükəmməl insan olmaq üçün keçiləcək məqamları özünün “Şəfa əl-Əsrar” əsərində müfəssəl şəkildə izah etmişdir. Yaxud Mövlanənin ən çox bilinən “kim olursan ol, yenə də gəl” çağırışı və ya “Yaradılanı sevərik Yaradandan ötrü” səslənişi cəmiyyətdə irqi, dini, milli ayrı-seçkiliyə son qoymaq üçün ən gözəl bir təbliğ ifadəsidir və bundan istifadə edilməsi ağlın gərəyidir. Başqa ifadə ilə desək: Seyyid Yəhya həm müsəlman məzhəbləri arasında yaxınlaşdırıcı, barışdırıcı mövqe tutur, həm də qeyri-müsəlmanlarla müsəlmanlar arasında xoşgörü və tolerantlığın əsasını qoyur, onları bir-birinə yaxınlaşdırır. 

      İkincisi, hər ölkə öz milli-mənəvi dəyərlərini dünyaya tanıtmaq və nümayiş etdirərək mədəniyyət aləmindəki mövqeyini göstərmək istəyir, bu yolda lazımi işləri görür. Bu məqsədlə UNESCO tərəfindən təmin edilən imkanlardan istifadə edir. Azərbaycan da başda UNESCO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevanın himayəsində bu məsələ ilə əlaqəli lazımınca iş görməkdə, öz milli dəyərlərinin dünyada tanıdılması işini müvəffəqiyyətlə yerinə yetirməkdədir. Bu məsələnin UNESCO-ya təklif edilməsində Azərbaycan Fəlsəfə İnstitutu və onun dəyərli alim və idarə heyətinin zəhmətləri də unudulmamalıdır.

      İrfan: 2013-cü ilin sonuna doğru Seyyid Yəhya Bakuviyə həsr olunmuş və sizin də yaxından iştirak etdiyiniz silsilə tədbirlər haqda nə deyə bilərdiniz?

      M. Rıhtım: Bu ilin Seyyid Yəhya Bakuvi ili elan edilməsi çox əlamətdar bir hadisə idi. Məhz bu tarixi hadisə Azərbaycan tarixi və mədəniyyətinin formalaşmasında əvəzsiz rola sahib Bakuvinin daha dərin və ətraflı araşdırılıb öyrənilməsi üçün çox gözəl bir imkandır. Seyyid Yəhya Bakuvi irsinin öyrənilməsi bütün dünyaya Azərbaycanın tanıdılması üçün mühüm vasitələrdən biridir. Bu illə bağlı olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, MİRAS İctimai Birliyi, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Atatürk mərkəzi, Qafqaz Araşdırmalar İnstitutu, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni əlaqələr cəmiyyəti və bir sıra təşkilatlarla birlikdə hazırlanmış icra planı əsasında Azərbaycanın bölgələrində seminarlar keçirilmiş, bir neçə kitab nəşr edilmişdir. Sadaladığım təşkilatlar arasında MİRAS və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB bu tədbirlərin təşkili və icrasında aktiv rol almışdır. Daha sonra Qafqaz Universiteti, Qafqaz Araşdırmalar İnstitutu, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyul ayında Bakıda beynəlxalq Seyyid Yəhya Bakuvi simpoziumu keçirildi. Noyabr ayında isə Parisdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən UNESCO-nun qərargahında Seyyid Yəhyaya həsr olunmuş ikinci simpozium keçirildi. Son olaraq isə noyabrın 21-22-də Türkiyədə Əskişəhərdə, 24-25 tarixlərində isə Bakıda Türkiyə Təhsil Nazirliyi, Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Universiteti, Ərdahan Universitetinin rəhbərlik etdiyi Qafqaz Universitetlər Birliyi, Gəncliyə Yardım Fondu, MİRAS, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən simpozium keçirilmiş, bu çərçivədə Mahnı Teatrında millət vəkili Qənirə Paşayevanın və MİRAS-ın xüsusi dəstəyilə sufi-dövran nümayişi baş tutmuşdur. Seyyid Yəhya ili çərçivəsində Qafqaz Araşdırmalar İnstitutunun başlatdığı tədbirlərə ən böyük dəstəyi isə Türkiyə Cümhuriyyəti Yurtdışı Türkler və Akraba Topluluklar Başkanlığı vermiş, Seyyidin 10-dan artıq əsərinin nəşrini, seminarların keçirilməsini və başqa fəaliyyətlərini dəstəkləmişdir.

      İrfan: Bakuvinin timsalında bu kimi ortaq dəyərlərimizin araşdırılması, öyrənilməsi Türk-İslam dünyasına hansı töhfələri verəcəkdir?

      M. Rıhtım: Bakuvi məktəbi hələ orta əsrlərdə Anadoluda, Balkan ölkələrində, İranda, Şimali Afrikada, Orta Şərqdə- Hindistanda, İndoneziyada, Maleziyada yayılmışdı. Bunlara əlavə olaraq günümüzdə də bu ölkələrdən başqa Avropa, ABŞ, Kanada, İtaliya, Argentina və s. kimi çoxlu ölkələrdə yaşamaqdadır. Yəni bu məktəb tarixə qarışıb yox olmamışdır. Seyyid Yəhya Bakuvinin yolu və fəlsəfəsi dünyada çox geniş bir coğrafiyada yaşamaqdadır. Rüşeymi sevgi və məhəbbət olan bu yol insanları və xalqları bir-birinə yaxınlaşdıracaq, dünyanı gözəlləşdirəcək əsasları özündə birləşdirir. Beş əsrdən artıq bir müddətdə onun məktəbində yetişən minlərcə şair və mütəfəkkir olmuş, bunlar minlərcə əsər qoyub getmişdirlər. Belə bir şəxsiyyətin irsinin araşdırılmasına Azərbaycanın hal-hazırda çox ehtiyacı var. İllərdir dilimizdən düşməyən millətlərimiz arasında körpü qurmaq missiyasını beş əsr bundan öncə qurmuş mütəfəkkirin irsinin araşdırılması Azərbaycanın dünyada öz sözünü deməsi baxımından önəmlidir.

      Ümid edirəm ki, bu torpaqlardan çıxmış, öz milli kimliyini və mənəvi dəyərlərini təmsil edən Bakuvini Azərbaycanda araşdıranlar və anlayanlar çox olacaqdır. Azərbaycanın Mövlanəsi olan Bakuvinin məhəbbəti qəlblərdə əbədi yaşayacaqdır. İnsanların bir-birini sevmələrinə vasitə olacaqdır.

      İrfan: Çox dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.

      • Hits: 746 clicks

      Tecox component by www.teglo.info