155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Kamran MƏMMƏDOV\ "TƏKVİR" SURƏSİ

    PDF faylını alÇapE-poçt

      Share

           "Təkvir" surəsi Məkkədə nazil olmuşdur, 29 ayədir. Bu surə qiyamətin bəzi əlamətlərindən və Quranın Peyğəmbərimizə (s.ə.s) Cəbrayıl vasitəsilə nazil olmasından bəhs edir.

         "Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman". Burada zaman ədatı ilə on iki hadisə qeyd edilmiş, nəticəsində də "Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!"- buyurulmuşdur.

           On iki hadisə bunlardır: günəşin bükülməsi; ulduzların səpələnməsi; dağların yerindən qoparılması; boğaz dəvələrin başlı-başına buraxılması; vəhşi heyvanların toplanması; dənizlərin od tutub yanması; ruhların (bədənlərə) qovuşması; diri-diri torpağa gömülən qızdan hansı günaha görə öldürüldüyünün soruşulması; əməl dəftərlərinin açılması; göyün qopardılması; cəhənnəmin alovlandırılması; cənnətin yaxınlaşdırılması.

           Bunlardan altısı ilk sura üfürmə nəticəsində dünyada, altısı da ikinci sura üfürmə nəticəsində axirətdə olmaqla qiyamət gününün ən qorxunc mənzərələri və anlarıdır. Bir adam Rəsulullahın (s.ə.s) yanına gəldi və cahiliyyə dövründə etdiyi bir işi danışdı: "Mənim bir kiçik qızım vardı və məni çox sevərdi. Mən onu çağırdığım zaman qaça-qaça yanıma gələrdi. Bir gün yenə mən onu çağırdım və qaça-qaça yanıma gəldi. Sonra onu götürüb yolda rast gəldiyimiz bir quyuya əlindən tutub atdım. Qulaqlarıma gələn son sözləri "Atacan, atacan" deyən qışqırtısı idi. Bunları eşidincə Rəsulullahın (s.ə.s) gözlərindən yaş süzüldü. Orada olanlardan biri: "Ey filankəs! Sən Rəsulullahı (s.ə.s) üzdün"- dedi. Rəsulullah (s.ə.s): "Ona mane olmayın, nələr hiss etdiyini danışsın"- deyərək o adama: "Bu hadisəni yenidən danış"- dedi. Adam bu hadisəni yenidən danışanda Rəsulullah (s.ə.s) mübarək saqqalı islanana qədər ağladı. Sonra ona: "Cahiliyyə dövründə etdiyin üçün Allah səni bağışladı. Öz həyatına yenidən başla"- deyə buyurdu" (Darimi, Sünən).

           Sasa b. Naciyə əl-Mücaşi rəvayət edir: "Ey Allahın Elçisi!- dedim- Mən cahiliyyə dövründə bəzi işlər görmüşəm. Onlarda bir əcr və savab varmı? Diri-diri basdırılacaq 360 qız uşağının həyatını qurtardım. Hər birini on aylıq boğaz olan iki dəvə ilə satın alırdım. Bunlarda mənə bir əcr varmı?" Hz. Peyğəmbər (s.ə.s) buyurdu: "Sənə onun əcri var. Çünki Uca Allah sənə nemət olaraq İslamı bəxş etdi" (Təbərani).

           Surənin 23-cü ayəsindən sonra Quran Cəbrayıl vasitəsilə Rasulullaha (s.ə.s) nazil edilməsindən və Quranın yeganə yol göstərən olmasından bəhs edilir.

           "And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü". Əbu Həyyan belə deyir: "Bu görmə Hira mağarası hadisəsindən sonra olmuşdur. Hz. Peyğəmbər (s.ə.s) Cəbrayılı yer ilə göy arasında bir kürsü üzərində, öz əsl şəkliylə, şərq ilə qərb arasını bağlamış, altı yüz qanadlı bir mələk olaraq gördü".

           İbn Ömərdən (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Kim qiyamət gününü sanki gözüylə görmək istəyirsə, İzəş-Şəmsu-Kuvvirat ("Təkvir"), İzəs-Səmaun-Fətarat ("İnfitar") və İzəs-Səmaun-Şaqqatı ("İnşiqaq) oxusun" (Tirmizi, Tefsirul-Quran, hədis: 3333;  Əhməd b. Hanbəl, II, 27, 36).

      • Hits: 1049 clicks

      Tecox component by www.teglo.info