"İRFAN"DAN\ AZƏRBAYCANDAN ANADOLUYA KÖNÜL KÖRPÜSÜ

    PDF faylını alÇapE-poçt

      Share

           Gülün ətrini bəzən uzaqdan da hiss etmək olur. Bəzən güllərin ətri ətrafa yayılıb bütün insanları məst edir. Yaxud da günəşin şüası hər yerə düşür. Hər kəs günəşin şüasından nəsibini alır. Günəş birdir, amma yer üzündəki təbiətin şaxələri çoxdur. Ona görə də günəş bütün təbiəti isidir. Günəş öz "xəlifə"ləri olan şüalarını göndərir hər yana. Necə deyərlər, özü uzaqda olsa da, istiliyi idarə edir.

           Gül və günəş misalını əbəs yerə gətirmədik. Gül kimi insanların ətrafa qoxular yaymasından, günəş kimi ətrafa nur saçan, ətrafı isidən, könül dünyası, mənəviyyatı zəngin, elm ilə bişmiş, əxlaqla gözəlliyin zirvəsinə çatmış, əşrəfi-məxluqatın əhsəni-təqvim sifətinə malik olan şəxsiyyət sahibi insanların bəşəriyyətə etdikləri xidmətdən söhbət gedir. Bu gül və günəş kimi şəxsiyyətlərdən biri də XV əsrdə yaşamış Azərbaycanın görkəmli elm əhli, tarixi şəxsiyyəti, irfan sahibi,  Xəlvətilik təriqətinin banisi Seyyid Yəhya Şirvanidir (Bakuvi). Onun o zaman yetişdirdiyi müridlərin hər biri bir təsəvvüf məktəbi yaradacaq qədər güclü imana, yüksək ədəbə, böyük əxlaqa sahib olan insanlar idi. O,  həm özünü tərbiyələndirmiş, həm də ətrafdakı insanları, ona tabe olub məhəbbət dolu, fəzilət dolu bulağından su içmək istəyən müridlərini tərbiyə etmiş, əsil insani-kamil kimi yetişdirməyə çalışmışdır.

           Elə bu zəhmətin bəhrəsi olaraq onun dizinin dibində çoxlu müridləri yetişmiş və banisi olduğu Xəlvətilik irsini İslam aləminə yaymaq üçün ətrafa yayılmışlar. Bu müridlərin hər biri dünyanın müxtəlif bölgələrinə gedib orada xəlvətilik məktəbini qurmuşlar. Bu din, elm, həqiqət xadimləri məskunlaşdıqları yerlərdə insanlara dini, həqiqəti, təsəffüv elmini yaymağa başlamışlar.

           Könüllərində ilahi məhəbbətlə, həqiqət eşqi ilə dolu olan bu müridlərin bir neçəsi Anadolu bölgəsinə də üz tutmuş və Anadoluda öz irşad məktəblərini açmış, insanlara sevgi, məhəbbət bulağından su paylamışlar. Seyyid Yəhya Şirvaninin xəlifələri Anadoluda öz irşad fəaliyyətlərini həyata keçirmişlər. Onun başda gələn xəlifələri: Muhamməd Ərzincani, Ömər Ruşəni, Həbibi-Qaramani, Şeyx Həmzə, Seyyid Sünnəti, Molla Əli Xəlvəti (Əlaəddin Rumi)dir. Bu xəlifələr hər biri Anadoluda vəzifələndirilimiş, ancaq Dədə Ömər Ruşəni həzrətləri mürşidindən ayrılmaq istəmədiyi üçün yayında qalmışdır. Anadoluda vəzifələndirilən müridlərindən Yusuf Xəlvəti, ilk Xəlvəti Təkyəsini Niğdədə, İlyas Aması Amasiyada açmışdır. Məhz həmin yerlər Anadoluda Xəlvətiliyin mərkəzi olmuşdur.

           Beləliklə, bədii formada söyləsək, Seyyid Yəhya Şirvaninin Azərbacandan Anadoluya gedən xəlifələrinin missiyası Azərbaycandan Anadoluya ilahi sevgini, həqiqət eşqini, ülvi məqsədləri birləşdirən bir könül körpüsü qurmaq olmuşdur.

      • Hits: 1240 clicks

      Tecox component by www.teglo.info