Ali ÇİNAR\ HƏQİQİ SULTANLIQ

    PDF faylını alÇapE-poçt

      Share

           İnsanlıq aləmində gözəl əxlaqın- nəzakət, lətafət və zərifliyin zirvəsi, şübhəsiz ki, Rəsulullahdır (s.ə.s). Bütün fəzilətlər və gözəlliklər Onun bənzərsiz nümunəvi şəxsiyyətində mövcuddur. Onun könül dünyası nadir, lətif, zərif çiçəklər və gözəl ətirli güllərlə bəzənmiş bir gülüstan kimidir. Peyğəmbər varisi Haqq dostları da o gülüstan üzərindən əsərək gələn bir rəhmət əsintisi dəyərindədir.

          Fəxri-Kainat Rəsuli-Əkrəmin sünneyi-səniyyəsini böyük bir ciddiyyətlə həyatlarına mənimsəyən Allahın dostlarının könül dünyası daima nəbəvi əxlaqın nurundan parıltı əks etdirən parlaq bir ayna kimidir. Çünki Allah dostlarının sərvəri, ağası, baş tacı və sultanı Rəsulullahdır (s.ə.s).

           Rəsulullah məhəbbətində fani olaraq gerçək hüzur və səadəti dadan Haqq dostları bir ney kimi daxili dünyanı Haqdan uzaqlaşdıran hər şeydən təmizlənmiş olduğundan, onlardan eşidilən bütün irşad sədaları, əxlaqı ilə tərbiyələndikləri peyğəmbərlərin feyzli nəfəsindən bir hissə daşıyır. Çünki hədisi-qüdsidə bildirildiyi kimi: "Allah-Təala onların eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı, dərk edən qəlbi və danışan dili olmuşdur" (Bax: Buxari, Riqaq, 38).

           Haqq dostları, içində olduqları hər mühit üçün rəhmət, məğfirət və bərəkət vəsiləsidirlər. Toplumun bütün təbəqələrinə açılan bir şəfqət və məhəbbət qucağıdırlar. Ayrıca onlar iman əhli üçün bir maqnit kimi cazibə mərkəzidirlər. Çünki Allah-Təala Öz əxlaqı ilə tərbiyələndirdiyi bu saleh qulları sevmiş və nəsibini almış qullarına da sevdirmişdir. Necə ki, ayeyi-kərimədə buyurulur: Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır)” (Məryəm, 96).

           Aşağıdakı rəvayət bu həqiqəti nə gözəl ifadə edir:

           Abbasi xəlifəsi Harun ər-Rəşid ehtişam və səltənət içində Raqqada məşkunlaşmışdı. Bir gün oraya Abbullah bin Mübarək həzrətləri gəlir. Bütün şəhər xalqı onu qarşılamaq üçün şəhər xaricinə çıxır. Xəlifə, demək olar ki, böyük şəhərdə yalnız qalır. Bu mənzərəni eyvandan seyr edən Harun ər-Rəşidin bir cariyəsi:

           - Bu nədir? Nə baş verir?- deyə soruşanda oradakılar:

           - Xorasandan böyük bir alim gəlir. Adı da Abdullah bin Mübarəkdir. Əhali onu qarşılayır- dedilər. Bunun üzərinə o cariyə:

           - Həqiqi sultanlıq bax budur, Harunun sultanlığı deyil! Çünki Harunun sultanlığında əsgərlər olmadan işçilər belə bir yerə toplanmır- dedi.

           Göründüyü kimi, həqiqi sultanlıq Allah-Təalanın sevdiyi qulları üçün könüllərdə xəlq etdiyi məhəbbətdir. Çünki fani sultanlıqlar mütləq bir gün sona çatır. Fəqət mənəvi sultanlıq ölümdən sonra belə eyni ehtişamı ilə könüllərdə davam edir. Necə ki, Şah Nəqşibəndlərin, Mövlanaların, Yunusların, Yəhya Şirvanilərin, Hüdayilərin türbələrinə hər gün uzaqdan-yaxından axın-axın gələn ziyarətçilər də bu məhəbbətin açıq-aşkar bir göstəricisidir. İnsanlar tarix boyunca həmişə bu dahi şəxsiyyətlərin ətrafında toplanmışlar.

           Düşünmək lazımdır ki, bu şəxslər insanlara sərvət paylamamış, dünyəvi hər hansı bir şey verməmişdirlər. Fəqət onlar insanların ruhlarına hüzur saçmış, onların mənəvi aclığını aradan götürmüşlər. Buna görə onlar fani həyatlarından sonra da bəşəriyyətin qəlbində yaşamağa davam etməkdədirlər.

           Qəlbin bütün dünyəvi şeylərdən mühafizə və daima xeyirli təlqinlərə hədəf seçilməsi üçün hal-əhvallarından istifadə edə biləcək peyğəmbər varisi alim və ariflərlə, saleh və sadiqlərlə ünsiyyət qurmaq zəruridir. Bu hal insanın müəyyən fasilələrlə bir araya gələrək mənəvi cəhətdən enerji alması kimidir.

           Allah-Təala möminləri sadiq və saleh bəndələri ilə bərabər olmağa təşviq edərək belə buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)" (Tövbə, 119).

           Xacə Übeydullah Əhrar həzrətləri belə buyurur: “Bu ayeyi-kərimədəki “Bərabər olun!” əmri daima eyni sürətdə bərabərliyi ifadə edir. Ayədə “bərabərlik” mütləq mənada qeyd edildiyindən həm əməli, həm də hüquqi bərabərliyi ifadə edir. Əməli bərabərlik sadiqlərin məclisində qəlb hüzuru ilə fiziki baxımdan olmaqdan ibarətdir. Hüquqi bərabərlik isə qiyabında da onların hallarını təxəyyül etməkdən ibarətdir”.

           Demək ki, sadiq olma yolunda atılacaq ilk addım sadiqlərlə bərabər olmaq, yəni onlarla məhəbbət dolu bir ünsiyyət içində olmaqdır. Sadiq olmaq bu durumun təbii bir nəticəsidir. Necə ki, “üzüm üzümə baxa-baxa qaralır” sözü də bir-birindən təsirlənərək inkişaf etmə həqiqətinin bir ifadəsidir.

           Necə ki, əshabi-kiram:

           - Allahın vəli qulları kimlərdir?- deyə soruşanda Rəsulullah (s.ə.s):

           - (Allahın vəli qulları) üzlərinə baxanda Allah-Təalanı xatırladan kimsələrdir- deyə buyurmuşdur (İbn Macə, Zöhd, 4).

           Xüsusilə, Haqqın vəli qulları ilə bərabər olmaq və onların mübarək simalarına ədəblə tamaşa etmək, könüllər üçün bir feyz, ruhaniyyət və fərəh vəsiləsidir. Çünki salehlərdən daima feyz, ruhaniyyət və müsbət enerji sirayət edər. Bunun əksinə din düşmənlərinə və fasiqlərə məhəbbət bəsləmək isə fəlakət gətirər. Beləliklə, yenə ayeyi-kərimədə: "...zalım tayfa ilə bərabər oturma" (Ənam, 68)- deyə buyurulur.

           İmam Qəzali həzrətləri nəsihətlərinin birində buyurur: “Övladım! Son dərəcə diqqət edəcəyin bir xüsus varsa, o da kimlərlə oturub-durmağındır. Bunu yaxşı bil ki, bir səbət saf alma, içindəki bir çürük almanı saf edə bilməz. Fəqət bir çürük alma hamısını çürüdə bilər. Bunun üçün daima salehlərlə oturub-dur!”.

           Rəsulullah (s.ə.s) salehlərlə bərabər olub fasiqlərdən uzaq durmağın əhəmiyyətini nə gözəl ifadə  etmişdir: “Yaxşı yoldaşla pis yoldaşın misalı müşk daşıyanla körük çəkən insanlar kimidir. Müşk sahibi ya sənə ətirindən ikram edər və ya sən ondan satın alarsan. Körük çəkənə gəlincə, o, ya sənin paltarını yandırar, yaxud da onun pis qoxusu üstünə hopar”. (Buxari, Buyu, 38).

           Göründüyü kimi insanın ruhi təmayülləri yanında olanların qabiliyyətinə görə - az və ya çox - onlara mütləq sirayət edər. Üstəlik hallardakı sirayət sirayətedici halın “müsbət” və ya “mənfi” olmasına da bağlı deyildir. Hər halda təsirlənmək mümkündür. Əsas odur ki, yaxınlaşmada “məhəbbət” və “ünsiyyət” telləri olsun. Yəni məhəbbətlə yaxınlaşılan saleh kimsələrdən könüllərə hüzur və fərəhlik əks etdiyi kimi, qafil və fasiq kimsələrdən də sıxıntı və zülmət əks olunar. Çünki gül, sünbül, qərənfil kimi nadir çiçəklərlə bəzənmiş bir bağça üzərindən əsən bir meh getdiyi yerlərə könülləri məst edən möcuzəvi rayihələr apararkən, bunun əksinə, iylənmiş peyin topası və leşlər üzərindən əsən bir külək də o çirkin qoxunu ətrafa yayar, beləcə, nəfəsləri tutub ruhları daraldar. Xüsusilə, zalımlər, fasiqlər və nəfsani bir həyata dalaraq Allahı və axirəti unudan qafillərlə ülfət və ünsiyyət mənəvi həyatın bir növ xərçəngi kimidir.

           Şeyx Sədi Şirazi hallardakı sirayətin şəxsin mənəvi həyatını necə dəyişdirə bildiyinə dair bu misalları verir: “Əhsabi-Kəhfin köpəyi sadiqlərlə bərabər olduğu üçün böyük bir şərəf qazandı. Adı Qurani-Kərimə və tarixə keçdi. Lut peyğəmbərin arvadı isə fasiqlərlə bərabər olduğu üçün küfrə düçar oldu”.

           Bunu da qeyd etmək lazımdır ki, salehlərlə bərabər olmaqdan məqsəd qəlbən bir olmaqdır. Çünki əməli bərabərlik hər zaman mümkün olmur. Yaxud əməli bərabərlik olsa belə, qəlbən bərabər olmadıqdan sonra yenə bir fayda verməz. Buna görə, salehlərlə bərabər olmaqdan məqsəd könül bərabərliyidir, yəni həyat və hadisələr qarşısında saleh və sadiqlər kimi hiss edib davrana bilməkdir. Belə bir bərabərlik halı varsa, zahiri bərabərliyin də faydası olar. Yenə belə bir bərabərlik halı varsa, zahiri ayrılıqların heç bir ziyanı yoxdur.

      • Hits: 1362 clicks

      Tecox component by www.teglo.info