Osman Nuri TOPBAŞ\ HAQQ DOSTLARIN HİKMƏTLƏR İMAM RƏBBANİ (q.s) -7-

    PDF faylını alÇapE-poçt

      Share

           İmam Rəbbani həzrətləri buyurur:

          “Zaman (kəlmeyi-tövhidi layincə) zikr etmək zamanıdır. Bütün nəfsani arzu­larınızı “Lə” kəlməsinin içinə qoyun ki, onları kökündən yox edib, (sizi qəflətə düşürəcək) heç bir (nəfsani) arzu və qayə saxlamayasınız…

         Kəlmeyi-tövhid zikri əsnasında “İlləlləh - Yalnız Allah var­” sözünə gələndə bütün bilinən və xəyal edilənlərin fövqündə olan və bizim üçün tamamən qeyb olan Allahın zatından başqa könlünüzə heç nə gəlməsin! Evlər, köşklər, çeşmələr, bağçalar, kitablar və digər vasitələr insanın zehninə asanlıqla yol tapar. Vaxtınızı bunlar qəsb etməsin!”[1]

           [Kəlmeyi-tövhiddəki “lə” ifadəsi ilə bütün fani, izafi və nəfsani əngəlləri və bütləri könüldən silib atmaq və “illə” ifadəsilə qəlbə yalnız Allahın məhəbbətini həkk etmək lazımdır. Qəlbdə Haqq-Təalanın məhəbbətiylə təzad təşkil edən heç bir sevginin olmaması vacibdir. Əsasən də nəfsani və dünyəvi ehtiraslar aradan qaldırılmalıdır. Necə ki, bir hədisi-şərifdə belə buyurulur:

           “Dünya(nın hiyləgər) ticarətlərini dinlərindən üstün tutmadıqları müddətdə  “Lə iləhə illəllah” zikri bəndələri Allahın qəzəbindən qoruyar. Dünya ticarətini dinlərinə tərcih edib, sonra da “Lə iləhə illəllah” deyərlərsə, Allah-Təala: “Yalan danışdınız”,- buyurar.” (Beyhəqi, Şuabul-İman, XIII, 100/10015; Heysəmi, VII, 277)

           Tövhid inancının heç vaxt şərikliyə dözümü yoxdur. Yəni tövhid sahibi bir müsəlman zahiri dünyadakı batil ilahları rədd edib yalnız Allahı Rəb olaraq tanıdığı kimi Allahla ən xüsusi görüşmə sayılan zikr və digər ibadətlər əsnasında da tövhidin məna və ruhuna riayət etməlidir. Allah-Təala ilə özü arasına fani və nəfsani düşüncələri buraxmamalı, tövhidin təməlini zədələyən hal və rəftarlardan həssaslıqla çəkinməlidir.

           Digər bir hədisi-şərifdə də belə buyurulur:

           “Ümmətim haqqında ən çox qorxduğum şey Allaha şərik qoşmaqdır. Bu sözümlə onların aya, günəşə və ya bütə tapınmalarını nəzərdə tutmuram. Məni qorxudan şey Allahdan başqası üçün etdikləri əməlləri və gizli arzularıdır (riyakar duyğularıdır).” (İbn Macə, Zöhd, 21)

           İxlas, yəni ibadətləri yalnız Allah üçün əda edə bilmək tövhidin həqiqətinə nail olmaqla mümkün ola biləcəyi üçün bu xüsus Allah dostlarının da ən çox üzərində dayandıqları məsələlərdən biri olmuşdur. Necə ki, mərhum Nəcib Fazıl, Haqq dostu “könül ərləri”ni təsvir etdiyi bir şeirində bu məsələyə belə təmas edir:

           

           İçinə nəfs sızan ibadətlərin,

           Bir-biri ardınca qəzasındalar.

           

           Bir an yabançıya düşsə gözləri,

           Bir ömür göz yaşı cəzasındalar.

           

           Nə cənnət havası və nə cəhənnəm;

           Sadəcə Allahın rizasındalar.

           Məhz kəlmeyi-tövhidin əsası da qəlbi masivadan, yəni Allahdan başqa hər şeydən təmizləməkdir. Çünki qəlb yalnız Haqqa təsis edildikdən sonra mərifətullah iqlimindən nəsib almağa başlayar, ilahi lütflər nəsib və müyəssər olar.

           Bir zərrəbini günəş işığına tutduğumuz zaman bir nöqtədə birləşən şüaların üzərinə düşdüyü bütün çör-çöpü yandırıb kül etdiyi kimi hər bir mömin də kəlmeyi-tövhidlə bütünləşərək qəlbindəki nəfsani ehtirasları yandırmaq üçün belə bir təmizlik etməlidir.

           Etiqadda, ibadətdə, müamilələrdə, əxlaqda, bir sözlə, bütün qulluq həyatında kəlmeyi-tövhidi layiqincə yaşamağa cəhd etməyin lüzumunu Əsad Ərbili həzrətlərinin bu ifadələri açıq-aydın şəkildə ortaya qoyur:

           “Mən aciz qardaşınız hələ də imanımı kamilləşdirməyə çalışıram. Kəlmeyi-tövhidi dil və hal ilə (bədən və qəlb dili ilə) zikr etməyə çalışıram. Çünki Haqq-Təaladan başqa bir istək -təsəvvüfi ifadə ilə büt- qəlbdə mövcud olduqca (kəlmeyi-tövhidin həqiqətinə vara biləcək keyfiyyətdə) “lə iləhə illəllah” demək çox çətindir. (Bu söz zahirən) təkrar edilsə də mənən qəbula layiq və vüsala vəsilə olacağı şübhəlidi”.[2]

           İmam Rəbbani həzrətləri buyurur:

           “Fürsət (yəni dünya həyatı) çox azdır. Elə isə bu fürsəti işlərin ən mühümünə sərf etmək zəruridir. Bu da qəlbi daima Allah ilə olan saleh insanların söhbətində iştirak etməkdir. Nə olursa olsun heç bir şeyi söhbətlə bir tutma! Görmürsənmi, səhabeyi-kiram Rəsulullah r ilə söhbətləri sayəsində peyğəmbərlər müstəsna, hər kəsdən üstün oldu­lar.”[3]

           [Mənəvi tərbiyənin ən mühüm vasitələrindən biri olan “söhbət”dən lazımınca istifadə etməyin ilk şərti onun qiymət və mahiyyətini dərk etməkdir. İlk növbədə bunu bilməliyik ki, söhbət nəbəvi tərbiyə metodudur. Həzrət Peyğəmbər r səhabələrini söhbət ilə yetişdirmişdir.

           “Səhabə” və “söhbət” sözlərinin eyni kökdən gəlməsi də bu xüsusun əhəmiyyətini açıq-aydın ortaya qoyur. Yəni səhabəni səhabə edən onların xalis bir iman ilə Peyğəmbər söhbətinin feyz və ruhaniyyətindən nəsib almalarıdır.

           Bu səbəblə “Söhbət Süneyi-Müəkkədədir”. Yəni fərz və vacib olmayan, lakin Həzrət Peyğəmbərin davamlı olaraq etdiyi, amma qəti əmr olmadığını göstərmək üçün nadir hallarda tərk etdiyi güclü bir sünnədir.

           Allah Rəsulu r hər səhabənin əlinə bir kitab və ya dəftər vermədi. Daha çox söhbətə və qəlbi birliyə əhəmiyyət verdi. Çünki söhbət üz-üzə və qəlb-qəlbə reallaşan bir təhsildir. Bu təhsildə Peyğəmbərimizin r söz, fel və təqrirləri ilə yanaşı bir də o təbəssümlü çöhrəsindən və nurlu nəzərlərindən ətrafa əks edən, hiss edilən, lakin sözlə ifadə edilə bilməyən “hal”larının da mühüm təsiri vardı. Əshabi-kiram söhbət yaxınlığı içində Rəsulullahın mübarək sözlərindən istifadə etdikləri kimi, Onun bu cür “hal”larından da istedadları nisbətində istifadə etmişdilər. Bunun nəticəsində də Həzrət Peyğəmbərlə eyniləşmə istiqamətində, istedadlarına görə müxtəlif dərəcələrə yüksəlmiş, könüllərini Rəsulullahın ruhaniyyəti ilə doldurmuşdular.

           Məhz Peyğəmbər söhbətinə nail olmağın qazandırdığı bu fəzilət səbəbilə də səhabədən sonra gələn saleh şəxslərin heç biri -onlardan daha çox ibadət etsə belə- səhabə dərəcəsinə yüksələ bilməz.]

           İmam Rəbbani həzrətləri buyurur:

           “Bu təriqətdə (mənən) faydalanmaq və faydalandırmağın əsas nöqtəsi söhbətdir. Söhbətdə söz və yazıyla kifayətlənmirlər”.[4]

           [Mənəvi söhbətlərdə söz və biliklə bərabər könüllərdən-könüllərə feyz və ruhaniyyət ötürülər. Əslində söhbət məclislərinin ən mühüm faydası da budur. Yəni söhbət halqasında olanların müsbət hallarının bir-birinə sirayət etməsidir. Çünki mənəvi söhbətlərdə fizikanın birləşmiş qablar qanunu[5] kimi qəlblər arasında mənəvi ötürmə xətti təsis olunur. Bu xətt vasitəsilə duyğular sirayət edər. Zamanla qəlbi keyfiyyətlər bir-birinə bənzəməyə başlayar. Zövqlər, duyğular və fikirlər eyniləşər. Ona görə də Allah-Təala ayeyi-kərimədə:

           Ey iman gətirənlər! Allahdan qorxun və sadiqlərlə (imanında, sözündə, işində) doğru olanlarla olun! (ət-Tövbə, 119) buyurur. Sadiq olmaq bu qəlbi bərabərliyin ən təbii nəticəsidir.

           Əslinə baxsaq, bütün kainatda bir eyniləşmə təmayülü var. Bu, varlığın əslinin tək olmasından doğan bir keyfiyyətdir. Məsələn, bir otağının hansısa bir küncündə tünd qoxulu ətir aşsa, ondan ətrafa yayılan rayihə otaqda olan havanın bütün zərrələrində bərabərləşənə qədər, o rayihəni daha çox özünə hopdurmuş hava zərrələrindən digər zərrələrə doğru bir sirayət cərəyan edər. İsti-soyuq, işıq-qaranlıq kimi bütün təzadlar üçün keçərli olan bu keyfiyyət yalnız fiziki aləmə məxsus deyil, könül aləmi üçün də eynilə keçərli bir qanundur.

           Nəqşbəndi şeyxlərində və böyük Osmanlı alimlərindən Muhamməd Hadimi həzrətləri belə deyir:

           “...Hallar sirayətedicidir, söhbət və ülfət edənlərin halları bir-birinə keçər… İnsanların təbiətləri bir-birinə bənzəməyə və başqasını izləməyə meyillidir. İnsan təbiəti sahibi fərqində olmadan başqa birinin təbiətindən, xüsusiyyətlərindən təsirlənir…”[6]

           Necə ki, el arasında: “qəlbdən qəlbə yol var”,- deyimi məşhurdur. Lakin qəlblər arasında reallaşan hal sirayətini artıran ən mühüm vasitə məhəbbətdir. Bu baxımdan mənəvi söhbətlərdə də, məhəbbət, hörmət və ədəb duyğularıyla qəlbi daim alıcı və ayıq halda tutmaq lazımdır. Yəni söhbətdə yalnız fiziki bərabərlik deyil, qəlbi bərabərlik də şərtdir.

           Allah Rəsulunun söhbət məclisləri də belə bir könül iqlimində reallaşardı. Rəsulullah r danışarkən səhabələr bütün zərrələri ilə və diqqətlə Onu dinləyər, bir sözünü də qaçırmaq istəməzdilər. Allah Rəsulunun söhbətlərində əldə etdikləri ədəb və hüzur halını ifadə mahiyyətində də:

           “Elə zənn edərdik ki, sanki başımızın üstündə bir quş var, tərpənsək uçacaq”,- deyərdilər.[7]

           Bu hadisə də əshabi-kiramın Allah Rəsulunun söhbətlərindən nə dərəcədə istifadə etdiklərinə dair ibrətli bir misaldır:

           Səvban t Həzrət Peyğəmbərin azad etdiyi bir kölə idi. Bəlkə də dünyada bir çadırı da yox idi. Lakin Həzrət Peyğəmbərin hüzuruna gələr, şövqlə söhbətinə qulaq asar, aldığı mənəvi həzz ilə haldan-hala düşərdi.

           Yenə bir söhbət əsnasında Sevban t Həzrət Peyğəmbərə çox dərin və dağlın halda baxırdı. O qədər dağlın idi ki, onun bu qəmgin halı, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimizin diqqətini çəkdi. Mərhəmətlə soruşdu:

           “- Ya Səvban, bu halın  nədir?”

           Peyğəmbər aşiqi Sevban t kədərli halda bunları dedi:

           “- Ey Allahın Rəsulu! Siz mənə özümdən, ailəmdən və uşaqlarımdan daha sevimlisiniz. Mən evdə olarkən yadıma siz düşəndə dözə bilmirəm, dərhal gəlib mübarək üzünüzə baxıram. (Mübarək üzünüzü görə bilmədiyim hər an mənə ayrı bir hicran dağı çəkir. Dünyada belədirsə, axirətdə halımın necə olacağından əndişələnirəm). Mənim və sizin bir gün öləcəyimizi xatırladığım zaman tərifi imkansız bir hüznə qərq oluram. Bilirəm ki, siz cənnətə girdikdə digər peyğəmbərlərlə birlikdə yüksək bir mərtəbəyə çıxarılacaqsınız. (Mənim halımın isə necə olacağı, harada qərar tutacağım bəlli deyil! Cənnətə girə bilməzsəm, sizi görməkdən tamamilə məhrum qalacağam) Cənnətə girə bilsəm belə sizə orada yaxın ola bilməməkdən qorxuram. (Bu hal məni yandırıb-yaxır, ey Allahın Rəsulu!)”,- dedi.

           Fəxri-Kainat r bir müddət sükut etdikdən sonra:

           “- İnsan sevdiyi ilə bərabərdir…” müjdəsini verdi. (Buxari, Ədəb, 96)

           Bu hadisədən sonra bu ayə nazil oldu:

           “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa, 69)[8]

           Əshabi-kiramın bütün səyləri Allah Rəsulu ilə dünyada yaşadıqları birliyi axirətdə də davam etdirə bilmək üçün idi. Bu səbəblə Peyğəmbərimizlə bərabər olmağı daim ən yüksək səviyyədə yaşamağa çalışdılar. Onunla həmhal olmağı, eyni davranışları sərgiləməyi, hissiyyat və fikiriyyat birliyi içində yaşadılar. Allah və Rəsuluna itaətdən tərifsiz bir ləzzət duydular. Allah yolunda hər şeylərini fəda etməyi, canlarına minnət bildilər. Məhz bütün bu mənəvi inkişafın təməlləri söhbət halqalarında atıldı.

           Bu səbəbdən mənəvi söhbət məclislərinə ibadət şövqü ilə girilməli, oxunan və bəhs olunan mövzular bilinən xüsuslar da olsa, sanki ilk dəfə eşidirmiş kimi diqqət və ədəblə qulaq asılmalıdır. Zira mənəvi söhbətlər bilənə xatırlatmaq, bilməyənə öyrətmək, hamısından daha mühümü isə sadiqlərlə birliyin könül feyzindən istifadə fürsətidir.

           Bu hadisələr bəhs etdiyimiz həqiqəti nə gözəl ifadə edir:

           Böyük müctəhid İmam Əhməd bin Hənbəl, tez-tez Bişri Xafi həzrətlərinin ziyarətinə gedər və:

           “- Ya Bişr! Mənə Allahdan bəhs et,- deyərdi.

           Tələbələri:

           “- Ustadım! Siz böyük bir alimsiniz, nə üçün ayaqyalın gəzən bir dərvişin yanına gedirsiniz?”,- deyərdilər.

           İmam Əhməd bin Hənbəl isə:

           “- Mən elmi ondan yaxşı bilirəm, lakin o, Allaha məndən daha yaxındır,- deyə cavab verərdi.[9]

           Həmçinin Sami Əfəndinin də söhbətlərində yaşadığı dövrün böyük alimləri və fəzilət sahibləri də iştirak edərdilər. Hətta bəlkə də zahiri elmləri ondan daha çox olan bu zatlar böyük bir ədəb, təvazö və xüşu içində səssizcə oturar, elmi mübahisələrdə və kitab sətirlərində tapa bilmədiklərini mənəvi söhbətin könül iqlimində dadardılar.

           Bu baxımdan istər alim olsun, istər cahil, hər bir mömin, ömrü boyu mənəvi söhbətlərin könül feyzinə möhtacdır. Bu ehtiyac heç bir zaman ortadan qalxmaz. Qeyd edəcəyimiz hadisə bu gerçəyi nə gözəl izah edir:

           Əbul-Hə­san Şa­zi­li həzrətlərinin bir tələ­bə­si söh­bət­lə­ri tər­k et­mişdti. Bir ­gün həz­rət bu tələ­bə­si ilə qar­şı­laş­dı. Ondan:

           “- Nə ü­çün biz­dən ay­rıl­dın, söh­bət­lə­ri­mi­zi tərk etdin?”,- di­ye sor­uşdu. Tə­lə­bə­si bu cavabı verdi:

           “- Bu za­ma­na qədər siz­dən al­dıq­la­rım və öy­rən­dik­lə­rim mənə bəsdir, ar­tıq si­zə eh­ti­ya­cım qal­ma­dı”,- ca­va­bı­nı ver­di.

           Bu cavaba kədərlənən Şa­zi­li həz­rət­lə­ri həmin tələbəsinə belə xəbərdarlıq etdi:

           “- Bax, öv­la­dım! Əgər hər hansı bir adamın müəyyən bir müddət ərzində al­dı­ğı elm və feyzlə kifayətlən­mə­si doğ­ru ol­say­dı, Həz­rət Əbu Bəkr Sid­diqin, Həz­rət Peyğəm­bərdən al­dı­ğı elm və feyzlə kifayətlənməsi lazım olardı. (Çünki Hz. Peyğəmbər könülündə nə vardısa hamısını Əbu Bəkrin də könlünə ötürmüşdü) Halbuki Həzrət Siddiq heç bir zaman söhbətdə iştirak etməyi gərəksiz görmədi, Allah Rə­su­lu r vəfat edənə qədər Ondan ay­rıl­ma­dı. (Hətta Peyğəmbərimizin vəfatından sonra da bir an əvvəl Onun yanına dəfn olunmağın həsrəti ilə yaşadı)”.

           Əshabi-kiram Rəsulullahı görmədikləri, Onun mübarək nəzərlərindən və hikmətli nəsihətlərindən məhrum qaldıqları zamanın uzanmasını istəməz, bu xüsusda övladlarına da tez-tez xəbərdarlıq edərdilər. Görəsən, biz özümüz və övladlarımız üçün səhabələrin bu həssaslığından nə qədər pay alırıq? Allah Rəsulunun mənəvi varisləri sayılan alim və arif şəxslərin söhbətlərindən nə qədər istifadə etmək səyindəyik?..

           İsmayıl Haqqı Bursəvi həzrətləri belə deyir:

           “Rəsulullah r -in söhbətində iştirak etmək fürsəti əldən çıxsa da, Onun sünnəsiylə və sünnəsini sevənlərlə söhbət imkanı hələ də mövcuddur. Bu, qiyamətə qədər davam edəcək. Böyüklərin söhbətində olmaq və müttəqi insanlarla yaxın olmaq son dərəcə feyzlidir.”[10]

           Bu səbəblə ədəbinə riayətlə ifa edilən mənəvi söhbətlər Allah Rəsulunun söhbətlərindən bir əksdir. Feyz və ruhaniyyətlə dolu olan hər bir söhbət əslində Rəsulullah r –in söhbət məclislərindən günümüzə əsən bir rəhmət mehi və əsri-səadət təcəllisidir. Eynilə bir şamla, başqa şamların yandırılması kimi... Şamları yandıran və onlar vasitəsiylə ətrafı işıqlandıran alov eyni alovdur. Mömin bu şamların ən sonuncusuyla da işıqlansa, əslində ilk qaynaqdan istifadə etmiş kimi olar. Ona görə də mənəvi söhbətlərdə iştirak edənlər sanki Həzrət Peyğəmbərin söhbət halqalarından birində iştirak etmiş kimi böyük bir ədəb və təzim hissinə bürünməlidirlər ki, qəlblərinə o mənbədən bir feyz və ruhaniyyət axışı olsun…]

           İmam Rəbbani həzrətləri buyurur:

           “Bilindiyi kimi bu dünya çalışma yurdudur, boş dayanmaq və istirahət yeri deyil. Bütün gücünüzü tamamən çalışmağa yönləndirməlisiniz. Boş durmağı və əylənməyi bir kənara qoyun!.. Tənbəllik və səhlənkarlıq düşmənlərin olsun! Saleh əməllər işləməli, çalışmalı, yenə də çalışmalıyıq…”[11]

           [Mömin bu dünyanın fani, axirətin isə əbədi olduğunun şüuru ilə, zaman sərmayəsini ən gözəl şəkildə qiymətləndirməlidir. Dünyanın işləyib çalışılacaq bir tarla kimi olduğunu, yaxşı və ya pis məhsulun da axirət xırmanında toplanacağını unutmamalıdır. Bu həqiqəti dərk edən bir insanın tənbəllik göstərərək boşa keçirəcək bir dəqiqəsi də ola bilməz. Lakin insan oğlu bütün bu həqiqətləri çox yaxşı bilməyinə baxmayaraq gərəyini yerinə yetirmək xüsusunda əksər hallarda zəiflik göstərməkdən xilas ola bilməz. Bunun üçün bilmək kifayət etmir, ixlas ilə əməl etmək lazımdır.

           Bir gün İbrahim bin Ədhəm həzrətlərindən:

           “- Etdiyimiz dualar nə üçün qəbul olunmur?”,- deyə soruşdular. Həzrət bu cavabı verdi:

           “- Ona görə qəbul olmur ki;

           - Allahı tanıyırsınız, amma buyruğunu tutmursunuz.

           - Peyğəmbəri tanıyırsınız, amma sünnələrini yerinə yetirmirsiniz.

           - Quran oxuyursunuz, amma əməl etmirsiniz.

           - Haqq-Təalanın nemətlərini yeyirsiniz, amma şükür etmirsiniz.

           - Cənnətdən xəbərdarsınız, amma onu istəməyi bilmirsiniz.

           - Cəhənnəm var deyirsiniz, amma ondan layiqincə çəkinmirsiniz.

           - Ölüm var deyirsiniz, lakin ona hazırlaşmırsınız.

           - Ölülərinizi öz əlinizlə qəbrə qoyursunuz, amma ibrət almırsınız.

           Bu qədər pisliklə duanız necə qəbul olsun?!”.

           Deməli, yalnız bilmək kifayət etmir, ixlas ilə əməl etmək şərtdir... Cəhd göstərmədən xeyirli bir nəticə gözləmək, zəhmət çəkmədən rəhmət ümid etmək, külfətə dözmədən nemətə nail olmağı düşünmək başqasının yeməsi ilə öz qarınının doyacağını ümid etmək kimi faydasız bir təsəllidir. Bu dünyada imanın tələb etdiyi fədakarlıqları yerinə yetirmədən onun uxrəvi faydasına nail olmaq mümkün deyil.

           Bu səbəblə ömür neməti tükənməzdən əvvəl imanın tələb etdiyi saleh əməllərə cəhd göstərməliyik. Uca Rəbbimizin:

           “(Xeyirli) bir işi bitirdiyin zaman dərhal (başqa bir iş və ya ibadətə) can at və Rəbbinə yönəl”, (əl-İnşirah, 7-8) əmri gərəyincə hər an Allahın rizasına vəsilə olacaq əməllərin arayışında olmalı və həyatımıza tətbiq etməliyik.]

           Haqq-Təala lütf-kərəmiylə hər birimizə rizasına uyğun xeyirli bir ömür, səadət müjdələriylə gələn gözəl bir son nəfəs və camalına vüslətlə taclandırılmış hüzurlu axirət həyatı bəxş etsin…

      Amin!..


      [1] İmam Rəbbani, Məktubat, III, 169, № 2.

      [2] M. Əsad Əfəndi, Məktubat, s. 63, № 35.

      [3] İmam Rəbbani, Məktubat, I, 428, № 120.

      [4] İmam Rəbbani, Məktubat, III, 396, № 69.

      [5] Birləşmiş qablar qanunu: İki və yaxud daha çox qabın aşağı hissələrinin birləşdirilməsi ilə əldə olunan qablara birləşmiş qablar deyilir. Birləşmiş qablardan hər hansı birinə tökülən mayenin digər qablara axması, digər qablardakı maye səviyyələri bir-birinə bərabər olana qədər gözləyirlər.

      [6] Əbu Said Muhamməd Hadimо, “Risalətun-Nəsayih vəl-Vasayal-Mьbarəkə”, Məcmuatur-Rəsail, s. 130-131, Эstanbul ts., Matbaa-i Amirə.

      [7] Bax. Əbu Davud, Sünnə, 23-24/4753; İbn Macə, Cənaiz, 37; İbn Sad, I, 424.

      [8] Bax. Vahidi, s. 170.

      [9] Əttar, Təzkirətul-Övliya, səh. 45, Erkam Yayınları, İstanbul 1984.

      [10] Bax. Ruhul-Bəyan, VII, 102.

      [11] İmam Rəbbani, Mükaşəfati-Ğaybiyyə, 29. bölüm.

       

      • Hits: 1591 clicks

      Tecox component by www.teglo.info